50 il bir gün

 

1990-cı ildə Bakının Səməd Vurğun Akademik Həsən Əliyev küçələrinin kəsişdiyi yerdə yaşayırdım. Bu ərazi ilə Təcili Yardım Xəstəxanası arasında, necə deyərlər, bir addımlıq yol var. Odur ki, o müdhiş 20 Yanvar gecəsində burada təcili yardım maşınlarının vahiməli vıyıltısından insanın bağrı yarılırdı.

Ertəsi gün səhər tezdən eşitdik ki, qonşu həyətdəki mənzillərdən birində yaşayan Muxtar kişi gecə yarı evdən çıxıb xəstəxanaya tərəf üz tutub. Sonra məlum oldu ki, qonşumTəcili yardım”la gətirilən yaralıların xəstəxanaya daşınmasına kömək edirmiş. Evinə üst-başı onların al qanına boyanmış halda gəlib.

Muxtar kişi (təəssüf ki, soyadını unutmuşam) Bakıya cəmi iki-üç il idi köçmüşdü. Daha doğrusu, könüllü köçməmişdi, mənfur düşmənlərimiz onu Ermənistanın dağlıq bölgələrinin birindən, öz ata-baba yurdundan, əlinin qabarı, alnının təri ilə tikib-qurduğu yuvadan didərgin salmışdılar. Böyük ailəsi ilə birlikdə Bakıda məskunlaşmışdı.

Bacarıqlı, nikbin insan idi. Yük maşını sürür, ailəsini halal zəhməti ilə yaxşı dolandırırdı. Eşitdiyimə görə, əvvəllər sürücü işləmiş, hətta keçmiş sovet məkanında respublikalararası yükdaşımalar sahəsində çalışmışdı.

Yaşı 50-dən azca çox  olardı. Uca qaməti, şux yerişi vardı. Dağlıq ərazilərin əksər sakinləri kimi çox sağlam görünürdü, necə deyərlər, yanaqlarından qan damırdı. Amma 20 Yanvardan sonra kişinin elə bil rəngi solmuşdu.

Artıq 1990-ın yazı idi. Bir gün işdən qayıdanda Muxtar kişi ilə həyət darvazasının ağzında rastlaşdıq. Az qala qonşumu tanımadım. Beli bükülmüş, rəngi avazımış, səsi tutulmuşdu. Üç ayda kişi elə bil 30 il qocalmışdı.

- Olmasın azar, Muxtar əmi... Necəsiniz? - deyə halını xəbər aldım.

Qonşum sakitcə həyətin girəcəyindəki skamyaya çökdü sonra asta səslə acı bir hekayət danışdı:

- atamı xatırlayıram, anam yadıma gəlir. 1941-də birini müharibə apardı, o birini isə xəstəlik. Yetimxanada böyüməli oldum. Amma xoşbəxtlikdən hansısa xeyirxah bir insan məni Ermənistanda deyil, Azərbaycanın yaşadığım bölgəyə yaxın kəndlərindən birində yerləşən uşaq evinə vermişdi. Orada çox isti münasibət gördüm. Ağır illər idi. Müharibə qurtarandan sonra da çətinliklər az deyildi. Yeməyimizin, geyimimizin biri çatırdı, biri çatmırdı. Amma böyüklərin bizə göstərdiyi doğmalıq, aramızdakı mehribanlıq bizi yaşatdı. Mənim musiqiyə çox həvəsim vardı. Yadımdadır ki, uşaq evinin müdiri haradansa mənə köhnə bir tar da tapıb gətirmişdi. Çalıb-oxuyur, rəqs edirdik. Beləcə böyüdük...

Sonralar öz ata-baba yurduna qayıtmaq istəyi gənc Muxtarı rahat buraxmır. Doğma kəndinə qayıdır. Sürücülük peşəsinə yiyələnir, evlənir, dişlə-dırnaqla ev-eşik düzəldir. Həmin topdağıtmaz ev-eşiyi ki, mənfur ermənilər oradan onu bir çətən külfəti ilə birlikdə didərgin salmışdılar.

...Muxtar kişi danışdıqca gözlərində yaş gilələnirdi. İnanmaq çətin idi ki, həyatda bu qədər çətinliklərə sinə gərmiş insan belə kövrələ bilər. O isə qəhərlə, boğula-boğula söhbətinə yekun vurdu:

- Bələkdə ikən ata-anadan məhrum oldum, sınmadım. Yağı xanimanımı əlimdən alıb məni didərgin saldı, sınmadım. Amma o qaranlıq Yanvar gecəsində gördüklərim məni yaman sarsıtdı...

İki-üç gün bundan sonra səhər-səhər işə gedəndə Muxtargilin həyətinin qarşısında üstünə qara atlas parça örtülmüş mafə gördüm. Qonşum gecə keçinibmiş.

*  *  *

20 Yanvardan torpağın köksündə neçə-neçə şəhid qəbri qalıb. Şəhidlər xiyabanı, küçədə, yolda, xeyirdə-şərdə hər gün rastlaşdığımız bəzən əlsiz, bəzən ayaqsız 20 Yanvar əlilləri qəlbimizi göynədir. 20 Yanvar bizə gözlə görünən ürəklərdə gizli sızıldayan çox yaralar vurdu. Amma o günlərdə bir çox milli dəyərlərimiz, mənəvi gücümüz aydın, dolğun şəkildə özünü göstərdi. Biz bunu Muxtar kişi kimi insanlarımızın timsalında gördük.

 

Flora SADIQLI,

 

Azərbaycan. - 2016.- 13 yanvar.- S.6.