Davosda Azərbaycanın qaz layihələri də diqqət mərkəzində oldu

 

Hər il olduğu kimi, bu dəfə də Davos Dünya İqtisadi Forumunda Azərbaycana böyük maraq göstərilib. Ümumiyyətlə, bu forumda iştirak edən ölkələr Azərbaycanın dünya siyasiiqtisadi sistemindəki rolunu yüksək dəyərləndirirlər. Təbii ki, Davos görüşlərində Azərbaycanın iqtisadiyyatına aid digər məsələlərlə yanaşı,  diqqəti çəkən həm də ölkəmizə məxsus enerji ehtiyatlarıdır.

Bu il yanvarın 20-dən 22-dək keçirilən 46-cı Davos Forumunda Azərbaycanın həyata keçirdiyi qaz layihələri də diqqət mərkəzində olub. Prezident İlham Əliyevin bir sıra dövlət və hökumət başçıları ilə, nazirlərlə, dünyanın tanınmış şirkətlərinin və digər qurumlarının rəhbərləri ilə görüşlərinin əksəriyyətində bu barədə də fikir mübadiləsi aparılıb.

Məlum olduğu kimi, Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində çıxarılacaq mavi yanacağı Avropaya  3500 kilometrlik “Cənub” qaz dəhlizi çatdıracaq. Üç mühüm kəmərdən ibarət olan bu dəhliz öz başlanğıcını Bakı yaxınlığındakı Səngəçal qəsəbəsindən götürəcək və bir sıra ölkələrin ərazisindən, o cümlədən Adriatik dənizinin altından keçərək İtaliyaya çatacaq. Odur ki, bu layihəyə qaz istehlakçılarının, tranzit ölkələrin, eləcə də “Şahdəniz”in işlənməsində, layihənin maliyyələşdirilməsində və tikinti sahələrində  iştirak edən  şirkətlərin və digər qurumların marağı təbiidir.

Azərbaycan Prezidenti İlham Əliyevin və İsveçrə Prezidenti Yohan Şnayder-Ammanın görüşündə də bu barədə söhbət gedib. İki ölkə arasında siyasi, iqtisadi, enerji, sərmayə qoyuluşu, nəqliyyat sahələrində səmərəli əməkdaşlığın olduğu vurğulanıb. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolu xüsusi qeyd olunub.

Forumda Prezident İlham Əliyev Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviçlə də görüşüb. Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində  əməkdaşlığın səviyyəsindən  məmnunluq ifadə edilib. Qeyd olunub ki, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın önəmli rolu var. Bu baxımdan “Cənub” qaz dəhlizi mühüm əhəmiyyət daşıyır və layihə uğurla reallaşdırılır. Onun həyata keçirilməsinə Avropa Komissiyasının tam dəstək göstərdiyi vurğulanıb.

Davos Forumu çərçivəsində Prezident İlham Əliyev BP şirkətinin baş icraçı direktoru Robert  Dadli ilə də  görüşüb. Görüşdə “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarının işlənməsi barədə söhbət gedib. Eləcə də  Abşeron  yarımadasının dayazsulu hissəsində geoloji kəşfiyyatın aparılması sahəsində işlərin uğurla davam etdirildiyi vurğulanıb, Azərbaycanla bu şirkətin əməkdaşlığının yüksək səviyyədə olduğu bildirilib.

“Şahdəniz” layihəsinin digər iştirakçısı Rusiyanın “LUKoyl” şirkətidir. Layihədən şirkətin rəhbəri Vahid Ələkbərovla görüşdə də ətraflı bəhs olunub. Qeyd edilib ki, “LUKoyl” 20 ildən çoxdur Azərbaycanda fəaliyyət göstərir və burada etibarlı tərəfdaş kimi tanınır. SOCAR və  LUKoyl” arasındakı əməkdaşlıq artıq yeni sahələri əhatə edir. Söhbət zamanı Azərbaycan Prezidenti İlham Əliyev və “LUKoylun prezidenti yeni  əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Fransanın “Total” şirkəti də uzun illərdir Azərbaycanın karbohidrogen yataqlarının işlənməsi və ixracı layihələrində iştirak edir. Davosda Prezident İlham Əliyevin “Total”ın baş icraçı direktoru Patrik Puyanne ilə görüşündə bu barədə söhbət gedib. Azərbaycan və “Total” arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib. “Abşeronqaz yatağının işlənilməsi və digər layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Lazard Avropa” şirkəti “Cənub” qaz dəhlizi layihəsinin maliyyələşdirilməsi  üzrə ölkəmizin maliyyə məsləhətçisidir. Prezident İlham Əliyevin bu şirkətin vitse-prezidenti Metyu Piqasla görüşündə Azərbaycan ilə “Lazard Avropa” arasında işgüzar münasibətlər müzakirə edilib, potensial əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. M.Piqas Azərbaycanın yüksək reytinqə malik olduğunu  bildirib. O qeyd edib ki, Azərbaycanda aparılan islahatlar ölkənin imicinə yaxşı təsir edir və nəticədə əlavə maliyyə resurslarının  cəlb olunması imkanlarını genişləndirir. 

Davos görüşləri Azərbaycanın sosial-iqtisadi inkişafının dünyanın diqqət mərkəzində olduğunu, ölkəmizin həyata keçirdiyi qlobal layihələrin yüksək dəyərləndirildiyini bir daha təsdiqlədi. Azərbaycanın etibarlı tərəfdaş olduğu dönə-dönə vurğulandı.

 

Flora SADIQLI,

 

Azərbaycan.- 2016.- 28 yanvar.- S. 4.