Quba Soyqırımı Memorial Kompleksi

 

Həqiqətlər üzərində ucalan tarix

 

Bəşəriyyət bərqərar olandan torpaq insanların inam və inanc yerinə çevrilib. O, son məkan olmaqla yanaşı, həm də minlərlə sirrin gizləndiyi və gizlədildiyi yerdir. Cismimizin əmanət edildiyi torpaq qoynundakı sirləri əvvəl-axır aşkara çıxarır. Öz mahiyyətinə, törədilmə zamanına, gizlincə, cinayəti ört-basdır etmə baxımından dəfn edilməsinə görə Quba məzarlığı da sirlər dünyası, dünyanın terrorla mübarizə apardığı bir vaxtda istinad ediləcək məkan və predmet ocağıdır.

Bəşər tarixində hər bir xalqın böyüklüyü onun zəngin tarixi, digər xalqlara nümayiş etdirdiyi dözümlülüyü - tolerantlığı ilə ölçülür. Əsrlər boyu torpaqlarımıza köçüb, burada yurd salan müxtəlif millətlərin nümayəndələri heç vaxt sıxıntıya, yerli əhali tərəfindən təqiblərə məruz qalmayıblar.

 

Keçmişin darmacalları

 

Ötən əsrin əvvəllərindən başlayaraq bolşevik-daşnak dəstələri Bakının müxtəlif hissələrində Azərbaycan türkləri əleyhinə mitinqlər və yığıncaqlar keçirməyə başladılar. 1918-ci il martın 31-də qırğınlar başladı. Səhər tezdən bolşevik-daşnak dəstələri Azərbaycan türklərinin yaşadığı Kərpicxana, Məmmədli və başqa məhəllələrə hücum etdilər. Azərbaycanlıların İçərişəhərdə rusları qırmaları barədə erməni şayiəsinə inanan matroslar da qırğına qoşulub hərbi gəmilərdən müsəlman məhəllələrini bunun təxribat olduğunu bilənədək bombaladılar.

Qeyri-bərabər döyüşdə soyqırımına məruz qalan azərbaycanlıların martın 31-də müqaviməti dayandırmalarına baxmayaraq, erməni millətçiləri şəhərin dinc əhalisinə divan tutur, qılıncdan keçirirdilər. Azərbaycan türklərinin soyqırımı aprelin 2-si, gecədən xeyli ötənədək davam etdi. Bolşevik-daşnak birləşmələri Bakıda on minlərlə insanı qətlə yetirdi, dini ocaqları darmadağın etdi.

1918-ci il sentyabr ayının ortalarına qədər davam edən soyqırımında 50 mindən çox azərbaycanlı həlak oldu. Azğın ermənilər kəndləri viran qoyur, müsəlman əhaliyə xüsusi amansızlıqla işgəncələr verirdilər. Bakı Sovetinin Qubaya göndərdiyi Hamazasp burada “qayda-qanun” yaratmağa başladı. Onun gəlişindən bir neçə həftə əvvəl yerli əhali onlara divan tutan Muradyanın əsgərlərini tərksilah etmişdi. Həbs edilənlərin qisasını alan Hamazasp çəkinmədən özünü müsəlmanların düşməni adlandırmış, Xəzər dənizindən Şahdağına qədər olan ərazini onlardan təmizləyəcəyinə and içmişdi. 1918-ci ilin beş ayı ərzində daşnaklar Quba qəzasında ağlasığmaz talanlar, amansız qətllər törətdilər. Hamazaspın əsgərləri minlərlə müsəlmanı və qeyri millətləri də amansız işgəncələrlə məhv etmişlər. Ermənilər Quba əhalisini meşələrə qovur, sonra onları hissə-hissə güllələyir, qılıncdan keçirirdi. Bu müddət ərzində kənd yollarında və həyətlərdəki ağaclardan asılan insan cəsədlərinin sayı-hesabı yox idi. Azğın ermənilər başqalarına dərs olsun deyə, heç kimi meyitlərə toxunmağa qoymurdular. Ermənilərin amansız qətllərinin qarşısını Azərbaycana köməyə gəlmiş türk əsgərləri alır.

Qubada törədilən qətliamlar 1918-ci ildə yaradılmış Fövqəladə Təhqiqat Komissiyası tərəfindən araşdırılmış, həmin qətllərin təşkilatçısı və icraçısı olan Şaumyan, Korqonov, Selovani, Ağacanyan, Hamazasp və digərlərinin qanlı əməlləri nəticəsində minlərlə yerli sakinin məhv edildiyi öz təsdiqini tapsa da, sonrada canilərin adı gizlədildi və bəzilərinə isə hətta Azərbaycan xalqının xilaskarı kimi əsərlər ithaf edildi, filmlər çəkildi. Yüz ilə yaxın bir vaxtdan sonra həqiqətin üzə çıxmasına, haqqın qələbəsinə ölkəmizin müstəqilliyi təkan verdi.

 

Həyatda təsadüfi heç nə yoxdur

 

Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilmişdir. 2007-ci ilin iyulundan Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda başlanan geniş tədqiqat işlərinə 2008-ci ilin sentyabrında yekun vurulmuşdur. Tədqiqat nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımının nəticəsi olduğu müəyyən edilmişdir.

2009-cu ildə Azərbaycan Prezidentinin sərəncamından sonra Nazirlər Kabineti kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dair tədbirlər planı hazırladı. Aşkar olunmuş kütləvi məzarlığın yerləşdiyi ərazidə monumental xatirə kompleksinin ucaldılmasına və abadlıq işlərinin aparılmasına start verildi.

Məzarlığın 514 kvadratmetrlik ümumi sahəsinin 494 kvadratmetrində tədqiqat aparılmış, 20 kvadratmetr sahə isə beynəlxalq tədqiqatçılar üçün saxlanmışdır.

Qudyalçayın sağ sahilində köhnə stadionun yerləşdiyi ərazidə yeni idman kompleksinin tikintisi zamanı üzə çıxan bu məzarlıqda iki quyuda üst-üstə qalaqlanan insan sümükləri tapılıb. Böyük quyunun diametri 5, kiçik quyunun diametri isə 2,5 metrdir. Quyular arasında 2 metr məsafə var. Böyük quyuya yüzlərlə insan cəsədi doldurulub ki, onların da əksəriyyəti uşaq və qadınlara aiddir. Skeletlərin bütöv halda olmaması onların öldürüldükdən sonra şaqqalanaraq bura atıldığından xəbər verir. Qurbanların sayı kəllə sümükləri ilə müəyyən edilmişdir. Sümüklərin tədqiqatı zamanı ölüm faktının nə vaxt baş verdiyi dəqiqləşdirilib. Qubada tapılan sümüklərin tərkibindəki nəmliyin miqdarı ölüm tarixinin ötən əsrin ikinci onilliyinə aid olduğunu üzə çıxarır. Məzarlıqda azərbaycanlılarla birlikdə ləzgilər, yəhudilər, tatlar və digər millətlərin 400-dən artıq nümayəndəsi də qətlə yetirilərək basdırılmışdır.

Araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, quyu və arxlarda basdırılan insan cəsədləri 1918-ci ildəki Quba qırğınının qurbanlarıdır. Onlar erməni qatilləri tərəfindən bura gətirilərək öldürülmüş, gizli şəkildə basdırılmışdır.

Quba Soyqırımı Memorial Kompleksi Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan Prezidentinin sərəncamı ilə erməni cəlladlarının yüzlərlə günahsız insanı qətlə yetirib quyulara doldurduğu yerdə ucaldıldı.

 

Dünəndən bu günə və sabaha

 

Kompleksi ziyarət edənlərin üzündə həmişə qəribə cizgilər olur. Elə bil pilləkənləri addım-addım düşdükcə özünü yüz illik bir tarixin əvvəlində hiss edirsən: dünənə qayıdırsan - başı kəsilmiş, gözü çıxarılmış, nizələrə keçirilmiş körpələrin ahını, naləsini eşidirsən. İnsanı 100 ilin bəlası qarşılayır burada. Dost bilib qapısını açan insanların məhz həmin azğın ermənilər tərəfindən öldürüldüyünü görürsən. İnsanlığa yaraşmayan əməllərin şahidi olursan.

Qarşıdakı qapıdan keçərək yerin təkinə doğru bir yola düşürsən. Burada səni sakit bir həyat qarşılayır. Divardan asılan şəkillər gözlərimiz qarşısında XX əsrin əvvəllərini canlandırır. Küçələrlə sakitcə addımlayan insanlar, su dalınca bulağa yollanan qızlar, təndirə çörək yapan nənələr, bir sözlə, burada hər kəs öz işinin ardınca gedir. Bir qədər sonra vəhşiliyin hər üzü ilə rastlaşırsan: ocağa atılan körpə, sinəsi parçalanmış ana, şaqqalanmış ata, atlara bağlanıb sürüdülən hamilə qadınlar, qorxudan dəli olmaq dərəcəsinə gətirilən yeniyetmələr, daha nələr, nələr...

Bəli, sən əsl vandalizm və vəhşiliyin şahidi olursan. Məncə, hər bir ölkə vətəndaşı Quba Soyqırımı Memorial Kompleksini ziyarət etməyi özünə borc bilməlidir. Unutmayaq ki, burada xalqımızın başına gətirilən müsibətlərlə yanaşı, vətənpərvərlik duyğularının məcmuəsi yaşadılır. İnsanların müxtəlifliyi burada vahidləşir, hamının qəlbində həm də bir vətən sevgisi formalaşır.

 

Təməli həqiqətlərə söykənən abidə

 

Bu gün dünyanın hər yerindən minlərlə insan respublikamıza səfəri zamanı yolunu Quba Soyqırımı Memorial Kompleksindən salır. Burada çoxsaylı görüşlər keçirilir, “dəyirmi masa”lar, diskussiyalar aparılır. Hər il alimlərimiz tariximizlə səsləşən iclas və müşavirələrini canlı olaraq hadisələrin və qətliama məruz qalanların ruhlarının dolaşdığı ərazidə keçirirlər.

Quba Soyqırımı Memorial Kompleksindəki xatirə kitabı minlərlə insanın ürək sözləri ilə doludur. Burada alimin, idmançının, səyahətsevərlərin imzaları, onların yazdıqları fikirlər neçə qəlbin birliyinin görünməz qovuşuğudur.

Bu gün Qubaya gələn hər kəs möhtəşəm bir sənət əsərinin, əsrlər boyu xalqımızın yaşadığı faciələri özündə əks etdirən mükəmməl bir abidənin - Quba Soyqırımı Memorial Kompleksinin ucaldığını görür.

Quba Soyqırımı Memorial Kompleksi həm də rayon rəhbərliyinin gündəlik işinin tərkib hissəsidir. Onu da qeyd edək ki, rayonda keçirilən tədbirlərin iştirakçıları öncə kompleksi ziyarət edirlər. İstər ölkə daxilində, istərsə də xaricdə tanınan Quba Soyqırımı Memorial Kompleksini ziyarət edənlər erməni vəhşiliyinin bu vaxtadək heç yerdə açılmayan, canlı şəkildə görünməyən cinayətlərinin şahidi olurlar. Qərb təfəkküründə görmək eşitməkdən daha vacibdir. Məzarlığın üstündə ucaldılan kompleks erməni cəlladlarının bəşəriyyətə sırıdığı “zavallı, genosidə məruz qalan xalq” obrazını darmadağın edir.

Erməni təbliğat maşını yalanların üstündə qurulub, biz isə faciələrimizə, reallıqlara söykənirik. Getdikcə onların yalanlardan bəhrələnən təbliğatı zəifləyir, nüfuzdan düşür, bizim həqiqətlərimiz isə qalib gəlir.

 

Akif ƏLİYEV,

 

Azərbaycan. - 2016.- 8 yanvar.- S. 5.