Vyetnam İnteqrasiya” jurnalı: Bakıda keçmişinmüasir inkişafın sintezi müşahidə olunur

 

Vyetnamın Elm və Texnologiya Assosiasiyaları Birliyinin nəzdində fəaliyyət göstərən və geniş oxucu auditoriyasına sahib olan “Vyetnam İnteqrasiya” jurnalında “Azərbaycan: qonaqpərvər xalqın əsrarəngiz ölkəsi” başlıqlı məqalə dərc olunub.

Yazıda Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, adət-ənənələri, müasir inkişafı, turizm potensialı haqqında geniş məlumat verilir.

Azərbaycan ərazisində ilk insan məskənləri, qədim arxeoloji materiallar haqqında məlumat verilən məqalədə xalqımızın qədim dövlətçilik ənənələrinə malik olduğu vurğulanır. Bundan başqa, xalqımızın qonaqpərvərliyindən, sülhsevərliyindən, ailə dəyərlərinə hörmətindən, adət-ənənələrini qoruyub saxlamasından bəhs olunur, milli musiqimiz, rəqslərimiz, geyimlərimiz haqqında məlumat verilir.

Xalqımızın multikulturalizm dəyərlərindən bəhs edən müəllif məqaləsində əhalisinin əsas hissəsi müsəlman olan Azərbaycanda digər dinlərin nümayəndələrinin dinc, qarşılıqlı hörmət və ehtiram şəraitində yaşadıqlarını vurğulayır.

Vyetnam İnteqrasiya” jurnalı Azərbaycanın əlverişli iqlim şəraiti, əsrarəngiz təbiəti, zəngin təbii ehtiyatları haqqında oxuculara məlumat verir. Müəllif küləklər şəhəri olan Bakıda keçmişinmüasir inkişafın sintezinin müşahidə olunduğunu qeyd edərək paytaxtdakı tarixi abidələr və müasir infrastrukturdan söz açır.

Məqalədə Azərbaycanın Qarabağ atları ilə oynanılan ənənəvi çövkən oyunu haqqında məlumat verilərək bu oyunun 2013-cü ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildiyi qeyd olunur.

 

AZƏRTAC

 

Azərbaycan.- 2017.- 2 aprel.- S.2.