Şah Təhmasib Səfəvi” mövzusunda konfrans keçirilib

 

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu və 20 Yanvar şəhidi Eldar Məmmədov adına 21 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi çərçivəsində “Şah Təhmasib Səfəvi” mövzusunda konfrans keçirilib.

Məktəbdə keçirilən konfransda layihənin rəhbəri, Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov geniş çıxışında dövlətçilik tariximizdən, tarixi şəxsiyyətlərimizdən, tarixdə mövcud olmuş imperiyalarımızdan söz açdı. O bildirdi ki, Azərbaycanın 5 min illik dövlətçilik tarixi var: “Azərbaycan xalqının tarixi şəxsiyyətləri və imperiyaları olmadan dünya tarixini təsəvvür etsək, tarix çox kasıb görünər. Xalqımız Orta əsrlərin böyük dövlətlərini - Ağqoyunlu, Səfəvilər, Əfşarlar, Qacarlar imperiyalarını yaratmışdır”.

Tarixçi-alim Y.Mahmudov Səfəvi hökmdarı Şah Təhmasib (1524-1576) haqqında konfrans iştirakçılarına ətraflı məlumat verdi. O, qeyd etdi ki, Şah Təhmasib 235 illik Səfəvi imperiyasının yaradıcısı Şah İsmayıl Səfəvinin oğludur. Şah İsmayıl, Şah Təhmasib, Şah Abbas və digər Səfəvi hökmdarlarının həyata keçirdikləri uğurlu daxilixarici siyasət nəticəsində Səfəvi dövləti Yaxın və Orta Şərqin ən qüdrətli imperiyalarından birinə çevrildi.

Konfransda çıxış edən digər tarixçi-alimlər maraqlı faktlara toxunaraq qeyd ediblər ki, Şah Təhmasib Səfəvi-Osmanlı müharibələrində sülhə nail olubo, Avropa elçilərinin Osmanlı dövlətinə qarşı birləşərək müharibə etmək haqqında diplomatik təkliflərini rədd edib.

Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi çərçivəsində konfranslar 2015-ci ilin aprelindən keçirilir. Ötən müddət ərzində müxtəlif orta məktəblərdə layihə çərçivəsində ulu öndər Heydər Əliyev, Şah İsmayıl Səfəvi, Ağa Məhəmməd şah QacarNadir şah Əfşara həsr olunmuş konfranslar keçirilib.

 

Azərbaycan. - 2016.- 15 yanvar.- S.7.