Made in Azerbaijanbrendinin təşviqində coğrafi göstəricilər mühüm rol oynaya bilər

 

Dünyada iqtisadiyyatın qloballaşması, beynəlxalq ticari əlaqələrin genişlənməsi, turizm sektorunun iqtisadi gəlirlərin artmasında oynadığı rol bazarda sağlam rəqabətin yaradılması, saxtakontrafakt məhsullara qarşı mübarizənin gücləndirilməsi kimi tədbirlərin həyata keçirilməsini ön plana cəkir. Həqiqi mənşəyi ifadə etməyən adlarla işarələnən və saxta yolla istehsal olunaraq bazara çıxarılan məhsullardan qorunmaq məqsədilə mənşə yerinin keyfiyyət və xüsusiyyətlərini, ənənəvi istehsal üsullarını, mədəni dəyərləri özündə birləşdirən coğrafi göstəricilər barədə ictimaiyyətin məlumatlandırılması xüsusi aktuallıq kəsb edir. Coğrafi göstəricilər, onların ticarət dövriyyəsində tanınması, daxiliixrac bazarında qorunması və şöhrətlənməsi ölkənin imicinə müsbət təsir göstərən amillərdən biridir.

Azərbaycanda coğrafi göstəricilərin qeydə alınması, hüquqi mühafizəsi və istifadəsi ilə bağlı münasibətlərin tənzimlənməsi “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. Bu qanunun 1-ci maddəsində coğrafi göstərici anlayışına aydınlıq gətirilir. Coğrafi göstərici - əmtəənin mənşəyinin dövlət, bölgə, ərazi, yaxud müəyyən ərazidəki yer ilə (coğrafi obyektlə) bağlılığını müəyyənləşdirən, eyni zamanda bu əmtəənin xüsusi keyfiyyətini, şöhrətini və başqa xassələrini əsasən coğrafi mənşə ilə əlaqədar əks etdirən işarədir.

11 iqlim qurşağından 9-nun Azərbaycanda olması ölkəmizi coğrafi göstərici ola biləcək yüzlərlə məhsul çeşidinə sahibləndirmişdir. Hər bölgəmizin özünəməxsus şirniyyatından, yeməklərindən tutmuş kənd təsərrüfatı məhsullarınadək, nəsildən-nəslə keçən, özündə ən qədim adət-ənənələri əks etdirən müxtəlif sənətkarlıq nümunələri ölkəmizdən çox-çox kənarlarda da tanınır. Şəkinin halvası, Bakının, Qubanın, Gəncənin paxlavası, Naxçıvan pendiri, Gədəbəyin qatlaması, bütöv tariximizi əks etdirən Şirvan, Bakı, Quba, Qarabağ, Naxçıvan və başqa bölgələrimizə məxsus xalçalarımız, Lahıcın misgərlik nümunələri, adı dillər əzbəri olan kəlağayımız və s. xalqımızın əsrlər boyu qazandığı maddi-mənəvi dəyərlər olaraq ənənəvi həyat tərzinə çevrilmişdir. Ölkəmizə turistlərin cəlb edilməsində bu dəyərlərin rolu danılmazdır. Onların mühafizəsi və gələcək nəsillərə ötürülməsi həmin obyektlərə yalnız qorunma məkanı verməklə həll edilə bilər.

Konkret bir yerin, bölgənin hər hansı bir məhsulu digər yerlərin məhsulundan hansısa əlaməti, yaxud keyfiyyəti ilə fərqlənə və ya hər hansı bir xüsusiliyi ilə şöhrət qazana bilər. Bu məhsulların üzərində məhz həmin yerin adının istifadə olunması onun digər məhsullardan fərqliliyini bildirən meyar kimi qiymətləndirilir. İstehlakçı yer adı ilə bazara çıxarılan məhsullara həmin yerlə bağlılığına görə üstünlük verə bilər. Başqa sözlə, coğrafi göstərici istehlakçılar tərəfindən bəzən keyfiyyət və mənşə göstəricisi kimi qəbul edilir.

Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli sərəncamında qarşıya qoyulan vəzifələr məhz bu sahənin daha da təkmilləşdirilməsi və inkişafına böyük önəm verir və ölkədə sahibkarlıq fəaliyyəti üçün yeni mühit formalaşdırır.

Sərəncamın birinci hissəsinin icrasını təmin etmək məqsədilə Baş nazirin 21 yanvar 2016-cı il sərəncamı ilə “Xarici ölkələrə ixrac missiyalarının təşkil edilməsinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijanbrendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlərin alınmasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsi və ödənilmə mexanizminin həyata keçirilməsi üçün hökumət ciddi fəaliyyətə başlamışdır.

Coğrafi göstərici adı alan hər hansı bir məhsul ölkə, region, coğrafi məkanla bağlı olduğumin illər ərzində formalaşdığı üçün onun müəllifi anonimdir və xalqın sərvəti hesab olunur. Məhz buna görə də konkret olaraq hər hansı bir şəxsə istifadə haqqı verilmir. Bu hallar mövcud qanunda da öz əksini tapmışdır. Coğrafi göstərici adı almış məhsul qanuna uyğun şərtlər daxilində onu istehsal edən bütün şəxslər tərəfindən istifadə oluna bilər. Yəni tək bir istehsalçıya deyil, onun istehsalını qanunvericilikdə müəyyən edilmiş şərtlər daxilində həyata keçirən bütün istehsalçılara istifadə hüququ verilir. Coğrafi göstəricilərin digər sənaye mülkiyyəti obyektlərindən əsas fərqi də elə bundan ibarətdir. Onlar qanunla qorunmadığı halda kommersiya təşkilatları tərəfindən haqsız təhriflərə məruz qala bilər. Coğrafi göstəricilərin ondan istifadəyə hüququ olmayan şəxslər tərəfindən istifadəsi istehlakçıları aldatmaqla yanaşı, əmtəənin şöhrətdən düşməsinə səbəb olarbu da bütöv bir regionun imicinə ciddi zərər verə bilər.

Qanunun 21-ci maddəsində göstərilir ki, coğrafi göstərici coğrafi obyektin şərtlərinə uyğun olan xüsusi keyfiyyəti və ya əsas xassələri özündə saxlamaqla, əmtəənin istehsalı müddətində mühafizə oluna bilər. Coğrafi göstəricidən istifadə hüququna dair şəhadətnamə coğrafi göstərici kimi iddia edilmiş nişanın qeydə alınması faktını və şəhadətnamə sahibinin göstərilən əmtəə və ya xidmətdən istifadə hüququnu təsdiq edir. Coğrafi göstərici barədə şəhadətnamə qeydə alınmış coğrafi göstəricidən istifadəyə müstəsna hüquq vermir. Şəhadətnamə onun sahibinə həmin göstəricidən qanunsuz istifadəni qadağan etməyə dair tələb irəli sürmək hüququ verir. Coğrafi göstəricinin istifadəsinə dair şəhadətnamə, iddia sənədinin müvafiq icra hakimiyyəti orqanına daxil olduğu tarixdən 10 il qüvvədə olur.

Xüsusi olaraq qeyd etmək istərdik ki, coğrafi göstəricilərin mühafizəsi milli təəssüb baxımından da vacib məsələdir. Belə ki, coğrafi göstəricinin dünyada tanınması regionun, dövlətin tanınması deməkdir. Bu baxımdan onun keyfiyyətli olması böyük əhəmiyyət kəsb edir. Bu məhsulların özəlliyi onların ərsəyə gəldiyi yerin coğrafiyası, iqlimi ilə bağlıdır, məhz buna görə turistlərin ölkəmizə cəlb olunmasında onların rolu danılmazdır. İstənilən turist səfər edən zaman həmin ölkənin gözəl təbiəti ilə yanaşı, milli mətbəxi, adət-ənənələri ilə də maraqlanır. Coğrafi göstərici kimi tanınan və qeydiyyata alınan məhsul istehsalın həyata keçirildiyi çevrədə iqtisadı fəaliyyətin inkişafını dəstəkləyərək regional inkişafda böyük rol oynayır.

Biz ənənəvi dəyərlərimizə sahib çıxmalıyıq. Bir bölgənin adı ilə məşhurlaşmış əmtəələrə, məhsullara sahib çıxmağın yolu isə onların bazarda sağlam rəqabət prinsipləri əsasında şöhrətlənməsinə nail olmaqla yanaşı, hüquqi mühafizəsini təmin etməkdən ibarətdir. Məhz bu yolla hər hansı coğrafi məkanla bağlı olan əmtəənin, məhsulun saxtalaşdırılmasına qarşı mübarizə aparıla bilər. Məhsulların coğrafi adla tanınması, eyni zamanda onların keyfiyyəti ilə bağlı problemlərin minimuma endirilməsi həmin məhsullara tələbatı artırdığı üçün istehsalın genişlənməsinə və yeni yerlərinin açılmasına rəvac verə bilər.

Əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da coğrafi göstəricilərə dair müraciətlər əmtəə nişanlarına nəzərən xeyli azdır. Müstəqillik əldə etdiyimiz ildən bugünə kimi Azərbaycanda cəmi bir neçə yerli coğrafi göstərici qeydiyyata alınmışdır. Onlardan badamlı və sirab mineral sularını qeyd edə bilərik.

Coğrafi göstərici kimi kənd təsərrüfatı məhsulları ilə yanaşı, qeyri-kənd təsərrüfatı məhsullarının qorunması da xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan xalq tətbiqi sənəti və onun bir qolu olan xalçaçılıq xalqın milli mədəniyyət tarixində özünəməxsus yer tutur. Arxeoloji materiallara və yazılı mənbələrə əsasən Azərbaycanda xalçaçılıqla hələ Tunc dövründən (e.ə. II minilliyin sonu - I minilliyin əvvəllərində) məşğul olmuşlar. Bu baxımdan onların qorunması və qeydiyyatı daim diqqət mərkəzində saxlanılır. İlk dəfə olaraq 2015-ci ildə Azərbaycanda qeyri-kənd təsərrüfatı məhsulu olan xalçalar coğrafi göstərici kimi qeydiyyatdan keçirilmişdir. Həmin xalçaların Azərbaycanın qədim tarixi ərazilərində ərsəyə gəlməsinə baxmayaraq, bu gün də onlardakı ornamentlər olduğu kimi saxlanılır və eyni texnologiyaya əməl edilməklə toxunulur. Həmin xalçalar Azərbaycanda xalçaçılıq fəaliyyəti ilə ciddi məşğul olan, böyük xalçaçılıq məktəbinin əsaslarını qoyanlardan professor Vidadi Muradovun adına qeydə alınıb.

Qeyri-kənd təsərrüfatı məhsulları kimi Azərbaycanda misgərlik sahəsini də qeyd etmək olar. Azərbaycan ta qədimdən misgərlik mərkəzlərindən biri olub. Bu ərazidə tapılan ilk mis əsaslı metal işləmələrin tarixi Neolit dövrünə aiddir. Azərbaycanda misgərliyin yüksək inkişaf etdiyini AvropaRusiya muzeylərində saxlanılan misdən hazırlanan nümunələr bir daha sübut edir.

Ölkəmizdə misgərlik sənətinin mərkəzi hesab edilən Lahıcda ustaların misdən hazırladıqları, mürəkkəb və incə naxışlarla bəzədikləri dolça, satıl, sərnic, məcməyi, sərpuc, güyüm, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq və sair məmulatlar Orta Asiyada, Dağıstanda, Gürcüstanda, İranda, Türkiyədə və digər yerlərdə tanınmışdır.

Azərbaycanda yayılmış və coğrafi göstərici kimi qoruna biləcək qeyri-kənd təsərrüfatı sahələrindən biri də ipəkçilikdir. İpəkçiliyin tarixi çox qədimlərə söykənir. Orta əsrlərdə Şəki şəhəri nəinki Azərbaycanın, eləcə də Yaxın və Orta Şərqin ən böyük ipək istehsalçısı və toxuculuq mərkəzlərindən biri hesab olunurdu. Hazırda da Şəkidə və onun ətraf rayonlarında baramaqurdundan təbii ipək alınır ki, bu ipəkdən də dünyada məşhur olan və Azərbaycanın mədəni irsi kimi qorunan kəlağıyalar - Azərbaycanın milli yaylığı olan qadın baş örtüyü hazırlanır.

Adını çəkdiyimiz məhsullar Azərbaycanın zəngin mədəniyyətini əks etdirən dəyərlərin bir qismidir. Onları dünyada Azərbaycan brendi kimi tanıtmaq çox vacibdir. Bu, qeyri-neft sektorunun inkişafına böyük töhfəsini verər.

 

Mir Yaqub SEYİDOV,

Sənaye Obyektlərinin Ekspertizası Mərkəzinin (AzPatent) direktoru,

 

Lamiyə HAQVERDİYEVA,

əmtəə nişanları və coğrafi göstəricilər üzrə ekspert

 

Azərbaycan. - 2016.- 31 yanvar.- S. 8.