Üzeyir Hacıbəyli və Mirzə Vəli İsmayılovun xatirələrdə yaşayan dostluğu

 

Dövrünün görkəmli ziyalılarından olan Mirzə Vəli İsmayılovun həyat və fəaliyyəti, dahi bəstəkar Üzeyir Hacıbəyli ilə dostluq əlaqələri tədqiqatçılar tərəfindən geniş araşdırılmasa da, Qarabağın yaşlı sakinlərinin yaddaşında bununla bağlı bir sıra xatirələr yaşayır.

AZƏRTAC-ın müxbiri Ağcabədi rayonunun Rəncbərlər kəndində yaşayan İsmayılovlar ailəsi ilə görüşərək, Mirzə Vəli, həmçinin onun Üzeyir bəylə dostluğu barədə maraqlı məlumatlar əldə edib.

Mirzə Vəli İsmayılovun qardaşı nəvəsi Aqil İsmayılov bildirib ki, bu dostluğun maraqlı tarixçəsi var. Üzeyir bəyin atası Əbdülhüseyn kişinin Rəncbərlər kənd sakinləri ilə qohumluğu Mirzə Vəlinin 5 yaşında ikən 1890-cı ildə Üzeyirlə birlikdə Şuşa Realnı məktəbinə getməsinə səbəb olub. Bu məktəbi bitirən dostlar 1900-cü ildə Zaqafqaziya Müəllimlər Seminariyasına daxil olmaq üçün Qoriyə yollanıblar. Üzeyir bəy seminariyaya həmin il, Mirzə Vəli isə iki il sonra qəbul olunub. 1907-ci ildə seminariyanı bitirən Mirzə Vəli təyinatla Qubada ikisinifli rus-tatar məktəbinə rus dili müəllimi, 3 ildən sonra isə Bakıda realnı məktəbə müəllim təyin edilib, eyni zamanda, “Kaspi” qəzeti ilə əməkdaşlıq edib. Mirzə Vəli həmçinin Hacı Zeynalabdin Tağıyevin neft kontorunda rus dili üzrə məktublar şöbəsində mirzə işləyib. 1918-ci ilədək Bakıda yaşayıb işləyən Mirzə Vəli sonradan Qarabağa qayıdıb, ŞuşaAğdam İnqilab komitələrində çalışıb, ömrünün sonunadək müəllimlik edib. 1960-cı ildə, 75 yaşında doğma kəndi Rəncbərlərdə dünyasını dəyişib.

Aqil İsmayılov deyib ki, Üzeyir Hacıbəyli ilə Mirzə Vəli arasında möhkəm dostluq əlaqələri olub. Üzeyir bəy saatını və eynəyini Mirzə Vəliyə hədiyyə edib, onun oğlu Ənvərə tar göndərib. Ü.Hacıbəylinin yadigarı olan bu saat, eynək və tar ailə tərəfindən ən əziz xatirə kimi bugünədək qorunub saxlanılır.

İsmayılovlar nəslinin digər nümayəndəsi - 90 yaşlı Ağca İsmayılova bildirib ki, Üzeyir bəy Mirzə Vəli ilə əlaqəni heç vaxt kəsməyib: “Onlar  həmişə bir-birinin evinə gedib-gəliblər. Üzeyir bəyin Mirzə Vəlinin oğlu Ənvər üçün göndərdiyi tarı ən dəyərli xatirə kimi saxlayırıq”.

Dahi bəstəkarın göndərdiyi tar ailədə musiqiyə maraq oyadıb. Təsadüfi deyil ki, Ağca xanımın oğlanları Hafiz və Rəsul İsmayılovlar musiqi sənətini özlərinə peşə seçərək, tar ixtisası üzrə müəllim işləyirlər.

 

Azərbaycan. - 2016.- 14 yanvar.- S.8.