Pambıqçılığın dirçəldilməsi həm də sosial layihədir

 

Prezident İlham Əliyev: “Pambıqçılığın inkişafı ilk növbədə məşğulluğun artırılması və insanların, bu rayonlarda yaşayan insanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün aparılır”

 

Pambıqçılıq Azərbaycanda yenidən önəmli sahəyə çevrilib. Keçən il Prezident İlham Əliyevin Sabirabad rayonunda pambıqçılıqla bağlı keçirdiyi müşavirə bu sahənin dirçəldilməsinə böyük təkan verdi. Mart ayının 28-də Saatlıda keçirilən növbəti müşavirədə də respublikada pambıqçılığın inkişafı ilə bağlı vacib məsələlər müzakirə olundu.

Azərbaycan pambıqçılıq üçün dünyanın əlverişli regionlarından biridir. Təsadüfi deyil ki, xalqımız pambığı qədim zamanlardan əkib-becərib və bu sahədə zəngin təcrübə toplayıb. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə pambıqçılıqda əldə edilən böyük nailiyyətlər göstərdi ki, bu sahəyə lazımi diqqət ayrılanda nəticəsi çox uğurlu olur.

Postneft dövrünün tələbləri, qeyri-neft sektorunun, o cümlədən onun aparıcı sahəsi olan kənd təsərrüfatının inkişafının prioritet kimi elan edilməsi pambıqçılığı yenidən gündəmə gətirib. Dövlət başçısının sözügedən müşavirədə dediyi kimi: “Pambıqçılığın ölkə iqtisadiyyatına çox böyük xeyri var. Bu, ölkəmizə valyuta gətirir və pambıq elə bir məhsuldur ki, dünya birjalarında satılır. Ona görə pambığın və mahlıcın satışı üçün bazarları aramaq lazım gəlmir və bu, əlbəttə ki, böyük üstünlükdür. Eyni zamanda pambıqçılıq əməktutumlu kənd təsərrüfatı sahəsidir. Keçən il pambıqçılığa 10 minlərlə insan cəlb edilmişdir”.

Bu il pambıqçılıqda çalışanların sayı daha da artacaq. Onların 200 min nəfərdən çox olacağı gözlənilir. Qeyd edək ki, keçən il bu rəqəm 64 min idi. Ümumiyyətlə, bölgələrdə məşğulluq probleminin həllində pambıqçılığın böyük rolu var. Odur ki, indi pambıqçılıq rayonlarında yaşayan və özünə yeri tapmayan vətəndaşlar bu problemlərini həll edəcəklər. Beləliklə, bu, həm insanların özünə yaxınlıqda münasib yeri tapması, həm də dövlətin əmək resurslarından səmərəli istifadə etməsi deməkdir.

Dövlət pambıqçılığın inkişafı istiqamətində məqsədyönlü tədbirlər görür. Keçən ildən başlayaraq pambıqçılığa hərtərəfli dəstək göstərilir. Sahənin inkişafı üçün böyük həcmdə vəsait xərclənir. Prezident bu dəstəkdən danışarkən misallar da gətirmişdir: “Keçən il pambığın qiyməti 9 qəpik artırıldı, 10 qəpik də subsidiya verilir. Bu bir daha göstərir ki, dövlət bu sahəyə çox əhəmiyyət verir. Eyni zamanda onu göstərir ki, dövlət, ümumiyyətlə, fermerlərə öz dəstəyini əsirgəmir. Hesab edirəm ki, fermerlərimiz üçün yaradılmış şərait heç bir başqa ölkədə yoxdur. Bizim fermerlər torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azaddırlar... Güzəştli şərtlərlə gübrələr verilir, fermerlər gübrənin qiymətinin cəmi 30 faizini ödəyirlər. Güzəştli şərtlərlə yanacaq və kreditlər verilir. Mən artıq qeyd etdim ki, iqtisadiyyatın real sektoruna 2 milyard manat ən aşağı faizlə kreditlər ayrılıbdır”.

Keçən il 1800 ədəd texnika, o cümlədən 94 pambıqyığan kombayn və 300-ə yaxın traktor alınıb. Bu il alınacaq texnikanın sayı əvvəlki ildəkindən iki dəfədən də çoxdur. 209 pambıqyığan kombayn, 810 traktor üçün sifariş verilib. Bu texnikaların alınması üçün 10 milyonlarla dollar vəsait xərclənib.

Dövlət qurumlarının, özəl sektorun və ictimaiyyətin birgə işi yeni, müsbət nəticəyə gətirib çıxarır. Bu, gələcəkdə pambıqçılığın daha sürətlə inkişaf edəcəyinə inam yaradır və zəmanət verir.

Bu il Azərbaycanın 22 rayonunda pambıq əkiləcək. Əkin sahələrinin 136 min hektar olacağı nəzərdə tutulub. Növbəti illərdə isə əkin sahələrinin daha da artırılması gözlənilir.

Keçən il hər hektardan orta hesabla 17 sentner məhsul götürülmüşdürsə, bu il həmin rəqəm 20 sentner ətrafında olacaq, əlbəttə, bundan çox da ola bilər. Çünki hazırlıq işləri vaxtında görülüb, səpinə start verilib. Hər hektardan 20 sentner pambıq toplansa, bu il ölkədə 270 min ton məhsul tədarük edilər. Cəmi iki il əvvəl mövsüm ərzində 35 min ton pambıq yığıldığını nəzərə alsaq, bugünkü göstəricilər yaxşı nəticədir. Bu, o deməkdir ki, Azərbaycanda pambıqçılıq artıq bərpa olunubböyük inkişaf yoluna qədəm qoyub.

Saatlıda keçirilən müşavirədə dövlət başçısı sahənin inkişafı, o cümlədən bu il müvəffəqiyyət qazanılması üçün işin düzgün təşkilinin vacib şərt olduğunu vurğulamışdır. Bu işlər çoxşaxəlidir. Məsələ yalnız pambığın tarlada əkilməsindən getmir. Məhsulu araya-ərsəyə gətirmək üçün genişmiqyaslı tədbirlər həyata keçirilməlidir və keçirilir. Prezident İlham Əliyev də diqqəti məhz onların uğurla reallaşmasına yönəltmişdir. Həmişə olduğu kimi, dövlət başçısı yenə də insan amilini önə çəkərək tarlalarda zəhmətkeşlər üçün yaxşı şəraitin yaradılmasını tapşırmışdır. Bütün infrastruktur, tarla düşərgələri və s. elə təşkil edilməlidir ki, insanlar razı qalsın.

Daha sonra diqqət digər vacib məsələlərə yönəldilmişdir. Həm tarlada, həm də yolda itkilər minimuma endirilməlidir. Bunun üçün kəndarası yollar qaydasında olmalıdır ki, yanacağa qənaət edilsin, əlavə vaxt itirilməsin.

Sahə üçün yeni kadrlar hazırlanmalıdır. Belə ki, gənclər kənd təsərrüfatı üzrə peşələrə cəlb edilməli, stimullaşdırılmalı və əmin olmalıdırlar ki, yaşayış səviyyələri yüksələcək.

Pambıqçılığın inkişafında suvarmanın mühüm əhəmiyyət kəsb etdiyi nəzərə alınaraq müşavirədə bu barədə də geniş söhbət aparılıb. Bu il görülmüş tədbirlər nəticəsində 150 min hektar suvarılmamış torpaqlara su çəkilişi təmin ediləcək. Həmin ərazilərin böyük hissəsi pambıqçılıq üçün nəzərdə tutulub. Ölkədə pilot suvarma sistemlərinin yaradılması da işin xeyrinə olacaq. Çünki pilot suvarma ilə hər hektardan 35-40 sentner pambıq götürmək mümkündür.

Sahənin inkişafı üçün nəzərdə tutulan meliorasiya tədbirlərindən bəhs edərkən dövlət başçısı demişdir: “Hesab edirəm ki, açıq suvarma yolu ilə 25 sentnerreal rəqəm ola bilər. Hesab edirəm ki, biz 2020-ci ildə açıq suvarma yolu ilə 140 min hektarda pambıq əkə bilərik və təqribən 60-65 min hektar pilot sistemləri ilə təmin oluna bilər. Əgər biz buna nail olsaq, orta məhsuldarlıq 30 sentnerə çatacaqbu, il ərzində 600 min ton pambıq tədarükü deməkdir. Bu, real rəqəmlərdir”.

Pambıqçılığın inkişafına yönəldilən diqqət və göstərilən dəstək Azərbaycan dövlətinin uzaqgörən və məqsədyönlü iqtisadi siyasətinin daha bir təzahürüdür. Pambıqçılıq inkişaf etdikcə ölkədə bir sıra digər sahələr üçüngeniş üfüqlər açılacaq. Məsələn, bu, yüngül sənayenin inkişafına güclü təkan verəcək. Nəticədə xaricə ixrac olunan pambıq məhsullarının sayı və çeşidiartacaq.

Bir sözlə, həm pambığı əkib-becərən insanlar pul qazanacaq, güzəranlarını yaxşılaşdıracaq, həm də ölkə ixrac olunan məhsullardan əlavə gəlirlər əldə edəcək. Ona görə də Prezident İlham Əliyev demişdir: “Pambıqçılığın inkişafı Prezident kimi mənim üçün ilk növbədə sosial layihədir, ondan sonra iqtisadi layihədir, daha sonra isə valyuta gətirən layihədir”.

 

Flora SADIQLI,

 

Azərbaycan.- 2017.- 2 aprel.- S. 4.