Dövlət müstəqilliyimizin 25 illiyinə dəyərli töhfə

 

Bu il dövlət müstəqilliyimizin bərpa edilməsinin 25 illiyi tamam olur. Ötən dövr ərzində Azərbaycan dövləti xarici siyasət sahəsində böyük bir yol keçmişdir. Həmin tarixin araşdırılması Azərbaycan alimlərinin qarşısında dayanan vəzifələrdən biridir. Bu baxımdan görkəmli tarixçi alim, Milli Məclisin deputatı, professor Musa Qasımlının irihəcmli “Azərbaycan Respublikasının xarici siyasəti (1991-2003)” (2 hissədə (I hissə. Bakı, Mütərcim nəşriyyati, 2015. - 648 səh.); (II hissə. Bakı, Mütərcim nəşriyyati, 2015. - 664 səh.)) monoqrafiyası Azərbaycan diplomatiya tarixi elminin uğurlarındandır.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin qərarı ilə “Azərbaycan Respublikasının diplomatiya tarixi” seriyasından hazırlanan və iki hissədən ibarət olan bu əsər 1991-2003-cü illərin xarici siyasət tarixini əhatə edir. Monoqrafiyada Azərbaycan diplomatiyasının keçdiyi yol araşdırılmışdır. Müəllif Azərbaycan, Rusiya, Gürcüstan, Türkiyə, ABŞ, Böyük Britaniya və digər ölkələrin ən mötəbər mənbələrini, Praqada ATƏT arxivini araşdırmış, Vyanada BMT kitabxanasının materialları əsasında Azərbaycan diplomatiya tarixinin bu illər ərzində keçdiyi yolu işıqlandırmışdır.

Əsərin I hissəsində XX əsrin sonlarında, SSRİ-nin dağılması ərəfəsində daxili ictimai-siyasi və beynəlxalq vəziyyəti, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi, Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycan diplomatiyasının fəaliyyəti, Azərbaycanın enerji diplomatiyası, Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi istiqamətində Azərbaycan diplomatiyasının səyləri, qonşu ölkələrlə münasibətlərin qurulması və inkişafı problemləri araşdırılmışdır.

Monoqrafiyanın II hissəsində Azərbaycan Respublikasının Avropa dövlətləri və ABŞ, AsiyaAfrika ölkələri ilə münasibətləri, beynəlxalq təhlükəsizlik və əməkdaşlıq sistemində tutduğu yer, xarici siyasətində iqtisadyyat amilinin rolus. məsələlər tədqiq edilmişdir. Mənbələrin əksəriyyəti elmi dövriyyəyə ilk dəfə gətirilmişdir.

Əsər diplomatlar, siyasətçilər, beynəlxalq münasibətlər və diplomatiya tarixi ilə məşğul olan mütəxəssislər, bu ixtisaslar üzrə təhsil alan bakalavr və magistrlər, Azərbaycan Respublikasının xarici siyasət və diplomatiya tarixi ilə maraqlanan şəxslər üçün nəzərdə tutulmuşdur. Monoqrafiya gələcək tədqiqatlar üçün yeni istiqamətlər açır.

 

Azərbaycan. - 2016.- 7 yanvar.- S.4.