Azərbaycanın Avropa Şurasına üzv qəbul olunmasından 15 il ötür

 

2001-ci ilin yanvar ayında Avropa Şurasına üzv qəbul edilən və bu mötəbər təşkilatın qarşısında üçrəngli bayrağını ucaldan Azərbaycan yüksək tolerantlığa əsaslanan ictimai düşüncə tərzi ilə sivil Qərb dəyərlərinə heçyad olmadığını təsdiqlədi. Beləliklə, xarici siyasətdə qarşıya qoyduğu əsas prioritetlərdən daha birini uğurla gerçəkləşdirən müstəqil respublikamız “Avropa ailəsi”nə qovuşaraq milli maraq və mənafelərinin müdafiəsi, habelə erməni lobbisinə qarşı səmərəli əks ideoloji-siyasi təbliğatı gücləndirmək üçün əlverişli tribuna qazandı.

 AŞ-yə üzvlük Azərbaycanın hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində inamla irəliləməsinin bariz təcəssümü idi. Bu uğurun müəllifi isə ümummilli lider Heydər Əliyev idi. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra dünyanın hüquqi-siyasi atmosferinin müəyyənləşməsində mühüm rolu olan beynəlxalq təşkilatlarla, o cümlədən AŞ ilə qarşılıqlı faydalı əməkdaşlığı uzaq hədəflərə hesablananmilli maraqları özündə ehtiva edən xarici siyasət doktrinasının mühüm istiqamətlərindən biri elan etdi. 1993-cü ildən etibarən ölkədə siyasi sabitliyin təmin olunması hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu istiqamətində real addımların həyata keçirilməsinə, milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılmasına imkan yaratdı. Yüksək humanizm, şəxsiyyətə inam və hörmət, insanpərvərlik prinsiplərini önə çəkən ulu öndər Avratlantik məkana inteqrasiya yoluna üstünlük verdi, bu istiqamətdə qətiyyətli addımlar atdı. 1993-cü ildə ölüm hökmünə moratorium qoyuldu, 1998-ci il fevralın 10-da isə Şərqdə ilk dəfə olaraq, Azərbaycanda bu cəza ləğv edildi. Bəzi dövlətlərdən fərqli olaraq, Azərbaycan AŞ-yə tamhüquqlu üzv qəbul edilməmişdən 3 il öncə belə bir yüksək humanizm nümayiş etdirdi. Bu, Avropa Şurasına tamhüquqlu üzvlük yolunda ilk məqsədyönlü addım deyildi. 1995-ci ildə ulu öndərin rəhbərliyi altında hazırlanaraq qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkədə vətəndaş cəmiyyəti quruculuğunun hüquqi əsaslarını yaratdı. Ölkədə çoxpartiyalılıq əsasında demokratik parlament seçildi, siyasi plüralizm, şəxsiyyət, söz, mətbuat, vicdansair azadlıqlar bərqərar olundu.

Əsas Qanunun qəbulundan sonra ölkədə həm də hüquqi islahatların yeni mərhələsi başlandı və keyfiyyətcə yeni, dövrün tələblərinə cavab verən bir sıra qanunvericilik aktları hazırlandı. Aparılan islahatlar Azərbaycanın Avropa ailəsinə inteqrasiyası prosesini daha da sürətləndirdi. Ümummilli lider Heydər Əliyevin 8 iyun 1996-cı il tarixliAvropa Şurası ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq proqramının həyata keçirilməsi tədbirləri haqqında”, 20 yanvar 1998-ci il tarixliAvropa Şurası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın dərinləşdirilməsi sahəsində tədbirlər haqqında”, habelə 14 may 1999-cu il tarixli “Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin təmin edilməsi haqqında” sərəncamları ölkəmizin AŞ-yə üzvlüyünə real zəmin yaratdı.

1996-2000-ci illərdə respublikamız insan hüquq və azadlıqlarının, habelə demokratik təsisatların inkişafının təminatı ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşuldu. Bu dövrdə AŞ-də də Azərbaycanla əməkdaşlığa maraq artdı. 2000-ci ilin may ayında AŞ Siyasi Komitəsinin iclasında Azərbaycan üzrə məruzəçinin hesabatı dinlənilərək respublikamızın AŞ-yə tamhüquqlu üzv qəbul edilməsi ilə bağlı rəy verildi.Parlament Assambleyasının 2000-ci il iyunun 26-28-də keçirilmiş növbəti sessiyası zamanı Azərbaycanın AŞ-nin tamhüquqlu üzvlüyünə qəbul edilməsi məsələsi dəstəkləndi. Beləliklə, 1996-cı ildən təşkilatda xüsusi qonaq statusu ilə təmsil olunan Azərbaycan 2001-ci ilin 17 yanvarında qurumun Nazirlər Komitəsinin qərarı ilə AŞ-nin tamhüquqlu üzvlüyünə qəbul edildi. 2001-ci il yanvarın 25-də isə Strasburqda Azərbaycan Respublikasının AŞ-yə tamhüquqlu üzv qəbul edilməsinə həsr olunmuş rəsmi mərasimdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə geniş tərkibli nümayəndə heyəti iştirak etdi.

15 il əvvəl, 2001-ci il yanvarın 25-də Azərbaycan-Avropa Şurası əlaqələrinin banisi, xalqımızın ümummilli lideri  Heydər Əliyevin uzaqgörən,  daxilixarici siyasətinin məntiqi nəticəsi olaraq Strasburqda, AŞ-nin binası önündə müstəqil dövlətimizin üçrəngli bayrağının ucaldılması Azərbaycanın Avropa ailəsinə qovuşduğunu bütün dünyaya nümayiş etdirdi. Ulu öndər Heydər Əliyev 25 yanvar 2001-ci ildə AŞ PA sessiyasında çıxışı zamanı bu hadisəni belə qiymətləndirdi: “Tarixi yolların qovuşağında yerləşən ölkəmizin Avropa Şurasına qəbul olunması həm Azərbaycan üçün, həm də bu təşkilat üçün çox mühüm hadisədir. Biz Ümumavropa dəyərləri xəzinəsinə öz töhfələrimizi gətirməyə hazırıq. Bu töhfələr həm Avropada demokratik sabitliyin möhkəmlənməsinə, həm də avropalıların Şərq xalqlarının tarixi taleyini daha yaxşı və daha dərindən dərk etməsinə kömək edəcəkdir. Bu, bir tərəfdən qabaqcıl demokratik ideyaların, hüquqi baxışların yayılması, digər tərəfdən isə bütün xalqların milli-mənəvi xüsusiyyətlərinə hörmət bəslənilməsi üçün yaxşı zəmin olacaqdır. Mən bu mötəbər təşkilatın gələcək inkişafı və möhkəmlənməsində öz ölkəmin xüsusi rolunu və məsuliyyətini bunda görürəm”.

Həm bu çıxışında, həm Milli Məclisin Strasburqa gedəcək nümayəndə heyəti ilə görüşdə, həm də Azərbaycan Respublikasının AŞ-yə üzv qəbul edilməsi ilə əlaqədar təntənəli mərasimdə çıxışları zamanı Heydər Əliyev bu qurumla ölkəmiz arasındakı qarşılıqlı münasibətlərin əsas istiqamətlərini müəyyənləşdirdi. Təbii ki, bu çıxışda qeyd edilən məsələlər AŞ PA-da fəaliyyət göstərəcək Azərbaycanın nümayəndə heyəti üçün bir fəaliyyət proqramı idi.

Respublikamızın təşkilatda öz mövqeyini lazımi səviyyədə əsaslandırması, qərəzli təzyiqləri dəf etməsi, ən əsası, üzləşdiyi problemləri bu mötəbər tribunadan qətiyyətlə bəyan etməsi üçün Azərbaycan nümayəndə heyətinə məhz Avropanın siyasi leksikonuna bələd olan yüksək intellektli, siyasi-iqtisadi bilgiləri dərindən mənimsəmiş, praqmatik təfəkkürlü siyasətçi rəhbərlik etməli idi. bu seçimdə diqqət, istisnasız olaraq böyük siyasətdə özünü tam təsdiqləmiş cənab İlham Əliyevin üzərində dayandı. Azərbaycan nümayəndə heyətinin müxtəlif siyasi baxışlı üzvlərini qısa müddətdə monolit komandaya çevirməyi bacaran cənab İlham Əliyev AŞ PA-da ermənilərə qarşı effektiv əks-hücumun təşkilinə nail oldu. Bu məsələyə xüsusi önəm verilməsi təsadüfi deyildi - Ermənistanın təcavüzü ilə üzləşmiş Azərbaycan erməni faşizminin gerçək mahiyyətini dünyaya açıb göstərmək üçün bu mötəbər təşkilatın tribunasından maksimum yararlanmağa çalışırdı.

Təsadüfi deyil ki, cənab İlham Əliyevin ardıcıl səyləri nəticəsində nümayəndə heyətimiz tərəfindən elə ilk sessiyadan başlayaraq, Ermənistanın işğalçılıq siyasəti uğurla avropalıların diqqətinə çatdırıldı. 24-27 aprel 2001-ci ildə AŞ PA-nın sessiyası zamanı Azərbaycan Respublikasının nümayəndə heyəti cənab İlham Əliyevin rəhbərliyi ilə ilk dəfə olaraq, bu qurumun iclasında tamhüquqlu üzv kimi iştirak etdi. Sessiya zamanı 9 ölkə və AŞ PA-da fəaliyyət göstərən 5 siyasi qrupu təmsil edən 29 nümayəndə tərəfindən imzalanmış “Ermənilər tərəfindən azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımının tanınması” adlı yazılı bəyanat və 14 ölkəni təmsil edən 20 nümayəndə tərəfindən imzalanmış “Ermənistan və Dağlıq Qarabağda saxlanılan müharibə əsirləri və girovları” adlı tövsiyə üçün təklif AŞ PA-nın rəsmi sənədləri qismində yayıldı. Göstərilən sənədlərdə ermənilər tərəfindən Xocalı əhalisinin tamamilə qətlə yetirilməsi, Ermənistan tərəfindən Azərbaycan ərazisinin 20 faizinin işğal edilməsi, Ermənistan və işğal edilmiş Azərbaycan torpaqlarında uşaq, qadın və yaşlı insanların da daxil olduğu 783 azərbaycanlı girovun saxlanılması faktı və digər vacib məsələlər xüsusi vurğulandı.

Həmin dövrdə nümayəndə heyətimizə rəhbərlik edən cənab İlham Əliyev diplomatik ustalığı, səmimi ünsiyyət qurmaq bacarığı, işgüzarlığı, insanları inandırmaq səriştəsi ilə bütövlükdə AŞ PA-nın yüksək reytinqli parlamentarlarından biri kimi tanındı. Bu etimadın yüksək nəticəsi olaraq, 2003-cü il yanvar ayının 27-də cənab İlham Əliyevin AŞ PA-nın sədr müaviniBüro üzvü seçilməsi Azərbaycanın təşkilat çərçivəsində əldə etdiyi ən böyük uğurlardan idi. Bu, ölkəmizin Avropa Şurası ilə əlaqələrinin kifayət qədər yüksək səviyyədə inkişaf etdiyini, nümayəndə heyətimizə, xüsusən cənab İlham Əliyevə böyük rəğbətin mövcudluğunu təsdiqləyən mühüm hadisə oldu. Yeri gəlmişkən, sonrakı mərhələdə cənab İlham Əliyevin AŞ PA-nın fəxri üzvü seçilməsi və xüsusi medalla təltif olunması da böyük fərəh, qürur doğuran hadisə idi.

Prezident İlham Əliyev Azərbaycanın Avropa Şurasına üzv olmasının tarixi əhəmiyyətindən danışarkən demişdir: “Bu, ölkəmiz üçün böyük nailiyyətdir. Təkcə ona görə yox ki, biz orada öz sözümüzü deyək, halbuki bu da çox vacibdir. Azərbaycan üçün belə bir tribuna, belə bir kürsü lazım idi ki, biz orada sübutlarla, dəlillərlə erməni işğalçılarını ifşa edə bilək. Avropa Şurası bu məqsəd üçün çox münasib bir yerdir”.

Cənab İlham Əliyevin nümayəndə heyətinin rəhbəri olduğu qısa müddətdə AŞ PA-da Azərbaycan həqiqətlərini təcəssüm etdirən 30-dək sənədin hazırlanmasına və qəbuluna nail olunub. Azərbaycan nümayəndə heyətinin təşkilat çərçivəsindəki çoxşaxəli fəaliyyətinin əsas qayəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl səbəbləri barədə beynəlxalq ictimaiyyəti məlumatlandırmaq idi. Və o dövrün nəticələri bu məqsədin uğurla reallaşdırıldığını söyləməyə ciddi əsaslar yaradır. AŞ PA-nın 2005-ci ilin yanvarında keçirilmiş qış sessiyasında Ermənistanın təcavüzkar dövlət kimi tanınması da bunun əyani təsdiqidir.

Avropa Şurasına üzvlük Azərbaycanın müasir xarici siyasətinin uğurlarını özündə əks etdirən hadisələrdən biridir. Bu hadisə o dövrdə ölkəmizin beynəlxalq birlikdəki yerinin daha da möhkəmlənməsi baxımından yeni mərhələnin başlanğıcı oldu. Artıq 15 ildir ki, Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvü kimi beynəlxalq məsələlərdə yaxından iştirak edirzaman-zaman üzləşdiyi ədalətsizlikləri və ikili standartları inamla dəf edərək özünün haqq səsini bu tribuna vasitəsilə dünyaya çatdırır.

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan. - 2016.- 24 yanvar.- S. 3.