Faciələrimizin ibrət dərsləri ekran əsərlərində

 

Azərbaycanın istiqlal tarixi çox faciələr görüb. Lakin qanlı 20 Yanvar hadisələri insanlığa qarşı törədilmiş ən ağır, ən dəhşətli cinayətlərdən biri kimi bəşər tarixində əbədi olaraq qalacaqdır. Bu, keçmiş sovet hərb maşınının böyük bir millətə tuşlanmış vəhşi terror aktı idi. Həmin qanlı tarixi unutdurmaq üçün nə qədər təşəbbüslər oldu: qəzetlər çapa buraxılmadı, dövlət televiziyasının enerji bloku sıradan çıxarıldı, ölkənin bütün kütləvi informasiya vasitələri iflic vəziyyətində saxlanıldı. Hətta 20 Yanvar faciəsi zamanı baş vermiş hadisələr şüurlu şəkildə təhrif edilərək yanlış yozuma və unutqanlığa məhkum olunurdu. Lakin xəyanətkarlar anlamırdılar ki, Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiqliyini, vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara dözmək, hətta şəhid vermək qüdrətini bütün dünyaya göstərmək əzmindədir.

1994-cü ildə qanlı faciəni lazımınca qiymətləndirmək üçün ilk ciddi addımlar atıldı. Ümummilli lider Heydər Əliyevin 5 yanvar 1994-cü il tarixli fərmanı ilə Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi, hüquqi qiymət verilməsi tövsiyə olundu. Dövlət səviyyəsində layihələr hazırlandı. Yalnız bundan sonra mətbuatımız da diqqətlə üzünü qanlı Yanvar hadisələrinin tarixçəsinə yönəltdi. Bütün iştirakçıların, şahidlərin ifadələri toplandı, hadisənin bütün təfərrüatı dəqiqliyi ilə sənədləşdirildi.

Milli Məclis həmin məsələyə xüsusi sessiya həsr edərək bir neçə gün davam edən iclaslarında yanvar hadisələrinin əsl səbəblərini açıqladı, həqiqi günahkarlar aşkarlandı. Bu, xalqımızın, dövlətimizin milli tariximiz qarşısında müqəddəs borcu idi. Azərbaycan Yanvar faciəsinin milli azadlıq mübarizələrini tariximizin fonunda yenidən gördü və qiymətləndirdi.

Ötən illər ərzində 20 Yanvar mövzusu hamını düşündürdü, xüsusilə yaradıcı insanları. Filmlər çəkildi, musiqi əsərləri yazıldı, təsviri sənət və memarlıq nümunələri yaradıldı. Görkəmli kinorejissor Vaqif MustafayevinTale” və “Bir həsədin tarixi” filmlərində ulu öndər Heydər Əliyevin Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək hadisələrə münasibətini bildirməsi sənədli ekranın dili ilə ustalıqla əks etdirildi. Xalqın taleyinintarixi yaddaşının əks-sədası idi bu çəkilişlər.

O məşum gecədə kinematoqrafçılarımız həyatlarını ölüm təhlükəsi qarşısında qoyaraq tariximiz üçün çox qiymətli olan xronika yarada bildilər. Həmin kadrlar bu gün neçə-neçə sənədli və bədii filmlərimiz üçün zəngin material oldu. Təbii ki, o anları həyəcansız xatırlamaq mümkün deyil. Çünki atəş Azərbaycan xalqına açılmışdı. Bütün təzyiqlərə, amansızlıqlara isə xalq öz birliyi, həmrəyliyi ilə cavab vermişdi.

Həmin təlatümlü günlərdə mərkəzdən gələn yanlış, çox zaman ziddiyyətli, reallıqları nəzərə almayan təlimatları kor-koranə icra etmək bütün millət üçün faciəli nəticələr verdi. Xalq kimliyindən asılı olmayaraq təslimçilik siyasətinin əleyhinə durdu. Qanlı yanvarda milli şüurumuz bu həqiqəti ağır qurbanlar hesabına belə təsdiqlədi. Amansız qatillərin əli ilə yüzlərlə vətəndaşımızın həyatı qırıldı, nə qədər insan həlak oldu. Azadlıq hərəkatına toplaşmış “lider”lər də hadisələr ərəfəsində doğru mövqe tuta bilmədilər. Həmişəki kimi, şəxsi iddialar və niyyətlər başıpozuqluğa yol açdı. Bir sıra məsuliyyətsiz şüarlar, hakimiyyət oyunları, sadəlövhcəsinə kimisə dövlət rəhbərliyinə gətirmək planları xalqın hərəkatını zəiflətdi, onun doğru istiqamətdə idarə olunmasına imkan vermədi. Faciə ərəfəsində xalqda informasiya boşluğu da var idi. Nəticədə ən çətin məqamlarda milli birliyə çağıran hərəkat, demək olar ki, istiqamətsiz qaldı, “lider”lər müxtəlif dəstələrə bölünüb həmrəyliyə gedən yolun istiqamətini, vəhdətini pozdu. Xalqımızı qorxutmaq, onun azadlıq əzmini qırmaq istəyən imperiya qüvvələri bu məkrli niyyətlərinə də nail ola bilmədilər. Qanlı Yanvar faciəsi sovet imperiyasının aqressiv siyasətinin iflasa uğramasında xüsusi bir mərhələ oldu, M.Qorbaçovun apardığı çoxüzlü siyasəti ifşa etdi və dünyanın gözündən saldı. Artıq bir çox respublikalar kimi, Azərbaycanı da mərkəzdən idarə etməyin qeyri-mümkünlüyü üzə çıxdı. Faciədən sonrakı tarixi proses xalqımızın siyasi iradəsinin, müstəqillik arzularının yenilməzliyini bir daha təsdiqlədi. Moskvanın əli ilə qoyulan rəhbərlər faktiki təcrid vəziyyətində qalıb ölkəni idarə edə bilmədilər. Qarabağ torpaqlarının, ərazi bütövlüyünün qorunmasında fərasətsizlik göstərildi. Bakıda fövqəladə vəziyyəti illərlə uzatmağın qeyri-reallığı üzə çıxdı. Xalq hərəkatı, çətinliklə də olsa, yenidən qüvvələrini bərpa edib müstəqillik, demokratiya, ərazi bütövlüyü uğrunda mübarizəni davam etdirdi.

İndiyədək çəkilən filmlərdə, xüsusilə Vaqif Mustafayevin, Xamis Muradovun, Vahid Mustafayevin və başqalarının ekran əsərlərində həmin təlatümlü günlər, hadisələr, qanlı olaylar, şəhidlik zirvəsinə ucalan insanların azadlıq arzuları öz əksini tapmışdı.

Dövlət mükafatı laureatı, xalq artisti Xamis Muradov 20 Yanvar hadisələri ilə bağlı verdiyi müsahibədə bildirirdi ki, 1980-ci illərin sonunda ölkədəki vəziyyəti görəndə “Salnamə” film studiyasının tərkibində xüsusi qərargah yaradıldı. Operatorlar Qazaxdan Sədərəyə qədər gedib çıxırdılar. Hər gecə bir nəfər növbətçi qalırdı. Çünki rayonlarla əlaqələr vardı, zəng vurub plyonka istəyirdilər. Bakıda isə hadisələr elə cərəyan etmişdi ki, artıq tanklar gəlib Biləcəri yoxuşunda dayanmışdılar: “Həmin hadisə günü evə gələndən saat yarım sonra zəng vurdular ki, qoşun bu gün şəhərə girəcək. Ardınca ikinci zəng gəldi, artıq narahat oldum. Kinostudiyaya qayıtmalıydım. O vaxt Karl Marks heykəli olan yerin yanından keçəndə işıqsaçan güllələri atmağa başladılar. Bir təhər studiyaya çatdıq. Hamı yığışmışdı. Qrupları “Salyanski kazarma”nın, Filarmoniyanın qabağına, Biləcəriyə, 20 Yanvara göndərdim. Əsgərlər studiyanın qabağında yanan lampaları daşla vurub söndürürdülər... Biz çəkilən materialları gizlədirdik. Çoxunu dostlarımın evində saxlayırdım. 20 Yanvar hadisələrinin 90 faizini, Qarabağ müharibəsinin 50 faizini çəkmişik. Sənədli kinonun bir borcu var, fövqəladə vəziyyəti çəkib gələcək nəsillərə saxlamaq. “Salnamə” o vaxt bu çəkilişlərdən üzüağ çıxdı. Hərə bir cür vətənə xidmət edir. Bizim sənətkarlar da öz borclarını belə yerinə yetirdilər”.

Həmin hadisələrdən sonra bir-birinin ardınca 10-15 silsilə film çəkildi: “Azadlığa gedən yollar”, “Şəhidlərdən şəhidlərə”, “Qədirin sorağında”, “Haray”, “9 dəqiqə”, “Cənubda şimal küləyi” və s. Bu filmlər 20 Yanvar faciəsinə aparan yolların konkret mənzərəsini yaratmaqla yanaşı, hadisələrin ilkin görüntülərini də əks etdirirdi. “Azadlığa gedən yollardafilm C.Cabbarlının “1905-ci ildə” pyesindəki bir səhnə ilə açılır. Qubernator çarın portreti asılmış otaqda azərbaycanlılarla ermənilər arasında qırğın planları hazırlayır. Belə bir səhnədən sonra tamaşaçı Ermənistanda və Azərbaycanda soydaşlarımızın başlarına gətirilən faciələrlə tanış olur. Qara Yanvar adı ilə tarixə daxil olmuş 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş qanlı hadisələr və bundan sonrakı olaylar filmin əsas süjet xəttini təşkil edir.

2001-ci ildə çəkilən “Şəhidlik zirvəsi” filmi yanvar şəhidlərinə həsr olunmuşdur. Burada 1828-ci ildən bizim günlərə qədər Azərbaycanda baş vermiş ictimai-siyasi hadisələr geniş əksini tapmışdı. “Cənubda şimal küləyi” 1990-cı ilin yanvar qırğını zamanı Biləsuvar rayonunda baş vermiş olaylardan bəhs edir. Filmdə arxiv materiallarından istifadə olunmuşdur. “9 dəqiqə”, “Qədirin sorağında” kinolentlərində doğma ocaqlarından didərgin düşmüş Azərbaycan qaçqınlarının çətin güzəranı canlandırılmışdır. 1993-cü ildə istehsal olunmuşHarayfilmi Xocalı faciəsi haqqındadır. Ermənilərin azərbaycanlı əsgərlərə verdikləri işgəncələrin şahidi olan iki yeniyetmə çıxış yolunu özlərini dağdan atmaqda görür. “Qanlı Yanvarda bu olaylar bir azərbaycanlı ailəsinin - Nərimanovlar ailəsinin gözü ilə göstərilib. Bunların sırasına “Qarabağ düyünü”, “Ömür qatarı”, “Vətən mənə oğul desə”, “İnama qayıdış”, “Qəsd”, “ atlı oğlan”, “Xəzər köməyə çağırır”, “20 Yanvar faciəsi”, “Fəryad”, “Dolu”, “Yaddaş” və onlarca sənədli və bədii filmləri, televiziya tamaşalarını əlavə etmək olar. Ekran əsərlərində əsasən el dərdi, el hüznü əks olunur, millətinə, xalqına qarşı haqsızlığa, günahsız insanların qətlinə yönələn neçə-neçə fəlakətli günlərə etirazlar, çağırışlar səslənir, xalqın qəhrəmanlıq ruhu, mübarizə əzmi nümayiş etdirilir. Ən əsası isə gənc nəslə vətən təəssübkeşliyi, yurdsevərlik ruhu aşılanır. Tarixən bütün məşəqqətlərə sinə gərməyə qadir olan xalqımızın mərd övladları heç vaxt qorxu hissi bilməmiş, öz millətinin məğrur ruhlu varisləri kimi ad-san çıxarmışlar. Məhz bu yönümdə gələcəyimiz olan yeniyetmə və gənclərə iradə, mərdlik tərbiyəsi aşılamaq səyi onlarda şüurlu vərdişlər zəminində möhkəmlənib inkişaf etdirilməlidir.

“1990-cı ilin 20 Yanvarında Azərbaycanın azadlıq və müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalmış vətən övladları özlərinin fədakarlığı, şəhidliyi ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifələr yazdılar. Bu gün də xalqımız onun milli mənliyini qorumaq üçün öz canlarından keçməyə hazır olan övladları ilə fəxr edir”- deyən ulu öndər Heydər Əliyevin 20 Yanvar hadisələri ilə bağlı söylədiyi bu fikirlər Azərbaycan xalqını vahid bir cəbhədə, vahid bir ideya bayrağı altında birləşməyə çağırışı idi.

Qanlı Yanvar günlərində öz sözü, əməli, canı, qanı ilə xalqa sədaqətini sübut etmiş insanların ölkəmizdə xüsusi yeri və hörməti var. Onlara ehtiramımız sonsuzdur.

 

İradə ƏLİYEVA,

 

Azərbaycan. - 2016.- 20 yanvar.- S. 8.