İlham Əliyev “Böyük Qayıdış"ı Cocuq Mərcanlıdan başladır

 

Nəhəng tikinti-quruculuq məkanına çevrilən kənddə 24 ildən sonra yenidən həyat qaynayır

 

Azərbaycan Ordusunun aprel zəfərindən bir il ötür. Xalqımızın qəhrəmanlıq salnaməsi olan bu qələbə hər kəs tərəfindən iftixarla xatırlanır, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad edilir. Birliyin, dəyanətin, əyilməzliyin sübutu olan bu döyüşlər həm də Azərbaycanın Dağlıq Qarabağın işğalı ilə heç vaxt barışmayacağının dünyaya nümayişi idi. Dost da, düşmən də, müstəqilliyinin cəmi 25 yaşı olan Azərbaycanın qüdrətinin bir daha şahidi oldu.

 

Lələtəpədə dalğalanan qürur rəmzimiz

 

Həmin günlər erməni hərbi birləşmələrinin cəbhə xəttindəki təxribatlarının qarşısını rəşadətlə alan Azərbaycan Silahlı Qüvvələrinin bölmələri qısa müddət ərzində düşmənə sarsıdıcı zərbə vurdu. Füzuli və Tərtər istiqamətlərində erməni hərbi birləşmələrinin möhkəmləndirdiyi ön xətti qoşunlarımız tərəfindən çətinlik çəkilmədən yarıldı, düşmən geri otuzduruldu. İrəliləyən Azərbaycan əsgəri işğal altında strateji əhəmiyyətli yüksəklikləri düşməndən təmizlədi və Lələtəpə yüksəkliyinə Azərbaycan bayrağı sancıldı.

Hansı ki məhz bu yüksəklikdəki mövqedən ermənilər Cəbrayıl rayonunun işğalda olmayan yeganə kəndi - Cocuq Mərcanlı istiqamətində təhlükə yaradırdılar. Cocuq Mərcanlı ulu öndər Heydər Əliyevin qurduğu Azərbaycan Ordusunun 1994-cü ildə uğurlu hərbi əməliyyatları zamanı azad edilən 22 yaşayış məntəqəsindən biridir. Həmin zaman ordumuz Füzulinin bir hissəsini Araz çayı boyu düşməndən təmizləmişdi. O vaxt beş ay erməni işğalında qalan Cocuq Mərcanlı yenidən ordumuzun nəzarəti altına keçmişdi. Lakin Lələtəpə yüksəkliyinin düşmənin əlində olması səbəbindən cocuqmərcanlıların öz evlərinə qayıtması qeyri-mümkün idi. Ordumuzun aprel qələbəsi isə onların böyük sevincinə səbəb oldu. Çünki kənddə həyatın normal axarına qayıtması və məcburi köçkünlərin öz ata-baba yurdlarına dönməsi üçün əlverişli şərait yarandı.

Aprel hadisələrini böyük hərbi qələbə, qəhrəmanlıq rəmzi və şanlı tarix adlandıran Prezident İlham Əliyev bu il yanvarın 24-də bütün dünya azərbaycanlılarında fəxarət hissi yaradan tarixi sərəncam imzaladı. Sərəncamla düşmən təhlükəsinin aradan qaldırıldığı Cocuq Mərcanlı kəndinin yenidənqurulmasına start verildi. Kəndin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Prezidentin Ehtiyat Fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat vəsait ayrıldı. Düz, 23 ildən sonra bu kənddə həyat yenidən canlanmağa başladı. Fevralın 10-da isə dövlət başçısının daha bir sərəncamı ilə Cocuq Mərcanlı kəndinə gedən avtomobil yolunun tikintisi üçün 4,3 milyon manat vəsait ayrıldı.

Prezident İlham Əliyevin kəndin yenidən qurulması, yolun inşası ilə bağlı imzaladığı sərəncamlar Azərbaycanın Böyük Qayıdış Konsepsiyasına şübhə ilə yanaşanlara tutarlı cavab oldu. Hər kəsə bəlli oldu ki, Azərbaycan bir qarış torpağını da düşmən tapdağı altında qoymayacaq və bu ölkə işğaldan azad etdiyi tarixi torpaqlarında ermənilər tərəfindən darmadağın edilən yaşayış evlərini, tarixi mədəniyyət abidələrini öz gücünə yenidən bərpa etməyə qadirdir.

 

Erməni vəhşiliyinin, vandalizminin əyani sübutu

 

Dövlət başçısının sərəncamlarından sonra Cocuq Mərcanlı kəndində 200 evdən ibarət yeni qəsəbənin master-planı hazırlandı. Bəlli oldu ki, qəsəbədə təhsil, səhiyyə, mədəniyyət ocaqları da inşa olunacaq. Kənddə qurulacaq kommunal xidmətlər, qaz, elektrik enerjisi, su xətti ilə bağlı texniki şərtlər də alındı. Daşı daş üstündə qalmayan Cocuq Mərcanlıda Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi tərəfindən minatəmizləmə əməliyyatı başlandı. Qurum ilk olaraq 50 yaşayış evi və məktəb binasının ərazisini tam təmizləyib təhvil verdi.

Prezident İlham Əliyev erməni vandallarının talan edib, viran qoyduqları bu yurd yerimizin aqibətinin bütün dünya ictimaiyyətinə çatdırılması üçün də göstəriş verdi. Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda dövlət başçısı dedi: “Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə keçirilən Horadiz əməliyyatı zamanı işğalçılar bu kənddən qovulsalar da, daşı daş üstündə qoymayıblar. Ona görə də beynəlxalq təşkilatlar bu mənzərənin şahidi olmalıdırlar. Mən göstəriş vermişəm, beynəlxalq təşkilatlara da müraciət olunsun ki, onlar da öz nümayəndələrini ora göndərsinlər və erməni vəhşiliyinin nədən ibarət olduğunu görsünlər. Cocuq Mərcanlı erməni vəhşiliyinin, vandalizminin əyani sübutudur. Gəlsinlər, görsünlər ki, özlərini mədəni xalq kimi təqdim etməyə çalışanlar hansı vəhşiliklər törədiblər. Ona görə orada bu işlər görülməlidir, bütün sənədləşmə, pasportlaşdırma, erməni vəhşiliklərinin sənədləşdirilməsi işləri, video, fotoşəkillər aparılmalıdır, dağılmış bütün o binaların ölçüləri, dəymiş ziyan hesablanmalıdır”.

Dövlət başçısının göstərişindən sonra Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Xarici İşlər Nazirliyi tərəfindən ölkəmizdə akkreditasiya olunmuş xarici kütləvi informasiya vasitələri nümayəndələrinin, eləcə də xarici ölkələrin Azərbaycandakı 60-a yaxın diplomatik nümayəndələrinin və beynəlxalq təşkilatların rəhbərlərinin Cocuq Mərcanlı kəndinə səfəri təşkil olundu. Onlar viran qoyulan, xarabalığa çevrilən kəndin mənzərəsini gözləri ilə gördülər. Dünya bir daha erməni vəhşiliyinin şahidi oldu. Hər kəs gördü ki, bir zamanlar həyatın tam gücü ilə qaynadığı bu kənd xarabalığı xatırladır. Kənddən demək olar ki, əsər-əlamət qalmayıb. Elə bil burada 283 ev təsərrüfatı, məktəb, kitabxana, poçt, icra nümayəndəliyi, qaramal, qoyunçuluq fermaları, anbar və kolxoz binası heç olmayıb.

Sonuncu dəfə qəzetimizin əməkdaşları fevralın 21-də, Novruzun ilk çərşənbəsində Cocuq Mərcanlıda olmuşdular. Kənddə 23 ildən sonra ilk bayram tonqalı qalanmışdı. Lələtəpədə dalğalanan üçrəngli bayraq və bayram tonqalı düşmənə göz dağı verirdi. Həmin zaman kənddə dağılmış evlərin, uçqunların təmizlənmə prosesi həyata keçirilirdi.

 

Cocuq Mərcanlının artıq yeni asfalt-beton örtüklü yolu var

 

Dövlət başçısının Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının 3-cü ilinin yekunlarına həsr olunan konfransda verdiyi tövsiyə və tapşırıqlara əsasən “Azəravtoyol” ASC tərəfindən 40 kənd və qəsəbələrarası avtomobil yolunun tikintisi ilə bağlı nəzərdə tutulan bütün layihələr arasında iqtisadi və sosial əhəmiyyəti qədər tarixi əhəmiyyət daşıyan layihə də var. Bu, Cocuq Mərcanlı kəndinə yeni yolun çəkilişidir.

Cocuq Mərcanlıya rahat yolun olması kəndin bərpası istiqamətində ilk günlərdən qarşıda duran əsas vəzifələrdən biri idi. Düzdür, Füzulinin Qazaxlar və Mirzənağılı kəndlərindən keçməklə Cocuq Mərcanlının girişinə qədər asfalt yol mövcuddur. Lakin başlanacaq yenidənqurma işlərinin miqyası və sürəti, qarşıya qoyulan bütün vəzifələrin operativ və çevik yerinə yetirilməsi ilk günlərdən kəndə doğru geniş yolun salınmasını zəruri edirdi. Buna görə də kəndin yenidən qurulmasını diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin bu istiqamətdə növbəti sərəncamlarından biri Cocuq Mərcanlıya gedən avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında idi.

Bu günlərdə Cocuq Mərcanlıda həyata keçirilən tikinti-quruculuq işlərinin nə yerdə olduğunu görmək üçün kəndə səfər etdik. Elə ilk gördüyümüz quruculuq mənzərəsi yeni çəkilən yol oldu. Horadizi keçən kimi yol üzərində Cocuq Mərcanlı və Şuşa yazılan lövhə qürur verir insana.

Ümumi uzunluğu 9 km. olan avtomobil yolunun layihə üzrə eni 12 metr təşkil edir. Yolun 4 km-i əsaslı şəkildə yenidən qurulur, 5 km-də isə bərpa işləri aparılır. Layihəyə uyğun olaraq yolboyu aparılan torpaq işləri, yol yatağının tikintisi tam olaraq yekunlaşdırılıb. Hazırda yol əsasının inşası işləri və buna paralel olaraq asfalt-beton örtüyünün ilk qatının döşənməsi işləri aparılır. Artıq yolun 3 km-ə yaxın hissəsinə asfalt-beton örtüyünün ilk qatının döşənməsi işləri yekunlaşıb. 5 km-lik hissədə aparılan bərpa işləri zamanı yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, əvəzində torpaq-çınqıl qarışığından ibarət material tökülərək kipləşdirmə işləri aparılıb.

Qalan 4 km-lik hissədə aparılan yenidənqurma işləri zamanı isə yeni yol yatağı və yol əsasının inşası işləri aparılıb. Daha sonra yolboyu 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənəcək.

Ümumilikdə yolun təqribən 68 min m2 sahəsinin asfaltlanması nəzərdə tutulub. Bundan başqa, yolboyu 9 ədəd su keçidinin tikintisi, həmçinin 1 ədəd 2 aşırımlı mövcud avtomobil körpüsünün bərpası işləri də yekunlaşmaq üzrədir. Cocuq Mərcanlı istiqamətindən yolun asfaltlanmasına da başlanılıb.

Layihə çərçivəsində yol 1 gediş və 1 gəliş olmaqla 2 hərəkət zolağından ibarət olacaq. Hərəkət hissəsinin eni 7,5 metr, hər bir istiqamət üzrə isə çiyinlərin eni 1,5 metr təşkil edəcək. Tikinti işləri tam olaraq bitdikdən sonra zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, həmçinin piyada zolaqlarının, yolcizgi və yolgöstərici xətlərin çəkilişi işləri aparılacaq.

Tikinti işləri texnoloji ardıcıllığa riayət edilməklə və yüksək keyfiyyətlə həyata keçirilir. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub. Yeni salınan avtomobil yolu Cocuq Mərcanlı kəndi də daxil olmaqla 7 yaşayış məntəqəsinin - Qazaxlar, Horadiz, Arayatlı, Əhmədbəyli, Qəhrəmanlı və İmamverdili kəndinin sakinlərinin gediş-gəlişi xeyli rahatlaşdıracaq.

 

Elektrik və qaz xətləri çəkilib, evlərin hörgüsü başa çatır

 

Çox rahat şəkildə gəlib çatdıq 23 ildir kənddə yaşayan Oqtay Həziyevin evinin qarşısına. Bunu onun üçün söyləyirik ki, fevral ayının 15-də buraya ilk gəlişimizdə Həziyevlərin yaşadıqları mənzilə yetişmək üçün daşlı-kəsəkli, kol-kos basmış cığırlarla hərəkət etməli olurduq. İndi isə vəziyyət inanılmaz dərəcədə dəyişib. Hətta kənddə tikiləcək 50 ev və məktəb binası üçün nəzərdə tutulmuş ərazi də tamam başqa mənzərə alıb. Xarabalıqdan əsər-əlamət yoxdur. Çocuq Mərcanlı böyük tikinti-quruculuq meydanına çevrilən Azərbaycanın kiçik rəmzinə çevrilib. Sanki bir ay öncə gördüyümüz ürək dağlayan mənzərəsi olan ərazi deyil burası.

Hər kəs iş başındadır. Texnikalar işləyir, hərə öz işi ilə məşğuldur. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Cocuq Mərcanlı kəndinin tikintisi üzrə baş texniki nəzarətçisi İlham Həşimov deyir ki, inşaat işlərinə 30-a yaxın texnika, 145-dən çox işçi cəlb edilib. Tikinti işləri səhər 08:00-dan axşam 18:00-a qədər davam edir. Bəzi hallarda işlər gecə saatlarında da görülür. Çünki beton töküldükdə iş yarımçıq saxlana bilməz. Artıq 14 evin dəmir-beton tavanı qoyulub. Digər evlərdə hörgü, 96 şagirdlik məktəb binasının zirzəmisində suvaq işləri, su xətlərinin çəkilişi aparılır. Həftəsonu 40 evin hörgüsü tam başa çatacaq.

Xarici qaz və elektrik xətlərinin çəkilişi də artıq başa çatıb. Daxili qaz çəkilişləri başlanacaq. Evlərin damları vurulduqdan sonra daxili elektrik xətləri çəkiləcək, sayğaclar qoyulacaq.

İlham Həşimovun sözlərinə görə, may ayının sonuna qədər 50 evin, məktəb binasının tikintisi, qaz və elektrik xətlərinin tam çəkilişi başa çatacaq. Qeyd edək ki, birinci mərhələdə tikilən 50 evdən 20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə dördotaqlıdır.

Ərazidə bərpa prosesinin ikinci mərhələsində isə daha 100 yaşayış evi, mədəni-maarif obyektləri, uşaq bağçası, tibb məntəqəsi və digər sosial obyektlərin tikintisi aparılacaq. Kənddə əlavə olaraq daha bir məktəb binasının da tikintisi nəzərdə tutulub.

 

Kəndin məscidi də olacaq

 

Tikinti işləri ilə bağlı ətraflı məlumat aldıqdan sonra üz tutduq Prezident İlham Əliyevin tapşırığına əsasən kənddə tikilməsi nəzərdə tutulan məscidin ərazisinə.

İki əsrdən artıqdır Azərbaycan xalqına qarşı davam edən erməni təcavüzünün qurbanları təkcə soydaşlarımız deyil, həm də yaşı min illərlə ölçülən dini abidələrimiz, müqəddəs ocaqlarımız və məbədlərimizdir. Erməni vandalları tarixi torpaqlarımızda 400-dən çox tarixi-dini abidəmizi məhv ediblər. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si isə ziyarətgahlardır. Ermənilər tərəfindən bir çox nadir tarixi mədəniyyət abidələrinin dağıdılması, İslam dininə aid olan nümunələrin məhv edilməsi, hətta tarixi abidələrin restavrasiyası adı altında Qafqaz Albaniyasına aid mədəni irsin saxtalaşdırılması, erməniləşdirilməsi prosesi bu gün də davam edir.

Azərbaycan Prezidentinin Cocuq Mərcanlıda böyük bir məscidin tikintisi ilə bağlı verdiyi göstəriş Ermənistana, onun havadarlarına, beynəlxalq aləmə ciddi bir siqnaldır. Bu, bir daha dünyaya bəyan edir ki, Azərbaycan İslam dünyasının bir parçasıdır, öz tarixi keçmişinə sadiqdir. Eyni zamanda dövlət başçısı tərəfindən 2017-ci ilin ölkəmizdə “İslam həmrəyliyi ili” elan edilməsinə bir xoş töhfədir. Bu məscidin minarəsində səslənəcək azan səsi şəhidlərimizin ölməz ruhunu şad edəcək, işğalçı ordunun əsgərlərinin canına vəlvələ salacaq.

Məscidin tikintisi üzrə sahə rəisi İsmayıl Ağabəyovla söhbətimiz zamanı bəlli oldu ki, ümumi sahəsi 50 sot olan məscidin tikintisinə martın 22-dən start verilib. 22 nəfər işçi qüvvəsinin çalışdığı məscid tam hazır olduqda Şuşa məscidinin bənzəri olacaq, minarələrinin hündürlüyü 27 metrə çatacaq. Burada mərasim zalı da tikiləcək, dini ibadət üçün bütün şərait yaradılacaq. İcraçının sözlərinə görə, məscidin 5 ay müddətində tikilib təhvil verilməsi nəzərdə tutulur. Ancaq onlar işləri bir qədər tez tamamlamaq fikrindədirlər.

 

Sərəncamın icrası may ayında başa çatacaq

 

Cocuq Mərcanlı kəndində aparılan tikinti-quruculuq işləri, gördüyümüz mənzərə insanda böyük ruh yüksəkliyi yaradır. Ona görə ki, Prezident İlham Əliyevin yanvar ayında verdiyi sərəncamın icrası may ayında başa çatacaq. Bununla da dünyaya nümayiş olunacaq ki, ermənilərin darmadağın edərək viran qoyduqları bir kəndi Azərbaycan dövləti belə qısa müddətə yenidən qurdu. Özü də daha möhtəşəm, daha əzəmətli.

Bu, həm də Böyük Qayıdışa Cocuq Mərcanlıdan başlayan Azərbaycan dövlətinin tezliklə bütün Qarabağda abadlıq-quruculuq işlərinə başlamağa qadir olduğunu sübut edir. Həqiqətən bu gün qüdrətli dövlətə çevrilən Azərbaycanın işğal altında olan torpaqlarında tikinti-quruculuq işləri aparması üçün yetərincə iqtisadi gücü var. Təki torpaqlarımız düşmən tapdağından azad edilsin. Azərbaycan dövləti bir neçə ilə öz torpaqlarında yeni-yeni şəhərlər, qəsəbələr yaratmaq əzmindədir.

Cocuq Mərcanlıda aparılan tikinti işləri bir daha təsdiqləyir ki, yaxın zamanlarda kənd sakinləri rahatlıqla öz evlərinə köçə biləcəklər. Çünki ərazidə çalışanlar da istər yaşayış evlərinin, istərsə də məktəb binasının, kommunikasiya xətlərinin və digər texniki infrastrukturların inşasında işlərin vaxtında və keyfiyyətlə başa çatdırılması üçün bütün imkanlardan istifadə edirlər.

 

Doğma yurda dönüş sevinci

 

Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam və ötən iki ayda görülən işlər Azərbaycan ictimaiyyəti tərəfindən böyük sevinc və rəğbətlə qarşılanır. Çünki Cocuq Mərcanlının bərpası digər işğal olunmuş ərazilərimizin tezliklə azad ediləcəyinin və oralarda da başlayacaq yenidənqurma işlərinin müjdəsidir. Təbii ki, indi ən çox sevinən cocuqmərcanlılardır. Çünki cəmi bir-neçə aya onların 23 illik yurd həsrətinə son qoyulacaq.

İlkin mərhələdə Cocuq Mərcanlıda 50 ev tikilsə də, Prezidentin sərəncam imzalamasından cəmi bir neçə gün sonra 200-ə yaxın ailə öz kəndinə köçmək üçün Cəbrayıl Rayon İcra Hakimiyyətinə müraciət edib. Təbii ki, indi bütün arzu edənlər kəndə köçə bilməyəcək. Əsasən gənc və çoxuşaqlı, təsərrüfatla məşğul olan ailələrə üstünlük veriləcək. Lakin növbəti mərhələdə digər ailələrə də kənddə ev veriləcək. Qeyd edək ki, növbəti mərhələdə tikiləcək evlərin yerləri artıq həm müəyyən olunub, həm də layihələndirilib.

Cocuq Mərcanlıdan qayıdarkən yolüstü Biləsuvardakı məcburi köçkün qəsəbələrinə baş çəkərək Cəbrayıldan olan sakinlərlə görüşdük. Onları köçkünçülükdən sonra gördükləri çətinliklər, çəkdikləri sıxıntılar nə qədər əzsə də, sabaha olan inamlarını, öz evlərinə qayıtmaq ümidlərini bir gün də olsun itirməyiblər. Ona görə hər birinin cöhrəsində doğma yurda qayıdışdan doğan sevinc dərhal hiss olunurdu.

 

Prezidentin sayəsində evimizə qayıdırıq

 

Cocuq Mərcanlıya köçmək istəyən sakinlərdən biri də hazırda Biləsuvardakı 9 saylı məcburi köçkün qəsəbəsində məskunlaşan kənd təsərrüfatı üzrə texniki nəzarət müfəttişi Atakişi Atakişiyevdir. Köçkünçülükdən sonra çox əziyyətlər görən Atakişi Atakişiyevin arzusu ömrünün qalan hissəsini doğma kəndində yaşamaqdır: “Biləsuvara 2007-ci ildə ailəmlə köçmüşəm. Buna qədər çox əziyyətlər gördük. Əvvəlcə Saatlıdakı çadır şəhərciyində məskunlaşmışdıq. Amma şəraitsizlik ucbatından yerimizi dəyişməli olduq və qonşuluqdakı kəndə yaxın yerə köçdük. Sonra Saatlının Varxankənd kəndində bir yer tapdıq. Nəhayət, Biləsuvarda bu şəhərcik salınanda dövlət tərəfindən üçotaqlı evlə təmin olunduq. Burada şəraitimiz nə qədər yüksək olsa da, öz kəndimizdə yaşamaqdan böyük xoşbəxtçilik ola bilməz”.

Atakişi Atakişiyev deyir ki, hətta vəfat edən əzizlərini də Cocuq Mərcanlıya yaxın dəfn ediblər. Çünki kəndə qayıtmaq ümidlərini heç vaxt itirməyiblər: “Budur, ümidimiz reallaşmaq üzrədir. Tezliklə kəndimizdə həyat əvvəlki axarına qayıdacaq. Sakinlərimiz əvvəllər olduğu kimi, yenə də kənddə öz işi ilə məşğul olacaq. Buna görə Prezident İlham Əliyevə hamımız ömrümüz boyu dualar edəcəyik. O, bizi çadır şəhərciklərindən şəraitli evlərə köçürdü. Bu gün onun sayəsində doğma yurdumuza qayıdırıq. Bizim ən böyük arzumuzu çin etdiyi üçün Prezidentə minnətdarıq və həmişə də onun ətrafında sıx səfərbər olacağıq”.

Cocuq Mərcanlı sakini Mahirə Abdullayeva uzun müddət kolxozda çalışıb. Deyir ki, dünyada torpaq həsrətindən ağır heç nə yoxdu: “Hara getsən də doğma yurd səni özünə sarı çəkir. Bu yaxınlarda getmişdik Cocuq Mərcanlıya. Qayıdandan sonra hələ də özümə gələ bilmirəm. İndi təsəvvür edin, biz bu 23-24 ildə hansı hissləri yaşamışıq.

Ona görə bizim həsrətimizə son qoyduğu üçün Prezident İlham Əliyevə minnətdarıq. Onun sayəsində ordumuz erməniləri kəndimizin ətrafından qovub çıxardı və bu gün orada rahat yaşayış mümkün olub. Kəndimizin yerində əvvəlkilərdən də yaraşıqlı, geniş evlər tikilir. Bizim üçün bundan böyük mükafat nə ola bilər”.

Mahirə Abdullayevanın iki övladı var, biri ailəlidir. Öz ailəsi də, oğlunun ailəsi də kəndə qayıtmaq üçün müraciət edib: “Bu gün yenə də rayon icra hakimiyyətinə getmişdim. Xahiş etdim ki, qayıdacaq ailələrin arasında ən azından oğlumun da ailəsi olsun. Hamı qayıtmaq istəyir, başqa cür mümkün də deyil. Rəhmətlik anam kəndə qayıtmağı çox arzulayırdı. Amma qismət olmadı, həyatdan nisgilli köçdü. Ona görə onun övladlarının, nəvələrinin kəndə qayıtmağı bizim üçün böyük təsəllidir”.

 

Bir gün də olsun inamımızı itirmədik

 

Cəbrayıl Suvarma Sistemləri İdarəsində maşinist vəzifəsində çalışan Şöhrət Hüseynov da kəndə qayıtmaq arzusundadır: “17 rayon və şəhərdə yaşayan Cocuq Mərcanlı sakinləri böyüklü-kiçikli hamısı sevinc içərisindədir. Çünki qayıdırıq evimizə. Mənim də ailəm Cocuq Mərcanlıya qayıtmaq üçün müraciət edənlər arasındadır və bu yaxınlarda kəndə dönəcəyimiz günü gözləyirik”.

Qeyd edək ki, Cocuq Mərcanlının adını Cəbrayılın işğalda olmayan yeganə kəndi kimi Azərbaycanda eşitməyən yox idi. Bu barədə danışan Şöhrət Hüseynov bildirdi ki, Prezident İlham Əliyev kəndə yeni həyat verdi: “Mən arabir gedib o yerlərə baş çəkmişəm. Hər dəfə o dağılmış, uçulmuş evləri görəndə ürəyim ağrıyır, dözə bilmirdim. Amma indi xoşbəxtəm, hədsiz sevinirəm, yeni evlər tiklir, geniş küçələr salınır. Keçən il Lələtəpə alınanda dedim ki, bu gedişlə mütləq kəndə qayıdacağıq. Budur, arzumuz baş tutur və qarşıdakı aylarda ilkin mərhələdə tikilən evlər təhvil veriləcək”.

Şöhrət Hüseynovun sözlərinə görə, su idarəsindəki işini bundan sonra kənddə davam etdirəcək. Hazırda Cocuq Mərcanlıda Suvarma Sistemləri İdarəsinin yerli bölməsi də yaradılır. Çünki kənddə təsərrüfatların suvarılması da əsas diqqət mərkəzində olan məsələlərdən biridir və buna görə kadrlara da ehtiyac olacaq.

Cocuq Mərcanlıdan olan Bənövşə Şirinova da Biləsuvardakı köçkün şəhərciyində məskunlaşıb. Doğma yurda qayıtmaq arzusu ilə dolub coşan Bənövşə xanım heç bir gözəlliyin doğma yurdu əvəz etmədiyni deyir: “Baxın, burada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin sayəsində gözəl evlərlə təmin olunmuşuq. O vaxt bu qəsəbələrin salınması barədə Heydər Əliyev fərman vermişdi. İlk qəsəbənin açılışında isə İlham Əliyev gəlmişdi. Deməyim odur ki, biz onların sayəsində dar və şəraitsiz yerlərdən şəraitli evlərə köçürüldük. Burada da hər bir ailəyə 12 sot həyətyanı sahə və 60 sot pay torpağı verilib. Amma yurd nisgili bizi heç vaxt tərk etmədi. Bir gün də Cocuq Mərcanlıya qayıtmaq inamımızı itirmədik. Elə gün olmur ki, biz kəndimizdən danışmayaq. Yurd itkisi ən ağır dərddir. Biz bunu yaşadığımız üçün bilirik. Yaşamayanlar bu itkinin ağırlığını bizim qədər hiss edə bilməzlər. Dərdlərin böyüyü elə yurd itkisidir”.

Bənövşə Şirinova deyir ki, kəndin bərpa olunacağını eşidəndə sevincindən göz yaşını saxlaya bilməyib: “Buna sevinməmək, kövrəlməmək mümkün deyil. Böyük dərdin əlacı da böyük sevinc doğurur. Ona görə bu günlərdə biz sevincliyik. 24 ildə üzümüz ilk dəfə indi ürəkdolusu gülməyə başlayıb. Dövlətin bizim üzərimizdə haqqı çoxdur, biz də çalışacağıq ki, bundan sonra dövlətimizin inkişafına öz töhfəmizi verək”.

 

Cocuq Mərcanlıda daha xoşbəxt olacağıq

 

Biləsuvardakı 8 saylı qəsəbədə məskunlaşan İlyas İbadov vaxtilə Cocuq Mərcanlının icra nümayəndəsi işləyib. Onun sözlərinə görə, Cocuq Mərcanlının bərpası ilə Qarabağa qayıdışın təməli qoyulub: “Bütün məcburi köçkünlərin doğma yurda qayıdış inamlarını artıran bu sərəncam bir daha göstərdi ki, Prezident İlham Əliyev üçün ən prioritet məsələ torpaqlarımızın işğaldan azad edilməsidir. Bütün Cocuq Mərcanlı sakinləri Prezidentə minnətdardırlar. Ən böyük arzumuz təbii ki, məcburi köçkünlərin öz evlərinə qayıtmalarıdır. Ona görə Tanrıdan ən böyük diləyimiz onların da bizim kimi doğma yurda qayıdış sevincini yaşamalarıdır. İnanıram ki, onlar da gün gələcək, bizim kimi bu sevinc hissini yaşayacaqlar. Bilirik ki, cənab İlham Əliyev torpaqlarımızı azad etmək üçün gərgin iş görür. Biz bu yolda dövlət başçımıza uğurlar diləyirik”.

İlyas İbadovun da ailəsi kəndə qayıtmaq üçün müraciət edib. İndi böyük sevinclə Cocuq Mərcanlıda yaşayacaqları günləri gözləyirlər.

Həmsöhbətimiz Savalan Xəlilovun sözlərinə görə, ömrünün ən gözəl illərini Cocuq Mərcanlıda keçirib. Kəndin yenidən qurulması isə onun həmin günlərə yenidən qayıtmaq inamını özünə qaytarıb: “Prezidentin sərəncamından sonra biz bir daha əmin olduq ki, işğal altında olan torpaqlarımız onun rəhbərliyi ilə nəyin bahasına olursa-olsun, tezliklə azad ediləcək, bütün məcburi köçkünlər öz doğma yurdlarına qayıdacaqlar. Dövlətimiz sağ olsun, burada bizə ev verib. Biz də özümüzə normal güzəran yaratmışıq. Şəratimiz pis deyil. Amma inanın ki, Cocuq Mərcanlıda harada və hansı şəraitdə yaşamağımızdan asılı olmayaraq daha xoşbəxt olacağıq”.

Savalan Xəlilovun dörd oğlu var. Biri Bakıda, o biriləri isə Biləsuvardakı 4 saylı qəsəbədə yaşayırlar. Övladları ailəlidir. Özü və övladları bu xəbəri eşidəndən sonra yır-yığışa başlayıblar. Biləsuvarda təsərrüfatları olsa da, olan-qalan mal-heyvanı da götürüb kəndə qayıdacaqları günü gözləyirlər. Cocuq Mərcanlıda da maldarlıqla məşğul olacaqlar.

Cocuq Mərcanlıda baharın gəlişinin isti nəfəsi duyulur. Ağaclar çiçək açır, təbiət yaşıllaşır. Kənd yenidən qurulduğundan, vaxtilə boş qalmış insan nəfəsi dəyməyən torpaqlara canlanma gəldiyindən sanki təbiətin oyanması da fərqlidir, əvvəlkilərdən daha gözəldir. Amma bu, cocuqmərcanlıların öz doğma evlərində keçirmədikləri sonuncu bahardır. Bundan sonra heç bir qüvvə, heç bir düşmən onları doğma kənddə didərgin sala bilməz. Çünki bugünkü Azərbaycan dövləti 1993-cü ilin Azərbaycanı deyil. Çünki Heydər Əliyevin azad etdiyi, Prezident İlham Əliyevin yeni həyat verdiyi Cocuq Mərcanlının arxasında güclü Azərbaycan dövləti dayanıb!..

 

Rəşad BAXŞƏLİYEV,

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan.- 2017.- 1 aprel.- S. 6-7.