Azərbaycan dünya miqyasında əhəmiyyətli tranzit mərkəzinə çevrilir

 

“Nəqliyyat dəhlizlərinin yaradılması ilə bağlı çox ciddi işlər aparılmışdır. Şərq-Qərb nəqliyyat dəhlizi artıq reallaşır. Çindən, Orta Asiyadan Azərbaycana, Azərbaycandan Gürcüstan, Türkiyə vasitəsilə Avropaya uzanan yeni İpək yolu layihəsi reallaşır və burada Azərbaycanın rolu kifayət qədər önəmlidir. Eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması üçün Azərbaycan konkret addımlar atır. Əminəm ki, bu layihə də uğurla reallaşacaq və beləliklə, bundan sonra - bu iki mühüm layihə reallaşandan sonra Azərbaycan dünya miqyasında əvəzolunmaz tranzit ölkəsinə çevriləcəkdir.

İlham ƏLİYEV

 

Tarixi İpək yolunun keçdiyi Azərbaycanın yerləşdiyi ərazi bütün dövrlərdə Avropa və Asiyanı, ən uzaq dövlətləri birləşdirən, strateji ticari-iqtisadi dəhlizlərin qovuşduğu məkanlardan biri olub. Müasir dövrdə ölkələr arasında əlaqələrin məzmunu yeni keyfiyyət dəyişikliklərinə məruz qalsa da, ticariiqtisadi dəhlizlərin əhəmiyyəti öz aktuallığını yenə də qoruyub saxlayır. Xüsusən qloballaşan dünyamızın yeni geoiqtisadi çağırışları kontekstində ölkəmizin bu sahədə rolu artaraq strateji əhəmiyyət kəsb edir.

 

Şərq-Qərb nəqliyyat dəhlizinin kəsişdiyi geostrateji mövqe

 

Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir və bu baxımdan əlverişli geostrateji mövqeyə malikdir. Bu potensialı böyük uzaqgörənliklə qiymətləndirən ümummilli lider Heydər Əliyevin siyasi məharəti və səyləri nəticəsində 1998-ci ildə 32 ölkənin və 13 beynəlxalq təşkilatın səlahiyyətli nümayəndəsinin iştirakı ilə tarixi İpək yolunun bərpasına həsr olunmuş konfrans məhz Bakıda təşkil olunmuş və həmin tədbirdə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRASEKA) həyata keçirilməsinin texnikiiqtisadi məsələlərini özündə əks etdirən “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş” imzalanıb.

İpək yolunun bərpasına həsr olunan Beynəlxalq Bakı konfransı başa çatdıqdan 2 gün sonra onun yekunları ilə əlaqədar ulu öndər Heydər Əliyev müşavirə keçirib. Ölkənin yüksək rəsmi dairələrinin iştirak etdiyi müşavirədə XXI əsrdə Avrasiya nəqliyyat dəhlizinin əhəmiyyətinin daha da artacağını nəzərə alaraq respublikamızda bu sahədə ciddi hazırlıq tədbirlərinin həyata keçirilməsinin, yeni nəqliyyat vasitələri alınmasının və müasir xidmət sahələrinin yaradılmasının vacibliyi qeyd edilib. Sonrakı illərdə Avrasiya nəqliyyat dəhlizinin, Transqafqaz dəhlizinin intensiv fəaliyyətinin Azərbaycanın sosial-iqtisadi həyatında böyük əhəmiyyəti olub. Bu, özünü əsasən yük daşınmalarından əldə olunan gəlirdə, dəniz və dəmir yolu nəqliyyatı, boru nəqliyyatı üçün uzun dövr ərzində etibarlı bazarın yaranmasında, respublikada yük daşınması ilə bağlı infrastruktur sahələrin bərpasında, yeni yerləri açılmasında, Azərbaycanın iqtisadi təhlükəsizlik məsələlərinin həll edilməsində, Bakının bu magistral xəttin mərkəzində və Xəzər sahilində yerləşən ən iri liman kimi inkişafında göstərib.

 

Şimal-Cənub nəqliyyat dəhlizi ölkəmizin maraqları baxımından əlverişlidir

 

Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişaf etdirilməsi istiqamətində tədbirlərin uğurla nəticələnməsi alternativ layihələrin də inkişafına səbəb olub. Məsələn, Şimal-Cənub nəqliyyat dəhlizi ideyası buna nümunə ola bilər. Bu layihə Hindistan, Pakistan, Oman, İran, Rusiya tərəfindən irəli sürülüb. Dəhlizin fəaliyyəti Hindistandan gələn yüklərin gəmi vasitəsilə Süveyş kanalından keçib, Ümid burnunu dolanaraq İranın Bəndər Abbas limanına çatdırılmasını, buradan da onların dəmir yolu vasitəsilə Azərbaycan ərazisindən keçməklə Rusiya və digər ölkələrə ötürülməsini nəzərdə tutur. Azərbaycan bu layihədə də fəal iştirak edərək onu milli maraqların təmin edilməsi və ölkədə digər nəqliyyat növlərinin inkişafı baxımından əlverişli hesab edir.

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi haqqında razılaşma 2000-ci ildə Rusiyada əldə olunub. Razılaşmanın əsas məqsədi yük və sərnişin daşımalarının təşkilində nəqliyyat əlaqələrinin səmərəliliyinin yüksəldilməsi, üzv ölkələrin dəmir yolu, avtomobil, dəniz, çayhava nəqliyyatı xidmətləri beynəlxalq bazarına girişi üçün şəraitin yaradılması, beynəlxalq daşımaların həcminin artırılmasına yardım göstərilməsi, nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinin təmin olunması, razılaşdırılmış nəqliyyat siyasətinin həyata keçirilməsidir.

Bu nəqliyyat dəhlizi Azərbaycanın əlverişli tranzit imkanlarından geniş istifadəni zəruri edir. Bununla əlaqədar olaraq indiyədək bir sıra işlər həyata keçirilib. Ötən ilin dekabrında Prezident İlham Əliyev “Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” sərəncam imzalayıb. Sərəncamın icrası Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə əlaqələndirilməsini və bu sahədə görülən işləri sürətləndirəcək, Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini daha da artıracaq.

 

Müxtəlif istiqamətlərə tranzit daşımalarına etibarlı təminat

 

Bu gün beynəlxalq miqyasda yükdaşımalar sahəsində ciddi rəqabət var. Təbii ki, belə bir şəraitdə böyük tranzit potensialına malik olan Azərbaycan müşahidəçi mövqeyində dayana bilməz və daha əlverişli şərtlər təklif etməklə, tranzit daşımaları sahəsində səmərəli idarəçiliyin təşkil olunması, müvafiq koordinasiya siyasətinin həyata keçirilməsi ilə bu sahədə ciddi irəliləyişlər əldə edə bilər. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin qarşıya qoyduğu əsas məqsədlərdən biri ölkəmizin aparıcı tranzit mərkəzinə çevrilməsini tam təmin etməkdir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında deyilir ki, Azərbaycanı regionun ticarət mərkəzinə çevirmək məqsədi ilə ölkənin strateji coğrafi mövqeyindən səmərəli istifadə etməklə tranzit və nəqliyyat xidmətlərinin inkişafı, ölkənin bölgələrində logistika mərkəzlərinin yaradılması nəzərdə tutulur. Bütün bunlar, eyni zamanda, istehsalinvestisiya mərkəzi kimi də ölkənin cəlbediciliyinin artmasına, yeni biznes və məşğulluq imkanlarının yaranmasına yol açacaq. Bu məqsədlə yerli və beynəlxalq daşımaların idarə olunması mexanizmi təkmilləşdiriləcək, ölkənin nəqliyyat sisteminin beynəlxalq nəqliyyat sisteminə inteqrasiyası genişləndiriləcək, əhaliyə göstərilən nəqliyyat xidmətlərinin keyfiyyəti artırılacaq, sərnişindaşıma sahəsində gediş haqqının ödənilməsi ilə bağlı müasir texnologiyaların tətbiqi reallaşdırılacaqdır. Bununla əlaqədar avtomobil, dəmir yolu, su, hava nəqliyyatı sahəsində vahid strateji yanaşmanı əks etdirən ümumiləşdirilmiş tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Artıq bu tədbirlərin bir qismi uğurla reallaşıb. Ölkəmizdə nəqliyyat infrastrukturunun inkişafı, tranzit potensialının artırılması istiqamətində bir sıra irimiqyaslı layihələr həyata keçirilib, bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilib. Bakıda ölkə regionlarında beynəlxalq hava limanlarının, Şərq-Qərb Şimal-Cənub nəqliyyat dəhlizləri istiqamətində beynəlxalq əhəmiyyətli avtomobil yollarının tikintisi dəmir yolu xətlərinin yenilənməsi ölkənin xarici iqtisadi əlaqələrinin genişlənməsində mühüm rol oynayır. Ən əsası bunlar Azərbaycanın tranzit potensialını tranzit daşımalarında iştirak imkanlarını genişləndirir. Digər tərəfdən, İpək yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal dəstəkçisi olan respublikamız digər dəhlizlərlə müqayisədə yüklərin Azərbaycan ərazisindən keçməklə müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə etibarlı təminat verir, daha əlverişli şərtlərlə qısa müddətdə, təhlükəsiz vaxtında çatdırılmasına, tranzit daşımalarının həcminin dəfələrlə artmasına imkan yaradır. Prezident İlham Əliyevin nəqliyyat sektorunun ölkə iqtisadiyyatında artan rolundan danışarkən qeyd etdiyi kimi: “Azərbaycan Asiyanı Avropa ilə birləşdirən körpüdür. Biz indi öz nəqliyyat infrastrukturumuzu möhkəmləndiririk. Bizim dəniz nəqliyyatına, dəmir yoluna böyük investisiyalar qoyulur. Bir sözlə, nəqliyyat sektoru gələcəkdə böyük rol oynayacaqdır. Regionda digər mühüm işlər məhz bununla bağlıdır”.

 

Azərbaycanın tranzit imkanlarını artıracaq möhtəşəm layihələr

 

Son illər ölkəmizin nəqliyyat infrastrukturunda həyata keçirilən yenidənqurma işləri, beynəlxalq layihələr, qəbul olunan dövlət proqramları bu sahənin inkişafına təkan verib, Asiya ilə Avropanın qovuşuğunda yerləşən Azərbaycanın nəqliyyat dəhlizi kimi önəmini daha da artırıb. Beləliklə, Avrasiya məkanının mühüm logistik mərkəzlərdən birinə çevrilən Azərbaycan həm öz tranzit imkanlarını artırmağa yol açan yeni təşəbbüslərin müəllifidir. Bu təşəbbüslərdən biri Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir. Tarixi İpək yolunun bərpası çərçivəsində nəqliyyat infrastrukturunun təkmilləşdirilməsində böyük addım olan bu layihə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yeni səviyyədə inkişafına şərait yaradır. Ən əsası bu dəmir yolu bağlantısı nəqliyyatın inkişafında yeni mərhələnin başlanması deməkdir. Çünki iqtisadi baxımdan səmərəli, dayanıqlı, təhlükəsiz ekoloji normalara tam cavab verəcək BTQ dəmir yolu xətti Şərq-Qərb nəqliyyat dəhlizinin əsas elementlərindən olmaqla Cənubi Qafqaz, eləcə bütövlükdə Avrasiyada ticari-iqtisadi münasibətlər sahəsində sıx əməkdaşlığa, regionda sosial-iqtisadi artımın sürətlənməsinə, eləcə ölkələrin qlobal səviyyədə əməkdaşlığının genişlənməsinə böyük töhfə verəcək.

Beynəlxalq standartlara uyğun tikilən bu dəmir yolu yüklərin sərnişinlərin fasiləsiz, vaxtında təhlükəsiz daşınmasını təmin edərək, daşımaların həcminin artmasına, tariflərin əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxaracaq, nəqliyyat infrastrukturunun geniş miqyasda inkişafına, nəqliyyat əlaqələrinin səmərəliliyinin artmasına, beynəlxalq bazarlara daha əlverişli çıxışın təmin olunmasına əlverişli şərait yaradacaq. BTQ dəmir yolu xəttinin istismara verilməsi ilə həm bərə, həm konteyner-vaqon daşımaları daha da inkişaf edəcək. Bu isə beynəlxalq daşımalarda mühüm rol oynayır.

Bu tarixi layihənin həyata keçirilməsi yük sərnişinlərin Avropa Asiyaya çatdırılması ilə yanaşı, ixrac mallarının Azərbaycan ərazisindən tranzitinin artmasına, Xəzər hövzəsi regionunun Avropa ilə bilavasitə nəqliyyat əlaqələrinin qurulmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə, əmtəə xidmətlərin nəqli yollarının diversifikasiyasına xidmət edəcək, Azərbaycanın region dövlətlərinin xarici iqtisadi əlaqələrinin səmərəliliyini daha da yüksəldəcək. Beləliklə, bu dəmir yolu Avropa Asiya ölkələri arasında yüklərin daşınmasında əvəzsiz rol oynamaqla bərabər, Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini daha da artıracaq.

Ölkəmizin tranzit imkanlarını artıran digər mühüm layihələrdən biri Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksidir. Ələt qəsəbəsində tikilməkdə olan liman regionun avtomobil, dəmir dəniz yollarının kəsişmə nöqtəsinə çevriləcək. Limanın inşasının birinci fazası 2017-ci ildə başa çatacaq Çindən tutmuş Mərkəzi Asiya Avropayadək daşımalara töhfəsini verəcək. Birinci mərhələdə limanın yükaşırma qabiliyyəti ildə 10 milyon ton yük 50 min konteynerdən ibarət olacaq. İkinci mərhələdə limanın yükaşırma gücü 17 milyon ton yük 150 min konteynerə, üçüncü mərhələnin yekununda isə 25 milyon ton yük 1 milyon konteynerə çatdırılacaq. Limanda layihə üzrə logistika mərkəzinin yaradılması da mühüm əhəmiyyət kəsb edir.

Liman kompleksi üçün ayrılmış 400 ha ərazinin 100 ha sahəsində beynəlxalq nəqliyyat logistika mərkəzinin tikintisi nəzərdə tutulur. TRASEKA çərçivəsində “Beynəlxalq nəqliyyat logistika mərkəzlərinin yaradılması” layihəsini həyata keçirən Avropa Komissarlığının nəqliyyat üzrə ekspertləri tərəfindən liman kompleksi ərazisinin Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşməsi beynəlxalq nəqliyyat logistika mərkəzi üçün əlverişli hesab edilib. İlkin mərhələdə 50 hektar ərazidə yerləşəcək logistika mərkəzində 80 min kvadratmetr xüsusi anbar və sahələr yaradılaraq burada 100 min ədəd konteynerin saxlanılması, yük sahiblərinə və mallara xidmət göstərilməsi kiçikorta biznesin müasir durumda inkişafına münbit şəraiti təmin ediləcək. Bu mərkəzin ölkə və region iqtisadiyyatında xüsusi mövqeyə malik olması və nəqliyyat qovşağında önəmli yer tutması Azərbaycanın geostrateji əhəmiyyətini bir daha təsdiqləyir. Bu liman Avrasiya məkanında mühüm nəqliyyat və logistika mərkəzi olacaq, Azərbaycan iqtisadiyyatının diversifikasiyasına böyük töhfə verəcək, qədim İpək yolu üzərində olan ölkəmizin tarixi ticarət qovşağı mövqeyini özünə qaytaracaq.

Azərbaycanın tranzit və yükdaşıma potensialı genişdir. Əlverişli coğrafi mövqe, son illər nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, həyata keçirilən irimiqyaslı layihələr Azərbaycanın tranzit və yükdaşıma potensialından daha səmərəli istifadə etməklə bu sahədən daxil olan gəlirlərin həcminin artmasına geniş imkan yaradır. Ümumiyyətlə, Azərbaycan ərazisindən keçən dəhlizlərin fəaliyyətinin təkmilləşdirilməsi dəniz və dəmir yolu nəqliyyatı üçün uzunmüddətli etibarlı bazarın formalaşmasında, ticarət əlaqələrinin genişləndirilməsində, yük daşımaları ilə bağlı infrastruktur sahələrinin inkişafında faydalı olacaq. Nəqliyyat dəhlizlərinin potensialından səmərəli istifadə, həmçinin gələcəkdə bu sahənin qeyri-neft sektorunda xüsusi çəkisinin artması ilə nəticələnəcək.

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan. - 2016.-9 yanvar.- S.1.