Hökumətin antiböhran tədbirləri ilkin nəticələr verir

 

Bütün çətinliklərə, beynəlxalq iqtisadi böhranlara, siyasi-hərbi böhranlara baxmayaraq, Azərbaycan inamla irəliyə gedəcək. Azərbaycanda sabitlik təmin edilir, ictimai-siyasi vəziyyət müsbətdir. Azərbaycanda xalqla iqtidar arasında birlik möhkəmlənir və bu amillər bizim uğurlu inkişafımızı şərtləndirir.

İlham ƏLİYEV

 

Fəaliyyətini daim ictimai inam və etimadı doğrultmaq məramı üzərində quran, hakimiyyətin mütəmadi olaraq gördüyü işlərlə bağlı xalqa hesabat verməsini idarəçilikdə mütərəqqi ənənə kimi formalaşdıran Prezident İlham Əliyev respublikamızın iqtisadi, siyasi müstəqilliyini daha da möhkəmləndirib.

Dünyada maliyyə-iqtisadi böhran xüsusilə Avrasiya məkanında daha ciddi formalar alıb. İstər Avropada, istərsə də Asiyada iqtisadi tənəzzül müşahidə olunur. Lakin iqtisadi böhrana, siyasisosial kataklizmlərə baxmayaraq, Azərbaycanda makroiqtisadi sabitlik təmin olunub. Maliyyə resurslarının səmərəli realizəsi hökumətin qarşısında duran vəzifələri həyata keçirməyə, iqtisadiyyatın inkişafı üçün zəruri maliyyə əsaslarının formalaşdırılmasına əlverişli imkanlar yaradıb. Bu baxımdan yola saldığımız 2015-ci il ölkə iqtisadiyyatının inkişafı üçün uğurlu olub və əminliklə demək olar ki, növbəti ildə də makroiqtisadi sabitlik təmin ediləcəkdir. Ümumi daxili məhsul 1 faizdən çox, sənaye istehsalı 2,4 faiz, qeyri-neft sənayesi isə 8,4 faiz artıb.

2015-ci il qlobal maliyyə-iqtisadi qurumlarının proqnozlarına rəğmən dünya iqtisadiyyatının inkişaf templərinin artımı ilə deyil, gözlənilməz azalması ilə səciyyələnib. Dünya Bankı və Beynəlxalq Valyuta Fondu 2015-ci ilin qlobal iqtisadi artım tempi üzrə 3,8 faiz artım proqnozunu azaldaraq hazırda 2,4 faiz təşkil edəcəyini bəyan ediblər ki, bu da 2014-cü illə müqayisədə 1 faiz azalma deməkdir. 2008-ci ildə başlamış və daha çox inkişaf etmiş ölkələrin iqtisadi və maliyyə-bank sistemlərini sarsıtmış qlobal maliyyə-iqtisadi böhranın mənfi fəsadlarının beynəlxalq miqyasda əlaqələndirilmiş səylərə baxmayaraq tam aradan qaldırılmasına nail olunmayıb.

 

Azərbaycanda makroiqtisadi sabitlik təmin olunub

 

Qlobal iqtisadiyyatda cərəyan edən proseslərin yaratdığı yeni çağırışlara, Azərbaycanın yerləşdiyi regionda geosiyasi gərginliyin artmasına baxmayaraq, 2015-ci ildə ölkə iqtisadiyyatının artımı, büdcə-fiskal dayanıqlılığı təmin edilib. Ümumi daxili məhsulun 1,1 faiz artım səviyyəsi əvvəlki illərdəki artımla müqayisədə az olsa da, mürəkkəb xarici iqtisadi mühit, ölkəmizin makroiqtisadi sabitliyinə artan təzyiqlər və olduqca əhəmiyyətli dərəcədə azalan xarici valyuta gəlirləri şəraitində əldə edilib. Qlobal kredit reytinq agentlikləri Azərbaycanda gedən iqtisadi prosesləri yaxından izləyir. Sevindirici haldır ki, agentliklərin üçü də - “Standard & Poor's.”, “Moody's” və “Fitch” ölkəmizin uzunmüddətli yerlixarici valyutada reytinqlərini investisiya səviyyəsində saxlayıblar.

Dünyada neftin qiymətinin kəskin aşağı düşməsi müəyyən çətinliklər yaratsa da, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən islahatlar ölkəmizin dayanıqlı inkişafını təmin edərək, real büdcə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə imkan vermişdir. Bu da respublikada iqtisadi sahədə həyata keçirilən siyasətin kifayət qədər praqmatik olduğunu və reallıqlara əsaslandığını, detallarına qədər uzaqgörənliklə düşünüldüyünü bir daha təsdiq edir. Ötən ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası transmilli enerjikommunikasiya layihələrinin əsas təminatçılarından birinə çevrilən, demokratikləşmə yolunda atdığı ardıcıl addımlarla Cənubi Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınan respublikamızın dayanıqlı inkişaf etdiyini göstərdi. Bir çox dünya ölkələrində qlobal maliyyə-iqtisadi böhranın ciddi təsirlərinin müşahidə olunduğu bir şəraitdə Azərbaycanda xalqın rifahının yüksəldilməsinə yönəlmiş sosial-iqtisadi siyasət ötən ildə də öz müsbət nəticələrini verib. 2015-ci ildə dövlət büdcəsi ilə maliyyələşdirilməsi nəzərdə tutulan bütün sosial öhdəliklər, əsas dövlət proqramları və prioritet kəsb edən layihələr tam həcmdə maliyyələşdirilib.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib: “2015-ci ildə Azərbaycan iqtisadiyyatı inkişaf etmişdir. Bu da çox müsbət haldır. Əlbəttə ki, əvvəlki illərdə olan inkişaf əldə edilməmişdir. Bu da mümkün deyildi. Çünki qeyd etdiyim kimi, neftin qiyməti 3-4 dəfə aşağı düşmüşdür. Manatın məzənnəsi devalvasiyaya uğramışdır. Bu da qaçılmaz idi. Çünki neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi imkan vermirdi ki, manatın məzənnəsi əvvəlki səviyyədə qalsın. Eyni zamanda, bizim qonşu ölkələrdə də milli valyutalar 100 faiz, bəzi hallarda ondan da çox dərəcədə devalvasiyaya uğramışdır.

Belə olan halda Azərbaycanda istehsal olunan məhsullar öz rəqabət qabiliyyətliliyini itirirdi, bizim istehsalçılara çox böyük təzyiq göstərilirdi. Sadəcə olaraq, manatı əvvəlki səviyyədə saxlamaq qeyri-mümkün idi. Yəni, bu, qaçılmaz bir addım idi. Bunun səbəbi Azərbaycandan kənarda yaranmışdır. Neftin qiymətinin kəskin şəkildə aşağı düşməsini mən şəxsən iqtisadi amillərlə, sırf iqtisadi amillərlə bağlaya bilmərəm. Çünki dünya iqtisadiyyatı o qədər tənəzzülə uğramayıb ki, neftin qiyməti 3-4 dəfə aşağı düşsün. Mənim fikrimcə, burada ilk növbədə siyasi amillər öz rolunu oynayıbdır. Kimsə kiminləsə mübarizə aparır, biz isə bundan əziyyət çəkirik. Ona görə bu da əlbəttə ki, bizim iqtisadi vəziyyətimizə mənfi təsir göstərmişdir. Ancaq biz çalışacağıq ki, bu məzənnənin dəyişməsi ilə bağlı mənfi fəsadların aşağı salınması üçün daha da fəal görək”.

Bu gün Azərbaycanın dayanıqlı və sabit inkişafı üçün proqressiv proqramkonsepsiyalar həyata keçirilir. Cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq hökumətin fəaliyyəti ilə bağlı müntəzəm hesabat verməsi cəmiyyətdə şəffaflığın və sosial ədalət normalarının qorunmasını təmin edir, dövlət məmurlarının xalqprezident qarşısında məsuliyyətini artırır, onları qarşıya qoyulmuş vəzifələrin uğurla həyata keçirilməsi üçün daha səylə çalışmağa sövq edir. İqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznesinvestisiya mühitinin formalaşdırılması və digər sahələrdə əhəmiyyətli irəliləyişlərə nail olmaq üçün qarşıdakı ildə də mühüm tədbirlərin həyata keçiriləcəyi nəzərdə tutulub.

Ölkə iqtisadiyyatında mühüm maliyyə təminatı rolunu oynayan dövlət və icmal büdcələrdə risklərin qarşısının alınması, onların potensial gəlirlərinin neft konyunkturasından asılılığının azaldılması, qeyri-neft sektorundan daxilolmaların artırılması istiqamətində səmərəli tədbirlərin görülməsi 2016-cı ildə də qarşıda duran başlıca vəzifələrdəndir. Dövlət başçısının müəyyənləşdirdiyi prioritet istiqamətlərə adekvat olaraq iqtisadi diversifikasiyaqeyri-neft sektorunun dövlət büdcəsindəki payının artırılması əsas hədəflərdəndir. Xatırladaq ki, 2016-cı ilin dövlət büdcəsinin tərtibi zamanı dünyada gedən iqtisadi proseslərin ölkə iqtisadiyyatına mümkün təsirləri də nəzərə alınmış, xüsusən də neftin qiymətlərinin azalması nəzərə alınıb.

 

Milli inkişaf modeli sosialyönümlü səciyyə daşıyır

 

Sosial-iqtisadi hüquqların müdafiəsi sahəsində dövlətin əsas vəzifəsi mütərəqqi iqtisadisosial islahatları həyata keçirmək, iqtisadi inkişaf prosesində hər bir vətəndaşın iştirakını təmin etmək, mövcud potensialdan hər bir fərdin bacarıq və qabiliyyətinə görə ədalətli şəkildə yararlanmasına şərait yaratmaqdır. Respublikamızın iqtisadi siyasətinin sosialyönümlü səciyyə daşıması bir tərəfdən insan amilinə, insan hüquqları sisteminə yüksək həssaslıq nümunəsidirsə, digər tərəfdən bazar iqtisadiyyatı yolu ilə inkişaf etmiş bir sıra qabaqcıl dünya dövlətlərinin təcrübəsinə əsaslanır. Qlobal maliyyə böhranı şəratində ümumi daxili məhsulda, eləcə də qeyri-neft sektorunda irəliləyişə nail olunması respublikanın iqtisadi siyasətinin qlobal miqyasda cərəyan edən neqativ təsirlərə müqavimət gücünü nümayiş etdirir. Bir çox dövlətlərdən fərqli olaraq ölkəmizdə böyük infrastruktur layihələrinin icrası davam etdirilir, vətəndaşların sosial mənafeyinə xidmət edən kompleks tədbirlər sistemi həyata keçirilir, bütün bunların da əsasında məhz insan amili, vətəndaşa layiqli xidmət məramı dayanır. Yeni neft strategiyasının davam etdirilməsi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz, Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin reallaşdırılması, Azərbaycanı regionda lokomotiv dövlətə çevirən enerji layihələrinin həyata keçirilməsi, iqtisadiyyatın liberallaşdırılması, xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin, sənaye potensialının formalaşdırılması kimi vacib məqamlar cənab İlham Əliyevin iqtisadi siyasətinin prioritet istiqamətləri sırasında xüsusi vurğulanmalıdır.

Paytaxtda və bölgələrdə körpülərin, yol ötürücülərinin, piyada keçidlərinin istifadəyə verilməsi, respublika əhəmiyyətli yollarda əsaslı yenidənqurma işlərinin aparılması, regionlarda yeni təhsil, səhiyyə, mədəniyyət, olimpiya-idman komplekslərinin tikintisi görülən məqsədyönlü tədbirlərdəndir. Bütün bunlar məhz Azərbaycan vətəndaşlarının firavan, rahat yaşamasına xidmət edən qlobal investisiya layihələridir. Sosial sahəyə diqqətin ildən-ilə artırılması ölkə vətəndaşlarının rifah halının yüksəlməsi ilə nəticələnir. Son illərdə ölkəmizdə əhalinin etibarlı sosial müdafiəsinin, habelə vətəndaşların yüksək rifah halının təmini istiqamətində həyata keçirilən ardıcıl tədbirlər respublikamızın milli inkişaf modelinin sosialyönümlü səciyyə daşıdığını tam təsdiqləmişdir. Qeyri-neft sektorunun və sahibkarlığın inkişafı, yeni müəssisələrin işə salınması məqsədilə reallaşdırılan islahatlar yoxsulluğun səviyyəsinin azaldılmasına, əmək qabiliyyətli əhalinin iqtisadi fəallığının yüksəlməsinə, eləcə də ölkənin məşğulluq strategiyasının səmərəliliyinə imkan vermişdir. Sosial məsələlər əvvəlki illərdə olduğu kimi, daim diqqətdə saxlanılacaq.

 

Sosial məsələlər əvvəlki illərdə olduğu kimi, bu il də diqqətdə saxlanılacaq

 

Prezident İlham Əliyev 2016-cı ildə də bütün sosial proqramların icra ediləcəyini bildirib: “Keçən il bütün sosial proqramlar icra edilmişdir. Heç bir ixtisar olmamışdır. İnsanlara daha da böyük məbləğdə ünvanlı dövlət sosial yardımı verilmişdir. Bu sahədə də islahatlar aparılıb və bu yardımı alan insanların sayı azalıb. Bunun hesabına həqiqətən, bu yardıma möhtac olan ailələrə daha da böyük məbləğdə yardım verilir. Bu gün 112 min ailə, təqribən 500 minə yaxın insan hər ay dövlətdən orta hesabla 152 manat yardım alır və il ərzində verilən bu məbləğ 7 faiz artmışdır. Sosial infrastruktur layihələri icra edilmişdir. Baxmayaraq ki, bizim gəlirlərimiz azalıb, ancaq bu sahəyə biz vəsaiti təşkil edə bilmişik. Altmışa yaxın tibb müəssisəsi tikilib-təmir edilib, 20-dən çox məktəb təmir edilib-tikilib və hazırda 23 məktəbdə təmir işləri aparılır. Uşaq bağçalarının tikintisi davam edir. Yəni, sosial infrastruktur layihələri Dövlət İnvestisiya Proqramında nəzərdə tutulmuşduronlar icra edildi, bu ilicra edilməlidir”.

Hökumətin müxtəlif kateqoriyaları əhatə edən vətəndaşların sosial ehtiyaclarının dolğun şəkildə ödənilməsinə xidmət edən iqtisadi siyasəti ümumən insan amilinin inkişafına təkan verir. Respublikanın dövlət büdcəsinin strukturuna əsasən, obyektiv səbəblərdən çalışmaq və zəhmətdən gəlir əldə etmək imkanından məhrum olmuş vətəndaşların problemləri xüsusi diqqət mərkəzində saxlanılır. Hökumət azad iqtisadi münasibətlərə, azad rəqabətə, özəl mülkiyyətçiliyə və sahibkarlığın inkişafına zəruri kömək göstərməklə yanaşı, cəmiyyətdə himayəyə, dəstəyə ehtiyacı olan təbəqəni də nəzərdən qaçırmır.

Son illər respublikada sosialyönümlü siyasətin bütün mahiyyəti üzrə gerçəkləşdirilməsinə imkan verən, bu sahədəki ənənəvi yanaşma və metodları daha da təkmilləşdirən mükəmməl qanunvericilik sisteminin yaradılması, mühüm fərman və sərəncamların imzalanması, habelə bu sahədə mövcud beynəlxalq konvensiyaların ratifikasiyası da mühüm əhəmiyyətə malikdir. Hazırda respublikada həyata keçirilən sosial siyasətin əsas prioritetlərindən biribu sahədə inkişaf indekslərinin Avropa Sosial Xartiyasının tələblərinə uyğunlaşdırılması, sosial hüquqların etibarlı müdafiəsi mexanizminin formalaşdırılmasıdır. Bu meyarlar dövlət başçısının sərəncamı ilə təsdiq olunmuş “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nda da öz əksini tapmışdır. Sənəddə qarşıdakı illərdə sosial müdafiə tədbirlərinin əhatəsinin genişləndirilməsi, aztəminatlı ailələrin maddi imkanlarının yaxşılaşmasına yönəlmiş sosial layihələrin davam etdirilməsi, sosial sistemin təkmilləşdirilməsi məqsədi ilə islahatların həyata keçirilməsi, sosial təminat və pensiya sisteminin daim yenilənən müasir tələblərə uyğunlaşdırılması ilə bağlı prioritetlər müəyyənləşdirilmişdir.

Azərbaycanda qlobal böhrandan irəli gələn çətinliklərə baxmayaraq makroiqtisadi sabitlik tam təmin edilib. Dünya bazarında neftin qiymətlərinin büdcədə nəzərdə tutulmuş həddən aşağı düşməsinə baxmayaraq sosial layihələr həyata keçirilməkdədir. Bütün bunlar isə ölkədə həyata keçirilən çoxşaxəli dövlət siyasətinin əsasında insan və şəxsiyyət amilinin dayandığını bir daha təsdiqləyir.

 

Elnur HACALIYEV,

 

Azərbaycan. - 2016.- 15 yanvar.- S.1, 4.