Çarlz Kapçan: ABŞ Azərbaycan ilə əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verir

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Çarlz Kapçan ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Elmar Məmmədyarov müstəqilliyinin ilk illərindən Azərbaycan ilə ABŞ arasında enerji təhlükəsizliyi, terrorçuluğa qarşı mübarizə və digər sahələrdə tərəfdaşlıq münasibətlərinin formalaşdığını bildirib.

Ölkəmizə ilk dəfə səfər etdiyini deyən Çarlz Kapçan ABŞ-ın Azərbaycan ilə əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verdiyini qeyd edib.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar və müzakirə mövzusu olan təkliflər barədə məlumat verib. O, problemin həlli, regionda davamlı sülhsabitliyin bərqərar olması üçün Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmasının vacibliyini diqqətə çatdırıb.

Görüşdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri, regionalqlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

AZƏRTAC

 

Azərbaycan. - 2016.- 14 yanvar.- S.4.