Qədim rəqslərə yeni həyat verilir

 

Azsaylı xalqların özfəaliyyət kollektivlərinin ölkəmizdə keçirilən festivalları, baxış-müsabiqələri həmişə maraqla qarşılanır və təqdir olunur. Elə bunun nəticəsidir ki, Lerikin mədəniyyət işçiləri də xalq incəsənətinin öyrənilməsi məqsədilə axtarışlar aparır, unudulan mahnı və rəqslərə yeni nəfəs verirlər.

Monidigah kənd mədəniyyət evinin kollektivi vaxtilə kəndlərdə geniş yayılmış, lakin unudulmuş rəqsləri tanıtmaq məqsədilə Lakto (musiqi alətinin adıdır) qrupu yaradıb. Bu rəqs qrupu respublika tədbirlərində də uğurla çıxış edir. Qrup mükafatlar da qazanıb. Noda, Cəngəmiran, Vizəzəmin, Çayrud kəndlərindəki mədəniyyət evlərinin, klubların özfəaliyyət kollektivlərinin repertuarına talış mahnı və rəqsləri daxildir.

Rayon mədəniyyət mərkəzindəki Rəfti rəqs qrupunun isə artıq altı yaşı tamam olub. Bu qrup talış rəqsi Rəfti əsasında yaradılıb. Qrupun 12 nəfər uzunömürlü üzvü var. Repertuardakı rəqslər yalnız kişilərə məxsusdur. Rəqs qrupu bir necə dəfə paytaxt tamaşaçıları qarşısında, dövlət tədbirlərində öz məharətini göstərib.

Rəftinin yaradıcılarından biri, respublikanın əməkdar mədəniyyət işçisi, 80 yaşlı Abidin Əliyev deyir ki, bu rəqslərin ən azı beş-altı əsrlik tarixi var. Rəqslər Novruz bayramlarında, toy şənliklərində ifa olunur. Rəqs qrupu üçün rəngli corabları, keçı qəzilindən sicimləri, cürcənəkləri ağbirçək nənələr toxuyublar. Çomaqlar, göndən hazırlanmış qırmaclar, qoyun dərisindən düzəldilmiş papaqlar isə ağsaqqalların əl işləridir.

Rəqs qrupunu bu günlər turizm istirahət mərkəzlərində, yaylaqlarda, çobanların yanında, dağ kəndlərində görmək olur. Onların çıxışları turistləri də razı salır, yerli camaatı da.

Həmzə VƏLİMƏMMƏDOV,

Lerik rayon sakini

 

Azərbaycan.- 2016.- 25 sentyabr.- S.7.