Cəsur kapitanın şücaəti

 

Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsinə qızıl hərflərlə yazılan aprel döyüşlərindən bir il ötür. O şanlı qələbədən sonra xalqımız ordumuzun hər an işğal olunmuş torpaqlarımızı azad etməyə qadir olduğuna bir daha əmin oldu. Aprel döyüşlərində ermənilərə layiq olduqları dərsi verən igid övladlarımız işğal olunmuş torpaqlarımızın bir hissəsini düşməndən azad etməklə sübut etdilər ki, onlar ata-baba yurdlarını heç vaxt düşmən tapdağı altında qoymayacaqlar. Həmin döyüşlərdə ermənilər çoxlu sayda canlı qüvvə və texnika itirdilər. Azərbaycanın Silahlı Qüvvələri şücaət göstərərək möhtəşəm tarix yazdılar.

Aprel döyüşlərində Silahlı Qüvvələrimizin uğurlu əməliyyatı Azərbaycan cəmiyyətində vətənpərvərlik hissini daha da artırdı. Ordumuzun qazandığı möhtəşəm qələbə bütün Azərbaycan vətəndaşlarını hərəkətə gətirdi. Xalq ayağa qalxıb bu qələbənin sonadək əldə edilməsinə dəstək oldu. Söz yox ki, hər hansı bir döyüşdə qələbə itkisiz başa gəlmir. Aprel döyüşlərində itkilərimiz də oldu.

Həmin döyüşlərdə əbədiyyətə qovuşanlardan biri milli ordumuzun kapitanı İnqilab Quliyevdir. 1983-cü ilin aprel ayında dünyaya göz açan İnqilab keçən ilin aprel ayında da həlak oldu. O, Kəlbəcər rayonunun İstisu qəsəbəsində doğulmuşdu. Gözəl, əsrarəngiz təbiət mənzərələri onda kiçik yaşlarından doğma yurda böyük məhəbbət hissi oyatmışdı. Ermənilərin Azərbaycana qarşı torpaq iddiları baş qaldıran dövrdə onda hərbçi olmaq həvəsi yaranır. Bu məqsədlə 8-ci sinfi bitirdikdən sonra sənədlərini Cəmşid Naxçıvanski adına Hərbi Liseyə verir və qəbul olunur. Liseyi uğurla başa vurduqdan sonra 2000-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olur. 2005-ci ildə məktəbi bitirib leytenant rütbəsi ilə artilleriya komandiri kimi hərbi xidmətə başlayır. Türkiyə Respublikasında üç aylıq ixtisasartırma kursunda iştirak edir. İlk gündən bilik və bacarığı, hərbi texnikanın sirlərini mənimsəməsi ilə diqqəti cəlb edir. Kursu uğurla başa vurduqdan sonra qulluğunu davam etdirməyə başlayır. Azərbaycan Ordusunda xidmət etdiyi müddətdə dəfələrlə müxtəlif medallaradöş nişanlarına layiq görülür. Bir müddətdən sonra ona baş leytenant, daha sonra kapitan rütbələri verilərək N saylı hərbi hissənin qərargah rəisi, bir neçə aydan sonra komandirin müavini təyin edilir.

Ermənilər təmas xəttində tez-tez təxribat törədir, hərbi mövqelərimizi atəşə tuturdular. Vəziyyətin yaxşı olmadığını görən kapitan İnqilab Quliyev xidmətini təmas xəttində davam etdirmək üçün ərizə yazır. Onun istəyini yerinə yetirirlər.

2016-cı ilin aprel ayının 2-si idi. Ermənilər növbəti hücumlara başlamışdılar. Təcrübəli artilleriya komandiri İnqilab Quliyev düşməni susdurmaq üçün hərəkətə keçir. Cəbhənin Ağdərə rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən düşmənin açdığı atəş nəticəsində ağır yaralanıb, həlak olur.

İndi həyat yoldaşı Lalə 4 yaşlı Hüseyn və 2 yaşlı Əyyam ilə baş-başa qalmışdır. Övlad itkisi atası Çingiz müəllimin ürəyinə od salsa da, oğlunun şərəfli ömür yolu ilə qürur duyur. Deyir ki, İnqilabın ölümü ilə düşmən heç də sevinməsin. Çünki İnqilab kimi oğullar Azərbaycanda minlərlədir. İnanıram ki, torpaqlarımız tezliklə düşməndən azad ediləcək, şəhidlərimizin ruhu rahatlıq tapacaq.

Lalə Quliyeva: “O, çox ailəcanlı, ata-anasına bağlı bir insan idi. Ancaq görünür, onun üçün Vətən sevgisi daha üstün imiş. Onun ölümündən sonra bildim ki, ön cəbhəyə getməyi özü xahiş edibmiş. Şəhid olmamışdan saat yarım əvvəl telefonla danışdıq. Dedi ki, qorxmayın, hər şey yaxşıdır. Yazın gəlişindən, həmin ərazilərin yaşıllığa bürünməsindən söz salıb o ki var, təriflədi. Zarafatla ona dedim ki, mən də gəlirəm. Güldücavab verdi  ki, Allah qismət eləsin. Əlbəttə, gələcəksən. Buraları işğaldan azad edək. Sonra sizi də gətirəcəm”.

Bu gün İnqilabın ailəsinin təsəllisi ona olan ümumxalq sevgisi, dövlətimizin diqqət və qayğısıdır. Oğlunun igidliyi ilə fəxr edən ata onun yoldaşlarının, döyüşçü dostlarının söhbətlərindən və biriki övladından təsəlli alır. Fəxr edir ki, İnqilabın da qatıldığı uğurlu döyüş əməliyyatları nəticəsində strateji əhəmiyyətli olan yüksəkliklər düşməndən azad edilib. Hər bir azərbaycanlı kimi, o da ümidini böyük qələbəyə bağlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli sərəncamı ilə İnqilab Quliyev göstərdiyi şücaətə görə “İgidliyə görə” medalı ilə təltif olunmuşdur. Medal onun 4 yaşlı oğlu Hüseynin yaxasına taxılarkən atası Çingiz Quliyev deyib ki, oğlu İnqilabla, eləcə də onun kimi yüzlərlə Vətən uğrunda şəhid olmuş mərd igidlərimizlə fəxr edir. İnqilab indi bir ailənin övladı yox, Azərbaycan xalqının övladı olub.

Dövlətin diqqət və qayğısını hər an hiss edən İnqilabın ailəsi bu yaxınlarda yeni üçotaqlı mənzillə də təmin olunub. Gəncədəki küçələrdən birinə onun adı verilib.

 

Sabir ƏLİYEV,

 

Azərbaycan.- 2017.-1 aprel.- S.8.