Referendumun nəticələri Azərbaycan xalqının iradəsinin parlaq ifadəsidir

Dövlətçilik tariximizdə çox mühüm bir hadisə olan Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı keçirilən referendum uğurla başa çatdı. Artıq ölkəmizin gələcək inkişafı baxımından yeni bir mərhələ başlayır. Referendum bütün parametrləri ilə Azərbaycanın tarixinə növbəti demokratik, şəffaf, ədalətli və azad siyasi hadisə kimi düşdü.

Siyasətçilər də hesab edirlər ki, Azərbaycan xalqı ümumxalq səsverməsində özünün tarixi və ən doğru addımını ataraq Prezident İlham Əliyevin və onun siyasi kursunun alternativsizliyini növbəti dəfə bəyan etdi. Azərbaycanın heç bir uğuruna sevinməyən dağıdıcı müxalifətin və antiazərbaycançı şəbəkənin məkrli niyyəti isə həmişəki kimi iflasa uğradı.

Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun sözlərinə görə, Azərbaycanda növbəti dəfə azad, ədalətli və demokratik referendum keçirildixalq səsvermədə fəal iştirak edərək referendumda qoyulan məsələlərə münasibət bildirdi. S.Novruzov bildirib ki, beynəlxalq müşahidəçilərin fikirləri də referendumun demokratik şəraitdə keçdiyini təsdiq edir: “Hər bir seçki məntəqəsində müşahidəçilərimiz müşahidəçi anketini dolduraraq təqdim edib. Biz bunları araşdırmışıq və görmüşük ki, doğrudan da insanlar seçki məntəqələrinə gələrək azad şəkildə referendumda qaldırılan məsələlərə səs veriblər. Xalq referendumda Azərbaycanın uğurlu gələcəyinə səs verdi. Prezident İlham Əliyev də Sumqayıt şəhərində Heydər Əliyev Mərkəzində şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdə referendumun xalqımızın iradəsini göstərdiyini vurğuladı. Dövlət başçısı dedi ki, referendum bir daha göstərdi ki, Azərbaycan xalqı aparılan siyasətə öz dəstəyini verir”.

Komitə sədri vurğulayıb ki, buna baxmayaraq bəzi dairələr referenduma kölgə salmağa çalışır: “Daim Azərbaycanın əleyhinə hesabatlar hazırlayan “Freedom House” təşkilatı yenə bəyanat yayıb. Bu təşkilatın heç bir müşahidəçisi olmadan, heç bir məntəqəyə getmədən bəyan edir ki, Azərbaycanda seçki məntəqəsində pozuntular baş verib. Sual olunur: orada olmamısansa, bunu haradan bilirsən?! “Milli şuraadlanan dərnək və AXCP sədri Əli Kərimlinin dəstəsi yalandan məntəqə düzəldiblər və o məntəqədə özlərinə yaxın olan bir neçə adam toplayıb və qutuya bülleten atdıqlarını yayıblar. Bütün bunlar araşdırılıb, onların şəxsiyyətləri müəyyən olunub və yaxın vaxtlarda ictimaiyyətə açıqlanacaq”.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov da bildirdi ki, Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi ilə bağlı keçirilən referendumun nəticələri Azərbaycan xalqının iradəsinin parlaq ifadəsidir: “Seçicilər yüksək fəallıqla səsvermə prosesində fəal iştirak etdilər və Prezident İlham Əliyevin təşəbbüsünü dəstəklədilər. Bu referendum azad, şəffaf və demokratik qaydada keçirildi. Bu faktı təkcə yerli müşahidəçilər deyil, çoxsaylı beynəlxalq müşahidəçilər də təsdiqlədilər. Xarici müşahidəçilərin də rəyi belə oldu ki, referendum qanunvericiliyə, demokratik və beynəlxalq standartlara uyğun şəkildə keçirilib”.

Yeni Azərbaycan” təşviqat qrupunun səlahiyyətli nümayəndəsi kimi səsvermənin gedişini izlədiyini deyən komitə sədri vurğulayıb ki, ümumxalq səsverməsinin nəticələri Azərbaycan xalqının ölkə Prezidentinə olan böyük etimadını və inamını bir daha təsdiqlədi: “Seçicilərin 69,7 faizi səsvermədə iştirak edərək yüksək faizlə referenduma çıxarılan məsələləri dəstəklədilər. Bununla da xalqımız Prezident İlham Əliyevin siyasətinə bir daha səs verdi. Vətəndaşlar başa düşürlər ki, dövlət başçısının bütün təşəbbüsləri məhz ölkəmizin dinamik inkişafına xidmət edir”.

Eldar İbrahimovun sözlərinə görə, nüfuzlu beynəlxalq təşkilatlardan gələn müşahidəçilər də referendumun şəffaf keçirildiyini vurğulayıblar. Eləcə də ABŞ Dövlət Departamenti referendumun nəticələrini tanıdığını bəyan edib. Belə olan halda, antiazərbaycançı şəbəkənin və onların ölkəmizdəki buyruq qullarının hansı fikirdə olmaları heç bir əhəmiyyət kəsb etmir. Azərbaycanda keçirilən istənilən mühüm toplantı, seçki prosesi ərəfəsində və ondan sonrakı zamanda həmin qüvvələr öz ənənələrinə sadiq qalaraq Azərbaycana qarşı qarayaxma kampaniyası həyata keçirirlər və bütün hallarda niyyətləri ürəklərində qalır.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov isə deyir ki, Azərbaycan xalqı ümumxalq səsverməsi vasitəsilə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti birmənali şəkildə müdafiə etdi. Ölkəmizdə yüksək seçici fəallığı şəraitində artıq üçüncü referendumun keçirildiyini söyləyən Elman Məmmədovun fikrincə, seçkilərlə yanaşı, referendum əhalinin iradəsini ortaya qoymaq imkanı verən ən möhtəşəm demokratiya vasitəsidir və sentyabrın 26-da bütün dünya Azərbaycanda mövcud demokratik mühitin şahidi oldu: “Aparılan geniş kampaniya nəticəsində əhali sentyabrın 26-da səsvermə məntəqələrinə gələrkən Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin mahiyyəti barədə artıq bilgili idi. İnsanlar bu dəyişikliklərin ölkəmizin gələcəyi üçün nə qədər əhəmiyyət kəsb etdiyini yaxşı bilirdilər. Xalq həmin gün sosial-iqtisadi inkişafın davamlılığına, siyasiinzibati sistemin təkmilləşməsinə, müstəqilliyin, təhlükəsizliyin daha da möhkəmlənməsinə səs verdi”.

Deputat hesab edir ki, referendumla Azərbaycan demokratik inkişaf yolunda yeni və diqqətəlayiq addım atdı. Səsvermənin gedişini bir sıra beynəlxalq təşkilatların müşahidə missiyaları, xarici dövlətlərin parlamentariləri, ali seçki qurumlarının nümayəndə heyətləri daxil olmaqla 117 beynəlxalq müşahidəçi izlədi. Bütün müşahidəçilərin fikirləri də üst-üstə düşdü: referendum demokratik və şəffaf keçdi.

Referendum öncəsi antiazərbaycançı şəbəkənin daxildəki “5-ci kolonun vasitəsi ilə Azərbaycan əleyhinə apardığı məkrli kampaniyaya da toxunan Elman Məmmədov qeyd edib ki, ümumiyyətlə, bütün dövrlərdə dağıdıcı müxalifət xarici havadarlarının tapşırığına uyğun olaraq Azərbaycan hakimiyyətinin atdığı addımlara qarşı əks təbliğat kampaniyası aparıb. Ancaq hər dəfə erməni lobbisinin maliyyə dəstəyi ilə dolanan qüvvələrin hücumları bumeranq effekti verib: “Bütün seçkilər ərəfəsində Azərbaycana qara yaxmağa, ölkədəki demokratik seçki mühitini pozmağa can atırlar. Bunun heç bir effekti olmuronlar seçkilərdən sonra ssenariləri dəyişirlər. Sonradan hesabatlar hazırlayaraq Azərbaycan Prezidentinin fəaliyyətini, ölkədəki sabitliyi yüksək qiymətləndirib qapımıza qədər gəlirlər. Biz artıq həmin qurumların “fəaliyyəti” ilə tanışıq. Ermənipərəst konqresmenlərin, təşkilatların indi səsləndirdiyi fikirlər cəfəngiyatdan başqa bir şey deyildir”.

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2016.- 30 sentyabr.- S.9.