Azərbaycanlı sənətkarın yaradıcılıq nümunələri dünya muzeylərini bəzəyir

24 Yanvar 2016

Tarixi qədim, sənət və sənətkarlar beşiyi kimi tanınan Gəncədə  milli-mənəvi dəyərlərimiz və maddi mədəniyyət abidələrimiz göz bəbəyi kimi qorunur və gələcək nəsillərə çatdırılır. Şəhərin çoxmərtəbəli yaşayış binalarının birində tarixlər qovuşur desək, fikrimizi daha dəqiq  ifadə edərik. Çünki burada əməkdar rəssam,  qılınc və xəncər ustası kimi daha çox məşhur olan Mübariz Əkbərovun emalatxanası yerləşir. O həm də unudulmaqda olan qədim sənəti yaşadan nadir sənətkarlardandır.

 

Mübariz 1955-ci ildə Gəncədə anadan olub. 1971-ci ildə elə orada rəssamlıq məktəbini, 1985-ci ildə isə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rəssamlıq fakültəsini bitirib. Rəssamlıqla yanaşı Mübariz Əkbərovun daha bir istedadı onu xalqa həm tanıdıb, həm sevdirib. Milli üslubda qılınc düzəltdiyinə görə məşhurlaşması onu bu sənətə bir az da möhkəm tellərlə bağlayıb. Əlinin sığalı ilə cilalanan qılınclar dünyanın bir çox məşhur muzeylərində fərdi kolleksiyalarda xüsusi diqqət qayğı ilə qorunub saxlanır. Metal üzərində oyma sənəti ilə məşğul olarkən hiss edib ki, rəssamlıqdan bəhrələnməklə sıradan çıxmaq üzrə olan qədim silahlara yeni ömür verə bilər.

Azərbaycanda mövcud olmuş xanlıqlar dövründə istifadə edilən döyüş silahlarını araşdırıb, sonra isə onların  şəkillərinə baxaraq, eynisini hazırlayıb. Mübariz Əkbərov bu barədə belə deyir: “Azərbaycanın hərb tarixində bizim qılıncların xəncərlərin xüsusi yeri olub. Hər xanlığın öz xəncəri, qılıncı olub. Məsələn, “Qafqaz  xəncəri” respublikamızın Quba, Şəki, Zaqatala, hətta Gəncə bölgəsində geniş yayılmış silahlardan idi. Onların bir neçə növü var: qara dəstəkli, gümüş xəncərlər. Bunlar ikistilli olur: Dağıstan çərkəzi. Dağıstan stillilər enli, çərkəzilər isə bir az nazik olur”.

Silahların düzəldilməsində əsas rolu metal oynayır. Azərbaycan poladı isə keyfiyyətinə görə zaman-zaman birinci yerdə olub. Usta bunun izahını belə verir: “Azərbaycan poladı üç adla məşhurlaşıb. Birincisi “Qırx nərdivan” adlanıb.  Bu poladdan qılınc düzəldənin adı Əsədulla İsfahani olub. Çox təəssüf ki, həmin poladdan cəmi üç tiyə qalıb: Tiflisdə, Sankt-Peterburqda, o birisi isə, səhv eləmirəmsə, Dağıstandadır. İkinci yerdə polad tabundur. Bu, türk poladı olub. Üçüncü yerdə hind, dördüncü isə Dəməşq poladıdır”.

Silahsaz  əvvəllər metalişləmə sənətinə hobbi kimi baxıb. Amma onun istedadını görən xalq rəssamı Lətif Kərimov bu sahədə çalışmağı məsləhət görüb. Sənət yolu milli duyğulara kökləndiyi vaxtlardan başlayıb. O, 1993-cü ildə Bakıda keçirilən “Azərbaycan folkloru” müsabiqə-sərgisində ikinci dərəcəli diploma layiq görülüb. İki ildən sonra isə Bakıda xalq sənəti nümunələrini sevənlərin görüşünə fərdi sərgisi ilə gəlib.

Yaradıcılıq bioqrafiyası zəngin olan Mübariz Əkbərovun müsabiqədə ilk dəfə birinci yeri tutmasının tarixi 1996-cı ilə təsadüf edib. O zaman dekorativ tətbiqi sənət üzrə Bakıda təşkil edilən müsabiqə-sərginin laureatı adına layiq görülüb. Bir ildən sonra Azərbaycan Rəssamlar İttifaqının üzvü seçilən Mübariz Əkbərovu nəinki ölkəmizdə, dünyanın bir çox məkanlarında tanıyanların sayı çoxalıb. 1999-cu ildə keçirilən “Dədə Qorqud-1300” müsabiqə-sərgisi onun yaradıcılıq bioqrafiyasına nailiyyətlə yazılıb: sərginin qalibi, laureatı olub. Sənət əsəri nümunələri yaradan gənc rəssam doğulduğu Gəncədə fərdi sərgisi ilə hesabat verməyi unutmayıb. 2001-ci ildə Gəncədə, 2003-cü ildə isə yenidən Bakıda “Sənət inciləri” adlı fərdi sərgisi təşkil edilib.

2004-cü il Mübariz  Əkbərovun həm yaradıcılığında, həm həyatında dərin iz qoyub.  Düzəltdiyi milli xəncər Gəncəyə səfəri zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyevə hədiyyə edilib.

Ən uğurlu çıxışı Londonda baş tutub. Hətta orada qalıb işləmək təklifi gəlib. Amma təklifi qəbul etməyib. Almaniya, İngiltərə Türkiyədə sərgiləri keçirilib. İlk dəfə Azərbaycanda müsabiqə-sərgiyə çəkinə-çəkinə qatılıb, çünki orada böyük rəssamlar iştirak edirdilər. Bunu belə xatırlayır: “Birinci dəfə ikinci yeri tutdum, axı orada  çox məşhur xalq rəssamlarının əl işləri var idi. İkinci iştirak etdiyim sərgi Azərbaycanda  tətbiqi sənət üzrə keçirilirdi. Bu tədbir əsas ona görə mənim üçün əlamətdar idi ki, ulu öndər Heydər Əliyev həmin sərgidə münsiflər heyətinin sədri idi. Orada da birinci yeri almağım məni, təbii ki, hədsiz dərəcədə sevindirdi mükəmməl nümunələr işləməyə sövq etdi”.

Sənətkarın Londonda təşkil edilmiş sərgidə nəinki qalib olmağı, sadəcə, iştirakı  belə unudulmaz xatirəyə çevrilib. Həmin sərgidə qalib olmaq heç asan deyildi. Məşhur sənətkarlarımızın, xalq rəssamlarından Tahir Salahovun rəngkarlıq işləri, Lətif Kərimovun, Ənvər Qarayevin, Eldar Mikayılovun xalçaları  ilə birlikdə onun da metalişləmə sənət nümunələri nümayiş olunub. “Bu sərgini heç ötəri xatırlamadım. Rəssamlığın janrları çoxdur, ancaq metalişləmə bunlardan fərqlidir. Sərgidə olarkən hiss etdim ki, bu sənətə daha çox maraq göstərilir. Onlar belə şeylər görməmişdilər. Hətta bu sənətlə məşğul olduğum üçün orada məni saxlamaq belə istəyirdilər. Amma mən “Gəncəmi Londona dəyişmərəm” dedim.

Ustad sənətkarın əl işlərinin unikallığını təsdiqləyən faktlar az deyil.  O, aztapılan məişət əşyalarının eynisini hazırlamaqda hələ ki ölkəmizdə yeganədir. Əl işləri arasında ispanlara məxsus “stilet” adlanan polad qılınc da var. Xalqımıza məxsus milli ornamentlərlə bəzədilib. Sərgilərdə daha çox diqqət çəkən əl işləridir. Nepala məxsus  bir xəncər var, adına “kükrü” deyirlər. Onu digər xəncərlərdən fərqləndirən  əsasən qoburun üst tərəfindən  yerləşdirilməsidir.

Ustanın əllərindən sığal alan daha bir unikal sənətkarlıq nümunəsi isə ingilislərə məxsus “Kral” xəncəridir. Əsərlərin harada  ərsəyə gəlməsi onun üzərinə həkk edilən işarə ya simvoldan məlum olur.  “Kral”ın üzərindəki “G” hərfi onun Gəncədə düzəldilməsinə işarədir. Onun müxtəlif xalqlara məxsus silahlara müraciət etməsi dünyəvi sənətkarlığına işarə, qabiliyyətinin isə təsdiqidir. Ərəblərə məxsus düzəltdiyi cəmbiyə xəncəri formasına görə digərlərindən kəskin fərqlənir. İstifadə olunan ornamentləri xalqımıza məxsusdur. Bu  xəncərin düzəldilmə ideyası aktyor dostu Ənvər Həsənovdan gəlib.

Rəssam eyni zamanda bir sıra Azərbaycan filmləri üçün silahlar hazırlayıb. 2009-cu ildə rejissor Rövşən Almuradlı tərəfindən tarixi dram  janrında ekranlaşdırılan “Cavad xan” filminin rəssamı Mübariz Əkbərov olub. O, filmdə istifadə olunan dəbilqələri, eləcə Cavad xanın Sisianovun qılıncını qısa müddətə hazırlayıb: “Bir neçə filmə dəvət edilmişəm. “Cavad xan” filmindəki silahları, əsasən xanın zirehli geyimi qılıncını hazırladım. Filmdə maraqlı bir epizod var. Cavad xan deyir ki, “mən axırıncı döyüşümdə dədə-baba paltarı qılıncıyla vuruşacam”. Həmin qılıncı düzəltdim. O birilərindən fərqli olan bu düz qılıncı hazırlamaqla dünyaya mesaj vermiş olduq. Çünki  indiyə kimi düz qılıncın Avropaya məxsus olması iddiasındaydılar. Lakin  düzəltdiyim düz qılıncla sübut etdik ki, o, bizə məxsusdur. Babəkin dövründə bizdə döyüşlərdə istifadə edilən qılınclar düz olub. Ədəbiyyatda bu qılıncların bizə məxsus olmasının çoxsaylı sübutları var”.

“Biz  düşmənlə təkbətək döyüşü sevən olmuşuq”, - bu sözləri rəssam-silahsaz söyləyir: “Qılınc bizim əsas döyüş silahımız olub. Ona görə də onun bər-bəzəkli düzəldilməsinə də xüsusi fikir vermişik. “Koroğlu” dastanında da buna bənzər maraqlı epizodlar var. Koroğlunun misri qılıncının dəstəyinin və qınının bəzəyinə xüsusi diqqət yetirməsini ustaya şeirlə söylədiyi  göstərilir. “Cavad xan” filmində Sisianovun qılıncından xalq artisti Ramiz Novruzov istifadə edib: “Qafqaz” adlanan qılınca çərkəzi də deyirlər. Ruslar onu “şaşka” adlandırır ki, bu da çərkəz dilində “böyük bıçaq” deməkdir”.

Əsasən qılınc ustası kimi tanınan əməkdar rəssamın əl işləri arasında qamçılar da var ki, düzəldilmə texnikasına görə fərqlənir.  Cüyür ayağından hazırladığı qamçının dəstəyi gümüş məmulatdandır. Xüsusi ornamentlə bəzədilir ki, bu da milliliyini təsdiq edir. Bu qamçının sınığına Türkiyədə rast gələn usta ona yeni həyat verməyi qərara alır. Unikallığı ondan ibarətdir ki, dəstəyin içərisinə xəncər yerləşdirilir.

Seçilən, əsl sənət əsəri sayılan nümunələr arasında daha bir xəncər var. İlk baxışdan digərlərindən fərqlənməsə də,  usta onun xüsusiyyətini izah etdikcə heyran olmaya bilmirsən: “...Hər bir sənət nümunəsinın arxasında həmin xalqa məxsus incəsənət dayanır. Haqqında məlumat verdiyimiz bu xəncər-bıçaq  Amerika hindilərinə məxsus olub. Sonra almanlar bundan istifadə ediblər. Yəni almanlar da süni şəkildə ondan  buraxırlar. Düşündüm ki, bizdə belə buna oxşar qamçı varsa, onun bıçağını da düzəltmək olar. Onun üzərində işləməklə milliləşdirib ov bıçağına çevirdim”.

Ömrünün 60-cı ilində olan rəssamın yaradıcılıq uğurları çoxdur. 2010-cu ilin fevral ayında Londonda keçirilən Azərbaycan mədəniyyəti günlərində iştirak edən Mübariz Əkbərovun bir il sonra Fransanın Dijon şəhərində əl işlərinin fotosərgisi onu dünyaya  tanıdıb. Danimarka, İngiltərə, Almaniya, Türkiyə, RusiyaFransa kimi ölkələrdə təşkil olunmuş beynəlxalq sərgilərin iştirakçısı və bəzilərinin qalibi sayılan əməkdar rəssamın əsərləri dünyanın bir sıra məşhur muzeylərində və fərdi kolleksiyalarda saxlanılır.

 

Məhəmməd NƏRİMANOĞLU,

 

Azərbaycan. - 2016.- 23 yanvar.- S. 7.