ATƏT PA-nın nümayəndə heyəti ilə görüş

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT Parlament Assambleyası sədrinin müavinləri Georgi Tseretelinin və Kent Harstedtin başçılıq etdiyi, ATƏT PA-nın baş katibi Roberto Montellanın daxil olduğu nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə ATƏT PA ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf etdirilməsinin yolları müzakirə olunub, tərəflər arasında konstruktiv dialoqanlaşma ruhunda yeni mərhələdə əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb.

Söhbət zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesi haqqında fikir mübadiləsi aparılıb. Münaqişənin regional sülh və təhlükəsizlik üçün başlıca təhdid olduğu qeyd edilib.

Nazir Elmar Məmmədyarov beynəlxalq hüququn prinsipləri və BMT Nizamnaməsinə uyğun olaraq, münaqişənin həlli ilə əlaqədar bütün beynəlxalq təşkilatların töhfələrinin və rolunun təqdir edildiyini bildirib. O, ərazi bütövlüyünün pozulması kimi həssas və ciddi məsələnin beynəlxalq təşkilatların gündəliyinə çıxarılmasının hər bir dövlətin suveren hüququ olduğunu nəzərə çatdırıb.

Nazir ATƏT-in Minsk qrupunun həmsədrləri və bütün beynəlxalq ictimaiyyətin mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı olması faktını qəbul etdiyini deyib. O, münaqişənin həllində irəliləyişə nail olmaq üçün Ermənistan silahlı qüvvələrinin işğal edilmiş bütün Azərbaycan ərazilərindən çıxarılmasının zəruriliyini bildirib. E.Məmmədyarov güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu vurğulayıb.

Parlament diplomatiyasının əhəmiyyətini xüsusi qeyd edən nazir ölkəmizin bu istiqamətdə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb.

ATƏT Parlament Assambleyasının sədri İlkka Kanervanın xəstəliyi ilə bağlı Azərbaycana səfər edə bilməməsini təəssüflə qeyd edən Georgi Tsereteli 2014-cü ildə ATƏT PA-nın Bakıda illik sessiyasının yüksək səviyyədə keçirildiyini məmnunluqla xatırlayıb və Azərbaycanın fəal surətdə ATƏT PA-nın işinə töhfə verdiyini qeyd edib.

Görüşdə Azərbaycan və ATƏT PA arasında əlaqələrin inkişaf perspektivləri, ATƏT-in gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Azərbaycan. - 2016.-26 yanvar.-  S.3.