Azərbaycan beynəlxalq tranzit mərkəzinə çevrilir

 

Müasir dövrdə ölkələr arasında əlaqələrin məzmunu keyfiyyətcə yeni dəyişikliklərə məruz qalsa da, ticariiqtisadi dəhlizlərin əhəmiyyəti öz aktuallığını daim qoruyub saxlayır. Təsadüfi deyil ki, hazırda dünyanın hər yerində sərnişin və beynəlxalq yükdaşımaları sahəsində ciddi rəqabət var. Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas məqsədlərdən biri də ölkəmizin tranzit mərkəzinə çevrilməsini tam təmin etməkdir.

Azərbaycanın nəqliyyat sisteminin əsas qollarından olan dəmir yolu nəqliyyatı indi özünün sürətli inkişaf mərhələsindədir. Bu yüksəliş, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu düşünülmüş və uzaqgörən iqtisadi siyasət sayəsində mümkün olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən yeni iqtisadi siyasət, müasir islahatlar isə respublikamızın dinamik inkişafına yol açıb. Bu siyasətə uyğun olaraq bütün sahələrdə olduğu kimi, dəmir yolu nəqliyyatında da irihəcmli layihələr reallaşdırılır, beynəlxalq aləmə inteqrasiya sürətləndirilir.

Arxada qoyduğumuz 2015-ci il Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafının sürətləndirilməsi, bu sahədə infrastrukturun müasir dövrün tələblərinə və beynəlxalq standartlara uyğunlaşdırılması baxımından əlamətdar oldu. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində cənab Prezidentin tapşırıq və tövsiyələri də rəhbər tutularaq, dəmir yolu nəqliyyatının sürətli inkişafı, ölkəmizin bu sahədə tranzit imkanlarının artırılması, infrastrukturun, lokomotivvaqon parkının yenilənməsi, bütövlükdə Azərbaycan dəmir yolunun potensialının tam hərəkətə gətirilməsi və bundan səmərəli istifadə qarşıya vəzifə kimi qoyulub. Təsadüfi deyil ki, “Azərbaycan Dəmir Yolları” QSC ötən il müxtəlif beynəlxalq layihələrdə iştirak etməklə, onların reallaşmasında fəallıq nümayiş etdirdi.

Azərbaycanın önəm verdiyi beynəlxalq nəqliyyat layihələrindən biri “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizidir. Ölkəmizin tranzit potensialının artırılması istiqamətində görülən işlər bu nəqliyyat dəhlizinin Azərbaycandan keçən hissəsində işlərin sürətləndirilməsini zəruri edib. Bu məqsədlə Prezident İlham Əliyev 2015-ci il dekabr ayında “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirmək üçün bütün qüvvələr səfərbər olunub. Bu il yanvarın 12-də isə Bakıda “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi: yeni istiqamətlər, inkişaf və perspektivlər” mövzusunda Beynəlxalq Forum keçirilib. Forumda qeyd edildiyi kimi, Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirən “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Azərbaycan üçün çox önəmli marşrut olaraq, respublikamızın tranzit potensialından yüksək səviyyədə bəhrələnməyə imkan verəcək.

Tarixi İpək Yolunun keçdiyi Azərbaycan həm də Şərq-Qərb nəqliyyat dəhlizi üzərində yerləşir. 1998-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə imzalanmış Avropa-Qafqaz-Asiya Beynəlxalq Nəqliyyat Dəhlizi - TRASEKA müqaviləsinin məqsədi bir zamanlar AvropaAsiya arasında ticarətin aparıldığı İpək Yolunun bərpasını təmin etmək idi. Azərbaycan dövləti indiyədək bu istiqamətdə üzərinə düşən işləri layiqincə yerinə yetirib. Azərbaycan həm də tranzit imkanlarının genişlənməsinə yol açan təşəbbüslərin müəllifidir. Bu təşəbbüslərdən biri Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir. BTQ dəmir yolu layihəsinin icra vəziyyəti yanvarın 22-də Türkiyədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və Türkiyə Respublikasının nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binali Yıldırım arasında müzakirə edilib. Bildirilib ki, Türkiyə hissəsində tikinti işlərinin 80 faizi görülüb. Bir çox tamamlama, eyni zamanda, elektrik təchizatı, işarəvermə və rabitə işləri ilin sonunadək başa çatdırılacaq. BTQ-nin istifadəyə verilməsi ilə konteyner qatarlarının Çindən birbaşa Avropaya və Aralıq dənizinə getməsi mümkün olacaq.

“Azərbaycan Dəmir Yolları” QSC beynəlxalq layihələrdə iştirakla yanaşı, ölkə ərazisində dəmir yolu infrastrukturunun yenilənməsini də diqqət mərkəzində saxlayır. Yük daşımalarına olan tələbatın ödənilməsi, xidmətin səviyyəsinin yüksəldilməsi, daşınan yüklərin mənzil başına təhlükəsiz şəraitdə çatdırılması üçün texniki vasitələrin yeniləşdirilməsi zamanın tələbidir. Bu məqsədlə ötən ilin martında “Azərbaycan Dəmir Yolları” QSC ilə Rusiyanın “UralvaqonzavodElmi-İstehsal Korporasiyası arasında 3100 yük vaqonunun alınması ilə bağlı müqavilə imzalanıb və bu günə kimi ölkəyə 2900-dən çox yeni yük vaqonu gətirilib. Fransanın ALSTOM şirkəti ilə isə 50 ədəd yük və sərnişin lokomotivinin alınması üçün müqavilə imzalanıb. Qazaxıstandan 10 ədəd teplovozun alınması da gündəmdədir. Artıq teplovozlardan beşi ölkəmizə gətirilib.

Bakı və Sumqayıt şəhərləri arasında vaxtilə mövcud olan dəmir yolu əlaqəsini bərpa etmək zamanın tələbi idi. Bunun üçün ilk növbədə, dəmir yollarının əsaslı təmirinə ehtiyac duyulurdu. Bu məqsədlə 2015-ci ilin martında Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 km uzunluğunda baş yolların əsaslı təmirinə start verilib və sentyabrın 2-də başa çatdırılıb. Sentyabrın 12-də Bakı sərnişin stansiyasında Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən ilk sərnişin qatarının yolasalma mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Bu xətt üzrə ötən ilStadler Rail Group” şirkətindən alınan müasir ikimərtəbəli elektrik qatarları hərəkət edir.

Paytaxtımızın giriş qapılarından sayılan Bakı sərnişin vağzalında yenidənqurma işləri sürətlə davam edir. Vağzalın əsas binasının fasadı, memarlıq üslubunun saxlanması şərtilə yenidən qurulacaq, vağzal binasının daxilində əsaslı işlər görüləcək. Bilet kassaları, saxlama kameraları, sərnişin platformaları müasir üslubda təmir olunacaq, eskalatorlar yenisi ilə əvəzlənəcək.

Qarşıda daha mühüm uğurlar gözlənilir. Prezident İlham Əliyevin kollektivimizin qarşısına qoyduğu vəzifələrin, müvafiq dövlət proqramlarında nəzərdə tutulan işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi, Azərbaycanın yerləşdiyi bölgənin tranzit mərkəzinə çevrilməsi üçün dəmiryolçular bundan sonra da əzmlə və səylə çalışacaqlar.

 

Xeyrulla HÜMBƏTOV,

Yeni Azərbaycan Partiyasının

“Azərbaycan Dəmir Yolları” QSC üzrə

ərazi ilk partiya təşkilatının sədri

 

Azərbaycan. - 2016.- 29 yanvar.- S. 6.