AŞ PA-nın qəbul etdiyi qətnamə Azərbaycanın mənəvi qələbələri siyahısına sanballı əlavədir

 

AZƏRTAC-ın siyasi şərhçisi Vüqar Seyidovun müsahibəsi

 

- Vüqar müəllim, Strasburqda AŞ PA-nın plenar iclasında ölkəmiz üçün çox əhəmiyyətli olan iki qətnamə üzrə səsvermə keçirildi. Siz həmin günü necə qiymətləndirirsiniz?

- Mən həmin günü son dərəcə uğurlu hesab edirəm. Praktiki olaraq eyni dərəcədə əhəmiyyətli, məzmunca faktiki olaraq bir-birini təkrarlayan iki qətnamədən biri qəbul edildi. Hər kəs özünə əziyyət verib qəbul edilmiş “Azərbaycanın sərhədyanı regionlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi” adlı qətnamənin mətnini oxusa (təəssüf ki, bəzi həmvətənlərimiz iki gündür öz başına kül ələyir, özümüzü söyür, həm AŞ PA-da bizim parlamentin nümayəndə heyətinə, həm də Xarici İşlər Nazirliyinə hücum edir), onda aydın olar ki, həmin qətnamədə bizə lazım olan hər şey öz əksini tapıb. Britaniyalı deputat Robert Uolterin təqdim etdiyi “Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və işğal edilmiş digər ərazilərində zorakılığın eskalasiyası” adlı qətnamə qəbul edilməsə də, həmin sənəddəki ifadələr heç də itirilməyib, onlar Militsa Markoviçin Sərsəng su anbarına dair təqdim etdiyi və AŞ PA tərəfindən qəbul olunmuş qətnamədə öz əksini tapıb. Bu sözlər həmin ifadələrin hər birinə aiddir.

Axı bizə lazım olan ifadələrin həmin iki qətnamədən hansında təsbit olunmasının bizim üçün nə fərqi var! Bizim üçün əhəmiyyətlisi budur ki, bizə lazım olan qətnamələrin AŞ PA kimi nüfuzlu beynəlxalq təşkilat tərəfindən qəbul edilmiş rəsmi sənədlər kitabxanasına daxil olsun. Biz buna nail olduq. Missiya yerinə yetirildi.

- Yerli KİV-lərdə hesabın 1:1 olmasından bəhs edilir...

- Cəfəngiyatdır! Nə “heç-heçə”? Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsini işğal edən ölkə adlandırıldığı iki sənəddən biri qəbul edilib. Məgər onlardan birinin rədd edilməsi “bizim qapımıza qol vurulması” deməkdir? Məgər Uolterin qətnaməsinin rədd edilməsi AŞ PA-da anti-azərbaycan ruhlu, Dağlıq Qarabağın guyaöz müqəddəratını təyin etməsindən” və artıq Azərbaycana heç bir aidiyyəti olmamasından bəhs olunan qətnamənin avtomatik olaraq qəbul edilməsi deməkdir? Axı belə bir sənəd yoxdur! Final matçında son nəticə qələbədirsə, bizim yığmanın 1:0, yoxsa 2:0 hesabı ilə qalib gəlməsinin prinsipial əhəmiyyəti varmı? Buna görə də heç-heçə barədə bütün söz-söhbətlər tamamilə cəfəngiyatdır. Biz qalib gəldik. Burada iki fikir ola bilməz.

- Deməli, siz belə hesab etmirsiniz ki, Uolterin qətnaməsinin deputatlar tərəfindən rədd edilməsi AŞ PA-nın Azərbaycanın ərazi bütövlüyünü və Ermənistan tərəfindən Qarabağın işğal olunması faktını tanımaqdan imtina etməsi deməkdir?

- Əlbəttə, belə hesab etmirəm. Bu, nonsensdir! İstər prosessual, istərsə də texniki xarakterli buya digər sənədin rədd edilməsinin onlarca səbəbi ola bilər.

AŞ PA həmin qətnamə layihəsini rədd edərkən səsvermə protokoluna iştirakçıların əksəriyyətini qətnamənin əleyhinə səs verməyə sövq edən səbəblərin izahını əlavə etməyib. Burada mən ATƏT-in Minsk qrupunun həmsədrlərinin həmin ərəfədə hər iki qətnaməni faktiki olaraq ultimativ tonda rədd etməyə çağıran bəyanatının pozucu rolunu da qeyd etmək istərdim.

Lakin həmin sənəd heçona görə rədd edilməyib ki, təşkilat Qarabağın Azərbaycana mənsub olmasını və Ermənistanın işğalçı rolunuetiraf etmir”. Bu, tamamilə birmənalıdır. Axı, ikinci qətnamə qəbul edilib. Əgər 20 dəqiqədən sonra AŞ PA Sərsəng su anbarına dair ikinci qətnaməni qəbul edibsə və həmin gün AŞ PA kitabxanasında erməni qüvvələri tərəfindən lobbiləşdirilən anti-azərbaycan ruhlu cavab qətnaməsi yaranmayıbsa, bu halda AŞ PA-nı “qərəzkarlıqda” və ya Azərbaycanın ərazi bütövlüyünü “tanımamaqda” necə ittiham etmək olar? Siz mənə AŞ PA-nın bircə sənədini göstərin ki, oradaöz müqəddəratını təyin etmiş Qarabağ xalqına” qarşı Azərbaycanın “təcavüzündən” bəhs edilsin. Belə bir sərsəm sənəd yoxdur.

Həmin gün bizim qarşımızda iki piroq var idi. Onlardan birini biz yedik. Ermənilərə isə heç biri çatmadı. Bu necə “heç-heçə”dir? Düşmən dəyirmanına su tökmək və onun məğlubiyyət acısını şirinləşdirmək lazım deyil. Həmin gün son dərəcə uğurlu olub. Bu bayramı korlamaq lazım deyil.

- Bəzi ekspertlər bildirirlər ki, biz “köhnə palan içi tökürük”, guya biz artıq qəbul edilmiş qətnamələri təkrarlayırıq...

- Qoy bunu deyənlər inciməsinlər, bu, səriştəsiz fikirdir. Axı, açıq bəyanatlar verməkdən əvvəl heç olmasa iki sənədi - 1416 (2005) nömrəli qətnamə və həmin gün qəbul edilmiş 2085 (2016) nömrəli qətnaməni qarşımıza qoyub onları müqayisəli təhlil etmək nə çətin məsələdir? Burada nə təkrarlanır? Əksinə, bu sənəd daha mükəmməl, onun ifadələri daha mütərəqqidir.

Tərəqqi nədən ibarətdir? Fikir verin, 11 il bundan əvvəl qəbul edilmiş qətnamədə Ermənistan Dağlıq Qarabağı işğal etmiş tərəf adlandırılmır. Həmin sənəddə “Azərbaycan ərazisinin xeyli hissəsini” işğal edən hansısa qeyri-müəyyən və ikimənalı “erməni qüvvələrindən” bəhs edilir, hətta bu işğal edilmiş ərazilər arasında Dağlıq Qarabağın adı çəkilmir. Erməni təbliğat maşını bu paraqrafı öz ampluasında şərh edərək bildirir ki, “erməni qüvvələri” elə “DQR-in özünümüdafiə ordusudur”, “xeyli ərazinin işğal edilməsi” məsələsinə gəldikdə isə, bu, “öz müqəddəratını təyin etmiş Dağlıq Qarabağa” əsla aid deyil, bu sözlər, Serj Sarkisyanın etiraf etdiyi kimi, “ermənilərin vətəni” olmayan Ağdam, Füzulibaşqa rayonlara aiddir. Üstəlik, həmin qətnamədə Dağlıq Qarabağın işğal edilməsində Ermənistanın rolu göstərilmir, “Dağlıq Qarabağ regionuna nəzarət edən separatçı qüvvələr”dən bəhs edilir. Yəni, işğal edən yox, “nəzarət edən” qüvvələrdən bəhs edilir və Dağlıq Qarabağ regionunun Azərbaycana mənsub olması göstərilmir. Doğrudur, həmin sənədin ikinci maddəsində “bir dövlət tərəfindən başqa dövlətin ərazisinin faktiki ilhaq edilməsi” xatırladılır. Lakin Ermənistanın adı çəkilmir. Bu isə bütün bu illər ərzində erməni təbliğat maşınına əlavə arqumentlər verirdi. Onlar iddia edirdilər ki, “bu qətnamədə bizim adımız yoxdur, 4-cü paraqrafda isə bizdən yalnız öz nüfuzumuzdan istifadə etməyimiz xahiş olunur”. Bir sözlə, bu qətnamənin qeyri-müəyyən və ikimənalı ifadələri erməni təbliğat maşınının hoqqabazlığı üçün geniş imkanlar yaradırdı.

İndi isə bu müddəaları yeni qəbul edilmiş qətnamənin müddəaları ilə müqayisə edin. Əvvələn, Sərsəng su anbarına dair qətnamədə qarşı tərəfin hərəkətləri “nəzarət” yox, məhz “işğal” adlanır. İkincisi, bu sənəddə işğalın subyektinin adı çəkilir, bu subyektin hansısa “erməni qüvvələri” və ya “separatçılar” deyil, Ermənistan olması göstərilir. Üçüncüsü, Dağlıq Qarabağ hansısa “sahibsiz” ərazi kimi deyil, məhz Azərbaycanın tərkib hissəsi kimi göstərilir. Dördüncüsü, işğalçı tərəfin öz silahlı qüvvələrini regiondan çıxarması və bunu dərhal etməsi tələbi irəli sürülür.

1416 (2005) və 2085 (2016) qətnamələri arasında konseptual fərqi hiss edirsinizmi? Bunun nəyi keçmişin “təkrarıdır”? Bu, irəliləyişdir!

- Elədir, özüçox ciddi irəliləyişdir.

- Əlbəttə! Gəlin həmin günə başqa mövqedən nəzər salaq: hələ bir gün əvvəl AŞ PA tərəfindən qəbul edilmiş sənədlər arasında bizim aktivimizdə bu cür açıq-aydın və ermənilərin ağlını başından alan ifadələrin təsbit olunduğu qətnamələr yox idi. Amma həmin gündən etibarən bizim əlimizdə artıq belə bir sənəd var. Ermənilər isə özlərini qane edən ifadələrin təsbit olunduğu hər hansı qətnamələrini qəbul etdirərək cavab zərbəsi vura bilmədilər. Bunun nəyi “uğursuzluqdur”?

- Amma sizin opponentləriniz deyəcəklər ki, bizim aktivimizdə rədd edilmiş qətnamə də yaranıb.

- Bilirsinizmi, eyni bir stəkanı “yarıya qədər boşda adlandırmaq olar, “yarıya qədər doluda. Görünür, mənim opponentlərim həmin stəkanı tamamilə boş və hətta sındırılmış vəziyyətdə görməyi üstün tuturlar... Hadisələrə müsbət mövqedən baxmaq lazımdır

- Siz AŞ PA-da bizim deputatlardan ibarət nümayəndə heyətinə və diplomatlarımıza nə arzu etmək istərdiniz?

- Mən onları bu gözəl qələbə münasibətilə təbrik etmək istərdim. Qəbul edilmiş qətnamə bizim mənəvi qələbələrimizin siyahısına sanballı töhfədir və gələcəkdə belə qələbələrin kəmiyyət artımı hökmən keyfiyyət dəyişikliyinə keçəcək.

 

Söhbəti qələmə aldı:

Rauf NƏSİROV

 

Azərbaycan. - 2016.- 29 yanvar.- S. 6.