Qubada erməni vandalizminin qanlı izi

 

31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür

 

Humanizmi, ədaləti, insanlığı yüksək dəyərləndirən İslam dini meydana gəldiyi dövrdən daim tolerantlığı üstün tutmuş, həmişə bu prinsipləri təbliğ etmişdir. Xalqımızın bugünədək azadlıq savaşında digər millətlərin nümayəndələri də azərbaycanlılarla çiyin-çiyinə dayanmış, bu yolda canlarını əsirgəməmişlər.

Azərbaycana iki əsrlik zaman kəsiyində köçürülən ermənilər isə bu torpaqlara qədəm basandan öz məkrli niyyətlərini gizlətməmiş, terror, qətl yolu ilə yurddaşlarımızın qəsdinə durmuş, onları özlərinə düşmən hesab edərək amansız qanlı cinayətlər törətməkdən çəkinməmişlər. Qanlı terror ötən əsrdə daha da güclənmiş, onlar yerli əhalini məhv etməklə torpaqlara yiyələnməyi, “Böyük Ermənistan” yaratmağı qarşılarına məqsəd qoymuşlar. XX əsrin əvvəllərində daşnaklar müsəlman əhaliyə divan tutmaqla öz iyrənc əməllərinə nail olmağa çalışmışlar. Respublikamızın bir çox bölgələrində ermənilər yerli əhalini qətlə yetirərək yaşayış məntəqələrini darmadağın etmiş, bir çoxunu isə tamamilə yer üzündən silmişlər. Daşnaklar təkcə Quba, Qusar və Xaçmazda yüzlərlə kəndi məhv etmiş, onların əhalisinə qarşı amansız terror aktları həyata keçirmişlər.

Bolşevik-daşnak birləşmələri o zamanlar, yəni XX əsrin əvvəllərində Şamaxı, Quba, Kürdəmir, Salyan və Lənkəran qəzalarında da soyqırımını davam etdirmişlər. Hamazaspın başçılıq etdiyi daşnak dəstələri Quba qəzasının 162 kəndini yandırmış, 16 mindən çox azərbaycanlını öldürmüşdülər. Soyqırımı 1918-ci il sentyabr ayının ortalarına qədər davam etmişdir. Bu soyqırımında 50 mindən çox azərbaycanlı öldürülmüşdür.

Təkcə 1918-ci ilin aprel-may aylarında ermənilər Quba qəzasında böyük qırğınlar törədərək 20 minə yaxın insanı qətlə yetirmişlər. May ayının 2-dən Quba şəhərində bir gün ərzində 3 minə yaxın dinc sakin öldürülmüşdü. Quba qəzasının 120-dən çox, hazırkı Quba rayonunun isə 30-dan artıq kəndi - Əlbəqışlaq, Alpan, Amsar, Afurca, Buduq, Aşağı Buduq (Yalavanc), Hacıqayıbqışlaq, Cek, Cimi, Digah, Yenikənd, Zərqava, İqriq, Nügədi, Rustov, Talabı, Xucbala, Üçkün, Qaraçay, Aşağı Xuc və s. kəndləri yandırılmışdır. Az vaxt ərzində minlərlə insan məhv edilmiş və 102 kənd dağıdılmış, həmin kəndlərin 35-i yer üzündən tamamilə silinmişdir.

 

Tarixdən gələn səs

 

Ermənilər tərəfindən Qubada törədilən vəhşiliyin nəticəsi olan soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib. Həmin ilin iyulundan Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən məzarlıqda başlanan geniş tədqiqat işlərinə 2008-ci ilin sentyabrında yekun vurulub.

Tədqiqat nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımının nəticəsi olduğu müəyyən edilmişdir.

2009-cu ildə Azərbaycan Prezidentinin sərəncamından sonra Nazirlər Kabineti kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dair tədbirlər planı hazırlayıb. Aşkar olunmuş kütləvi məzarlığın yerləşdiyi ərazidə monumental xatirə kompleksinin ucaldılması və abadlıq işlərinin aparılmasına start verilib.

Məzarlığın 514 kvadratmetrlik ümumi sahəsinin 494 kvadratmetrində araşdırma işləri aparılmış, 20 kvadratmetr sahə isə beynəlxalq tədqiqatçılar üçün saxlanmışdır.

Qudyalçayın sağ sahilində köhnə stadionun yerləşdiyi ərazidə yeni idman kompleksinin tikintisi zamanı üzə çıxan bu məzarlıqda iki quyuda üst-üstə qalaqlanan insan sümükləri aşkar edilib. Böyük quyunun diametri 5, kiçiyinin isə 2,5 metrdir. Quyular arasında 2 metr məsafə var. Böyük quyuya yüzlərlə insan skeleti tökülüb. Aşkar edilmiş insan cəsədlərinin əksəriyyəti uşaq və qadınlara aiddir. Skeletlərin bütöv halda tapılmaması onu göstərir ki, insanlar öldürüldükdən sonra sanki şaqqalanaraq bura atılıb. Qurbanların sayı kəllə sümükləri ilə müəyyən olunmuşdur. Sümüklərin tədqiqatı zamanı ölüm faktının nə vaxt baş verdiyi dəqiqləşdirilib. Qubada tapılan sümüklərin tərkibindəki nəmliyin miqdarı ölüm tarixinin ötən əsrin ikinci onilliyinə aid olduğunu üzə çıxarır. Məzarlıqda azərbaycanlılarla birlikdə ləzgilər, yəhudilər, tatlar və digər millətlərin 400-dən artıq nümayəndəsinin olduğu aşkarlanıb.

Tarixi araşdırmalar və arxiv materialları nəticəsində müəyyən edilmişdir ki, quyu və arxlarda basdırılan insan cəsədləri 1918-ci ildəki Quba qırğınının qurbanlarıdır. Onlar erməni qatilləri tərəfindən bura gətirilərək qətlə yetirilmiş, naməlum şəkildə basdırılmışlar.

Quba Soyqırımı Memorial Kompleksi Azərbaycan Prezidentinin sərəncamı ilə erməni cəlladlarının yüzlərlə günahsız insanı qətlə yetirib quyulara doldurduğu yerdə ucaldılıb. Quba Soyqırımı Memorial Kompleksi erməni cinayətlərinin üstünün açıldığı yerdə, ermənilərin “soyqırımı abidəsi” isə məkrli yalanların üstündə ucaldılmışdır. Bax əsl fərq bundadır.

 

Qanlı səhifələri vərəqlərkən

 

Əsrlər boyu torpaqlarımıza köçüb, burada yurd salan müxtəlif millətlərin nümayəndələri heç vaxt sıxıntıya, yerli əhali tərəfindən təqiblərə məruz qalmayıblar. Ərazilərimizə başqa xalqların köçməsi Azərbaycan işğal edilərək SSRİ-nin tərkibinə qatıldıqdan sonra gücləndirildi. Həmin dövrdən başlayaraq imperiyanın ərazilərindən müxtəlif dini təriqətlərin və sektaların nümayəndələri - malakanlar, almanlar köçürülüb. İran və Türkiyə ərazilərindən Azərbaycana mühacirət edən yüz minlərlə erməninin köçü Qafqazın xəritəsində yeni izlər buraxıb. Çünki bir qədər sonra həmin “zavallı köçərilər” - ermənilər torpaq iddiası ilə hərəkətə gəldilər.

Ölkəmizdə məskən salan xalqlardan fərqli olaraq, Azərbaycana köç edən ermənilər torpaqlarımızda bir tərəfdən qanlı savaşlar, etnik təmizləmələr, qırğınlar aparıb, digər tərəfdən hakimiyyət strukturlarında vəzifələr tutaraq milli sərvətlərimizə sahib çıxmağa, maliyyə kanallarını ələ keçirməyə, hətta İkinci Dünya müharibəsi illərində bütün Azərbaycan xalqını ölkədən sürgün etməyə can atıblar. Həmin illərin sovet tolerantlığı başımızın altına “xalqlar dostluğu”nun balışını qoyub bizi arxayınlaşdırdıqca erməni cəlladları azğınlaşıb, vəhşiləşib, aramsız qətliamlara rəvac veriblər.

Azərbaycanlılara qarşı soyqırımı ötən əsrin əvvəllərində daha da geniş miqyas aldı. Bolşevik-daşnak dəstələri Bakının müxtəlif yerlərində türklərin əleyhinə mitinqlər və yığıncaqlar keçirməyə başladılar. “Daşnaksütyun” partiyası Bakı Sovetindən bu qanlı niyyətlərini həyata keçirməkdə bir vasitə kimi istifadə etdi. 1918-ci il martın 31-də səhər tezdən bolşevik-daşnak dəstələri azərbaycanlıların yaşadığı Kərpicxana, Məmmədli və başqa məhəllələrə hücuma keçdilər. Azərbaycanlıların İçərişəhərdə guya rusları qırmaları barədə erməni şayiəsinə uyan matroslar da qırğına qoşulub hərbi gəmilərdən müsəlman məhəllələrini bombaladılar.

Qeyri-bərabər döyüşdə soyqırımına məruz qalan azərbaycanlıların martın 31-də müqaviməti dayandırmalarına baxmayaraq, erməni millətçiləri şəhərin dinc əhalisinə divan tutur, qılıncdan keçirirdilər. Bolşevik-daşnak birləşmələri Bakıda on minlərlə insanı qətlə yetirmiş, dini ocaqları darmadağın etmişdilər.

Azğınlaşan və ciddi müqavimətlə rastlaşmayan bolşevik-daşnak birləşmələri Şamaxı, Quba, Kürdəmir, Salyan və Lənkəran qəzaları istiqamətində soyqırımını davam etdirdilər. S.Lalayanın daşnak dəstəsi aprelin 3-dən 16-dək Şamaxı əhalisinə qanlı divan tutdu.

Azğın ermənilər kəndləri viran qoyur, müsəlman əhaliyə xüsusi amansızlıqla işgəncələr verirdilər. Bakı Sovetinin Qubaya göndərdiyi Hamazasp burada guya “qayda-qanun” yaratmağa başladı. Onun gəlişindən bir neçə həftə əvvəl yerli əhali onlara divan tutan Muradyanın əsgərlərini tərksilah etmişdi. Həbs edilənlərin qisasını alan Hamazasp çəkinmədən özünü müsəlmanların düşməni adlandırmış, Xəzər dənizindən Şahdağa qədər olan ərazini onlardan təmizləyəcəyinə and içmişdi. O, hər yerdə Şaumyandan dərs aldığını, türklərə nifrətini gizlətmirdi.

Ermənilər Quba əhalisini meşələrə qovur, sonra onları hissə-hissə güllələyir, qılıncdan keçirirdilər. Beş ay ərzində kənd yollarında, həyətlərdəki ağaclardan asılan insan cəsədlərinin sayı-hesabı yox idi. Azğın ermənilər başqalarına dərs olsun deyə meyitlərə toxunmağa qoymurdular. Onların amansız qətllərinin qarşısını Azərbaycana köməyə gəlmiş türk əsgərləri aldılar.

 

Quba Soyqırımı Memorial Kompleksi tarixi həqiqətin göstəricisidir

 

Azərbaycan həqiqətlərinin dünyada təbliği istiqamətində görülən işlərin miqyası son dövrlərdə daha da artmışdır. Bu istiqamətdə Heydər Əliyev Fondu çox mühüm və tarixi işlər görür. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi fond istər ölkədən kənarda, istərsə də respublikamızda bu istiqamətdə vacib layihələr reallaşdırır. Heydər Əliyev Fondunun dəstəyi ilə Quba Soyqırımı Memorial Kompleksinin yaradılması Mehriban xanım Əliyevanın bu məsələyə nə dərəcədə həssas yanaşdığını nümayiş etdirir.

Quba Soyqırımı Memorial Kompleksinin açılışında iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: “Burada nümayiş etdirilən eksponatlar bizim tariximizi göstərir. Eyni zamanda, memorial kompleksdə yaradılmış ekspozisiya çox böyük məna daşıyır. Kompleksin girişində Quba qəzasının dinc vaxtları öz əksini tapır. Ailələr, vətəndaşlar dinc həyat sürürlər. Ondan sonra qanlı günlər, dinc əhaliyə qarşı törədilən vəhşilik əks olunur. Ekspozisiyanın sonunda, hesab edirəm ki, çox düzgün tərtibat nəticəsində insanlar buradan nikbin əhvali-ruhiyyə ilə ayrılır”.

Kompleksdəki bütün bölmələr və eksponatların yanında quraşdırılan xüsusi audiobələdçi qurğular vasitəsilə ingilis, rus və Azərbaycan dillərində soyqırımı barəsində ətraflı məlumat almaq mümkündür.

Abidə-muzeyin ekspozisiyasında 1918-ci ilin mart-iyul aylarında Bakı quberniyasının 5 qəzasında - Bakı, Şamaxı, Quba, Göyçay və Cavadda müsəlman əhalinin soyqırımı tarixi öz əksini tapıb. 19 bölmədən ibarət muzey ekspozisiyası Azərbaycan, rus və ingilis dillərində təqdim olunur. Ekspozisiya 1918-ci il hadisələri ərəfəsində dinc Quba həyatını əks etdirən fotoşəkillərlə başlayır. Ekspozisiya unikal arxiv sənədləri ilə zəngindir. Burada 1918-ci ilin qanlı hadisələrindən sonra cinayəti tədqiq etmək üçün Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə Təhqiqat Komissiyasının yaradılması haqda qərarı və komissiyanın sənədləri, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin ərazisini əks etdirən xüsusi məzmunlu xəritə, ümummilli lider Heydər Əliyevin azərbaycanlıların soyqırımı haqqında sərəncamı təqdim olunur.

Müxtəlif qəzalarda baş vermiş soyqırımları zamanı kütləvi şəkildə xüsusi qəddarlıqla öldürülmüş insanların əksəriyyəti yandırılıb, dənizə, quyulara atılıb və bu səbəbdən onları dəfn etmək mümkün olmayıb. Zalın mərkəzində belə qurbanların xatirəsinə qara mərmər daş ucaldılıb.

Muzey-kompleksdə məlumat mərkəzi, zəngin kitabxana, kompüterlərlə təmin olunmuş oxu zalı fəaliyyət göstərir. Kompleksin ərazisində Azərbaycan Respublikasının dövlət bayrağı ucaldılıb. Geniş həyətyanı sahədə Qubanın rəmzi olan alma ağaclarından ibarət bağ salınıb.

Muzeydə hər bir qəzanın tarixi faciəsi ayrı-ayrı bölmələrdə zəngin foto, arxiv sənədləri, statistik məlumat və diaqramlarla verilir. Bütün informasiya üç dildə, hər bölmənin qarşısında quraşdırılan elektron məlumat bazasında öz əksini tapıb.

Quba soyqırımını əks etdirən sənədli film zalda davamlı olaraq nümayiş etdirilir. Ekspozisiyanı müasir incəsənət nümunəsi - nəhəng metal lövhə üzərində əks olunmuş insan sifətləri tamamlayır. Bu, tarixin qan yaddaşına hopan hadisələrə bugünün baxışı, çağdaş dövrün münasibəti kimi dəyərləndirilir. Zalın çıxışı 1918-ci ildə Qafqaz İslam Ordusunun Bakını azad etməsini əks etdirən şəkillərlə tamamlanır.

Quba Soyqırımı Memorial Kompleksi dağlıq ərazidə yerləşir. Kütləvi məzarlığın yerləşdiyi ərazini sel sularından qorumaq məqsədilə Qudyalçayın məcrası boyu 400 metr uzunluğunda qoruyucu beton bənd də inşa olunub. Kompleksin 3,5 hektarlıq ərazisində geniş quruculuq işləri həyata keçirilmiş, rəmzi məzarlıq sahəsi yaradılmışdır. Qalereyanın tərkibində yaradılan inzibati binanın tikinti sahəsi 320 kvadratmetrdir. Burada zəngin kitab fondu ilə təchiz olunmuş kitabxana, arxiv və başqa inzibati otaqlar var ki, erməni cəlladlarının azərbaycanlılara qarşı törətdikləri soyqırımları haqqında istənilən məlumatı almaq mümkündür.

 

İnsanlığa yaraşmayan “ermənilik” sindromu

 

Kompleksə yolu düşən hər kəs əsrə bərabər bir vəhşilik notları ilə köklənən möcüzəli burulğandan keçir. Pilləkənlərlə aşağı düşdükcə adama elə gəlir ki, yüz il əvvələ doğru yol alırsan. Qarşılaşdığın ilk səhnə sakit kəndli həyatını xatırladır. Uşaqlar oynayır, gəlinlər su gətirməyə gedir, yaşlılar bir yerə toplaşıb söhbət edirlər. Burada millətinə fərq qoyulmayan insanlar - azərbaycanlı, ləzgi, tat, yəhudi, ruslar bir ailə kimi yaşayırlar. Adət-ənənələrə əməl olunur, toylar keçirilir, bayramlar birgə qeyd olunur. Qəlbi göylər qədər təmiz, amalı torpağa bağlı insanların isə qarşıdakı bəlalardan, vandalizmdən, vəhşilikdən xəbərləri yoxdur.

Bir qədər sonra insanlığa yaraşmayan səhnələrlə rastlaşırsan. Ocağa atılan körpə, sinəsi parçalanmış ana, şaqqalanmış ata, süngiyə keçirilən ağbirçək, atlara bağlanıb sürülən hamilə qadınlar, qorxudan dəli olmaq dərəcəsinə gətirilən yeniyetmələr, daha nələr!..

Bu gün Quba Soyqırımı Memorial Kompleksi minlərlə insanın ziyarət məkanına çevrilib. Azərbaycana gələn qonaqlar, dövlət nümayəndələri, ictimai xadimlər burada olmuş, abidəni ziyarət etmişlər. Respublikada keçirilən beynəlxalq yarışların iştirakçıları buraya gələrək qətlə yetirilən insanların ruhu qarşısında öz ehtiramlarını bildirmişlər.

Hazırda respublikamızda məktəbli-gənclərin vətənpərvərlik ruhunda tərbiyəsini daha da gücləndirmək üçün əlaqədar təşkilatlar tərəfindən xüsusi layihələr həyata keçirilir. Respublikanın təhsil müəssisələrinin şagirdləri “Ölkəmizi tanıyaq” devizi altında Azərbaycanın ərazilərinə səfər edir, insanlarla, görməli yerlərlə yaxından tanış olurlar. İlin əvvəlindən bugünədək onlarla ekskursiyaçı Quba Soyqırımı Memorial Kompleksində tariximizin keşməkeşli dövrü ilə tanış olmuşdur. Ümumiyyətlə, hazırda respublikada keçirilən bütün beynəlxalq tədbirlərin iştirakçıları kompleksdə olmuş, Azərbaycan həqiqətlərini öz ölkələrinə çatdırmışlar.

Burada rayon rəhbərliyinin təşkilatçılığı ilə “dəyirmi masa”lar, diskussiyalar aparılır. Hər il alimlərimiz tariximizlə səsləşən konfrans və müşavirələrini qətliama məruz qalanların ruhlarının dolaşdığı ərazidə keçirirlər. Quba Soyqırımı Memorial Kompleksindəki Xatirə kitabı minlərlə insanın ürək sözləri ilə doludur. Burada alimin, idmançının, səyahətsevərlərin imzaları, onların yazdıqları fikirlər neçə qəlbin birliyinin görünməz qovuşuğudur. Bütün bu yazılar terroru pisləyir, onu törədənlərin layiqincə cəzalandırılmasını tələb edir.

 

Vətənpərvərliyə aparan inanc

 

Erməni qəsbkarlarına qarşı aparılan mübarizə, uzun illərin keşməkeşli həyatı, ölkəmizdə törədilən terrorlar bu torpağın hər qarışında özünü abidə kimi yaşatmaqdadır. Quba Soyqırımı Memorial Kompleksini ziyarət etmək ölkə vətəndaşlarının hər birinin insanlıq borcu olmalıdır. Qubaya gələn hər kəs burada mükəmməl bir abidənin - Soyqırımı Memorial Kompleksinin ucaldığını görür. Onlar həqiqət üzərində ucalan kompleksdən topladıqları məlumatları yaşadıqları ölkələrdə yayırlar. Əyani təbliğat rolunu daşıyan bu ziyarətgah erməni yalanlarını alt-üst edir, Azərbaycanın haqq səsini dünyaya çatdırır.

 

Akif ƏLİYEV,

 

Azərbaycan.- 2017.- 2 aprel.- S.5.