Azərbaycanda tolerantlıq xalqın milli-mənəvi dəyəridir

 

Bəşər tarixi göstərir ki, müxtəlif dünyagörüşə, milli-mənəvi irsə, dini-sakral baxışlara malik xalqlar bir-biri ilə dil tapmağa, ortaq mədəni dəyərləri bölüşməyə, sivil dialoq qurmağa çalışmışlar. Məhz bu nəcib təşəbbüslərin nəticəsi kimi dünyanı sarsıdacaq bir çox fəlakətlərin, müharibə və toqquşmaların qarşısı alınmış, sivilizasiyaların yaxınlaşması və tolerant düşüncə tərzinin güclənməsi insanlığın mənəvi yüksəlişinə, nicatına xidmət etmişdir. Fərqli mədəniyyətlər, dünyagörüşlər arasında ortaq təmas nöqtələrinin tapılması bu gün də qloballaşan dünyada sülhün, sabitliyin, əmin-amanlığın və dinc-yanaşı yaşamanın vacib amili kimi çıxış edir.

Sivilizasiyaların dialoqu və tolerant düşüncə tərzi, cəmiyyətin tarixi inkişafının nəticəsi, müxtəlif mədəniyyət və lokal insan birliklərinin birgə yaşayışı nəticəsində əldə olunmuş tarixi nailiyyət olaraq demokratik cəmiyyətin, mədəniyyətlərarası münasibətlərin təməl prinsiplərindəndir. Tarixən başqa millətlərə və səmavi dinlərə, fərqli mədəniyyətlərə dözümlü yanaşması ilə seçilən Azərbaycanda tolerantlıq xalqın milli-mənəvi dəyərlərindən, düşüncə sistemindən qaynaqlanır.

Ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra cəmiyyətdə dini, milli, etnik münasibətlərin yüksək səviyyədə tənzimlənməsi, vicdan azadlığının bərqərar olması naminə ardıcıl tədbirlər həyata keçirmiş, xalqın milli təhlükəsizlik maraqları baxımından bu sahəyə daim xüsusi diqqətlə yanaşmışdır. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyada hər bir vətəndaşın vicdan azadlığı birmənalı təsbit edilmişdir. Əsas Qanunun 48-ci maddəsində göstərilir ki, hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqat etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Dini mərasimlərin icrası ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyilsə, sərbəstdir.

Xüsusi vurğulamaq lazımdır ki, 2009-cu il martın 18-də keçirilmiş referendum nəticəsində Azərbaycan Respublikası Konstitusiyasının 18-ci və 48-ci maddələrinə edilmiş əlavə və dəyişikliklər vətəndaşların vicdan azadlığının daha dolğun və keyfiyyətli təminatından irəli gəlmişdir. 18-ci maddəyə edilmiş əlavədə insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dini ayinlərlə yanaşı, dini cərəyanların da yayılması və təbliği qadağan edilmişdir. Bu dəyişiklik Azərbaycanda qeyri-ənənəvi dinlərin və dini cərəyanların yayılmasına qarşı etibarlı hüquqi zəmin hazırlamaq məqsədi daşıyır. 48-ci maddəyə edilmiş dəyişikliyə görə isə, “Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz”. Hər iki dəyişiklik ölkədə dini tolerantlığın gücləndirilməsinə, bu sahədə insan hüquqlarına etibarlı təminat mexanizmlərinin formalaşdırılmasına xidmət edir.

Əhalisinin 96 faizinin müsəlman olmasına baxmayaraq, Azərbaycan dövləti islamla yanaşı, digər dinlərə də eyni dərəcədə həssaslıq və qayğı ilə yanaşır. Müstəqillik illərində ölkədə məscidlərlə yanaşı, kilsələr, sinaqoqlar inşa edilmiş və ya təmir olunaraq insanların xidmətinə verilmişdir. Bundan əlavə, qəbul edilən qanunlar və normativ-hüquqi aktlar bütövlükdə dini etiqad azadlığını təmin etməklə bu sahədə yarana biləcək problemlərin həllinə, dövlət-din münasibətlərinin qanun çərçivəsində tənzimlənməsinə hüquqi əsaslar yaradır.

Qloballaşma dövründə xalqlararası və mədəniyyətlərarası dialoqu inkişaf etdirmək, bütün insanların gələcəyi naminə mədəniyyətlərin, dinlərin qarşılıqlı dialoquna nail olmaq bu gün də dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Prezident İlham Əliyev dövlətə rəhbərlik etdiyi ilk gündən azsaylı xalqlara, milli-dini azlıqların nümayəndələrinə həssaslıqla yanaşmış, onların problemlərinin həlli üçün lazımi tədbirlər həyata keçirmişdir. Dövlət başçısı bütün milli və dini azlıqların birgə yaşayışı üçün kifayət qədər tolerant mühitin olduğunu bildirmişdir: “Azərbaycanda müxtəlif dinlərə mənsub olan insanlar vahid ailə kimi yaşayırlar. Bu, bizim ən böyük sərvətimizdir və xalqımızın gündəlik həyatıdır”.

Ölkəmizdə mövcud olan etnik-dini tolerantlıq hazırda bəzi inkişaf etmiş ölkələrə örnək göstərilir. İnsan hüquqları üzrə ixtisaslaşmış beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanda dinlərarası münasibətlərin yüksək səviyyədə olduğu, dini azlıqların maraqlarının qorunduğu razılıqla bildirilir.

Bütün bunlarla yanaşı, açıq demək lazımdır ki, son illər islami dəyərlərin təbliğində bəzi hallarda ifratçılığa yol verilməsi, dini ayinlərin qəlbən, ruhən dərk etmədən imitasiya və görüntü naminə kor-koranə icra edilməsi nəticə etibarilə bu dəyərlərin mənəvi-əxlaqi təsir gücünün zəifləməsinə, kənar qüvvələrin təhriki ilə ekstremist meyillərin güclənməsinə gətirib çıxarır.

Bu baxımdan son illər Suriya və İraq ərazisinin bir hissəsini işğal edən, mütəşəkkil silahlı birləşmələr formalaşdıran, hegemon dövlətlərin “layihə”si olduğu bildirilən İŞİD terrorçu təşkilatını xüsusi qeyd etmək lazımdır. İnsanlığa qarşı ən dəhşətli, görünməmiş cinayətlər törədən bu qruplaşma dünyanın ən müxtəlif ölkələrində, təəssüflər olsun ki, Azərbaycanda da özünə tərəfdarlar tapır. Son vaxtlar Azərbaycanın onlarla vətəndaşının qeyri-qanuni yolla Suriyaya getməsi və İŞİD-in sıralarında vuruşması, onların Azərbaycana qayıtmış müəyyən bir qisminin həbs olunması deyilənləri bir daha sübut edir. Əlbəttə, islam dini terrora haqq qazandırmadığı kimi, terrorçunun da dini və milləti olmur. Lakin ümumilikdə baş verənlər ölkəmizin milli təhlükəsizliyi baxımından dini sahədə dövlət tənzimlənməsini, qanunvericiliyin təkmilləşdirilməsini, bu sahədə hüquqi, siyasi və ideoloji təsir metodlarından, maarifləndirmə tədbirlərindən geniş istifadəni zərurətə çevirir.

Sirr deyil ki, bu gün cəmiyyətdə din pərdəsi altında müəyyən xarici dövlətlərin geosiyasi maraqlarının ifadəçisinə çevrilən, cəmiyyətdə xaos və kataklizmlərin yaranmasına çalışan pozucu qüvvələr fəaliyyət göstərir. Dinin həqiqi mahiyyətini dərk etməyən, iradəcə zəif insanların belə qüvvələrin təsiri altına düşməsinin dəfələrlə əyani şahidi olmuşuq. Zəruri elmi-dini biliklərə yiyələnməyən, dərk edilmiş məsuliyyət hissi olmayan hansısa savadsız gəncin dəb, vərdiş və yaxud da məcburetmə kimi mənfi stereotiplərin təsiri altında islama bağlılıq görüntüsü yaratmaq cəhdləri uğursuz olduğu qədər də arzuolunmaz haldır.

Bir müddət əvvəl Bakının Nardaran qəsəbəsində baş vermiş xoşagəlməz hadisələr dini ekstremizmin nəinki vətəndaşların, ümumən dövlətin təhlükəsizliyinə ciddi təhdid olduğunu bir daha təsdiqlədi. Din pərdəsi altında gizlənib xarici dairələrin təsir altında olan ekstremist qruplaşmanın dövlətə, onun qanunlarına açıq-aşkar itaətsizlik nümayiş etdirməsi qəsəbədə sabitləşdirici tədbirlərin görülməsini zəruri etmişdi. Daxili İşlər Nazirliyinin həyata keçirdiyi çevik tədbirlər nəticəsində Nardaranda dövlətə qəsd yolu tutan, onun konstitusion quruşulunu dəyişdirməyə can atan, insanların iradəsinə zorla təsir göstərməyə çalışan bu qrup zərərsizləşdirilmiş, burada sağlam ab-hava, qanunun aliliyi təmin olunmuşdur.

Sözügedən məsələdə dini maarifləndirmə işlərinin aparılması, dövlət siyasətinin təbliği də mühüm əhəmiyyət kəsb edir. Məhz bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu xüsusi tədbirlər planı hazırlamış, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayevin təşəbbüsü ilə bu il Nardaran qəsəbəsində Bilik Evinin açılması planlaşdırılmışdır.

2015-ci il dekabrın 25-də “Dini ekstremizmə qarşı mübarizə haqqında qanun qəbul edilmişdir. Dövlətimizin indiyədək qoşulduğu bir sıra beynəlxalq konvensiyalar, qəbul etdiyi qanunlar da terrorçuluğun və ekstremizmin bütün təzahürlərinə qarşı mübarizəni nəzərdə tutur. Azərbaycan Respublikası həmçinin terrorizmə qarşı mübarizə sahəsində 10 Avropa sənədinə imza atmışdır.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-cü maddəsində terrorçuluğa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin maddədə birmənalı şəkildə göstərilir ki, terrorçuluq cinayətinin bilavasitə obyekti ictimai təhlükəsizlik, əlavə obyekti isə vətəndaşların mülkiyyəti, həyatı və sağlamlığı, əmlak və siyasi mənafeləri və sairdir. Cinayətin obyektiv cəhəti ictimai təhlükəsizliyi pozmaq, əhali arasında xof yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər hərəkətlər törətmədə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmədə ifadə olunur.

“Dini ekstremizmə qarşı mübarizə haqqında” qanunun qəbulu da ölkəmizdə dini ekstremizmə qarşı mübarizənin hüquqi və təşkilati əsaslarını müəyyən etmək, dini ekstremizm əleyhinə mübarizəni həyata keçirən dövlət orqanlarının və vətəndaşların hüquq və vəzifələrini müəyyənləşdirmək məqsədindən irəli gəlmişdir. Qanunun birinci fəslinin birinci maddəsində əsas anlayışların izahı verilmişdir. Burada göstərilir ki, dini ekstremizm (dini ekstremist fəaliyyət) dedikdə dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində Azərbaycan Respublikası Konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, yaxud hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərin törədilməsi, qanunsuz silahlı birləşmələrin və ya qrupların yaradılması, həmin birləşmə və ya qruplarda iştirak edilməsi, terror fəaliyyətinin həyata keçirilməsi, Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak edilməsi, milli, sosial və ya dini nifrətin salınması, milli ləyaqətin alçaldılması, milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlərin törədilməsi, şəxsin hər hansı dinə (dini cərəyana) etiqad etməyə, o cümlədən dini ayin və mərasimləri yerinə yetirməyə və ya dini ayin və mərasimlərdə iştirak etməyə, habelə dini təhsil almağa məcbur edilməsi və s. başa düşülür.

Qanunun müsbət cəhətlərindən biri də dini ekstremizmin maliyyələşdirilməsinin dini ekstremist fəaliyyət kimi qiymətləndirilməsidir. Dünya təcrübəsi göstərir ki, maliyyə qaynaqlarının işə salınması nəticəsində ayrı-ayrı insanlar, insan qrupları doğru yoldan yayınaraq ekstremist qruplara qoşulmaq məcburiyyətində qalırlar. Bu nöqteyi-nəzərdən dini ekstremizmi maliyyələşdirən şəxslərin məsuliyyətə cəlb edilməsi üçün əsasların yaradılması tamamilə təbiidir.

Qanunun 4-cü maddəsində dini ekstremizmə qarşı mübarizə zamanı qanunçuluğun təmin edilməsi, dini ekstremizmə görə cəzanın labüdlüyü kimi prinsiplər əsas götürülməklə insan hüquq və azadlıqları ön plana çəkilir. Şübhəsiz, dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyatlar zonasında xüsusi rejimin tətbiqi son dərəcə zəruridir. Zonada müvafiq icra hakimiyyəti orqanları nəqliyyat vasitələrinin və piyadaların hərəkətlərini müvəqqəti məhdudlaşdıran və ya qadağan edən tədbirləri tətbiq etmək, ərazinin müəyyən sahələrinə və obyektlərə nəqliyyat vasitələrini buraxmamaq, fiziki şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər olmadan onların günün müəyyən edilmiş vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmalarını qadağan etmək, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan şəxslərin qanuni tələblərinə mane olmağa yönəlmiş hərəkətlər törədən şəxsləri tutmaq, habelə müqavimət göstərən ekstremistləri zərərsizləşdirmək hüququna malikdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zamanı bu mübarizədə iştirak edən şəxs dini ekstremistlərin həyatına, sağlamlığına və ya əmlakına vurulmuş ziyana görə məsuliyyət daşımır.

Dini ekstremizmə qarşı mübarizə zamanı iştirakçılar tərəfindən qanunun tələblərinə əməl edilməlidir. Qanunun 12-ci maddəsində dini ekstremizmə qarşı mübarizənin həyata keçirilməsində qanunların icrasına nəzarətin Azərbaycan Respublikasının baş prokuroru tərəfindən şəxsən və ya onun tərəfindən müvəkkil edilmiş prokuror tərəfindən həyata keçirilməsi də məhz bu məqsədə xidmət etməklə insan hüquq və azadlıqlarının hər şeydən üstün tutulmasına, qanunun demokratik ruhuna dəlalət edir.

“Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu ilə bağlı bir sıra digər qanunlara da əlavə və dəyişikliklər edilməsi zərurəti yaranmışdı. Belə ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa da bəzi əlavə və dəyişikliklər edilmişdir. Qanunun 21-ci maddəsinin adı dəyişdirilərək “Dini ayinlər, mərasimlər və atributlar” adlandırılmışdır. Həmin maddənin 3-cü hissəsinin yeni redaksiyasına görə, islam dininə aid ayin və mərasimlərin aparılması yalnız Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilər. Xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşlarına islam dininə aid ayin və mərasimlərin aparılması qadağandır. Qanunun bu tələblərinin pozulması Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əlavə edilmiş “Dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozma” adlanan 168-1-ci maddəyə əsasən, cinayət məsuliyyəti yaradır.

“Dini etiqad azadlığı haqqında” qanunun 21-ci maddəsinə edilmiş 7-ci hissəyə görə isə ibadətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların və digər dini atributların (şəxsin üstündə gəzdirdiyi dini atributlar istisna olmaqla) nümayiş etdirilməsi qadağandır. Dini bayraqlar yalnız ibatədgahların, dini mərkəz və idarələrin qapalı yerlərində yerləşdirilə bilər. Bu yenilik gəncləri dini görünüş uydurmaqla dini ekstremizmə cəlbetmə hallarının qarşısının alınmasına xidmət edir.

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna edilən dəyişiklikləri də xüsusi qeyd etmək lazımdır. Qanunun Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi adlanan 18-ci maddəsinə edilmiş əlavələrə görə, terror fəaliyyətində iştirak və ya Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlərin həyata keçirilməsi, eləcə də Azərbaycan Respublikası vətəndaşının dini ekstremist fəaliyyətdə iştirakı, dini düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlərin icrası adı altında xarici dövlətdə silahlı münaqişədə iştirak etməsi və ya həmin münaqişəyə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə sabit qrup yaratması, habelə Azərbaycan Respublikası vətəndaşının dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsinin əsası kimi çıxış edir.

Dini ekstremizm fəaliyyəti ilə məşğul olan şəxsin zərərsizləşdirilməsi ilə bağlı “Polis haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklərin edilməsi də obyektiv reallıqlarla şərtlənir. Qanunun “Polis tərəfindən fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tətbiqi” adlanan 26-cı maddəsinə əlavə edilmiş 5.1-ci bənddə göstərilir ki, terrorçuluq və ya dini ekstremizm, yaxud dövlətin konstitusion quruluşunun zorla dəyişdirilməsi ilə bağlı cinayətlərin qarşısı alındıqda polis əməkdaşları tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada odlu silah tətbiq edilə bilər.

Ümumilikdə, dini ekstremizmlə mübarizəni inzibati tədbirlərlə, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi ilə məhdudlaşmaq düzgün olmazdı. Şübhəsiz, bunun üçün qeyri-hökumət təşkilatlarının, eləcə də kütləvi informasiya vasitələrinin geniş imkanlarından istifadə edilməlidir. Bu işdə yerli özünüidarəetmə orqanları, fiziki və mülkiyyət formasından asılı olmayaraq, hüquqi şəxslər də dövlət orqanlarına kömək etməlidirlər.

Xüsusilə vurğulamaq istərdik ki, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ictimai həyatın bir çox sahələri kimi, dini maarifləndirmə sahəsində də fəal təbliğat işi aparır. Bu istiqamətdə icra olunan layihələri dəyərləndirmək məqsədilə fondda elmi biliklərin müxtəlif sahələri üzrə tanınmış alimlərdən və təcrübəli mütəxəssislərdən ibarət Məşvərət Şurasının yaradılması qərara alınmışdır. Şuranın nəzdində hüquqşünas alimlərdən və təcrübi işçilərdən ibarət hüquq komissiyası da yaradılacaq. Bu komissiyanın əsas vəzifəsi qanunların sadə dillə xalqa izah edilməsindən ibarət olacaq. Hər bir şəxs onu maraqlandıran problemlərin qanuni yolla həlli üçün Bilik Fondunun internet saytı vasitəsilə fasiləsiz olaraq mütəxəssislərə müraciət etmək imkanı əldə edəcəklər. Bu müraciətlər videogörüntülərlə tanınmış hüquqşünaslar tərəfindən cavablandırılacaq.

Bu gün Azərbaycanda dini dəyərlərin düzgün dərk edilməsi, həm də milli-mənəvi dəyərlərə qayıdışdan, milli identiklikdən keçir. Milli özünüdərk vətənə, milli mədəniyyətə, doğma dilə məhəbbət, milli dəyərlərə sadiqlik, milli qürur hissinə sahiblik və ümumi maraqları dərk etmək deməkdir. Milli özünüdərk olmadan adət-ənənələrin, milli etiketin, milli xarakterin əsas cizgilərinin qorunub saxlanması, nəsildən-nəsilə ötürülməsi mümkün deyildir. Milli ruh keçmiş və gələcəyi bir-birinə sıx bağlayan, zaman və məkan dəyişkənliyində sabit modelləri qoruyan elə bir vacib amildir ki, onsuz Azərbaycan insanının dinin əsl mahiyyətini dərk etməsi mümkün deyildir. Bu mənada, Prezident İlham Əliyevin milli mədəniyyətin, mənəvi-dini dəyərlərin qorunub saxlanması, inkişaf etdirilərək gələcək nəsillərə çatdırılması ilə bağlı siyasəti müasir dövrün reallıqları ilə şərtlənir.

 

İsaxan VƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti yanında

Bilik Fondunun aparat rəhbəri, hüquq elimləri doktoru,

professor

 

Azərbaycan.- 2016.- 26 yanvar.- S.6.