Azərbaycan Ordusu ən müasir silahlara malikdir

 

Aprel döyüşləri zamanı düşmənin canlı qüvvəsinin və döyüş texnikalarının məhv edilməsində milli istehsalımız olan hərbi təyinatlı məhsullar mühüm rol oynadı

 

Azərbaycan Ordusu Cənubi Qafqaz regionunun qüdrətli, eləcə də dünyanın yüksək döyüş qabiliyyətli silahlı qüvvələrindən sayılır. Ordunun kəmiyyət və keyfiyyət baxımından komplektləşdirilməsi, peşəkarlıq səviyyəsinin yüksəldilməsi, maddi-texniki bazasının gücləndirilməsi, hərbçilərin sosial rifah halının ildən-ilə yaxşılaşdırılması, ordu hissələrinin müasir texnika və avadanlıqlarla təchiz edilməsi, habelə beynəlxalq təcrübənin mənimsənilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunu bir daha təsdiqləyir.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev orduda islahatların davam etdirilməsini, daha müasir metodlara üstünlük verilməsini, Silahlı Qüvvələrin gücləndirilməsini, döyüş hazırlığının müasir tələblərə cavab verə biləcək səviyyəyə çatdırılmasını prioritet vəzifə kimi müəyyənləşdirib. Orduya diqqət və qayğının ən bariz təcəssümü özünü büdcə xərclərinin dinamik artımında göstərir. Son 10 il ərzində hərbi xərclərimiz 20 dəfədən çox artıb. Ölkənin milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi 2017-cı il dövlət büdcəsi xərclərinin də prioritet istiqamətlərindən oldu. Bu məqsədlə müdafiə xərclərinə 2017-ci il dövlət büdcəsi xərclərinin 16,7 faizi həcmində vəsait ayrılması nəzərdə tutulub ki, bu da ötən illə müqayisədə 2,9 faiz çoxdur.

 

Aprel zəfəri Azərbaycan Ordusunun gücünü göstərdi

 

Ötən il aprelin əvvəllərində müzəffər Azərbaycan Ordusunun düşmən təxribatının qarşısını alaraq əks-hücumla 2 min hektar ərazini işğaldan azad etməsi beynəlxalq birlik tərəfindən təbii qəbul olundu. Ən qısa zamanda düşmən təxribatının qarşısının qətiyyətlə alınması və Silahlı Qüvvələrimizin sürətlə irəliləməsi Ermənistan başda olmaqla onun himayədarlarını da təşvişə saldı. Müdafiə Nazirliyi bir daha bəyan etdi ki, atəşkəs rejimi haqqında razılaşmanın Ermənistan tərəfindən pozulması təkrarən baş verərsə, düşmənə vurulacaq zərbələr daha ağır və sarsıdıcı olacaq. Azərbaycan Ordusunun aprel zəfəri həm Ermənistanı danışıqlar masası ətrafına oturmağa məcbur etdi, həm də ATƏT-in Minsk qrupunu Ermənistana konstruktiv danışıqlar məcrasına qayıtması üçün rəsmi İrəvana təzyiq göstərməyə vadar etdi.

Azərbaycan Silahlı Qüvvələrinin - hərbçilərimizin döyüş və qələbə ruhu insanlarda böyük qürur və sevinc hissləri doğurdu. Ötən əsrin 90-cı illərinin əvvəllərindən fərqli olaraq cəmiyyətin bütün təbəqələri qısa müddətdə Ali Baş Komandanın ətrafında sıx birləşərək indiyə qədər görünməmiş milli birlik, həmrəylik nümayiş etdirdilər. Məlum oldu ki, hərbi əməliyyatların davam edəcəyi müddətdə hər kəs “Hər şey cəbhə üçün, hər şey qələbə üçün!” şüarını uca tutaraq torpaqlarımızın düşməndən təmizlənməsi prosesinə əməli töhfəsini verməyə çalışacaq. Həmin günlərdə yeniyetmələrdən tutmuş ahıl insanlaradək hamının əlinə silah alaraq cəbhəyə yollanmağa hazır olduğunu bildirmələri də hərbi-psixoloji üstünlüyün əldə edilməsi baxımından vacib məqamlardan idi.

Müdafiə məqsədilə ayrılan hərbi xərclərin ildən-ilə artması, eləcə də ölkədə hərbi təyinatlı məhsulların istehsalını həyata keçirən sənaye müəssisələrinin yaradılması da ordu quruculuğu baxımından vacib əhəmiyyətə malikdir. Azərbaycan müxtəlif xarici ölkələrdən müasir hərbi texnikalar alır, ordunun arsenalında olan bir sıra texnikaların modernləşdirilməsini həyata keçirir. Əvvəllər xaricdən alınan bir sıra hərbi texnika və döyüş sursatları artıq Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeliyində olan müəssisələrdə istehsal olunur. Azərbaycanın yerli istehsal hesabına ordusunun müxtəlif hərbi ləvazimatlara və döyüş sursatlarına olan ehtiyacını ödəməsi ölkəmizin Ermənistan qarşısında üstünlüyünü daha da artırır. Hərbi təyinatlı məhsullar istehsal edən hərbi sənayenin qurulması prosesi elə böyük zaman kəsiyini əhatə etməsə də, burada istehsal edilən məmulatlar həm çeşidinə, həm də keyfiyyətinə görə müasir standartlara cavab verir. Prezident İlham Əliyev ölkəmizin müdafiə potensialının qüdrətlənməsi istiqamətində ötən müddətdə böyük işlər həyata keçirmişdir.

Ermənistanla təmas xəttində üstünlüyü əldə edən və düşmənə sarsıdıcı zərbələr vuran Azərbaycan Ordusunun təminatını daha da gücləndirmək məqsədilə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində silah, sursat və hərbi vasitələrin istehsalının genişləndirilməsi və keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Bunu aprel döyüşləri bir daha sübut etdi. Ötən ilin aprelində cəbhə xəttində erməni təxribatına cavab olaraq sarsıdıcı zərbələr endirməsi, düşmən tapdağında olan bir neçə yüksəkliyi azad etməsi Azərbaycan Ordusunun gücünün göstəricisi kimi dəyərləndirilməklə yanaşı, illərdir davam edən münaqişənin nizamlanması ilə bağlı aparılan danışıqlarda müşahidə olunan canlanma problemin ədalətli həlli istiqamətində irəliləyiş gözləntisi də yaratdı.

Aprel döyüşləri zamanı düşmənin canlı qüvvəsinin və döyüş texnikalarının məhv edilməsində Azərbaycan istehsalı olan hərbi təyinatlı məhsullar mühüm rol oynamışdır. Döyüşlərdə MSN-in müəssisələrində istehsal olunan silah və sursatlardan - tank əleyhinə qumbaraatanlar, minaatanlar və onların döyüş sursatları, snayper tüfəngi, universal pulemyotlar, o cümlədən AK74M tipli avtomat silahlar, müxtəlif çaplı patronlar və digər döyüş sursatları düşmənə qarşı tətbiq olunmuşdur. Eyni zamanda, düşmənin hədəflərinin dəqiq müəyyənləşdirilərək məhv edilməsi ölkədə istehsal olunan müasir növ pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilmişdir.

Ötən il Bakıda II Azərbaycan Beynəlxalq Müdafiə “ADEX-2016” sərgisinin keçirilməsi də mühüm əhəmiyyət kəsb etdi. Dünyanın 44 ölkəsindən 250-yə yaxın şirkət və rəsmi heyətin iştirak etdiyi “ADEX-2016” sərgisində Azərbaycanın milli müdafiə sektorunun güc və qüdrətinin nümayişi kimi təqdim edilən hərbi məhsullar tədbir iştirakçılarında böyük maraq yaratdı. “ADEX- 2016” sərgisi çərçivəsində son illər ərzində ölkəmizdə istehsal edilmiş yüngül və ağır hərbi texnika təqdim olundu. Bunların arasında müxtəlif kalibrli atıcı silahla təchiz edilmiş “Gürzə” universal avtomobili, raket döyüş başlıqları, müxtəlif çaplı silahlar, eləcə də “Qasırğa” və “İldırım” ağır hərbi texnikası yer almışdır. Müdafiə Sənayesi Nazirliyi “Şərq” İstehsalat Birliyinin “AZAD Sistemlər” müəssisəsində hazırlanan müasir kəşfiyyat element bazasına və taktiki məhvedici hücum sisteminə malik “Zərbə” pilotsuz uçuş aparatlarının da təqdimatı böyük marağa səbəb oldu.

 

Yeni nəsil pilotsuz uçuş aparatları düşməndə böyük təşviş yaradır

 

Azərbaycan “ADEX-2016” beynəlxalq müdafiə sərgisində yeni nəsil pilotsuz uçuş aparatlarını da nümayiş etdirdi. Bunlar “Orbiter 3” və “Orbiter 4” pilotsuz uçuş aparatlarıdır. Bundan əvvəl istehsal olunan “Orbiter 2” 5 saat və “Aerostar” 12 saat müddətində havada qala bilirdisə, “Orbiter 3” 6 saat, “Orbiter 4” isə 24 saat havada qalmaq imkanına malikdir.

“Orbiter 4” pilotsuz uçuş aparatının bir qanadından digər qanadına qədər olan uzunluğu 5,4 m, çəkisi 50 kq, yükgötürmə qabiliyyəti 12 kq, maksimal sürəti 70 kts-dir. “Orbiter 4” 150 km məsafəyə kimi gedib qayıda bilir. “Orbiter 3” və “Orbiter 4” pilotsuz uçuş aparatları radara düşmür. Azərbaycanın yeni snayper tüfəngi də dünyanın aparıcı silah istehsal edən ölkələrində marağa səbəb olub. İriçaplı NST - 14,5 mm snayper tüfənginin çəkisi 19 kq, atış məsafəsi 2000 m, hədəfi məhvetmə məsafəsi 1600 m-dir. Darağı 5 güllə tutumuna malik olan snayper tək atışlı sistemə malikdir. Həmçinin yeni snayper tüfənginin optik nişangahı yerli məhsuldur. Ölkəmiz ən müxtəlif hərbi texnika istehsalını ildən-ilə genişləndirərək bu məqsədlə aparıcı dövlətlərlə uğurlu əməkdaşlıq edir.

Cari ilin fevralında isə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan “Tufan” minaya davamlı milli zirehli maşının təqdimatı keçirildi. Milli zirehli nəqliyyat vastitəsi 100 faiz Azərbaycan dizaynerlərinin və mühəndislərinin kreativ fikirlərini və təcrübəsini özündə birləşdirən məhsuldur. Ağırlığı 12,3 tona çatan “Tufan” zirehli maşını 3 tona qədər yük və 10 nəfər şəxsi heyəti tam təhlükəsiz şəraitdə daşımaq imkanına malikdir. Zirehli maşının heyəti “STANAG-4569” ballistik qoruma standartının tələblərinə uyğundur. Bu isə real döyüş və antiterror əməliyyatları zamanı daha təhlükəsiz mobil üstünlük deməkdir. Çəkisinə baxmayaraq zirehli avtomobil şosedə saatda 85 km sürət yığır və yolsuzluqda olduqca yüksək keçid qabiliyyətinə malikdir. Hündür klirens və tam ötürmə sayəsində, “Tufan” zirehli maşını 65 sm dərinlikdəki xəndəkləri və 1,2 m su maneələrini rahatlıqla keçir. Dəf edilən eniş və yoxuşun səviyyəsi 30 dərəcə, yamacın isə 18 dərəcədir. Yerində dönmə radiusu 20 metrə çatır. Zirehli maşının uzunluğu 7,3, eni 2,44, hündürlüyü isə 2,8 metrdir. “Tufan” maşınının gövdəsi xüsusi markalı homoqen zirehli poladdan hazırlanıb və əsas hissələrdə qaynaq deyil, məhz əymə üsulu ilə öz formasını alıb. Bu hissələrdə qaynaq tikişlərinin olmaması, baş verən partlayış nəticəsində daxili monokokun parçalanmamasını və partlayış dalğasını alt qismin yanlarına ötürülməsini təmin edir. Xüsusi oturacaqlar, iki səviyyəli döşəmə, gücləndirilmiş qapı cəftələri və 5 nöqtəli kəmərlər isə şəxsi heyətin təhlükəsizliyini əlavə olaraq artırır.

“Tufan” zirehli maşınının üzərində universal döyüş modulu quraşdırılmışdır ki, bu məhsul da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunub. Qurğunun yüksək dəqiqli optik və elekton cihazları sayəsində 2 km-dən çox məsafədə olan düşməni aşkarlamaq, bir neçə hədəfi prioritetlərə bölmək və məhv etmək mümkündür. Modulu 12,7 mm çaplı NSVT-12,7 tipli pulemyot, tank əleyhinə idarə olunan raket sistemi və ya avtomatik qumbaraatan ilə təchiz etməklə istənilən hava şəraitində və hətta gecə tətbiq etmək olar. Avtomatik idarəetmə, sursatı doldurma və optik müşahidə sistemləri, döyüşçüyə zirehli gövdəni tərk etmədən 360 dərəcədə atəş aparmağa imkan verir. Ölkənin gəlirləri çoxaldıqca, iqtisadi qüdrəti artdıqca orduya ayrılan vəsaitin həcmi də buna adekvat olaraq yüksəldilir.

 

Ordumuz istənilən hərbi tapşırığı uğurla yerinə yetirməyə qadirdir

 

Prezident İlham Əliyev cəbhə bölgəsinə səfəri zamanı bildirmişdi: “Ermənistan uzun illər öz ordusu haqqında yalanlar, miflər uydururdu. Guya onların yenilməz ordusu var. Aprel döyüşləri göstərdi ki, hansı ordu yenilməzdir. Azərbaycan Ordusu yenilməz ordudur. Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir. İşğal edilmiş torpaqlarda, Dağlıq Qarabağda elə bir hərbi hədəf yoxdur ki, bu gün biz onu məhv edə bilməyək. Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bunu biz bilirik, Azərbaycan xalqı bilir və bütün dünya bilir. Güclü orduların reytinqlərində Azərbaycan Ordusunun çox yüksək yeri vardır. Ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir, günbəgün artır. Ordumuzda nizam-intizam hökm sürür. Ordumuzun maddi-texniki təminatı ən yüksək səviyyədədir. Biz son illər ərzində milyardlarla dollar dəyərində ən müasir silah-sursat, hərbi texnika almışıq. O texnikalar ən son texnologiyaya malikdir. Aprel döyüşləri bunu bir daha göstərdi. Aprel döyüşlərindən sonra ordumuzun maddi-texniki təminatı ilə bağlı əlavə tədbirlər görülür, vəsait ayrılıb, ən müasir, yüksək dağıdıcı qüvvəyə və dəqiqliyə malik olan silahlar, texnika alınır və artıq bizim sərəncamımızdadır”.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasi iradə və qətiyyətini, habelə xalqımızın böyük dəstəyini hiss edən Silahlı Qüvvələrimiz son illərin ilk irimiqyaslı hərbi əməliyyatlarında yüksək taktiki və strateji hazırlıq səviyyəsi və işğalda olan torpaqlarımızı azad etmək əzmi nümayiş etdirərək daha bir sınaqdan üzüağ çıxdılar. İndiki dövr üçün qarşıya qoyulmuş məqsədin reallaşdığını, müəyyən geosiyasi amilləri, habelə müxtəlif ölkə və təşkilatların rəhbərlərinin çoxsaylı çağırışlarını nəzərə alan ölkə rəhbərliyi atəşkəsin dayandırılmasına qərar versə də, dördgünlük müharibə ərzində xalqımız həsrətində olduğu qələbənin şirinliyini dada bildi. Güclü Azərbaycan Ordusu düşmən təxribatının qarşısını qətiyyətlə aldı və erməni qüvvələri böyük itkilər verərək geri çəkilmək məcburiyyətində qaldılar. Ordumuz təmas xəttində üstünlüyü tamamilə ələ alaraq döyüş mövqelərimizi daha da möhkəmləndirdi.

 

Elnur HACALIYEV,

 

Azərbaycan.- 2017.- 1 aprel.- S. 5.