Bakı Şahmat Olimpiadası dünya ölkələrini

sülhə, sabitliyə və həmrəyliyə səslədi

 

Azərbaycanın Avropa və dünya miqyaslı siyasi, iqtisadi və humanitar tədbirlərə yüksək səviyyədə evsahibliyi etməsi paytaxt Bakını regionun “diplomatik paytaxt”ına çevirib. Bunu istər “Eurovision-2012” yarışması, istər “Bakı-2015” I Avropa Oyunları, istərsə də 42-ci Ümumdünya Şahmat Olimpiadası da təsdiqlədi.

Bu beynəlxalq tədbirlərin hər birinin özünəməxsus xüsusiyyətləri və auditoriyası var. Məsələn, 2012-ci ildə “Eurovision” kimi möhtəşəm musiqi yarışması 42 ölkənin iştirakı ilə yüksək səviyyədə keçirildi. Təbii ki, o ərəfədə yüzlərlə turist və yarış təmsilçisi də Bakıya təşrif buyurmuşdu. 2015-ci ilin iyun ayında tarixdə ilk dəfə keçirilən I Avropa Oyunlarında isə Avropanın 50 ölkəsindən 10 min idmançı mübarizə apardı. Yarışlarda Bakının 11, Mingəçevirin isə 1 idman qurğusundan istifadə olundu. Oyunların yüksək səviyyədə keçirilməsi həm də ölkəmizin insan hüquqları və demokratikləşmə, habelə milli-etnik, dini tolerantlığın təmini sahəsində əldə etdiyi böyük nailiyyətləri göstərdi.

Nəhayət, paytaxtımız bu günlərdə 42-ci Ümumdünya Şahmat Olimpiadasına çox uğurla evsahibliyi etdi. Dilindən, dinindən və milliyyətindən asılı olmayaraq, minlərlə insan məhz Bakıda bir araya gəldi. Bununla da Azərbaycan dünya ölkələrini sülhə, sabitliyə və əmin-amanlığa səslədi. 42-ci Ümumdünya Şahmat Olimpiadası ölkəmizdə keçirilən ən kütləvi yarış kimi tarixə düşdü. Çünki Olimpiadada 175 ölkədən 181 kişi və 142 qadın komandası medallar uğrunda mübarizə apardı. Bu, ölkələrin sayına görə olimpiadalar tarixində də rekord göstərici idi. Olimpiada zamanı 10 minlərlə insan turnirin keçirildiyi “Baku Crystal Hall”da yaradılan sərgi salonunu, əyləncə guşələrini böyük maraqla ziyarət etdi. Bu yarışlar ölkəmizdə şahmatın daha da inkişafına böyük təkan verəcək. Xüsusən də gənclər arasında şahmata olan maraq daha da yüksələcək.

Yüksək səviyyədə təşkil olunmuş mötəbər yarış həm iştirakçılar, həm qonaqlar, həm də FIDE rəsmiləri tərəfindən dəyərləndirildi. Olimpiadanın keçirildiyi günlərdə Bakıda həm də

FIDE-nin 87-ci konqresi baş tutdu. Tədbirdə çıxış edən FIDE prezidenti Kirsan İlyumjinov 42-ci Ümumdünya Şahmat Olimpiadasının uzun müddət yaddaşlardan silinməyəcəyini əminliklə vurğuladı: “Olimpiadanın təşkilində əməyi olan hər kəsə təşəkkür edirəm, onlara “çox sağ ol” deyirəm. Eyni zamanda Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin işini qeyd etməyə bilmərəm. 2016-cı ildə mütəmadi olaraq nümayəndələrimiz hazırlıqla tanış olmaq üçün Azərbaycana səfər ediblər. Hər zaman Əməliyyat Komitəsində gərgin iş getdiyi barədə məlumat verirdilər. Bu gün həmin işin nəticəsini bütün dünya gördü. FIDE adından Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin üzvlərinə, komitənin direktoru Mahir Məmmədova minnətdarlığımızı bildiririk”.

Bakı Şahmat Olimpiadasının Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov da oyunların təşkilinə müsbət münasibət bildirdi. Onun sözlərinə görə, Olimpiadanın təşkili baxımından nəticələr əladır. Yarışların gedişində heç bir mənfi hal yaşanmadı: “Əfsuslar olsun ki, Olimpiada artıq başa çatdı. Təşkilat və Əməliyyat Komitəsinin üzvləri bu mötəbər yarışların yekunlaşmasını istəmirdilər. Sponsorlara dərin minnətdarlıq edirik. Onların iştirakı Olimpiadanı gözəl edən amillərdən biridir. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılmış Təşkilat Komitəsi işinin öhdəsindən layiqincə gəldi”.

Ölkəmizdə, xüsusilə regionlarda şahmatın yüksək sürətlə inkişaf etdiyini vurğulayan federasiya rəsmisi böyük idmançı və məşqçi ordusunun yetişdiyini qeyd etdi. “Şahmat qarşıdakı illərdə ölkəmizdə daha da inkişaf edəcək və Azərbaycan yenə də mötəbər yarışların ev sahibi olacaq”,-deyə M. Məmmədov əlavə etdi.

Göründüyü kimi, Azərbaycan kütləviliyindən asılı olmayaraq bütün beynəlxalq tədbirlərin öhdəsindən layiqincə, hətta digər ölkələrə nümunə ola biləcək dərəcədə gələ bilir. Sözsüz ki, bu da ölkədə aparılan irimiqyaslı iqtisadi, siyasi və humanitar islahatların, müasir ideoloji planların nəticəsidir. 42-ci Ümumdünya Şahmat Olimpiadası Azərbaycana dünya səviyyəsində daha bir dividend qazandırdı və bununla digər mühüm beynəlxalq tədbirlərin təşkili üçün yeni bir qapı açıldı. Necə ki Azərbaycan ötən il I Avropa Oyunlarını yüksək səviyyədə təşkil etməklə beynəlxalq və Avropa olimpiya komitələrinin etimadını qazana bildi.

2013-cü il iyulun 23-24-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) səkkizinci hesabat-seçki Baş Assambleyası çərçivəsində federasiyaya üzv olan Milli Olimpiya komitələri 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etmək üçün Azərbaycanın namizədliyinə səs veriblər. Səs çoxluğu ilə ölkəmizin 12-22 may  2017-ci il tarixdə IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etməsi barədə qərar qəbul edilib. 57 ölkəni təmsil edən 6 minə yaxın idmançının qatılacağı bu yarışın əsas şüarı “Həmrəylik bizim gücümüzdür” olaraq seçilib.

Təkcə bu şüar onu göstərir ki, Azərbaycan belə beynəlxalq tədbirlərə evsahibliyi etməklə dünya ölkələrini həmrəyliyə, birliyə səsləyir. Atalar da deyib: “Güc birlikdədir!” İstər terrora, istər narkomaniyaya, istərsə də ekoloji böhranlara qarşı birgə mübarizə aparmaq lazımdır. Bu məsələdə idman da bir vasitədir.

Azərbaycan Şahmat Olimpiadasını da məhz bu prinsiplər çərçivəsində təşkil etdi.

 

Elgün MƏNSİMOV

 

Azərbaycan.- 2016.- 25 sentyabr.- S.8.