Azərbaycan Avropa Oyunlarının möhürünü vurdu

 

Ölkəmiz qitənin ən nüfuzlu yarışı ilə dünyaya nümunə göstərdi

 

Son illər böyük inkişaf yolu keçən Azərbaycan bir çox sahələrdə olduğu kimi idmanda da mühüm uğurlara imza atıb. 2015-ci ilə nəzər yetirdikdə isə ən böyük idman hadisəsi sözsüz ki, tarixdə ilk dəfə təşkil olunan Avropa Oyunlarının Bakıda keçirilməsi idi. Ölkəmiz 2 ildən çox davam etdirilən yüksək səviyyəli hazırlıq işlərindən sonra Avropanın 50 ölkəsindən 6 mindən çox idmançının mübarizə apardığı bu idman yarışını layiqincə təşkil etməklə tək özünün deyil, “köhnə qitə”nin idman tarixinə möhürünü vurdu. Çünki indiyədək yalnız Avropa ölkələrinin təmsil olunduğu bu cür möhtəşəm idman yarışması keçirilməmişdi.

Nümunəvi və qüsursuz təşkilatçılığı, olduqca kreativ açılış və bağlanış mərasimləri ilə yaddaqalan I Avropa Oyunları keçirildiyi günlərdə (12-28 iyun) dünyanın əsas idman hadisəsinə çevrildi. 21-i qızıl, 15-i gümüş və 20-si bürünc olmaqla qazandığı 56 medalla Azərbaycan I Avropa Oyunlarının ikincisi oldu. Bunun bir daha şahidi olduq ki, ölkəmizdə həyata keçirilən idman siyasəti öz bəhrəsini verir. “Bakı-2015” Azərbaycanın istənilən beynəlxalq tədbiri ən ideal şəkildə təşkil etmək imkanlarının növbəti təsdiqi olmaqla yanaşı, həm də ölkəmizdə idmanın inkişaf dinamikasının, Olimpiya hərəkatının geniş vüsət aldığını bütün dünyaya nümayiş etdirdi.

 

Avropa Oyunlarının standartını Azərbaycan müəyyənləşdirdi

 

Ümumiyyətlə, Olimpiya Oyunlarında iştirak etməklə yanaşı, bu idman tədbirinə ev sahibliyi də hər bir dövlət üçün olduqca qürurverici haldır. Təsadüfi deyil ki, bu idman yarışına ev sahibliyi uğrunda ölkələr arasında hələ illər öncədən ciddi mübarizə aparılırdı.

İlk Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar isə 2012-ci il dekabrın 8-də Romada Avropa Olimpiya Komitəsinin (AOK) 41-ci Baş Assambleyasında qəbul edilib. AOK Baş Assambleyasının qərarı səsvermədə iştirak edən 48 nəfərdən 38-nin səs çoxluğu ilə qəbul edilib.

Prezident İlham Əliyev 2013-cü il 17 yanvar tarixində “I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın sədrliyi ilə Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılıb.

Məlumdur ki, bu tipli oyunlar üçün 7-8 il vaxt verilsə də, Azərbaycanın Avropa Oyunlarına hazırlıq üçün cəmi iki il yarım vaxtı vardı. Olimpiadanın keçirilməsində artıq böyük təcrübə mövcuddur və Beynəlxalq Olimpiya Komitəsi, demək olar ki, hər bir sahə üzrə öz göstərişlərini verir. Mövcud təlimatlarda hər bir istiqamət üzrə müəyyən edilmiş metodiki qaydalar var. I Avropa Oyunları üçün isə heç bir təlimat və təcrübə yox idi. Belə olan halda bütün məsuliyyət, təşkilati məsələlərin yoluna qoyulması Azərbaycanın üzərinə düşürdü.

Bu müddət ərzində Bakıda yeni infrastrukturun yaradılması və Oyunların təşkili üzrə digər işlərin sürətlə həyata keçirilməsi göstərdi ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi hazırlıq işlərini göstərilən vaxtda yüksək səviyyədə başa çatdırıb.

AOK-un qəbul etdiyi qərardan keçən müddətdə Oyunlara hazırlıq işlərinin sürəti və miqyası gözlənilməz səviyyədə artmışdı. Mehriban xanım Əliyevanın başçılıq etdiyi Təşkilat Komitəsinin apardığı gərgin və məqsədyönlü işin səmərəsi göz önündə idi. Avropa Oyunlarının keçiriləcəyi idman qurğularının tikintisi və təkmilləşdirilməsi işi dünya standartlarına uyğun və yüksək keyfiyyətlə aparılmışdı.

Cəmi iki il yarımdan da az bir vaxtda 5 yeni idman kompleksi tikilərək istifadəyə verildi. Bunlar Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Bakı Atıcılıq Mərkəzi, Bakı Su İdmanı Sarayı və Veloparkdır. Yarışların keçirildiyi digər idman qurğuları isə tamamilə yenidən quruldu, ən müasir standartlara uyğunlaşdırıldı. Qısa müddətdə bu qədər işin görülməsi həqiqətən, gərgin və fədakar zəhmət tələb edirdi. Lakin ölkəmiz ən yüksək formada bunun öhdəsindən gəlməyi bacardı.

Bakıda yeni infrastrukturun yaradılması və Oyunların təşkili üzrə digər işlərin sürətlə həyata keçirilməsi göstərdi ki, Təşkilat Komitəsi hazırlıq işlərini göstərilən vaxtda yüksək səviyyədə başa çatdırmaqla misli görünməmiş bir uğura imza atdı.

Bütün buya digər məsələlər Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyasının Bakıda keçirilən 5 iclasında da geniş müzakirə olunmuşdu. Ümumilikdə, bu toplantıların əsas məqsədi görülən işlərin hesabatı, tədbirdə iştirak edən peşəkar insanlarla təcrübə mübadiləsinin aparılması, yeni ideyaların, məsləhətləşmələrin əldə olunması idi.

 

Avropanın ən böyük şəhərlərində təqdimat mərasimləri keçirildi

 

I Avropa Oyunlarına hazırlığın tələb olunan səviyyədə həyata keçirilməsində Oyunların Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın təşkilatçılıq məharəti və hər bir işə böyük məsuliyyətlə yanaşması müstəsna rol oynadı. Məsul yarışda əsas məqsəd ən güclü idmançıların müəyyənləşdirilməsi ilə yanaşı, xalqlar arasında dostluq və həmrəyliyin möhkəmləndirilməsi, sülh və əmin-amanlığın təbliği idi.

“Bakı-2015” Avropa Oyunları Təşkilat Komitəsi yarışların yüksək səviyyədə keçirilməsi üçün intensiv hazırlıq işlərini davam etdirmişdir. Bakıda işlərin çox olmasına baxmayaraq, Mehriban xanım Əliyevanın təşəbbüsü və iştirakı ilə Avropa ölkələrində I Avropa Oyunlarının təqdimatı keçirildi. Həmin təqdimatlarda təkcə bu idman yarışı barədə müzakirələr açılmırdı. Eyni zamanda, Avropanın ən nüfuzlu idman tədbirinin qitənin aparıcı şəhərlərində təqdimatını keçirməklə ilk Avropa Oyunlarının əhəmiyyətinin çatdırılması, Təşkilat Komitəsi tərəfindən görülən işlər barədə məlumatlandırma, Azərbaycanın tarixi və mədəniyyətinin təbliğı baxımından önəmli idi.

Kann, Afina, Berlin, İstanbul, Paris, Davos, Roma, MoskvaBrüssel kimi şəhərlərdəki təqdimat mərasimlərində yekdilliklə vurğulandı ki, tarixdə ilk dəfə keçiriləcək “Bakı-2015” I Avropa Oyunları ilə Azərbaycan dünya üçün nümunəvi və əhəmiyyətli təcrübə qoyacaq.

Bütün bu göstəricilər Azərbaycanda idmanın dinamik inkişaf tempinə malik olduğunu, idman uğurlarının davamlı xarakter daşıdığını bir daha təsdiqlədi. Yəni, sadalanan uğurların əsasında idmana dövlət tərəfindən göstərilən yüksək səviyyəli qayğı durur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu bu siyasətin Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə, reallıqlarına və qanunauyğunluqlarına müvafiq surətdə uğurla davam etdirilməsi bu istiqamətdə davamlı inkişafın əldə olunmasını təmin edir. Yəni, Azərbaycan müasir idman və digər infrastruktura, dünya arenalarında böyük uğurlar qazanan idmançılara sahib dövlət kimi seçim zamanı bir addım öndə olur.

 

Təhlükəsizlik ən yüksək səviyyədə təmin olundu

 

Diqqəti çəkən məsələlərdən biriAvropa Oyunları zamanı həyata keçirilən yüksək təhlükəsizlik tədbirləri idi. Bu o deməkdir ki, Azərbaycanda vətəndaşların və cəmiyyətin təhlükəsizliyi ən yüksək səviyyədə təmin olunur. I Avropa Oyunları beynəlxalq səviyyəli idman tədbiri olduğundan ölkəmizə minlərlə idmançının, on minlərlə turistin gələcəyini nəzərə alaraq yarışların keçirildiyi günlərdə də ölkəmizin hüquq-mühafizə orqanları bu işin öhdəsindən layiqincə gəldilər. Onların əsl vətənpərvərlik, yüksək əzm və peşəkarlıq nümayiş etdirmələrinin nəticəsi olaraq I Avropa Oyunlarının təhlükəsizliyi ən yüksək səviyyədə təmin olundu.

Bu həm də onu göstərdi ki, Azərbaycan ictimai-siyasi baxımdan sabit ölkədir və burada hər hansı riyakar planın həyata keçirilməsi mümkün deyil.

 

Avropaya nur saçan məşəl

 

Əslində, ölkəmizdə bu möhtəşəm idman müsabiqəsinin həyəcanı ötən il aprelin 26-dan başlamışdı. Həmin gün Bakıda “Atəşgah” məbədində I Avropa Oyunlarının məşəli alovlandırıldı və bununla da özünün yeni mərhələsinə qədəm qoydu. Buna görə həmin gün I Avropa Oyunlarının həyəcanının başlanğıc günü kimi tarixə düşdü.

Prezident İlham Əliyevin alovlandırdığı məşəl Azərbaycanın bütün regionunu gəzdi. 60 rayonu səyahət edərək 47 gün ərzində 5,5 min kilometr məsafə qət edən məşəlin səyahəti zamanı ümumilikdə mindən çox məşəlçi iştirak etdi. Məşəl yer üstündə - avtobus, funikulyor, velosiped, yer altında isə Bakı metrosu, suda qayıq, havada isə təyyarə ilə daşındı.

Məşəlin səyahəti Azərbaycanın inkişafını, yüksəlişini, xalqımızın isə sıx həmrəyliyini və yüksək mənəvi ovqatını bütün dünyaya nümayiş etdirdi. Fəxr edəcəyimiz bir məqam da bundan ibarətdir ki, I Avropa Oyunlarının məşəli hər zaman “Atəşgah” məbədində - “Odlar Yurdunda alovlanacaq.

 

Milyonları heyrətləndirən açılış və bağlanış mərasimləri

 

I Avropa Oyunlarında dünyanın diqqət mərkəzində olan əsas hadisələrdən biri də yarışın təntənəli açılış və bağlanış mərasimləri idi. İnsanı təsirləndirən və heyrətləndirən ssenariləri, ayrı-ayrı süjetlərin özündə ehtiva etdiyi dərin fəlsəfi məzmun yükü hələ uzun illər xatirələrdən silinməyəcək.

Paytaxtın xəritəsinə yeni daxil olmuş Bakı Olimpiya Stadionu öz möhtəşəmliyi, əsrarəngiz gözəlliyi ilə hər kəsin diqqətini çəkdi. Keçən il iyunun 12-də və 28-də burada dünyanın aparıcı bədii, yaradıcı və texniki heyətlərinin iştirakı ilə ərsəyə gələn kreativ şoular nümayiş olundu. Stadion ən mürəkkəb tərtibata malik möhtəşəm səhnə mexanizmindən ibarət məkana çevrilmişdi. O, təbiətin dörd ünsüründən- su, od, torpaqyel obrazlarından istifadə edilməklə heyrətamiz bir mənzərə yaradırdı.

Qədimliklə müasirliyin sintezinə əsaslanan bu səhnələr zəngin mənəvi dəyərlərə malik, tolerant azərbaycanlı obrazının, xalqımızın əsrlər boyu formalaşmış zəngin mənəvi-intellektual sərvətinin - milli düşüncə tərzinin, folklorunun, ədəbiyyatının, musiqisinin, incəsənətinin, humanizm və insansevərlik kimi bəşəri keyfiyyətlərə sadiqliyinin dolğun nümunəsi idi.

Uçan xalça”, görkəmli muğam ustası Alim Qasımovun ifasında “Qarabağ şikəstəsi”, balabanda “Sarı gəlin” mahnısının səsləndirilməsi, dahi Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan əsərlərin yüksək səhnə nümayişi, hamılıqla şahidi olduğumuz başqa innovativ yeniliklər açılış mərasimini milyonlarla insan üçün unudulmaz xatirəyə çevirdi.

Bağlanış mərasiminin də süjet xətti orijinallığı və qeyri-adiliyi ilə seçilirdi. Folklor nümunələrimizdə Simurq quşu əsas mifoloji obrazlardan biri olaraq insanları xilas edən, onlara yardım göstərən, qanadından tük verərək dar gündən xilas edən əfsanəvi varlıq kimi öz əksini tapıb.

Simurq quşu həyat ağacını səmadan yerə endirən, insanlara həyatı, yaşamağı öyrədən bir quşdur. Bu mənada, bağlanış mərasimində nümayiş olunan Simurq quşu Azərbaycanın bütün dünyaya yardım üçün açıq ölkə olduğunu göstərirdi.

Bir sözlə, Azərbaycan bütün dünyada səbirsizliklə gözlənilən ilk Avropa Oyunlarının həyəcan və sevincini dünyaya yaşatdı. Beynəlxalq ictimaiyyət yüksək səviyyəli, möhtəşəm və inanılmaz idman bayramının şahidi oldu.

 

Elçin CƏFƏROV,

 

Azərbaycan.- 2016.- 6 yanvar.- S.2.