Aprel döyüşləri Azərbaycan dövlətinin, xalqının və ordusunun şanlı tarixi qələbəsidir

 

Bir il öncə Silahlı Qüvvələrimiz Lələtəpədə Azərbaycan bayrağını dalğalandırdılar

 

İLHAM ƏLİYEVİN APREL ZƏFƏRİNİN YARATDIĞI DƏYİŞİKLİKLƏR

 

Azərbaycanın hərb tarixinə düşən aprel zəfərindən bir il ötür.

Uğur, ziddiyyət və təzadlarla dolu il.

Bu bir ildə cərəyan edən hadisələr dördgünlük müharibə nəticəsində baş verən dəyişiklikləri obyektiv qiymətləndirmək üçün kifayət qədər faktlar verir.

Əslində aprel zəfərinin əhəmiyyətini lazımınca dəyərləndirmək üçün həmin müharibəyədək mövcud vəziyyət və ondan sonrakı dəyişikliklər əlaqəli şəkildə təhlil edilməlidir.

Gəlin öncə baxaq görək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ötən 30 ilə yaxın dövründə qarşı-qarşıya duran tərəflər əvvəllər müharibəyə və müharibədəki mövqelərinə, hərbi, siyasi və diplomatik sahədəki imkanlarına və güclərinə münasibətdə hansı vəziyyətdə idilər və sonralar nə kimi dəyişikliklər baş verib.

Əvvəlcə “status-kvo”ya, tərəflərin, habelə beynəlxalq qurum və təşkilatların yaranmış situasiyaya hansı aspektdən yanaşdıqlarına qısaca nəzər salaq.

1988-ci ilin fevral ayının 22-də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zəminində ilk qanlı toqquşma baş verdi, iki ağdamlı gəncin - Bəxtiyar və Əlinin öldürülməsi ilə Qarabağ müharibəsi başlandı.

* Ermənistan tərəfi buna uzun illər boyu hazırlaşmış, xain Qorbaçovu öz məqsədlərinə çatmaq yolunda satın almış, gizli yolla silah-sursat da tədarük etmişdi.

* Ulu öndər Heydər Əliyevin Siyasi Bürodan uzaqlaşdırılması nəticəsində isə Azərbaycan xalqı həqiqi rəhbərindən ayrı düşmüş, hələ yaşamaqda olan Sovet İttifaqında güclü dəstəyini itirmişdi. Üstəlik həmin dövrdə ölkəyə maymaq, qətiyyətsiz, Moskvaya kölə sədaqəti göstərən insanlar başçılıq edirdilər və hakimiyyət uğrunda aramsız mübarizə dövləti xaos və özbaşınalıq bataqlığına salaraq idarəolunmaz vəziyyətə gətirmişdi.

* Havadarlarına arxalanan Ermənistan Azərbaycan ərazilərini kəndbəkənd işğal edir, mərkəz bu işğalçılıq proseslərinə göz yumur (əslində müxtəlif addımlarla, məsələn, “xüsusi idarəetmə komitəsi” yaratmaqla dəstək göstərir), beynəlxalq təşkilatlar isə bəyanatlar verməklə işlərini bitmiş hesab edirdilər. Yalnız 1992-ci ildən sonra işğal faktı ilə bağlı BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etdi, sonra ATƏT-in (o vaxt ATƏM idi) Minsk qrupu yaradılaraq “münaqişənin sülh yolu ilə həlli” məsələsi ona həvalə edildi.

Bundan sonra baş verən proseslərin heç biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir əsaslı yeniliyə və dəyişikliyə gətirib çıxarmadı!

Tərəflər görüşdü, danışdı, müxtəlif variantlar söylənildi, vədlər verildi, müzakirələr getdi, sonra ayrıldılar və s.və i.a.

Münaqişənin mövcud olduğu dövrdə beynəlxalq təşkilatların problemin həllinə münasibətində heç bir yenilik görünməsə də, Ermənistanın və Azərbaycanın bir dövlət olaraq durumlarında ciddi dəyişikliklər baş vermişdi.

Baş verən həmin dəyişikliyi yığcam ifadə etsək, belə demək olar: Azərbaycan məğlub durumdan qalib mövqeyə yüksəlmiş, qalib Ermənistan isə acınacaqlı günə düşmüşdür!

 

APRELDƏN ƏVVƏLKİ AZƏRBAYCAN

 

Dəyişikliklərin təməli ulu öndər Heydər Əliyevin xalqın arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıdışı ilə qoyulmuşdu.

Onlar hansılardır:

* İlk olaraq Azərbaycanda möhkəm və dönməz sabitlik yaradıldı, qanunsuz silahlı dəstələr ləğv edildi, əhalidəki külli miqdarda silah-sursat toplanıldı, beləliklə, görüləcək sonrakı işlərə şərait yaradıldı;

* Uğurlu Horadiz əməliyyatı aparılaraq 1994-cü ilin yanvar ayında ilk dəfə düşmənin işğal etdiyi 22 yaşayış məntəqəsi geri alındı;

* Cəbhə bölgəsində uzunmüddətli atəşkəsə nail olundu, yeni ərazilərin işğalının qarşısı alındı;

* Ölkə ətrafında yaradılmış informasiya blokadası aradan qaldırıldı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə əsl həqiqətlər dünya ictimaiyyətinə çatdırıldı;

* “Əsrin müqaviləsi” neft kontraktı imzalandı, dünyanın aparıcı dövlətlərinin maraqları ilə Azərbaycanın maraqları uzlaşdırıldı;

* Ölkəmizin dünyaya inteqrasiyası prosesi başlandı, Azərbaycan beynəlxalq təşkilatlarla sistemli və məqsədyönlü əməkdaşlığa start verdi, Avropa Şurasına üzv qəbul edildi;

* Ordu quruculuğu prosesinə, hərbi kadr hazırlığı işlərinə başlanıldı;

* Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü prinsipi əsasında, sülh yolu ilə həllinə sadiq olan Azərbaycan “ərazi bütövlüyü məsələsinin heç zaman müzakirə mövzusu” olmayacağı və “öz ərazisində ikinci erməni dövləti yaradılmasına icazə verməyəcəyi” fikrinə daim sadiq qalacağını qətiyyətlə bildirdi və buna daim əməl etdi;

* Ən nəhayət, dövlət başçısı cənab İlham Əliyev güzəştin mümkün və son həddini də göstərdi: Kompromis olaraq “Dağlıq Qarabağa yalnız “muxtar respublika” statusu verilə bilər!

 

APRELDƏN ƏVVƏLKİ ERMƏNİSTAN

 

Azərbaycan torpaqlarının işğalına Ermənistan uzun müddət hazırlaşmışdı. Bu işə təkcə M.Qorbaçov və keçmiş SSRİ-nin rəhbərliyi deyil, həm də dünyanın müxtəlif ölkələrindəki erməni diasporu, ABŞ-dakı erməni lobbisi (“Azadlığı Müdafiə Aktı”na 907-ci ədalətsiz düzəlişi yada salaq), habelə ermənipərəst qüvvələr dəstək verirdi. Spitak zəlzələsindən istifadə edən ermənilər özlərini yenidən dünyaya “məzlum və zavallı millət”, “köməyə ehtiyacı olan xalq” kimi təqdim etdilər. Həmin dövrdə dünyaya yalnız SSRİ-nin informasiya agentlikləri və KİV-i vasitəsilə çıxmaq mümkün idi. Həmin informasiya resursları isə birmənalı şəkildə erməniləri müdafiə mövqeyi tutur, Azərbaycan tərəfini isə “vəhşi”, “zalım və qaniçən millət” qiyafəsində təsvir edirdi.

Necə deyərlər, yanan da biz idik, yaman da!

Müharibənin başlanğıcında hərbi, iqtisadi, siyasi, ideoloji üstünlük ermənilər tərəfində olduğundan, Azərbaycanın isə başı hakimiyyət uğrunda mübarizəyə qarışdığından sovet ordusuna arxalanan Ermənistan ərazimizin 20 faizini ələ keçirərək 20 min vətən övladını şəhid etdi, bir milyondan çox azərbaycanlını isə qaçqın və məcburi köçkün vəziyyətinə saldı.

***

* Müharibənin birinci mərhələsi başa çatanda - atəşkəs müqaviləsi imzalananda Ermənistan özünü qalib sayır, hətta Kür çayına qədər olan əraziləri işğal etmək gücündə olduğunu söyləyərək lovğalanırdı;

* Sonrakı dövr danışıqlarına üstün, öz iradəsini diktə etdirmək istəyən tərəf kimi gəlirdi;

* Dağlıq Qarabağa müstəqillik tələb edərək sonra onu Ermənistana birləşdirəcəyini, ərazi ilhaqı niyyətini gizlətmirdi;

* Bütün parametrlər üzrə Azərbaycandan üstün olduğundan müharibənin yenidən başlayacağı təqdirdə yeni ərazilər işğal edəcəyi ilə hədələyirdi;

* İki dəfə Rusiya onlara havayı olaraq bir milyard dollar həcmində silah-sursat verdiyindən hərbi cəhətdən özlərini Azərbaycandan tam üstün hesab edirdilər;

* Ermənistan rəhbərliyi öz gücünə o qədər inanırdı ki, hətta iqtisadi, siyasi və idarəetmə sahəsindəki uğursuzluqlarını hərbi ritorika ilə pərdələməyə çalışırdı;

* Kriminal rəhbərlik erməni xalqının beyninə yeritmişdi ki, “Qarabağ artıq bizimdir, qalan məsələləri isə zaman özü həll edəcəkdir”;

* “Alınmaz səngərlər”, “keçilməz sədlər” mifi ilə özlərini və xalqı inandırmışdılar ki, Azərbaycan hərbçiləri hücum etsələr belə, yeni istehkamları yarıb keçə bilməyəcəklər;

* KTMT-yə güvənərək dar gündə onun Ermənistanın müdafiəçisi qismində çıxış edəcəyini güman edirdilər;

* ATƏT-in Minsk qrupu həmsədrlərinin və onlara havadarlıq edənlərin “Dağlıq Qarabağ problemi yalnız sülh yolu ilə həll edilməlidir” tezisini əsas tutaraq Azərbaycanın törədilən təxribatlara hərbi yolla cavab verəcəyinə heç bir halda inanmırdılar!

 

DÖRDGÜNLÜK APREL MÜHARİBƏSİNDƏ NƏ BAŞ VERDİ

 

Hər dəfə cənab İlham Əliyev xarici səfərdə olanda və ya ATƏT-in Minsk qrupu çərçivəsində münaqişə edən tərəflər bir masa ətrafında oturmazdan əvvəl Ermənistan bir hoqqa çıxararaq danışıqlardan yayınırdı. Onun başını sığalladıqlarından Sarkisyan bu “taktikasından” əl çəkmirdi. Ötən ilin mart ayının axırlarında Ermənistan yenə öz manerasına sadiqliyini göstərdi. Hətta bir qədər də qudurğanlıq göstərərək Ağdam - Tərtər istiqamətində təmas xəttinə yaxın kəndləri artilleriya və minomyot atəşinə tutaraq dinc əhaliyə və mülki obyektlərə xeyli ziyan vurdu!

Düşmən yenə cəzasız qalacağına əmin idi...

Aprel ayının başlanğıcında Azərbaycan tərəfindən başqa heç kəsin gözləmədiyi bir hadisə baş verdi: Milli Ordumuz əks-zərbə ilə ildırım sürətli elə bir hərbi əməliyyat keçirdi ki, başda ermənilər olaraq hamı çaş-baş qaldı! Sonralar döyüşün iştirakçıları olan erməni hərbçilər öz internet saytlarından etiraf edirdilər ki, əks-həmlə atəşi başlayandan qurtaranadək girdikləri səngərlərdən çıxa bilməyiblər. Şok vəziyyətinə düşüblər, sağ qalmalarını isə möcüzə sayırlar. Nə Azərbaycan Ordusunun müxtəlif təyinatlı silahlarından açılan belə güclü, intensiv və uzunmüddətli atəşini gözləyirmişlər, nə də bizim hərbçilərin uzun illər boyu hazırlanaraq “ən müasir üsullarla” möhkəmləndirilən müdafiə istehkamlarını belə asanlıqla dəf edəcəklərini güman edirmişlər.

Aprel müharibəsinin vahiməsi bu gün də düşmənin canından çıxmayıb!

Şokdan ayılaraq özlərinə gələn qoca erməni “döyüşçüləri” - torpaqların işğalında iştirak edən (“torpaqları işğal edən” demirik) keçmiş erməni hərbçiləri cavanları qorxaqlıqda qınayaraq özləri cəbhəyə yollanıb torpaqları geri qaytaracaqlarını (aprel əməliyyatı zamanı geri alınan torpaqları-red.) bəyan etdilər. Lakin “qoca döyüşçü veteranlar”ın bu istəyi fiaskoya uğradı.

Onlar təmas xəttinə çatmamış Azərbaycan Ordusunun yeni silahlarının “dadına” baxası oldular!

Həyat şəraiti pisləşdiyindən Ermənistanda və Dağlıq Qarabağda yaşayan erməni əhalisi (adıçəkilən yerlərdə digər millətlərin nümayəndələri yaşamır) arasında demoqrafik göstəricilər xeyli aşağı düşüb. Əhalinin ölkəni birdəfəlik tərketmə prosesi də ilbəil sürətlənir. Xüsusən, erməni ailələri oğlan övladları orta məktəbin IX sinfinə çatanda onları hərbi xidmətdən yayındırmaq üçün ölkədən çıxarırlar. Bütün bunlar Ermənistan ordusunun canlı heyətlə təmin edilməsində böyük çətinliklər yaradır. Problemin həlli üçün başlıca diqqət kənardan muzdlu hərbçilərin gətirilməsinə yönəldilmişdi. Düşmən tərəfi muzdluların daha çox “fayda verəcəyini” söyləyirdilər. Lakin qısamüddətli aprel müharibəsi bu xülyanı da boşa çıxardı. Səngərləri tərk edib ilk qaçanlar elə həmin muzdlular oldu. Çünki müharibəyə pul qazanmaq üçün gələn muzdlular özgə torpağını işğalda saxlamaq yolunda ölmək niyyətində olmadıqlarını göstərdilər.

Artıq Ermənistan ordusuna xaricdən muzdlu hərbçi cəlbində də ciddi problemlər yaşanmağa başlayıb. Əvvəla, muzdlular daha bura gəlməyə həvəsli deyillər, ikincisi isə onların pullarının ödənməsində ciddi çətinliklər yaşanır. Aprel savaşından sonra muzdlular Azərbaycan torpağında qazancdan çox ölüm olduğunun da fərqindədirlər!

***

İndiyədək 20 mindən çox şəhid verən Azərbaycan xalqı aprel döyüşü qəhrəmanlarına münasibətində torpaq uğrunda yeni qurbanlara hazır olduğunu da nümayiş etdirdi. Xalq öz şəhid övladlarını xüsusi hörmət və ehtiramla dəfn etdi. Gənclərin vətənpərvərlik coşqusunun yeni mərhələyə yüksəlməsi xüsusi diqqətçəkən məqamdır. Azərbaycan bayrağını başları üzərində dalğalandıran gənclər “Şəhidlər ölməz, Vətən bölünməz”, “Ağlama, ay ana, biz hamımız şəhidik!”, “Təki Vətən sağ olsun,” - deyə hayqıraraq çoxsaylı yürüşlər keçirdilər. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerlərdəki nümayəndəliyinə gələrək hərbi əməliyyatlarda iştirak etmək üçün müraciət edənlərin sayı-hesabı bilinmirdi...

Aprel müharibəsi həm də onu göstərdi ki, Azərbaycan vətəndaşında, o cümlədən əsgər və zabitində Vətən eşqi, torpaq həsrəti o qədər artıb və güclənib ki, artıq hərbi əməliyyatların hər bir iştirakçısı qarşısıalınmaz qüvvəyə çevrilib!

Ən nəhayət, aprel döyüşləri və orada işlədilən silahlar sübut etdi ki, Azərbaycan nəinki müharibəyə tam hazırdır, hətta onu qısa vaxtda qalibiyyətlə başa çatdırmaq imkanındadır!

 

APRELDƏN SONRAKI AZƏRBAYCAN

 

Aprel müharibəsi həm Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində indiyədək yaranmış vəziyyəti ərazi baxımından qismən dəyişdi, həm qüvvələr nisbətində baş vermiş ciddi dəyişiklikləri nümayiş etdirdi, həm də çox ciddi psixoloji dönüşə səbəb oldu!

Cəmi dörd gün çəkən aprel müharibəsi göstərdi ki, Azərbaycan iqtisadi, siyasi, mənəvi-psixoloji və hərbi cəhətdən düşməndən qat-qat güclü və üstün mövqedədir!

Qarabağ müharibəsinin başlanğıcındakı “Güclü Ermənistan - zəif Azərbaycan” gerçəkliyini “Qüdrətli Azərbaycan, iflasa uğramış Ermənistan” reallığı əvəz edib və bu dönüşün qarşısını artıq heç nə ilə almaq mümkün deyil!

Dördgünlük müharibə nəticəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində yeni keyfiyyət mərhələsinə keçid baş verdi!

Bu özünü hansı məqamlarda göstərir:

Əvvəla, Azərbaycan əsgər və zabitlərinin timsalında Milli Ordumuz əmin oldu ki, artıq düşməndən bütün parametrlər üzrə qat-qat güclüdürlər və arsenallarındakı silahlarla qısa müddətdə torpaqları işğalçılardan təmizləmək qüdrətindədirlər.

İkinci, atəşkəs çox kövrəkdir və hər an genişmiqyaslı müharibəyə çevrilə bilər. Odur ki, buna daim hazır olmaq lazımdır.

Üçüncüsü, Azərbaycan Ordusu dəqiq müşahidə-nəzarət və kəşfiyyat məlumatlarına malik olduğundan, habelə müasir silahlara yiyələndiyindən hərbi əməliyyatlara başlanan kimi Ermənistan ordusunun komanda-idarəetmə mərkəzlərini dağıtmaqla onu iflic və idarəolunmaz vəziyyətinə salmaq imkanındadır.

Dördüncüsü, atəşkəs dövründə ordumuz nəinki ən müasir və yeni texnologiyalara əsaslanan silahlarla təmin edilmiş, eyni zamanda Müdafiə Sənayesi Kompleksi yaratmaqla minədək adda silah-sursat və yeni texnika istehsalına başlanılmışdır.

Beşincisi, Rusiya, Türkiyə, Ukrayna, Belarus, İsrail, Pakistan kimi dövlətlərdən sistemli şəkildə yeni silahlar alan Azərbaycan Ermənistanı hərbi cəhətdən iyirmi dəfədən çox üstələməklə yanaşı onu “silahlanma yarışına” vadar etməklə iqtisadi və hərbi-mənəvi cəhətdən iflasını da sürətləndirir.

Ən nəhayət, artıq seçim Ermənistanındır: torpaqları ya sülh yolu ilə geri qaytarmalıdır, ya da ki, nəticəsi hamıya gün kimi aydın olan müharibə variantına getməlidir!

 

APRELDƏN SONRAKI ERMƏNİSTAN

 

Bir il əvvəl baş verən qısamüddətli müharibə Ermənistan dövlətində və cəmiyyətində baş verən bütün mənfi proseslərin katalizatoruna çevrildi. İndiyədək satellat dövlətdəki iqtisadi-siyasi, mənəvi böhranın dərinləşdiyi, bu forpost ölkənin və onun kriminal başçılarının öz düşüncəsiz siyasət və addımlarının girovuna çevrildiyi, dalandan çıxış yolunun yalnız Azərbaycanla sülh bağlaşmasından keçdiyini söyləyənlərin haqlı olduğu açıq-aşkar göründü!

Onlar hansılardır:

* Böhran səbəbindən Rusiyadan gələn pullar xeyli azalmış, korrupsioner Sarkisyan rejimindən üz çevirən erməni diasporu ianələri dayandırmışdır;

* Dilənçi vəziyyətinə düşən və müharibənin xofundan qorxan erməni əhalisi təkcə Dağlıq Qarabağı deyil, Ermənistanı da sürətlə tərk edir;

* Aprelə qədər Azərbaycandan əvvəlcə hər barədə üstün olan, daha sonralar isə özünü üstün sayan Ermənistan dördgünlük müharibə nəticəsində tamamilə zəiflədiyini və bütün parametrlər üzrə geri qaldığını etiraf etməli oldu;

* Müharibə erməni cəmiyyətini parçaladı, artıq qələbə eyforiyasından ayılanlar həqiqəti dərk edərək Azərbaycan torpaqlarını geri qaytarmaq zorunda olduqlarını anladılar!

* Apreldən sonra yaxın ətrafı Serj Sarkisyanı tərk etməyə başladığından, hətta əksəriyyətinin keçmiş dostluğu unudaraq ona qarşı çıxdığından və rəqibinə çevrildiyindən Ermənistan prezidentinin aqibəti faciəli görünür!

 

APREL MÜHARİBƏSİNİN AÇDIĞI YOL

 

Aprel müharibəsi qısa çəkməsinə, döyüşlər nəticəsində geri qaytarılan torpaqların bir o qədər də çox olmasına baxmayaraq , əslində yeni və geniş bir yol açmış oldu!

Bu yol geriyə qayıdış yoludur!

Bu yol Böyük Qayıdışın başlanğıcıdır!

Bu yol münaqişədə keyfiyyət dəyişikliyinin baş verməsinin göstəricisidir!

Həmin yol dövlət başçısı cənab İlham Əliyevin 24 yanvar 2017-ci il tarixli sərəncamı ilə açılıb!

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ilk dəfədir ki, Azərbaycan öz torpaqlarını azad edərək geriyə qayıdır və məskunlaşma prosesinə start verir!

Bəli, Azərbaycan ona uğur gətirən strategiyaya - əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün möhtərəm İlham Əliyev tərəfindən uğur və ləyaqətlə davam etdirilən kursa sadiqdir:

Dayanmadan iqtisadi və hərbi cəhətdən güclənir, siyasi və diplomatik sahədə inad və qətiyyətlə uğurlu fəaliyyət göstərir, beynəlxalq nüfuzunu daim artırır, işğalçıya rahatlıq və dinclik vermir!

Cənab İlham Əliyevin səyi ilə ölkəmizə, regiona və bütövlükdə dünyaya fayda gətirəcək yeni transmilli layihələr reallaşdırılır, əməkdaşlığın yeni formaları yaradılır və inkişaf etdirilir, İslam ölkələri ilə həmrəylik gücləndirilir, ordumuz ən müasir silahlarla sistemli şəkildə təchiz olunur!

Ermənistan prezidenti Serj Sarkisyan başı hayındadır! Bilmir ki, ölkə daxilində günü-gündən artan narazılığın qarşısını alaraq hakimiyyəti əldə necə saxlasın, iqtisadi problemləri necə həll etsin, ac-yalavac və işsiz erməniləri necə sakitləşdirsin, diasporla yaranmış problemi nə sayaq yoluna qoysun, yaxud yeni apreldən qorunmaq üçün kimə yalvararaq, kimin ətəyindən yapışsın!

Əslində keyfiyyət dəyişikliyi Ermənistan tərəfində də baş verib. Bunun konkret göstəricisi erməni sosial şəbəkələrində sadə ermənilərin baş verənlərə və ölkə başçısına münasibətlərini əks etdirən və əvvəlkilərdən çox-çox fərqli statuslarıdır! Belə statuslarda isə Sarkisyan lağa qoyulur və yeni müharibənin fəsadları irəlicədən proqnozlaşdırılır!

Düzgün yol isə Azərbaycan tərəfinin təklif etdiyidir:

Bu yol - sülh yoludur!

Bu yol - özgə torpaqlarını tərk edərək işğala son qoymaq yoludur!

Bu yol - xalqı dilənçilikdən və özünün olmayan torpağı saxlamaq uğrunda ölümdən qurtarmaq yoludur!

Güclənmiş Azərbaycan gəlir!

Yeni aprellər də gələ bilər!

 

Bəxtiyar SADIQOV

 

Azərbaycan.- 2017.- 1 aprel.- S. 1, 4.