Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti beynəlxalq miqyasda yüksək qiymətləndirilir

 

Avropa Olimpiya Komitələrinin Ali Ordenilə mükafatlandırılan Mehriban Əliyeva Azərbaycanda da “İlin adamı” elan edildi

 

2004-cü ildən ictimai qurum kimi fəaliyyət göstərən Heydər Əliyev Fondu xeyirxah və humanist insani dəyərlərə tapınaraq ümummilli liderin zəngin dövlətçilik irsinin bütün dünyada tanıdılması və təbliği istiqamətində ardıcıl iş aparır. Fondun çoxşaxəli fəaliyyəti nəinki Azərbaycanda, eləcə də ölkə hüdudlarından kənarda da yüksək qiymətləndirilir.

Heydər Əliyev Fondu dünyada məşhur tarixi şəxsiyyətlərin adını daşıyan, uzun illər fəaliyyət göstərməsinə baxmayaraq, işi sırf xeyriyyəçiliklə məhdudlaşan analoji qurumlardan tamamilə fərqlənir. Yaradılarkən çoxlarının yalnız xeyriyyəçilik yönümündə fəaliyyət göstərəcəyini zənn etdiyi fond zaman baxımından qısa müddətdə reallaşdırdığı çoxşaxəli layihələrin miqyası ilə gözlənildiyindən xeyli böyük amalları uğurla gerçəkləşdirmişdir. Fond qısamüddətli fəaliyyəti dövründə ümummilli liderin zəngin dövlətçilik irsinin öyrənilməsi, elm, təhsil, mədəniyyət, incəsənət, səhiyyə və idmanın inkişafına xidmət edən layihələrin reallaşdırılması, milli-mənəvi ideallara, humanist, insanpərvər dəyərlərə sadiq gənc nəslin formalaşdırılması, gender bərabərliyinin təmini, sivilizasiyalararası dialoqun təşviqi, nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığın dərinləşdirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, xüsusən də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin haqlı mövqeyinin beynəlxalq aləmdə dəstəklənməsi istiqamətində son dərəcə uğurlu nəticələrə imza atmış, böyük ictimai rəğbət qazanmışdır.

Fondun prezidenti Mehriban xanım Əliyevanın birbaşa himayəsi ilə Azərbaycanda muğam sənətinin qorunması, inkişafı və təbliği sahəsində böyük işlər görülmüşdür. Azərbaycan muğamının UNESCO-nun bəşəriyyətin qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil olunması da bilavasitə bu fəaliyyətin nəticəsidir. Fondun ötən illərdə milli mədəniyyətin təbliği sahəsində həyata keçirdiyi uğurlu layihələrdən biri də “Qarabağ xanəndələri” albomu olmuşdur.  UNESCO xətti ilə hazırlanmış alboma belə bir adın seçilməsi Qarabağın əzəli və əbədi Azərbaycan torpağı olduğunu bütün dünyaya nümayiş etdirmək istəyindən irəli gəlmişdir.

Heydər Əliyev Fondu fəaliyyətində həm də ümumbəşəri dəyərləri uca tutmaqla beynəlxalq miqyaslı qeyri-hökumət təşkilatına çevrilmiş, fəaliyyəti ilə müxtəlif ölkələrin ictimai, elmi, mədəni həyatına fəal təsir imkanları əldə etmişdir. Ötən 11 ildə fondun bilavasitə təşəbbüsü və təşkilatçılığı ilə Beynəlxalq Millətlər Təşkilatının, İslam Əməkdaşlıq Təşkilatının və digər nüfuzlu qurumların dünyada savadsızlığın aradan qaldırılmasına, gender bərabərliyinə, milli-mədəni müxtəlifliyin, habelə uşaq hüquqlarının qorunmasına, sivilizasiyalararası dialoqun genişləndirilməsinə, etnik, dini, irqi ayrı-seçkiliyin aradan qaldırılmasına həsr olunmuş tədbirlərinin məhz Bakı şəhərində keçirilməsi buna əyani sübutdur.

Ermənistanın təcavüzkarlıq siyasətinin ifşası, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, habelə işğal nəticəsində tarixi torpaqlarından didərgin düşmüş məcburi köçkünlərin hüquqlarının beynəlxalq miqyasda qorunması məsələləri fondun fəaliyyətində xüsusi yer tutur. Heydər Əliyev Fondunun ən uğurlu layihələrindən hesab edilən “Qarabağ həqiqətləri” silsiləsi də buna bariz nümunədir. Beynəlxalq ictimaiyyətə ünvanlanan, ingilis dilində nəşr edilən, xaricdəki diplomatik nümayəndəliklərimiz, diaspor təşkilatlarımız və digər kanallarla bütün dünyaya yayılan “Qarabağ həqiqətləri” toplusu “Qarabağın tarixi haqqında məlumat”, “Qarabağ münaqişəsinin başlanması”, “Xocalı soyqırımı”, “Azərbaycana qarşı erməni təcavüzünün nəticələri”, “Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti” kitabçalarından ibarətdir. Bu topluların elektron variantları Avropa dövlətlərində keçirilən soyqırımı qurbanlarının xatirəsini anma mərasimlərində xarici ölkələrin diplomatik korpuslarına, beynəlxalq təşkilatlara, kütləvi informasiya vasitələrinə, tanınmış siyasi-ictimai xadimlərə paylanmışdır.

Ölkədə etnik-milli və dini tolerantlığın inkişafında, habelə mötəbər beynəlxalq tədbirlərin təşkilində Azərbaycanın birinci xanımı, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın da xidmətləri müstəsnadır. Ümummilli lider Heydər Əliyevin adını daşıyan fonda əzmlə rəhbərlik edən Mehriban Əliyeva nəinki ölkədə, habelə xarici ölkələrdə mədəni-dini abidələrin bərpasını əsas fəaliyyət prioritetlərindən biri hesab edir. Son illərdə fondun təşkilatçılığı ilə Fransanın Strasburq şəhərində Kafedral kilsəsi, Parisdə Versal sarayının parkındakı abidələr, İtaliyanın paytaxtı Romadakı Müqəddəs Pyotr və Marsellina sərdabəsi bərpa edilib. Heydər Əliyev Fondu tərəfindən Hollandiya, Rusiya, Pakistan, Gürcüstan, Rumıniya, Misir və digər ölkələrdə bir sıra təhsil ocaqları müasirləşdirilib, Afrika ölkələrinin qeyri-maddi mədəni irsinin qorunmasına dəstək verilib, Qəbələ Beynəlxalq Musiqi Festivalı kimi onlarla qlobal və mükəmməl layihələrə imza atılıb.

Azərbaycan təmsilçilərinin “Eurovizion-2011” müsabiqəsindəki parlaq qələbəsi də fondun göstərdiyi yüksək diqqət və qayğının nəticəsi kimi xüsusi vurğulanmalıdır. Bu parlaq qələbədən sonra yeni müsabiqənin Azərbaycanda təşkili ilə bağlı yaradılmış Təşkilat Komitəsinə Heydər Əliyev Fondunun prezidentinin sədr təyin olunması və bu möhtəşəm beynəlxalq musiqi yarışmasının da yüksək səviyyədə keçirilməsi deyilənlərə əyani sübutdur. 2012-ci ildə Azərbaycanın birinci xanımının sədri olduğu Təşkilat Komitəsi “Eurovizion-2012”ni yüksək səviyyədə keçirməklə Azərbaycanın təşkilatçılığa, zəngin mədəniyyətə, tolerantlığa malik ölkə olduğunu bir daha sübut etdi. I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi də bu baxımdan əlamətdar hadisə kimi yadda qalıb.

2004-cü ildə UNESCO-nun, 2006-cı ildə ISESCO-nun xoşməramlı səfiri seçilən fondun prezidenti Mehriban xanım Əliyeva nəcib əməllərinə görə çoxsaylı beynəlxalq mükafatlara, fəxri adlara, təltiflərə layiq görülmüşdür. Hələ 2005-ci ilin iyun ayında xeyriyyəçilik fəaliyyətinə, eləcə də Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsi sahəsində xidmətlərinə görə Rusiyanın “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeni ilə təltif olunmuşdur.

Azərbaycanın birinci xanımı Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin 2007-ci il yanvarın 29-da Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə ana, uşaq, ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində xüsusi xidmətlərinə görə mükafata, həmçinin genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə görə 2007-ci ilin mayında Rusiyada “Qızıl ürək” beynəlxalq mükafatına layiq görülmüşdür. Həmin il mayın 17-də Cenevrədə isə Dünya Səhiyyə Təşkilatının ali orqanı olan Dünya Səhiyyə Assambleyasının 60-cı sessiyasında Azərbaycanda səhiyyənin inkişafında, yeni xəstəxanaların açılmasında, onların müasir avadanlıqla təchiz edilməsində Mehriban xanım Əliyevanın gördüyü işlər xüsusi vurğulanmış və ona İhsan Doğramacı Ali Sağlamlıq Fondunun mükafatı təqdim edilmişdir.

Heydər Əliyev Fondunun prezidenti eyni zamanda Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeni ilə təltif olunmuşdur. 2010-cu ilin fevralında Azərbaycanın birinci xanımı Fransanın “Şərəf legionu” ordeninə, avqustunda isə UNESCO-nun “Qızıl Motsart” medalına layiq görülmüşdür.  2011-ci il iyunun 24-də Mehriban Əliyevaya Krans Montana Forumunun Qızıl medalı, 2012-ci il aprelin 13-də Mehriban Əliyevaya MDB iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq Şurası (HƏŞ) və MDB iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (DHƏF) tərəfindən “Birlik Ulduzları” dövlətlərarası mükafatı təqdim edilib. 2014-cü ilin mayında Mehriban Əliyeva sivilizasiyalararası dialoqa verdiyi töhfələrə, həmçinin Almaniyada türk dünyasının tanıdılmasına, Azərbaycan-Almaniya əlaqələrinin inkişafındakı xidmətlərinə görə Türk-Alman Dostluq Federasiyasının fəxri mükafatına layiq görülüb.

Azərbaycanın ictimai, sosial və mədəni həyatında fəal iştirakına, cəmiyyətin dinamik inkişafına verdiyi mühüm töhfələrə, Azərbaycan mədəniyyətinin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə, həmçinin ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə “The Business Year” jurnalı tərəfindən 2014-cü ilin mayında “İlin Birinci Xanımı” mükafatına layiq görülüb. 2014-cü ilin iyununda Olimpiya dəyərlərinin təbliğindəki xidmətlərinə görə Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatı ilə təltif olunub.

2015-ci ildə isə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Pakistan İslam Respublikasının “Hilal-e Pakistan” ordeni ilə təltif olunub. Pakistan Prezidenti Məmnun Hüseyn fevralın 11-də bu barədə sərəncam imzalayıb. “Hilal-e Pakistan” Pakistan İslam Respublikasının ali ordenidir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva “Hilal-e Pakistan” ordeni ilə təltif olunan ilk birinci xanımdır. Bütün bu yüksək təltiflər Heydər Əliyev Fondunun beynəlxalq miqyasda tanındığını və fəaliyyətinin rəğbətlə qarşılandığını göstərir.

2016-cı il yanvarın 21-də İsveçrənin Lozanna şəhərində Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. İclasda “Bakı-2015” I Avropa Oyunları Təşkilat Komitəsinin rəhbəri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Avropada idmanın inkişafında göstərdiyi xüsusi xidmətlərə görə Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin qərarı ilə Avropa Olimpiya Komitələrinin ən yüksək mükafatı olan Ali Orden təqdim edilib.

Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikki Ali Ordenə layiq görülən Azərbaycanın birinci xanımı, “Bakı-2015” I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın ictimai xadim kimi fəaliyyətindən danışıb, onun Milli Gimnastika Federasiyasının prezidenti kimi bir çox Avropa və dünya səviyyəli idman tədbirlərinin keçirilməsinə rəhbərlik etdiyini vurğulayıb. Patrik Hikki bildirib ki, Mehriban Əliyeva Heydər Əliyev Fondunun prezidenti kimi bir çox nəhəng layihələrin həyata keçirilməsinə rəhbərlik edib və dünyanın nüfuzlu mükafatlarına layiq görülüb. Hazırda o, 2017-ci ildə Bakıda keçiriləcək İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin sədridir.

Mehriban Əliyeva Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin iclasında bildirib: “Birinci Avropa Oyunları Avropa idmanı və Azərbaycan üçün tarixi hadisə oldu. Təşkilat Komitəsinin sədri olaraq mən çox xoşbəxtəm ki, biz bu Oyunları kifayət qədər yüksək səviyyədə keçirməyə müvəffəq olduq. Bizim hazırlıqlara cəmi 2 il yarım vaxtımız var idi. Lakin Azərbaycan vətəndaşları, Oyunların iştirakçıları və qonaqların hamısı Oyunların həqiqətən uğurla keçdiyi qənaətindədir. Biz çalışdıq. Mən ümid edirəm və inanıram ki, biz 6 mindən çox Avropa idmançısı və minlərlə qonaq üçün dostluq və həmrəylik mühiti yarada bildik. Bu 17 gün ərzində biz bir ailə kimi olduq və mən əminəm ki, bu Oyunlar tarixdə təkcə ilk Avropa Oyunları kimi deyil, həm də dostluq, həmrəylik və qarşılıqlı anlaşma üzrə beynəlxalq forum kimi qalacaq. Bu cür mühitin yaradılması xalqlar və ölkələr arasında əlaqələri, münasibət və qarşılıqlı hörməti möhkəmləndirir. Mən əminəm ki, bu gün dünyaya lazım olan məhz budur.

Oyunlar bizə bu il müstəqilliyinin bərpasının 25-ci ildönümünü qeyd edəcək müasir Azərbaycanın inkişafını nümayiş etdirməyə imkan verdi. Müstəqillik illəri inkişaf və tərəqqi, həyatımızın bir çox sahələrində nailiyyətlər illəri oldu. Mən deyə bilərəm ki, 21-i qızıl olmaqla, 56 medal qazanaraq 50 ölkə arasında ikinci yerə çıxmış idmançılarımızın Oyunlarda yüksək səviyyədə iştirakı bu inkişafın bariz nümunəsidir”.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu tərəfindən “2015-ci ilin adamı” elan edilib. Mehriban Əliyeva bu mükafata Təşkilat Komitəsinin sədri kimi I Avropa Oyunlarının yüksək səviyyədə təşkili və keçirilməsindəki xidmətlərinə, Azərbaycanın müsbət imicinin dünyada tanınması istiqamətində göstərdiyi genişmiqyaslı fəaliyyətə, Azərbaycan və dünya mədəniyyətinin qarşılıqlı inteqrasiyası üçün gördüyü işlərə, ölkədə multikulturalizm mühitinin formalaşdırılmasına verdiyi töhfələrə və ardıcıl xeyriyyəçilik fəaliyyətinə görə layiq görülüb.

Xatırladaq ki, Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu 2005-ci ildə də Mehriban Əliyevaya “İlin adamı” mükafatını təqdim etmişdi. Bu ada Azərbaycan Respublikasının müstəqilliyi, onun çiçəklənməsi, müsbət imicinin formalaşdırılması naminə yüksək xidmətləri ilə seçilən şəxslər layiq görülür.

Heydər Əliyev Fondunun son 11 ildə həyata keçirdiyi bütün layihələr milli xüsusiyyətlər, yerli tələb və ehtiyaclarla çulğalaşaraq olduqca maraqlı və rəngarəng forma almışdır. Fond hansısa ayrıca götürülmüş sahənin inkişafı naminə fəaliyyət göstərmir - xeyriyyəçilikdən tutmuş, ölkənin səhiyyə və təhsil sisteminin, mədəniyyət və incəsənətinin inkişafına, insan hüquqlarının qorunmasına, Azərbaycanın beynəlxalq aləmdəki imicinin formalaşmasına qədər müxtəlif sferalarda məhsuldar fəallıq nümayiş etdirir.

 

Elnur HACALIYEV,

 

Azərbaycan. - 2016.- 23 yanvar.- S. 4.