Azərbaycan və Rusiyanın baş nazirlərinin müavinləri humanitar əməkdaşlıq məsələlərini müzakirə ediblər

Sentyabrın 29-da Bakıda Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədovun Rusiya Federasiyası Hökuməti sədrinin müavini Olqa Qolodetslə görüşü olub. Görüşdə Azərbaycan ilə Rusiya arasında humanitar əməkdaşlıq məsələləri müzakirə edilib.

Əli Əhmədov V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etdiyinə görə Rusiya Federasiyası Hökuməti sədrinin müavininə təşəkkür edib. Beynəlxalq əhəmiyyətli tədbirlərin Bakıda tez-tez keçirildiyini xatırladan Baş nazirin müavini bildirib ki, Rusiya tərəfi bu tədbirlərin ən fəal iştirakçısıdır. O, Bakı Forumunun dünyanın humanitar xarakterli məsələlərinin müzakirəsi üçün yaxşı meydan olduğunu qeyd edib.

Bakıya ilk dəfə səfər etdiyini bildirən Olqa Qolodets deyib ki, Azərbaycan paytaxtının inkişafına heyran qalıb. Şəhər bir-birini mükəmməl tamamlayan qədim memarlıq inciləri və çoxlu sayda müasir tikililəri ilə diqqəti cəlb edir. Rusiya Hökuməti sədrinin müavini bildirib ki, Humanitar Forumda müzakirə edilən mövzular dünyamız üçün çox aktualdır. O xatırladıb ki, Humanitar Forumun keçirilməsi Azərbaycan və Rusiya prezidentlərinin ümumi təşəbbüsüdür.

Görüşdə humanitar əməkdaşlıq məsələlərini müzakirə edən tərəflər elm və təhsil, mədəniyyət və turizm, habelə ölkələrimizin mədəniyyətinin və incəsənətinin qarşılıqlı təbliği sahəsində əlaqələri daha da inkişaf etməyə hazır olduqlarını bildiriblər.

Azərbaycan.-2016.- 30 sentyabr.- S.6.