Azərbaycanın tolerantlıq təcrübəsi dünyaya nümunədir

 

Dünya xalqları arasında milli-mənəvi dəyərləri ilə tanınan Azərbaycan xalqı yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə özünəməxsus yer tutur. Ümummilli lider Heydər Əliyevin “Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir” fikirləri Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycanın tolerant ölkə imicinin yüksək səviyyədə qorunmasına bələdçilik etməklə yanaşı, bu gerçəkliyi də ortaya qoyur ki, ölkəmizdə dilindən, irqindən asılı olmayaraq bütün vətəndaşlar eyni hüquqlara malikdirbu hüquqlar müvafiq qanunlar əsasında qorunur.

Ulu öndərin aforizmə çevrilmiş bu sözləri hər bir azərbaycanlı üçün əziz və müqəddəsdir. Heydər Əliyevin böyüklüyü həm də onda idi ki, müxtəlif dinlərə mənsub ölkə vətəndaşları arasında ayrı-seçkilik etmir, bütün səmavi dinlərin nümayəndələrinə eyni gözlə baxırdı. İstər məscid, istər kilsə, istərsə də sinaqoqların bərpasına və tikintisinə dəstək verirdi. Ümummilli lider Azərbaycanın ən başlıca sərvətlərini qeyd edərkən bu torpaqda yaşayan, öz taleyini, həyatını bu torpağa bağlayan müxtəlif dinlərə etiqad edənlər barədə deyirdi: “Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, udin də, qumıq da, başqası da - bütünlükdə hamısı azərbaycanlıdır. Azərbaycanlı sözü bizi həmişə birləşdirib”.

Bu birləşmədə bu gün Azərbaycan bütün dünyada həm Şərq dəyərlərinin, həm də Qərb düşüncə tərzinin inkişafını özündə ehtiva edən ölkə kimi tanınır. Bunun bariz nümunəsi ötən il ölkəmizdə keçirilən ilk Avropa Oyunları zamanı dünyaya bir daha bəlli oldu. Azərbaycanın tolerantlıq təcrübəsi digər ölkələrə nümunə göstərildi və öyrənilməsinin vacibliyi qeyd olundu. Bu, sözsüz ki, dövlətimizin uğurlu siyasətinin göstəricisidir.

Ölkə rəhbəri İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva ümummilli liderin zəngin dövlətçilik ənənələrini yüksək səviyyədə davam etdirirlər. Son illər Bakıda və paytaxtın ətraf qəsəbələrində aparılan abadlıq, tikinti-quruculuq və yenidənqurma işləri sırasında Bibiheybət, Təzəpir, İçərişəhər Cümə, digər məscid və ziyarətgahları, habelə yerli tarixi-memarlıq ənənələrini özündə ehtiva edən əzəmətli Heydər Əliyev məscidini görən hər bir azərbaycanlı qürur hissi keçirir. Yeni məscidlərin, ziyarətgahların, xristianiudaizm məbədlərinin tikintisi və bərpasında Heydər Əliyev Fondunun da əməyi çox olmuşdur.

Həqiqətən də bu gün Azərbaycanda hökm sürən tolerantlıq dünyanın bir çox dövlətləri üçün nümunədir. Bu nümunə həm də ona görə diqqəti cəlb edir ki, indi əksər Qərb ölkələrində islamofobiya, qatı millətçilik, irqi ayrı-seçkilik kimi mənfi tendensiyalar geniş yayılmağa başlayıb. Onu da qeyd edək ki, bir ölkədə yaşanan müsbət dəyərlərin dünyaya yayılması istiqamətində həmin dövlətdə təşkil olunan müxtəlif beynəlxalq tədbirlərin də xüsusi əhəmiyyəti olur. Bu mənada ötən il ölkəmizdə yüksək səviyyədə keçirilmiş ilk Avropa Oyunlarına tamaşa etmək üçün yaxın və uzaq xarici ölkələrdən Bakıya dinindən və irqindən asılı olmayaraq minlərlə insan gəldi. Avropa Oyunlarının iştirakçısı olmuş 6 min idmançı, 2 minə yaxın jurnalist də yarışların keçirildiyi müddətdə Azərbaycanın həyatı və burada mövcud olan reallıqlarla, yüksək səviyyədə inkişaf etmiş tolerant mühitlə, habelə müxtəlif sivilizasiyalara, mədəniyyətlərə mənsub insanların dinc yanaşı yaşamasının şahidi oldular. Gördülər ki, Azərbaycan tolerantlıq sahəsində dünyaya örnək olan ölkədir. Vətənlərinə qayıdandan sonra Azərbaycanda gördükləri haqqında məqalələr yazdılar, ölkəmiz barədə xoş təəssüratlarını bölüşdülər. Avropada bir daha gördülər ki, Azərbaycan əhalisi kifayət qədər modernləşmiş, Qərbləşmiş əhalidir. Onlar Avropanın bir daha Azərbaycanda mövcud olan yüksək tolerantlıq dəyərlərinin Qərbdə yayılmasına və ölkəmizin imicinin daha da artmasına stimul verdilər. Bu isə Qərbdəki islamofobiyanın, qatı millətçilik meyillərinin arxa plana keçməsində mühüm rol oynadı. Bəzi Qərb dairələrində müsəlman deyəndə sanki qarşısında bir terrorçu obrazı canlanır. Bəlkə də bu, Şərqdəki müəyyən radikal dairələrin törətdiyi əməllərdən irəli gəlir. Amma Azərbaycanda olan qərblilər gördülər ki, müsəlmanlar heç də onların düşündüyü kimi deyil. Əksinə, Azərbaycan bəşər sivilizasiyasının yaratdığı ən gözəl dəyərləri özündə cəmləşdirən sivil, tolerant bir dövlətdir.

Prezident İlham Əliyev III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimindəki çıxışında bu məsələlərə toxunaraq demişdir: Biz AvropaAsiya arasında yerləşirik. Əlbəttə ki, bu coğrafi yerləşmə Azərbaycanın mədəni müxtəlifliyində öz rolunu oynamışdır. Əsrlər boyu bütün mədəniyyətlər, dinlər və etnik qrupların nümayəndələri Azərbaycanda sulh və ləyaqət şəraitində bir ailə kimi yaşamışlar. Biz fəxr edirik ki, bu müsbət meyillər müstəqillik illərində daha da güclənmişdir”.

Azərbaycan dünyada yeganə ölkədir ki, burada sinaqoq, məscid, pravoslav, katolik, baptist kilsələri, İslam dininin müxtəlif təriqətlərinə aid məbədlər fəaliyyət göstərir. Ölkəmizdə heç zaman etnik baxışlarına, dininə və dilinə görə insanlar sıxışdırılmayıb və sıxışdırılmır. Bu mənada tolerantlığın inkişafına, qorunmasına, ən başlıcası, bu sahəyə qayğı göstərilməsinə dövlət səviyyəsində böyük diqqət yetirilir. Bütün bunlar xalqa olan ehtiramın, onun milli mənəviyyatına bəslənən sevginin və yüzillər boyu formalaşan tolerantlıq ənənələrinə hörmətin təzahürüdür.

 

Rəhman SALMANLI,

 

Azərbaycan. - 2016.- 13 yanvar.- S.5.