Beşinci çağırış Milli Məclisə seçkilər haqqında kitab nəşr edilib

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi tərəfindən “Parlament seçkiləri-2015: mövqelər və rəylər” adlı kitab Azərbaycan və rus dillərində tərtib edilərək çap olunub.

AZƏRTAC xəbər verir ki, kitab Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin beşinci çağırış Milli Məclisin ilk iclasında söylədiyi nitq ilə başlayır.

Toplu iki fəsildən ibarətdir. “Seçkilərlə bağlı regionlar və ölkələr üzrə rəylər və şərhlər” adlı birinci fəsildə ötən il noyabrın 1-də ölkəmizdə keçirilmiş parlament seçkiləri haqqında beynəlxalq müşahidəçilərin fikirləri və şərhləri əksini tapıb. Avropa, Amerika, Asiya, Avstraliya və MDB ölkələrindən gəlmiş müşahidəçilərin, həmçinin müxtəlif beynəlxalq və regional təşkilatların mövqe və rəyləri oxuculara seçkiqabağı kampaniyanın gedişi, səsvermə və onun nəticələri ilə ətraflı tanış olmaq imkanı verir.

Nəşrin ikinci fəsli isə “Xarici kütləvi informasiya vasitələri 2015-ci il parlament seçkiləri haqqında” adlanır. Xarici ölkə KİV-lərində dərc olunmuş məqalələrin orijinal mənbələrə əsaslanaraq topluya daxil edilməsi müxtəlif ölkələrin ictimai-siyasi mərkəzlərinin Azərbaycanda keçirilmiş parlament seçkilərinə münasibətilə bağlı dolğun təsəvvür yaradır.

Kitabın tərtibçiləri Tahirə Allahyarova, Nazim MahmudovAqşin Məmmədovdur.

Xatırladaq ki, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, beşinci çağırış Milli Məclisə seçkiləri izləmək üçün ümumilikdə 57656 yerli müşahidəçi qeydiyyatdan keçmişdi. Müşahidə prosesinə 36 beynəlxalq təşkilat və 53 ölkəni təmsil edən 465 beynəlxalq müşahidəçi də qatılmışdı.

Seçkilərdə 125 yer uğrunda 767 namizəd mübarizə aparıb. Namizədliyi irəli sürülən şəxslər bitərəflərdən, 16 siyasi partiyabir seçki blokunun təmsilçilərindən ibarət olub.

 

AZƏRTAC

 

Azərbaycan.  - 2016.- 10 yanvar.- S.3.