Qusarın müasir tipli intensiv alma

bağlarında bol məhsul yetişdirilib

 

Hazırda alma bağlarında məhsul yığımı aparılır. Rayonun Kuzunqışlaq kəndində 200 hektardan çox sahədə əkilən intensiv meyvə bağlarında almanın 10-dan artıq növü becərilir.

Bu bağların ilk məhsulu avqust ayında toplanılıb. Tezyetişən “Royal qala” sortlardan bol məhsul əldə olunub. Hazırda isə “Golden”, “Jonagold”, “Red Chief”, “Granny Smith” sortlarının becərlidiyi bağların məhsulu toplanılır.

İntensiv alma bağlarına qulluq edən aqronom Abul Bayramov burada daha çox fransız alma sortlarının becərildiyini bildirir. Bu sortlar ənənəvi alma bağlarından 3-4 dəfə daha çox məhsuldardır. Belə ki, ənənəvi bağların hər hektarından 20-25 ton məhsul toplanılırsa, intensiv bağçılıqda bu göstərici 60-80 ton arasında dəyişir.

İntensiv bağlarda alma ağaclarının ara məsafəsi 1 metrdən də azdır. Ağaclara il ərzində müxtəlif aqrotexniki qulluq - dərmanlama, gübrələmə, budama işləri görülür. İntensiv bağçılığın əsas üstünlüklərindən biri də meyvə tinginin elə əkilən ili məhsula düşməsidir. İllər keçdikcə məhsuldarlıq da yüksək olur.

Meyvə bağlarından toplanan almanın bir qismi soyuducu anbarlarda saxlanılır. Yığılan

məhsulun böyük hissəsi isə satış üçün Rusiya bazarlarına göndərilir.

 

AZƏRTAC

 

Azərbaycan.- 2016.- 25 sentyabr.- S.5.