Azadlıq dastanı

 

Xalqımız tarixən müxtəlif əsrlərdə və zamanlarda bədnam qonşularımız tərəfindən təcavüzə məruz qalmış, dədə-baba torpaqlarında incidilmiş, didərgin salınmış, deportasiya olunmuş, əzəli torpaqlarımız kiçildilmiş, yüz minlərlə dinc soydaşımız amansızlıqla qətlə yetirilmişdir.

1990-cı il 20 Yanvar gecəsində baş vermiş dəhşətli cinayət sənət adamlarının, şair, rəssam, bəstəkar və başqalarının yaradıcılıqlarında geniş şəkildə öz təzahürünü tapmışdır.

20 Yanvar dəhşətlərinin ürək dağlayan səhnələrindən təsirlənərək, Azərbaycanın tanınmış rəssamları faciəni təsviri sənətin dili ilə bədiiləşdirərək insanlığa, bəşəriyyətə yönəlmiş təhlükə olduğunu göstərməyə çalışmışlar. Buna misal olaraq Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda xalq rəssamları Mikayıl Abdullayevin saxlanılan “Bakı müsibəti”, Böyükağa Mirzəzadənin “19 yanvar 1990-cı il” , Elmira Şahtaxtinskayanın “Güc siyasəti XX əsrin rüsvayçılığıdır”, Cahangir Rüstəmovun  “Şəhidlərə ithaf”, Kamil Nəcəfzadənin “Azərbaycan harayı”, “Şəhid anası”, “Gözləyir”, Ağa Mehdiyevin “Qanlı gecə”, əməkdar incəsənət xadimləri Hafiz Məmmədovun  “Şəhidlər”, “Qara bayram”, Əyyub Məmmədovun “Yanvar hadisələri”, “Həyəcanlı günlər” triptixinə aid “Qarabağın bağları”, “Abşeron”, “Xəzər”, əməkdar rəssamlar Adil Rüstəmovun “Haray”, Arif Ələsgərovun “Əsrin faciəsi” silsilələrinə aid qrafika işlərini və digərlərini qeyd etmək olar.

Adları qeyd olunan əsərlərin hər biri yüksək vətəndaşlıq duyğuları və əsl sənətkarlıq məharəti ilə qələmə alınmış sənət nümunələridir.

Bildiyimiz kimi, Qanlı yanvar faciəsində qətlə yetirilmiş şəhidlərimizin dəfn mərasimi o zaman xalq coşqusu ilə qeyd edilmiş, xalqımız öz qəhrəmanlarını başları üzərində, tər qərənfillərə qərq edilmiş şəkildə Şəhidlər xiyabanında dəfn etmişdir. Xalq rəssamı Mikayıl Abdullayev bu xalq izdihamını “Bakı müsibəti” adlı əsərində olduqca bədii biçimdə və güclü emosional təsir qüvvəsi ilə təsvir edə bilmişdir.

Xalq rəssamı Elmira Şahtaxtinskaya plakat əsərində 20 Yanvarda Azərbaycan xalqının başına gətirilmiş müsibətin tam mənası ilə gerçək mahiyyətini açıb göstərə bilmişdir. Güc siyasəti XX əsrin rüsvayçılığıdır” adlı əsər bir daha  sübut edir ki, xalqımızın müstəqilik ideallarını və müstəqil Azərbaycanın dövlətçilik dayaqlarını heç zaman yağı düşmənlər sındıra bilməyəcək və bu cür cəhdlərlə onlar sivil dünyanın gözləri qarşısında bir daha özlərini əməlləri ilə ifşa etmiş olacaqlar.

Xalq rəssamı Kamil Nəcəfzadənin “Şəhid anası” tablosunda təsvir edilmiş qara geyimli, əlini üzünə söykəmiş, qəmli ananın çöhrəsindən sanki həzin inilti səsləri “eşidilir”.

Əməkdar incəsənət xadimi Əyyub Məmmədov “Yanvar hadisələri” adlı əsərində heç bir çərçivəyə sığmayan insanlıq faciəsini tablonun çərçivələrindən çıxaraq mövzunun bəşəriliyini və miqyassızlığını göstərməyə çalışıb. Əsərin mərkəzində Azərbaycan xəritəsinin fonunda tank, aşağı hissədə isə axan qan izləri təsvir edilib. Əsərə diqqət yetirdikdə tamaşaçı xalqımızın üzləşdiyi faciənin ağırlığını bir daha duymuş olur. Həmin gecə tankların təsvir edilməsi mümkün olmayan vəhşiliklə maşınların üzərindən keçməsi, təcili tibbi yardım maşınlarını gülləbaran etməsi çox dəhşətli idi.

Haqq nazilər, üzülməz!” müdrik el misalında ifadə olunduğu kimi, gec-tez Azərbaycanın haqq işi qələbə çalacaq. İstər neçə əsrlər keçsin, Azərbaycan millətinə qarşı bu ədavətin mahiyyəti dəyişməz qalacaq. Zaman dəyişəcək, nəsillər bir-birini əvəz edəcək, amma xalqımız heç zaman şəhidlərimizi unutmayacaq və həmişə onların ruhlarını əziz tutacaq.

 

Əsəd QULİYEV,

sənətşünas, AMEA-nın dissertantı,

Rəssamlar İttifaqının üzvü

 

Azərbaycan. - 2016.- 20 yanvar.- S. 11.