Zamanın unutdurmadığı cinayətlər

 

Təkcə zaman dəyişmişdi. Tarixin 1918-ci ili idi. Amma ssenari eyni idi. Yenidən siyasi vəziyyətin gərginləşməsindən istifadə edən ermənilər məkrli niyyətlərini həyata keçirməyə başlamışdılar.

Havadarları tərəfindən yenə hər cür yardımla, silah-sursatla təmin edilirdilər. 1917-ci ilin Fevral inqilabı nəticəsində çar hakimiyyəti süquta uğramış, həmin ilin oktyabrında onların yerinə bolşeviklər gəlmişdi. Ad dəyişmişdi. XX əsrin birinci onilliyində ermənilərə yardımı çarizm adı ilə göstərənlər ikinci onillikdə fəaliyyətlərini bolşevizm adı ilə davam etdirirdilər. Elə Bakıda azərbaycanlılara qarşı soyqırımı planını həyata keçirənlərə rəhbərlik edən, ermənilərin “Daşnaksütyun” partiyasının fəal üzvü Stepan Şaumyan da özünü bolşevik adı ilə tanıdırdı. O, V.İ.Leninin fövqəladə Zaqafqaziya komissarı vəzifəsinə təyinatı ilə Bakıya gələrək burada hakimiyyəti ələ keçirmişdi.

Azərbaycanlılara qarşı soyqırımı planı çoxdan qurulmuşdu. Ermənilər bu dəfə 1905-ci ildə olduğundan da geniş imkanlara sahib idilər. Çünki Rusiyada bolşevik hakimiyyətinin qələbəsindən sonra ölkə Birinci Dünya müharibəsindən çıxdı və əsgərlər döyüş bölgələrini tərk etdilər. Qafqaz cəbhəsindəki Rusiyanın hərbi hissələrinin tərkibində olan erməni zabit və əsgərləri silahlarını təhvil verməyərək Azərbaycana, xüsusilə Bakıya gəldi. S.Şaumyan əlindəki hakimiyyətdən və bu hərbi hissələrin gücündən istifadə edərək amansız mübarizəyə başladı.

Bolşevik-daşnak birləşmələrinin planı baş tutdu. 1918-ci ilin 30 martında axşam saatlarında Bakıda açılan ilk atəşlə azərbaycanlıların qara günləri başladı. Üç gündə - 30 mart-1 aprel tarixlərində Bakıda 12 min nəfər dinc əhali qətlə yetirildi. Şəhərdə olan müsəlmanların ibadət yerləri, Müsəlman Xeyriyyə Cəmiyyətinin binası - “İsmailiyyə”, “Açıq söz” qəzetinin redaksiyası, “Kaspi” mətbəəsi yandırıldı. Şəhərdə talanlar başladı.

Bakıda törədilən soyqırımının nəticələri o qədər ağır, dəhşətli idi ki, hadisənin şahidi olmuş, yaxud onu araşdırmış əcnəbilər də öz sarsıntılarını gizlədə bilməmişdilər. Amerikalı alim Leonard Ramsden Hartill yazırdı ki, ermənilər Bakıda 25 min müsəlmanı qətlə yetirdilər. Mart qırğınından bəhs edən ABŞ tarixçiləri Boqdan Nahoylo və Vinter Svoboda 20 min döyüşçünün iştirak etdiyi bu toqquşmanın Bakıda Sovetin qələbəsi ilə nəticələndiyini qeyd edirdilər.

ABŞ-ın Harbord missiyasının hesabatında yazılırdı ki, ermənilər 1918-ci ilin martında Bakıda 2 min azərbaycanlını öldürdülər. ABŞ tarixçiləri C.Makkarti və K.Makkarti 1918-ci il martın 30-dan aprelin 1-dək Bakıda ermənilərin 8 mindən 12 minədək müsəlmanı öldürdüyünü və şəhərin türk əhalisinin yarısının qaçdığını yazırdılar. İngilis arxivlərini öyrənən türk tarixçisi Salahi Sonyelin də gəldiyi qənaət belə oldu: 1918-ci ilin martında 8-12 min azərbaycanlı qətlə yetirilib.

ABŞ-ın kəşfiyyat mənbələrinə görə, Cənubi Qafqazda qırğınlar zamanı 60 min Azərbaycan türkü qaçqına çevrildi və 420 müsəlman kəndi dağıdıldı.

İngilis müəllifi Peter Hopkirk “Bitməyən oyun” adlı əsərində yazırdı ki, ingilislər almanların və türklərin Hindistana gedən yolunu kəsmək, ermənilər şərqdə və qərbdə zəngin Azərbaycan torpaqlarına sahib olmaq, ruslar isə zəngin Bakı neftinə sahib çıxmaq istəyirdilər. İngilis nümayəndələrinin 1918-ci il aprelin 9-da Bakıdan göndərdikləri teleqramda deyilirdi ki, ermənilər bolşeviklərlə birləşərək özlərinə irqi düşmən hesab etdikləri azərbaycanlılara qarşı qırğınlar törətdilər. İngilis mənbələrində o da yazılır ki, mart ayında Bakıda müsəlman əhalinin dörddəbiri öldürülüb. Professor Musa Qasımlı yazır: “Həmin dövrün statistik məlumatlarından aydın olur ki, bu zaman Bakıda 280-300 min nəfər əhali yaşayırdı. Onun 80-100 min nəfəri azərbaycanlı, digərləri isə çarizmin müstəmləkə siyasəti nəticəsində yerləşdirilənlər idi. Deməli, 80-100 min nəfər azərbaycanlı əhalinin dörddəbiri 20-25 min nəfər edir. Bu rəqəm bəzi amerikan mənbələrində yazılanlar ilə eyniyyət təşkil edir”.

Mart qırğınları haqqında müstəqil əcnəbi tədqiqatçılardan biri yazır: “Ermənilər müsəlman əhalini işgəncələrlə öldürür, şəmşirlərlə parçalayır, süngü ilə dəlik-deşik edir, körpə uşaqları süngüyə keçirir, cəsədlərin burun, qulaq və başlarını kəsir, evlərə od vurub sakinlərqarışıq yandırır, qadınları soyundurur və saçlarını bir-birinə bağlayaraq tüfəngin qundağı ilə ölüncəyə qədər döyürdülər”.

Həmin günlər İranın Bakıdakı konsulu M.S.Marağayinin küçə və həyətlərdən cəsədlərin toplanması və dəfn edilməsi məqsədilə yaratdığı xüsusi komissiya tərəfindən də fotoşəkillər çəkildi. Onların biri - qətlə yetirilmiş insanların cəsədi üzərində duran konsulun özünün təsvir edildiyi şəkil sonralar “Bakı şəhərində müsəlmanların kütləvi qırğını” adlı “poçt-kart” şəklində çap edilib Bakı şəhərində müsəlmanlara qarşı törədilmiş cinayətlərin sübutu kimi İranda və digər ölkələrdə geniş yayıldı.

Almaniyanın Münxen şəhərində M.Ə.Rəsulzadənin redaktorluğu ilə nəşr olunan “İstiqlal” qəzetinin 1933-cü il 1 aprel tarixli sayında 15 il əvvəl baş vermiş mart qırğını haqqında yazılmışdı. Türklərə məxsus bütün mətbəələrin, milli teatr binalarının, məktəblərin, xəstəxanaların, camelərin, milli mədəni müəssisələrin yerlə yeksan edildiyini xatırladan müəllif göstərirdi ki, “31 martda 15 min günahsız türk kəsilmişdi. Günün qəhrəmanları: Şaumyan, Avakyan, Arakelyan, Ter-Mikaelyan, Saakyan, Lalayan, Amazasp, Əmiryan və b. idi. Əlində Lenin və Stalinin 13 nömrəli dekreti olan Stepan Şaumyan həmin dekretə görə “Böyük Hayıstan”a müqabil Azərbaycanı “sovetizə” edərək burada Moskva hakimiyyətini quracaqdı. Bunun üçün silahlı erməni qüvvələrinə dayanaraq türkləri kəsirdi. O mart günlərini fotoqraf vasitəsilə təsbit etmiş bir çox iranlı, polyak, gürcü tanıyıram və bunların heç birindən olmayan M.Kulqe adlı bir əcnəbi hadisələri belə anladır: “Yalnız müsəlman əhali tərəfindən məskunlaşmış məhəllələri qırıb, əhalini öldürür, qılıncla parçalayır, süngülərlə dəlik-deşik edir, evlərə atəş vurur, cocuqları bu atəşlərə ataraq diri-diri yaxır, 3-4 günlük südəmər cocuqları isə süngülərinə taxırdılar. Hadisələrdən sonra torpağa gömülmüş 57 islam nəşi bulundu. Bunların qulaqları, burunları qoparılmış, qarınları yırtılmış, əzaları kəsilmişdi. Öldürmədikləri qadınların saçlarını bir-birinə bağlayaraq üryan bir halda küçələrdə qabaqlarına qatıb sürür və özlərinin tüfəng dibçəkləri ilə vururdular. Kimsəyə rəhm edilmirdi. Cocuqlara rəhm edilmədiyi kimi, ixtiyarlara da aman yoxdu. Məsələn, Əlizadə Hacı Əmirin evində 80 yaşlı anası, 60-70 yaşında qadınları öldürülmüş və 25 yaşında təzə gəlini diri-diri divara mıxlamışlardı...” Bir sözlə, Moskva Azərbaycanda sosializm və kommunizm qurmaqla məşğul idi”. Daha sonra müəllif yazırdı: “Gərək M.Kulqenin, gərəksə digər əcnəbilərin, o günlərin xatirəsi olmaq üzərə almış olduqları və bu gün əllərdə mövcud fotoqraflar çox faciəli mənzərələr əks edirlər. Mələk qədər sevimli bir azəri yavrusu Bakının bir divarına çivilənmişdir və çiv yavrunun ta qəlbini dəlib keçməkdədir. Bir yığım qızlı-erkəkli cocuq ölüləri üzərində qocaman çoban köpəkləri bu məsum yavruları gəmirir. Çılpaq bir qadın yerə sərilmiş, ölmüş... bu ölü vücudun qurumuş məməsini canlı bir yavru əmməkdədir... 31 martın xatirələri yalnız bunlar deyildir. Mən hələ on minlərlə azəri qız və qadınlarının əsir sürüsü halında götürüldüyünü, “Rekord” teatrosunun o gün məşhəri andıran mənzərələrini, əsir bazarında azəri qızlarının satıldıqlarını və sairəni qeyd etmirəm. Çünki 31 martı xatırlamaq və canlandırmaq üçün bu qədər də kafidir, bu qədər də bəsdir”.

Bolşevik-daşnak hərbi birləşmələri Bakıdan sonra Şamaxı, Quba, Qarabağ, Naxçıvan, Zəngəzur, Göyçay, Kürdəmir, Salyan və Lənkəran qəzalarında soyqırımını davam etdirdilər. On minlərlə dinc azərbaycanlını - qadını, uşağı, qocanı yalnız milli mənsubiyyətlərinə görə vəhşicəsinə qətlə yetirdilər, yaşayış yerlərini xarabalığa çevirdilər, xalqımızın milli mədəniyyət abidələrini, məscidləri və qəbiristanlıqları dağıtdılar. Azərbaycanlıların məskunlaşdığı ərazilərdə soyqırımı törədənlər yalnız təpədən-dırnağadək silahlanmış, hərbi təlimlər görmüş peşəkar bolşevik-daşnak döyüşçüləri deyildi. Həmin ərazidə yaşayan ermənilərin, hətta onların ziyalılarının da əksəriyyəti qırğınlarda fəal iştirak edirdi.

1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı qəddarlıqla həyata keçirdikləri soyqırımını araşdırmaq üçün Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılan Fövqəladə Təhqiqat Komissiyasında (FTK) azərbaycanlılarla yanaşı ruslar, yəhudilər və digər millətlərin nümayəndələri də çalışırdılar. FTK üzvləri qruplara bölünüb Azərbaycanın bölgələrində 1918-ci ilin martından başlayan və bəzi bölgələrdə Qafqaz İslam Ordusunun gəlişinə - sentyabradək davam edən soyqırımının geniş təhqiqinə başladılar. Təhqiqat qrupuna ekspert-fotoqraf Lev Urbanoviç Daşkeviç də daxil oldu. Bu belorus əsilli fotoqraf, tədqiqatçı, fransız dili və fizika müəllimi 1911-ci ildə İrəvan quberniyasında yerləşən gimnaziyada fransız dili müəllimi işləmək təklifi ilə gəlmişdi. 1913-cü ildən Yelizavetpolda (indiki Gəncə şəhəri) gimnaziyada dərs deyirdi. Orada foto sənətini davam etdirir, istedadlı fotoqraf kimi tanınırdı. 1920-ci ilin 27 aprelinədək L.Daşkeviç AXC hökumətinin fotoqrafı vəzifəsində çalışırdı. O, azərbaycanlılara qarşı erməni-daşnak hərbi birləşmələrinin törətdiyi dəhşətli faciələri fotokamerasının yaddaşına köçürürdü. FTK-nın digər üzvləri kimi, L.Daşkeviç də ağır şəraitdə çalışır, qapısız, pəncərəsiz, damsız evlərdə gecələməli olurdu. Onların gündəlik aldıqları əməkhaqqı isə yalnız yemək xərclərini ödəyirdi.

Erməni cinayətlərinin izləri təhqiqatçıları dəhşətə gətirirdi. Onların topladıqları materiallar və çəkdikləri fotolar bir daha sübut edir ki, ermənilər azərbaycanlılara yalnız milli kimliyinə görə işgəncələr verir, diri-diri dərisini soyur, divara mismarlayır, süngü ilə gözlərini oyur, qulaqlarını kəsir, ağaclardan asırdılar. Erməni terrorçularının cinayətləri təhqiqat işləri aparan təcrübəli hüquqşünasları belə sarsıdırdı. FTK-nın işinə cəlb olunmuş fotoqraf Vladimir Sokolov divara kazak çivi ilə mismarlanmış iki yaşlı uşağı və digər kiçik uşaqları çəkərkən bu vəhşiliyə dözməmiş, bundan sonra erməni cinayətlərinin izlərini çəkməkdən imtina etmişdi.

Yerli və xarici araşdırmaçıların, fotoqrafların yazılı materialları və fotomaterialları bir daha təsdiq edir ki, ermənilərin 1918-ci ildə insanlığa sığmayan qəddarlıqla törətdikləri faciələr azərbaycanlılara qarşı planlı şəkildə, geniş miqyasda həyata keçirilən soyqırımı idi.

XX əsrin əvvəllərində baş verən faciələr elə həmin əsrdə dönə-dönə təkrar olundu. Hər dəfə soydaşlarımız ermənilər tərəfindən qətlə yetirildi, əsir götürüldü, torpaqlarımız işğal olundu. Tariximizdən dərs almamağımız XX əsrin sonlarında bizi növbəti faciələrlə üzləşdirdi.

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan.- 2017.- 2 aprel.- S.5.