İƏT-ə üzv ölkələrin Parlamentlər İttifaqının konfransında Xocalı soyqırımına dair qətnamə qəbul edilib

 

İraqın paytaxtı Bağdadda işini yekunlaşdıran İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Parlamentlər İttifaqının (Pİ) 11-ci konfransında “İslam Konfransı Gənclər Forumu ilə İƏT Pİ arasında əməkdaşlıq” adlı qətnamə yekdilliklə qəbul edilib. Qətnamə iki qurum arasında Xocalı soyqırımının tanıdılması istiqamətində əməkdaşlığı nəzərdə tutur.

İKGF media mərkəzindən AZƏRTAC-a bildiriblər ki, 54 ölkənin parlament nümayəndələri tərəfindən qəbul edilmiş qətnamənin müvafiq bəndində Heydər Əliyev Fondunun vitse-prezidenti, İKGF-nin Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyeva tərəfindən irəli sürülmüş “Xocalıya ədalət!” beynəlxalq informasiya kampaniyasına dəstək ifadə edilir. Sənəddə Xocalı faciəsi soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanınır. Qətnamədə, həmçinin Xocalı soyqırımını törədən cinayətkarların cəzalandırılması üçün İƏT-ə üzv ölkələrin parlamentlərini zəruri addımların atılmasına çağıran müddəa öz əksini tapıb.

Xatırladaq ki, “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası 2009-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İKGF-nin Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başlayıb və hazırda 50-dən artıq ölkədə həyata keçirilir. Kampaniya nəticəsində Xocalı qətliamı dünyanın bir sıra ölkələrinin parlamentləri, həmçinin İƏT Xarici İşlər Nazirləri Şurası və İƏT Parlament İttifaqı tərəfindən soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanınıb.

 

Azərbaycan. - 2016.- 26 yanvar.- S.7.