Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələri müzakirə olunub

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov sentyabrın 28-də Tacikistan Respublikasının Ali Məclisinin Nümayəndələr Palatasının sədri Şukurcan Zuxurovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, ölkələrimiz arasındakı əlaqələrdən danışan Oqtay Əsədov yüksək səviyyəli qarşılıqlı səfərlərin Azərbaycan-Tacikistan əməkdaşlığının yüksək səviyyəsinin göstəricisi olduğunu bildirib. Qeyd edilib ki, bu günədək ölkələrimiz arasında 43 sənəd imzalanıb.

İqtisadi sahədə əlaqələrin daha da inkişaf etdirilməsinə ehtiyac olduğunu deyən Milli Məclisin sədri vurğulayıb ki, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi əlaqələrin inkişafına təkan verəcək. Sədr, eyni zamanda, parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsinin zəruri olduğunu vurğulayıb.

Oqtay Əsədov, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə Tacikistan dövlətinə öz təşəkkürünü bildirib.

Ölkələrimiz arasında əlaqələrin tarixi kökə malik olduğunu deyən Şukurcan Zuxurovun mədəniyyət sahəsində yaxşı əlaqələrin mövcud olduğunu qeyd edib. Sentyabrın 26-da Azərbaycanda keçirilən referendumla bağlı fikirlərini bildirən qonaq vurğulayıb ki, Tacikistan parlamentindən olan nümayəndə heyəti bu səsvermədə müşahidəçi qismində iştirak edib. Nümayəndə heyətinin referendumun yüksək səviyyədə keçirilməsinin şahidi olduğunu bildirən Şukurcan Zuxurov deyib ki, ümumxalq səsverməsinin nəticəsi Azərbaycan xalqının ölkədə həyata keçirilən islahatları dəstəkləməsinin göstəricisidir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan.-2016.-29 sentyabr.- S.3.