Köhnə ilin yeni ünvanları

 

Bakı

 

Prezident İlham Əliyev yanvarın 12-də “Azərsun Holdinq” Şirkətlər Qrupunun “Xəyal Adası” layihəsi üzrə görülən işlərin gedişi ilə tanış olub. Dövlət başçısına məlumat verilib ki, obyektin ərazisi 320 hektardır.

Bu, yüksək standartlara cavab verən yaşayış, ticarət, əyləncə və idman sahələrini əhatə edən layihədir. Layihənin yaşayış sahəsində müasir tələblərə cavab verən yüksək keyfiyyətli 2100 mənzil, fərqli ölçülərdə və konseptlərdə 300 villa inşa olunur. “Xəyal Adası” layihəsi burada yaşayacaq insanların bütün ehtiyaclarını ödəməyə hesablanıb.

Layihənin reallaşmasında 2 mindən artıq yerli işçi çalışır. “Xəyal Adası” ətraf ərazidə yaşayan insanlar üçün eyni zamanda məşğulluq mərkəzi olacaq. Belə bir layihənin həyata keçirilməsi həm də turizm sektorunun inkişafına mühüm töhfə verəcək.

* * *

Prezident İlham Əliyev yanvarın 2-də Heydər Əliyev Beynəlxalq Aeroportunda “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus, yeni gətirilmiş “Boinq-787-8” sərnişin təyyarəsinə baxıb.

Son texniki nailiyyətləri özündə birləşdirən layner daha uzaq məsafələrə uçuşlar həyata keçirməyə imkan yaradır. Ən yeni texnologiyaların tətbiq edilməsi nəticəsində təyyarədə sərnişinlər üçün rahat şərait yaradılıb. 210 sərnişin tutumuna malik layner fasiləsiz 15 saat uçuşu yerinə yetirərək birbaşa 15 min 700 kilometr məsafə qət edə bilir.

 

Sumqayıt

 

Prezident İlham Əliyev 13 yanvar 2015-ci il tarixində Sumqayıt şəhərinə səfər edib. Səfər zamanı dövlət başçısı Nəsimi adına şəhər mədəniyyət və istirahət parkında aparılan yenidənqurma işləri və parkda inşa olunan “Yaşıl teatr”da yaradılan şəraitlə tanış olub. Kütləvi tədbirlərin keçirilməsi məqsədilə tikilən 350 tamaşaçı yeri olan bu teatr ən müasir standartlar səviyyəsində inşa edilib.

Dövlət başçısı səfər zamanı “Alyans Tekstil” tikiş fabrikinin açılışında da iştirak edib. Müəssisə Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası çərçivəsində inşa olunub. Fabrikin yerləşdiyi ərazi 2,4 hektardır. Ümumi dəyəri 6,1 milyon manat olan müəssisənin tikintisinə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 1 milyon manat güzəştli kredit verilib. Müəssisə ildə 100 min dəst müxtəlif işçi geyimləri - gödəkçələr, kombinezonlar, kostyum və dəstlər istehsal etmək gücünə malikdir. Müəssisədə 200 nəfər işlə təmin olunub.

Prezident Sumqayıtda Gənclər Evinin istifadəyə verilməsi mərasimində də iştirak edib. Gənclər Evi Prezidentin 2011-ci ildə imzaladığı sərəncamla “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına əsasən tikilib.

Sumqayıtın sənaye xəritəsində yeni ünvan olan Beton məmulatları zavodu da fəaliyyətə başlayıb. Müəssisənin açılışında iştirak edən dövlət başçısına məlumat verilib ki, 11 min kvadratmetr istehsal və inzibati binadan ibarət olan zavodun ümumi dəyəri 17,6 milyon manatdır. Müəssisənin qurulmasına Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 500 min manat güzəştli kredit ayrılıb. Tikinti sənayesinin inkişafı və istehsalçıların keyfiyyətli beton, borular və döşəmə daşları ilə təmin edilməsi məqsədilə zavod dünyanın ən aparıcı şirkətlərinin son texnologiyaları əsasında qurulub. Qeyd edək ki, 7 istehsal sahəsindən ibarət olan zavod avadanlığın sayına və həcminə görə Şərqi Avropada analoqu olmayan ən böyük müəssisədir. Müəssisədə ümumilikdə 200-dək yeni iş yeri yaradılıb.

 

Mingəçevir

 

Prezident İlham Əliyev fevralın 24-də Mingəçevirə səfəri zamanı məcburi köçkün ailələri üçün yeni salınan yaşayış kompleksi ilə tanış olub. Bu yaşayış kompleksi 594 məcburi köçkün ailəsi üçün salınıb. Mingəçevir şəhərindəki yataqxanalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin köçürüləcəyi kompleks 12 hektar sahəni əhatə edir. Burada 596 ev, 480 şagirdlik məktəb, 140 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi, poçt binası tikilib. Su, elektrik və qaz təchizatı şəbəkələri Mingəçevir şəhər kommunikasiyalarına qoşulub.

Qeyd edək ki, bu, qaçqın və məcburi köçkünlər üçün salınmış sayca 89-cu yaşayış kompleksidir.

Dövlət başçısı səfər zamanı şəhər Mərkəzi xəstəxanasında aparılan yenidənqurma işləri ilə də tanış olub. Prezident İlham Əliyevin 2013-cü il 18 aprel tarixli sərəncamına əsasən, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasını çoxprofilli tibb müəssisəsinə çevirmək məqsədilə Prezidentin Ehtiyat Fondundan ilkin olaraq 3 milyon manat vəsait ayrılıb. Ümumi sahəsi 6 hektar olan xəstəxanada yenidənqurma işlərinə 2013-cü ilin may ayında başlanılıb və 2015-ci ilin fevralında sona çatdırılıb. Xəstəxana kompleksindəki şöbələrdə müxtəlif xəstəliklərin müayinəsi və müalicəsi mümkün olacaq. Cərrahiyyə, terapiya, pediatriya, ginekologiya, yoluxucu xəstəliklər, anesteziologiya, reanimatologiya, şüa-diaqnostika, fizioterapiya, qəbul şöbələri, konsultativ poliklinika, klinik laboratoriya, təcili tibbi yardım stansiyası və əməliyyat blokları ən son avadanlıq və cihazlarla təmin edilib. Səhiyyə ocağında ilk dəfə olaraq 10 çarpayılıq dializ otağı yaradılıb ki, bu da Mingəçevirdə dializə ehtiyacı olan xəstələrin hamısını əhatə edəcək.

Prezident səfər zamanı Heydər Əliyev parkında aparılan yenidənqurma işləri ilə tanış olub. Dövlət başçısına məlumat verilib ki, ümumi sahəsi 3 hektar olan parkda sakinlərin və qonaqların istirahəti üçün hərtərəfli imkanlar yaradılacaq, yeni yaşıllıq zolaqları salınacaq. Dövlət başçısı həmçinin şəhərdəki “Dostluq” parkında yaradılan şəraitlə də maraqlanıb. Ümumi sahəsi 6 hektar olan parkda müasir işıqlandırma sistemi və fəvvarə quraşdırılıb, geniş yaşıllıq zolaqları salınıb, dekorativ ağac və kollar əkilib. Parkda yay konsert səhnəsi də tikilib.

Prezident İlham Əliyev şəhərdə tikilən “Ağ saray” hotelində tikinti işlərinin gedişi ilə tanış olub. 2,5 hektar sahəsi olan hotel müasir səviyyədə inşa edilib. Bu hotel kompleksi 5 korpusdan ibarətdir. Ümumilikdə burada 55 otaqda qonaqlara xidmət göstəriləcək. Burada restoran, kafe-bar, əyləncə mərkəzi, konfrans zalı, qapalı və açıq hovuzlar, sauna, fitnes zalı, masaj otaqları, günəş vannası qəbulu üçün terraslar da qonaqların ixtiyarına veriləcək. Kompleks istifadəyə verildikdən sonra qonaqlara xidmət göstərmək üçün burada 40 nəfərdən ibarət personal çalışacaq.

Səfər zamanı Heydər Əliyev Fondunun təşəbbüsü ilə Mingəçevirdə tikilən uşaq bağçasının istifadəyə verilməsi mərasimində dövlət başçısına məlumat verilib ki, burada 120 uşaq təlim və tərbiyə alacaq. Bağçada məşğələ, oyun, tibb otaqları fəaliyyət göstərir, kompüter, rəsm, şahmat otaqları da balacaların ixtiyarına veriləcək.

 

Qusar

 

Prezident İlham Əliyev 29 yanvar 2015-ci il tarixində Qusar rayonuna səfər edib. Dövlət başçısının səfəri zamanı “Şahdağ” Qış-Yay Turizm Kompleksində “Park Chalet” hoteli istifadəyə verilib.

Kompleks dünyadakı bu tipli komplekslərdən nadirliyi və universallığı ilə fərqlənir. “Şahdağ” Qış-Yay Turizm Kompleksi ölkəmizdəki ilk dağ-xizək kurortudur. Kompleksin inşası bir neçə mərhələdə aparılır.

Həmin səfər çərçivəsində Prezident “Şahdağ” Qış-Yay Turizm Kompleksinin 1 nömrəli kanat yolunun və xizək enişinin açılışında da iştirak edib. Kompleksdə inşası nəzərdə tutulan 9 kanat yolundan 7-si artıq hazırdır. Bundan başqa, ümumi uzunluğu 5860 metr olan 4 “xalça cığırı” və ümumi uzunluğu 12 min 430 metr olan 11 dağ-xizək enişi inşa olunub.

 

Bərdə

 

Prezident İlham Əliyev martın 12-də Bərdə rayonunda səfərdə olub. Dövlət başçısı Heydər Əliyev adına park-bulvarın istifadəyə verilməsi mərasimində iştirak edib. Uzunluğu 2400 metr olan park-bulvar kompleksi ilkin mərhələdə 47 hektar ərazini əhatə edir və gələcəkdə daha da genişləndiriləcək.

Parkın giriş qapısı öz əzəməti ilə diqqəti cəlb edir. Eni 36, hündürlüyü 12 metr olan giriş qapısı milli memarlıq üslubunda ilə ucaldılıb. Kompleksə əlavə

6 istiqamətdə giriş qapısı tikilib.

* * *

Həmin gün dövlət başçısı Bərdədə 588 məcburi köçkün ailəsi üçün yeni salınan yaşayış kompleksində yaradılan şəraitlə tanış olub. Məcburi köçkünlərin müvəqqəti yaşayış yerləri və çadır şəhərciklərindən müasir tələblər səviyyəsində inşa edilən qəsəbələrə köçürülməsi dövlətin insanlara göstərdiyi diqqətin təzahürüdür. Görülmüş tədbirlər nəticəsində ölkədə çadır şəhərciyi qalmayıb. Belə yerlərdə yaşayan əhalinin hamısı müasir tipli qəsəbələrə köçürülüb.

* * *

Dövlət başçısı səfər zamanı “ASAN xidmət” mərkəzinin açılışında da olub. Bərdə regional “ASAN xidmət” mərkəzinin binasının inşasına 2013-cü ilin aprel ayında başlanılmışdı. Dördmərtəbəli binanın tikintisi ən yüksək standartlara uyğun həyata keçirilib. Bu mərkəzin xidmətindən Bərdə də daxil olmaqla, Ağdam, Ağcabədi, Laçın, Yevlax və Tərtər rayonlarının 800 minə yaxın sakini istifadə edir.

* * *

Prezident Bərdə türbəsində aparılan təmir işlərinin gedişi ilə də tanış olub. Bu türbə 1322-ci ildə Əcəmi memarlıq məktəbinin nümayəndələrindən olan Əhməd bin Əyyub əl-Hafiz Naxçıvani tərəfindən inşa olunmuşdur. Hündürlüyü 12,5 metr olan türbənin yerüstü hissəsi üç əsas memarlıq quruluşundan ibarətdir.

Bərpaçılar tarixi abidəni əzəli görkəminə qaytarmaq üçün qiymətli tikinti materiallarından istifadə edirlər. Türbənin ətrafında səliqə-sahman yaradılması üçün abadlıq-tikinti işləri də həyata keçirilir.

* * *

Dövlət başçısı səfər zamanı Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar avtomobil yolunun açılışında iştirak edib. Yeni avtomobil yolunun tikilməsi üçün Prezidentin Ehtiyat Fondundan 5,8 milyon manat vəsait ayrılıb. Bu yol 10 mindən çox əhalinin yaşadığı 11 kəndi birləşdirir.

* * *

Səfər çərçivəsində Prezident 1 nömrəli Uşaq İncəsənət Məktəbinin açılış mərasimində də iştirak edib. Məktəbin 32 sinif otağı və digər yardımçı otaqları var. Burada xalq çalğı alətləri, fortepiano və nəzəri fənlər, rəsm və rəqs şöbələri fəaliyyət göstərir, bir neçə ixtisas - tar, kamança, nağara, fortepiano, skripka, qarmon, klarnet, balaban, xanəndəlik üzrə dərslər keçilir.

 

Azərbaycan. - 2016.- 9 yanvar.- S.2.