Azərbaycanın
Baş naziri ATƏT Parlament Assambleyasının nümayəndə
heyəti ilə görüşüb
Yanvarın
25-də Azərbaycan Respublikasının Baş naziri Artur
Rasizadə ATƏT Parlament Assambleyası sədrinin müavini
Georgi Seretelinin başçılıq etdiyi nümayəndə
heyəti ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, son illər xeyli inkişaf etmiş Azərbaycan iqtisadiyyatının ölkə əhalisinin sosial problemlərinin həllində, habelə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı mühüm rola diqqəti çəkən Baş nazir Artur Rasizadə ölkəmizin bütün beynəlxalq qurumlarla, o cümlədən ATƏT-lə əməkdaşlığa açıq olduğunu xatırladıb. Xüsusən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişə nail olmaq üçün səylərin daha da artırılmasının və real addımlar atılmasının vacibliyini nəzərə çatdıran Baş nazir bütün regionun inkişafına mənfi təsir göstərən bu münaqişənin həllinin uzanmasında Ermənistanın tutduğu qeyri-səmimi və qeyri-konstruktiv mövqeyin ATƏT rəhbərliyi tərəfindən nəzərə alınmasının zəruriliyini qeyd edib. Baş nazir Dağlıq Qarabağ probleminin həllində beynəlxalq təşkilatlar tərəfindən ikili yanaşmanın olduğunu da təəssüflə bildirib.
Ölkəmizə səfərin məqsədi barədə Baş nazirə ətraflı məlumat verən ATƏT Parlament Assambleyasının sədr müavini Georgi Sereteli Azərbaycanın Avropa üçün çox mühüm ölkələrdən biri olduğunu vurğulayıb. Eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin uzanmasından, xüsusən son dövrlər cəbhə xəttində gərginliyin artmasından narahatlığını ifadə edən qonaq ATƏT-in Azərbaycanla əlaqələrində münasibətlərin daha da təkmilləşdiriləcəyinə və qarşılıqlı faydalı əməkdaşlığın uğurla davam etdiriləcəyinə ümid bəslədiyini vurğulayıb.
Görüşdə Avropa
dəyərləri kontekstində mövcud
problemlərə yeni yanaşmanın zəruriliyi
və digər aktual məsələlər
ətrafında geniş fikir
mübadiləsi aparılıb.
AZƏRTAC
Azərbaycan. - 2016.-26 yanvar.- S.3.