Fransanın böyük turizm şirkətlərinin

rəhbərləri “Azərbaycan şəhərciyi”ndə

 

Azərbaycanın Fransadakı səfirliyinin təşəbbüsü ilə ölkəmizə səfər etmiş böyük fransız turizm agentliklərinin rəhbərləri və onların əsas müştəriləri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Parisdə keçirilən “Azərbaycan şəhərciyi”ni ziyarət ediblər.

Onlar şəhərcikdə təşkil olunan müvafiq stendlər vasitəsilə ölkəmizin mədəniyyəti, tarixi, mətbəxi, milli suvenirləri, şərabları və digər ixrac məhsulları ilə tanış olublar.

Şəhərcikdə qonaqlara Azərbaycanın turizm potensialı haqqında ətraflı məlumat verilib.

Fransanın turizm mütəxəssisləri Azərbaycanın yeni turizm istiqaməti kimi öz zəngin tarixi və mədəni irsi, eləcə də müasir turizm infrastrukturu, Bakı, Gəncə, Qəbələ, GöygölQusarda yerləşən böyük turizm potensialı ilə fransız turistlərdə böyük maraq oyatdığını vurğulayıblar.

Hər il Gəncədə Fransa ilə birlikdə təşkil olunan beynəlxalq üzüm və şərab festivalı, bu il təşkil ediləcək Azərbaycan regionlarının turizm festivalı kimi təşəbbüslər yüksək qiymətləndirilib.

Qonaqlar şəhərcikdə təqdim olunan Azərbaycan şərablarının dequstasiyası zamanı onların yüksək keyfiyyətini xüsusi qeyd edib. Eləcə də burada sərgilənən müxtəlif yerli məhsullar haqqında ətraflı məlumat verilib.

 

Şəhla AĞALAROVA,

AZƏRTAC-ın xüsusi müxbiri

 

Azərbaycan.- 2016.- 25 sentyabr.- S.6.