Turizm Şurasının yaradılması turizm sənayesinin inkişafına müsbət təsir göstərəcək

Sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış Sərəncama əsasən hər il sentyabrın 27-si Azərbaycanda “Turizm işçiləri günü” peşə bayramı kimi qeyd ediləcək. Bu günün təsis olunması dövlət tərəfindən turizm sənayesinə və bu sahədə çalışan insanlara böyük diqqətin nəticəsidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri sentyabrın 27-də keçirilən mətbuat konfransında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Azərbaycanın dünya turizm bazarındakı mövqeyindən söz açan nazir qeyd edib ki, ölkəmizin turizm sənayesinin inkişafı dünya turizm sənayesinin ayrılmaz tərkib hissəsidir. Azərbaycan bir sıra beynəlxalq turizm təşkilatlarının üzvüdür. Prezident İlham Əliyevin turizm sahəsinə qayğısı beynəlxalq ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilir.

Ə.Qarayev bildirib ki, turizmin qeyri-neft sənayesində özünəməxsus yer tutması ölkəmizdə bu sahənin yeni nailiyyətlər əldə etməsinə gətirib çıxarıb. Bu sahə artıq dövlətimizin prioritet istiqamətlərindən birinə çevrilib. Turizm bir sıra sahələri əhatə edir. Bu sahələrin inkişafı üçün dövlət strukturları birgə çalışmalıdır. Biz, artıq dövlətimizin başçısının müvafiq sərəncamlarından irəli gələn məsələlərin icrasına başlamışıq. Proses davam edir. Yarım ilin statistikasına görə viza rejiminin sadələşdirilməsi nəticəsində ərəb ölkələrindən ölkəmizə gələn turistlərin sayı 8 dəfə çoxalıb. Digər ölkələrdən də gələn turistlərin artmasında da maraqlıyıq. Azərbaycanda başqa bir yenilik - “Taxifreesistemi tətbiq olunur. Bu sistemin tətbiqi müsbət nəticə verib.

Nazir vurğulayıb ki, turizmin keyfiyyətinin təkmilləşdirilməsi əsas istiqamətlərdəndir. Turizm Şurasının yaradılması da turizm sənayesinin inkişafına müsbət təsir göstərəcək. Şura turizm sahəsinin inkişafı ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı, digər dövlət qurumları arasında əlaqələndirmə funksiyasını yerinə yetirəcək. Şoppinq festivallarının keçirilməsi ilə bağlı məsələyə toxunan nazir deyib: “Bakıda bu festivalların keçirilməsi üçün hər cür şərait yaradılıb. Belə festivalların keçirilməsi ölkənin daxili maliyyə dövriyyəsinə güclü təkan verəcək. Biz təkliflər hazırlamışıq və aidiyyatı qurumlara təqdim etmişik. Bu festivalları 10-15 gün müddətində iki dəfə keçirməyi düşünürük.”

Turizm sahəsində peşə məktəblərinin artırılmasının vacibliyindən də danışan nazir qeyd edib ki, bu gün turizm sənayesində 30 min işçi çalışır.

Azərbaycan.-2016.- 28 sentyabr.- S.11.