Prezident İlham ƏLİYEV: “Azərbaycanın iqtisadi vəziyyəti sabitdir

 

Hər il olduğu kimi, 46-cı Davos Dünya İqtisadi Forumunda da Azərbaycana maraq böyükdür

 

Yanvarın 20-dən İsveçrənin Davos şəhərində 46-cı ənənəvi illik Dünya İqtisadi Forumu başlayıb. Dördüncü sənaye inqilabının mənimsənilməsi” şüarı altında təşkil edilən toplantının proqramına aktual qlobal hadisələrə həsr olunan müzakirələr daxildir. 3 gün davam edəcək forumda dünyanın yüzdən artıq ölkəsindən dövlət başçıları, yüksək çinli dövlət və hökumət, qeyri-hökumət təşkilatları təmsilçiləri iştirak edirlər.

Dünya İqtisadi Forumunun təsisçisi və prezidenti Klaus Şvab bildirib ki, builki forumda əsas mövzu sənaye inqilabının doğurduğu problemlərin həlli yollarının müzakirəsidir. Çünki ekspertlərin fikrincə, dünyada risk landşaftı son 11 ildə daha da genişlənib. İstər ətraf mühit, istərsə də cəmiyyət, iqtisadiyyat, geosiyasət və texnologiya istiqamətlərində risklərin daha tez baş verməsi və həyatın digər sahələrini əhatə etməsi ehtimalları güclənib. Qloballaşan dünyada risklərin də bir-biri ilə zəncirvari əlaqəli olması onların qarşısının alınması üçün kompleks yanaşma tələb edir. Bütün bunları nəzərə alaraq budəfəki toplantıda qlobal təhlükəsizlik, miqrasiya, müasir “İpək Yolu” və digər məsələlərə dair fikir mübadiləsi aparılır.

Xatırladaq ki, Davos Dünya İqtisadi Forumu hər il keçirilirburada ölkələrin siyasi liderləri iştirak edirlər. Forumun əsası Klaus Şvabın avropalı şirkət idarəçiləri ilə birgə təşkil etdiyi kiçik bir toplantıyla qoyulub. İlk dövrlərdə Avropa İdarəetmə Forumu olaraq tanınan forum avropalı adamlarının ABŞ-da biznes həyatına uyğunlaşmalarını asanlaşdırmaq və Amerika üsullu kapitalizmin qaydalarını avropalılara öyrətmək məqsədini daşıyan seminarlar silsiləsi idi. 1970-ci illərin ikinci yarısından etibarən bu tədbirdə məşhur iqtisadçıların, biznesmenlərin və siyasətçilərin bir araya gəlməsi onu əhəmiyyətli dünya məsələlərinin müzakirə edildiyi platformaya çevirdi.

Davos İqtisadi Forumunun əhəmiyyətini artıran mühüm göstəricilərdən biriburada dünyanın bir illik iqtisadi gündəliyinin müəyyən edilməsidir. Bu, Azərbaycana da töhfəsini verir. Çünki ölkəmiz artıq dünyada etibarlı tərəfdaş kimi tanınır və qəbul edilir. Forum çoxsaylı mövzular üzrə sessiyalardan ibarətdir ki, onların bir qismində müzakirə olunan mövzuların təməlində Azərbaycanın beynəlxalq əhəmiyyət kəsb edən məsələlərdəki aydın, dəqiq və konkret mövqeyi dayanır.

Əsas diqqətçəkən məqamlardan biri foruma qatılan ölkələrin Azərbaycanın dünyanın siyasiiqtisadi sistemindəki rolunu yüksək qiymətləndirməsi və bəşəriyyəti narahat edən risklərin aradan qaldırılmasında ölkəmizin mövqeyi ilə hesablaşılmasıdır. Azərbaycanın malik olduğu potensial enerji resursları da Dünya İqtisadi Forumunun əsas diqqət ayırdığı məsələlər sırasına daxildir. Ona görə neçə illərdir ki, Dünya İqtisadi Forumunda təmsil olunan Azərbaycana burada maraq həmişə böyükdür. Bunu Prezident İlham Əliyevin keçirdiyi görüşlər də təsdiq edir. Eyni zamanda Azərbaycanın beynəlxalq birlikdəki mövqeyiDünya İqtisadi Forumu çərçivəsində keçirilən görüşlərin məzmunundan aydın hiss olunur. Bu mənada Dünya İqtisadi Forumu hər il yanvar ayında Davosda baş tutan toplantısında Azərbaycanın da təmsil olunmasında maraqlıdır. Ölkəmizin malik olduğu potensial bu marağı şərtləndirən əsas amildir. Onu da qeyd edək ki, Dünya İqtisadi Forumunun Qlobal Rəqabət Qabiliyyəti hesabatına əsasən, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə görə 140 ölkə arasında 40-cı yerdə qərarlaşaraq MDB məkanında yeddi ildir ki, lider mövqeyini qoruyub, “G-20”yə üzv olan 8 ölkəni isə qabaqlayıb.

46-cı Davos Forumunda Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edir. Azərbaycan Prezidentinin forum çərçivəsində qrafikinin sıx olması, keçirdiyi çoxsaylı görüşlər bir daha ölkəmizə olan maraqdan xəbər verir. Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Navaz Şərif, İsrailin Baş naziri Benyamin Netanyahu, Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç, Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti, “Microsoft Corporation” şirkətinin vitse-prezidenti xanım Syuzan Hauser, “Procter and Gamble Europe” şirkətinin prezidenti Geri Edrü Kumbe, İran İslam Respublikasının Prezidenti Administrasiyasının rəhbəri Məhəmməd Nəhavəndian, BP şirkətinin baş icraçı direktoru Robert Dadli, “Lazard Avropa” şirkətinin vitse-prezidenti Metyu Piqas, Rusiyanın “LUKOIL” şirkətinin prezidenti Vahid Ələkbərov ilə görüşlərində əməkdaşlığa dair məsələlər müzakirə edildi.

Məlum olduğu kimi, 46-cı Davos Dünya İqtisadi Forumu beynəlxalq iqtisadi təbəddülatlar şəraitində keçirilir. Hazırda dünya iqtisadiyyatındakı qeyri-müəyyənliklərdən biri neftin qiymətində baş verən kəskin ucuzlaşmadır. Belə ki, neftin qiymətinin kəskin aşağı düşməsi bütün neft ixracatçısı olan ölkələrdə xarici valyuta gəlirlərinin azalmasına gətirib çıxarıb. Azərbaycan da bu baxımdan istisna deyil. Bütün bunlar neft qiymətlərinin yüksək olduğu dövrdə valyuta bazarında formalaşmış balansa təsir edərək manatın məzənnəsinə təzyiqləri artırıb. Eyni zamanda tərəfdaş ölkələrdə baş verən devalvasiyalar milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyəti üçün ciddi risklər yaradırdı. Yaranmış yeni vəziyyət isə məzənnə rejiminə yenidən baxılmasını zəruri edirdi. Ona görə ölkənin valyuta ehtiyatlarının qorunması, milli iqtisadiyyatın rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bank ötən ilin dekabrında “üzən məzənnə rejimi”nə keçid barədə qərar qəbul edib.

Lakin bir məsələni də xüsusilə vurğulamalıyıq ki, Azərbaycan ümumdünya iqtisadi böhranından ən az əziyyət çəkən ölkədir. Digər tərəfdən Azərbaycanın milli valyutası mənfi meyillərə ciddi və uzunmüddətli müqavimət göstərməyi bacarıb. Hər halda bir sıra qonşu ölkələrdə, o cümlədən Rusiya və Qazaxıstanda devalvasiyanın Azərbaycandan xeyli əvvəl başlaması və milli valyutaların “üzən məzənnəyə” buraxılması bunu deməyə tam əsas verir.

Yanvarın 21-də Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Yeni enerji tarazlığı” mövzusunda sessiyada neftin qiymətinin azalması ilə bağlı yaranmış vəziyyət də müzakirə edilib. Mövzu ilə bağlı sualı cavablandıran Prezident İlham Əliyev deyib: “İndiki vəziyyət, əlbəttə, ürəkaçan deyil. Ancaq, eyni zamanda, bu, Azərbaycanda islahatlar üçün əlverişli məqamdır. Biz maliyyə sektorumuzun yeni təfəkkürdə islahatlarına, iqtisadi islahatlara, ixracat yönümlü qeyri-neft məhsullarının istehsalına başlamışıq və neft amilini unutmalıyıq. Əvvəldə dediyim kimi, özümüzü bu dövrə - 15-20-25 il sonraya hazırlamağa çalışırdıq. Amma bunu indi etməliyik və düşünürəm ki, bu vəziyyətdən çıxa biləcəyik. Bir daha deyirəm, Azərbaycanın iqtisadi vəziyyəti sabitdir. Bizim xarici borcumuz ümumi daxili məhsulun yalnız 12 faizini təşkil edir. Bizim valyuta ehtiyatlarımız da demək olar ki, ümumi daxili məhsul ilə eyni səviyyədədir. Əminəm ki, biz böhrandan çıxacağıq. Ancaq gələcək il üçün büdcə planlaşdırması aparmaqdan ötrü əlbəttə ki, proqnozlaşdırıla bilən bir gələcək istəyirik”.

Bu gün iqtisadi baxımdan qarşıda duran əsas vəzifələrdən biri hazırkı beynəlxalq qeyri-müəyyənlik şəraitində iqtisadi inkişafın davamlı olmasıdır. Bu baxımdan prioritet istiqamət qeyri-neft sektorunun inkişaf etdirilməsidir. Onsuz da bu sahənin inkişafı son 10 ildə Azərbaycan hökuməti tərəfindən bir vəzifə kimi müəyyənləşdirilib və bu məqsədlə neft gəlirlərindən istifadə olunur. Əgər belə olmasaydı və Azərbaycan yalnız neft gəlirlərinə söykənsəydi, neftin qiymətinin ucuzlaşdığı indiki şəraitdə böyük itkilərlə üzləşərdik.

Belə bir vəziyyətdə diqqəti çəkən əsas məqam ondan ibarətdir ki, Azərbaycan hökuməti yaranmış vəziyyətin ölkəyə mənfi təsirinin qarşısını almaq üçün olduqca çevikoperativ tədbirlər görür. Bunu Azərbaycan Prezidentinin son sərəncamları, prioritet sahə hesab olunan qeyri-neft sektorunun daha sürətli inkişafını təmin etmək üçün əlavə təsirli mexanizmlərinin işə salınması üçün qarşıya qoyulan vəzifələr də təsdiq edir. Bu, həm də ölkədə yeni iqtisadi siyasətin elan olunmasından xəbər verir. Yeni iqtisadi siyasət qarşıda duran bütün vəzifələrin tam icrasını və ölkənin davamlı inkişafını təmin edəcək.

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan. - 2016.- 23 yanvar.- S. 2.