“Qadınların səlahiyyətlərinin genişləndirilməsində və qadınlara qarşı zorakılıqla mübarizədə parlamentarilərin rolumövzusunda seminar keçirilib

Sentyabrın 28-də Milli Məclisdə AŞPA-nın “Zorakılıqdan azad qadınlar” parlament şəbəkəsinin “Qadınların səlahiyyətlərinin genişləndirilməsində və qadınlara qarşı zorakılıqla mübarizədə parlamentarilərin rolumövzusunda seminarı keçirilib.

AZƏRTAC xəbər verir ki, seminarda Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, qurumun qadınlara qarşı zorakılıqla mübarizə üzrə baş məruzəçisi və “Zorakılıqdan azad qadın” parlament şəbəkəsi üzrə siyasi əlaqələndiricisi Sahibə Qafarova çıxış edərək bildirib ki, Avropa Şurası Parlament Assambleyasında “Zorakılıqdan Azad Qadınlar” Parlament Şəbəkəsi fəaliyyət göstərir. Həmin şəbəkənin üzvləri AŞPA-ya üzv və müşahidəçi qismində təmsil olunan dövlətlərin həmçinin, demokratiya naminə tərəfdaşların təmsilçilərindən ibarətdir.

O qeyd edib ki, bu gün parlament şəbəkəsinin 80-dən artıq üzvü var. Şəbəkənin əsas məqsədi qadınlara qarşı zorakılıqla mübarizə aparmaq, İstanbul konvensiyasının imzalanmasına və ratifikasiyasına təkan verməkdir. Bu şəbəkə AŞPA-nın sessiyaları zamanı iclaslar və ayrı-ayrı ölkələrdə müxtəlif formatlarda tədbirlər keçirir. Növbəti tədbirin Bakıda keçirilməsinin sevindirici hal olduğunu bildirən Sahibə Qafarova seminarın ölkəmiz üçün əlamətdar bir vaxtda təşkil olunduğunu deyib.

Milli Məclis sədrinin müavini, insan hüquqları komitəsinin sədri Bahar Muradova bildirib ki, belə bir tədbirin Azərbaycanda keçirilməsinin böyük əhəmiyyəti var. Komitə sədri deyib: Biz dəfələrlə bu mövzu ətrafında müzakirələr aparmışıq, qadınların səlahiyyətlərinin genişləndirilməsinin və gender amilinin nəzərə alınmasının, onların cəmiyyətin bərabərhüquqlu üzvü kimi bütün imkanlardan eyni şəkildə istifadəsinin yollarını axtarmışıq, bununla bağlı dünya təcrübəsini öyrənmişik. Eyni zamanda, Azərbaycanın bu sahədə əldə etdiyi müsbət təcrübələr barədə fikir mübadiləsi aparmışıq”. O qeyd edib ki, bu mövzu Azərbaycan cəmiyyəti üçün yeni deyil. Cəmiyyətimiz artıq bu istiqamətdə dövlət, parlament səviyyəsində, həm də ictimai orqanlar çərçivəsində bu məsələlərlə bağlı çoxillik təcrübəyə, müsbət nəticələrə malikdir. Əlbəttə ki, hər şeyin əsasını qanun təşkil edir. Konstitusiya qadınlara bu hüququ verir. Bununla yanaşı, Azərbaycan qadınlara qarşı zorakılığın, ayrı-seçkiliyin bütün növlərini pisləyən beynəlxalq konvensiyaların hamısına qoşulub. Həmçinin Avropa Şurasının qəbul etdiyi konvensiyanın ətrafında müzakirələr Azərbaycanda son illər xeyli genişlənib.

B.Muradova əlavə edib ki, son illər Azərbaycanda qadınların siyasi partiyalarda təmsilçiliyinin artırılması istiqamətində ciddi aparılıb və bu istiqamətdə mühüm irəliləyişlərə nail olunub. Məhz bunun nəticəsində yerli özünüidarəetmə və parlament seçkilərində qadınların iştirakı artıb. Yerli qurumlarda qadınların təmsilçiliyi dörd faizdən otuz faizə qədər çoxalıb. Bu, dövlətin həmin istiqamətdə apardığı siyasətin, eləcə də gərgin və fədakar işin, həmçinin bu məsələdə parlamentarilərin verdiyi töhfənin və konkret olaraq həmin kampaniyaya ayrılan önəmin nəticəsidir.

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib ki, Azərbaycan qadın hüquqlarının müdafiəsi, onların hüquqlarının genişləndirilməsi və qadın zorakılığına qarşı mübarizədə xeyli görüb, dövlətimizin bu istiqamətdəki təcrübəsi çox qiymətlidir. Azərbaycan bu gün dünyanın cavab verə bilmədiyi sualları cavablandırmaq iqtidarındadır. Bugünkü müzakirələr də bunu bir daha sübut edir. “Nümayəndə heyəti olaraq əlimizdən gələni edirik ki, bu istiqamətdə işlər yüksək səviyyədə təşkil olunsun. Əminəm ki, bu müzakirələr həm Azərbaycan, həm də Avropa Şurasına daxil olan ölkələr üçün əhəmiyyətli olacaq. Hansı ölkədə ki, qadınlara qarşı zorakılığın aradan qaldırılması üçün səylər göstərilir, deməli bu dövlətin gələcəyi var”, - deyə Səməd Seyidov vurğulayıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, dünya miqyasına nəzər yetirdikdə görürük ki, Azərbaycanda zorakılıqla bağlı vəziyyət daha yaxşıdır. O qeyd edib ki, komitəni ən çox narahat edən problemlərdən biri də zorakılıqla bağlıdır. Hicran Hüseynova deyib: “Azərbaycanda zorakılıqla bağlı vəziyyətin daha yaxşı olması bizə heçimkan vermir ki, özümüzü rahat hiss edək. Azərbaycanda problemin həlli ilə bağlı görülən işlər davamlı olmalıdır. Zorakılıqla bağlı problem bütün dünyada mövcud olan bir problemdir. Qabaqcıl, eləcə də geridə qalan cəmiyyətlərdə də bu problem var. Heç bir ailə deyə bilməz ki, bu mənim problemim deyil. Bu məsələ hər birimizə təsir edən problemdir”.

H.Hüseynova deyib ki, zorakılıqla bağlı daha çox maariflənmə və profilaktik işlər görülməlidir. Müstəqilliyimiz bərpa edildikdən sonra bu istiqamətdə Azərbaycanda işlər görülür. Azərbaycanda bu məsələ ilə bağlı çox vacib qanunlar qəbul edilib. “Gələcəyə Baxış: 2020” konsepsiyasına əsasən, “Ailə strategiyası”, “Qadınların milli fəaliyyət planı”, “Uşaq strategiyası” hazırlanacaq, ailə psixoloqu institutu formalaşacaq. Komitədə bununla bağlı sənədlər hazırlanır. Sənədlər hazır olduqdan sonra ayrı-ayrı qurumlara göndəriləcək.

Seminar müzakirələrlə davam etdirilib.

Azərbaycan.-2016.-29 sentyabr.- S.4.