Belə qalmayacaq

 

Kəlbəcərin işğalından 24 il keçir

 

Hər bir insanın böyük vətəni ilə bərabər, kiçik vətəni olur. Bu vətən onun dünyaya göz açdığı evdən, boya-başa çatdığı yurddan, məkandan başlayır. Lakin bəzən insan illərlə qurub-yaratdığı ev-eşiyindən məhrum olur. Didərgin salınaraq köçkünlük həyatı yaşayır, elə kəlbəcərlilər kimi. 24 ildir ki, ağrılı-acılı günlər yaşayan rayon sakinlərinə hər cür dövlət qayğısı göstərilsə də, yurd həsrəti bu gün də qəlblərini göynədir.

1988-ci ildən başlayan elan olunmamış müharibə onları da öz ata-baba yurdlarından didərgin saldı. Rayon sakinləri doğma torpaqlarını qorusalar da, qeyri-bərabər döyüşlərdə ermənilər öz havadarlarının köməyi ilə rayonu işğal etdilər. Azərbaycanın dilbər guşələrindən olan Kəlbəcər ermənilərin nəzarətinə keçdi. Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən Kəlbəcərin 511 dinc sakini öldürüldü, 321 nəfər əsir götürüldü, 58 min rayon sakini ata-baba yurdundan didərgin düşdü. İşğal nəticəsində Kəlbəcərdə 130 yaşayış məntəqəsi yerlə-yeksan edildi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, 9 xəstəxana, 13000 fərdi ev dağıdıldı, 37852 hektar meşə sahəsi, təbii ehtiyatlar, o cümlədən zəngin qızıl yataqları talan edildi.

Rayonun işğalından sonra oradakı maddi-mədəniyyət abidələri də məhv edildi. Belə ki, rayonun Vəng kəndi ərazisində Alban məbədi, Çərəkdar kəndində Alban kilsəsi, Qanlıkənd ərazisində Lök qalası, Qaraçanlı kəndində Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən Alban kilsəsi, Qalaboynu kəndindəki qala, Comərd kəndində Comərd qalası, Qamışlı kəndində Keşikçi qalası, Kəlbəcər şəhərində, Başlıbel və Otaqlı kəndlərində məscidlər, Tərtər çayı üzərindəki Tağlıdaş körpüsü, Kəlbəcər Tarix-diyarşünaslıq Muzeyi, Aşıq Şəmşir adına mədəniyyət evi, Söyüdlü kəndində Seyid Əsədulla ziyarətgahı və digər onlarca mədəni-tarixi və dini abidələr dağıdılaraq yerlə-yeksan olundu.

Bu gün Kəlbəcərin erməni silahlı birləşmələri tərəfindən işğalından 24 il keçir. Ötən müddət ərzində yaşlı nəsil Kəlbəcər həsrəti ilə dünyalarını dəyişsə də, gənc nəsil onlardan eşitdikləri dəhşətlərin qisasını almaq intiqamı ilə yaşayır. Bilirlər ki, o gün çox da uzaqda deyil. Dövlət başçısının apardığı xarici siyasət nəticəsində tezliklə öz ata-baba yurdlarına qayıdacaqlar.

Respublikamızın 70-ə yaxın şəhər və rayonuna pənah gətirən Kəlbəcər sakinləri dövlətimizin qayğısı ilə ən müasir qəsəbələrdə məskunlaşmışlar. Belə qəsəbələrdən biri Gəncədə salınmışdır. 60 hektar sahədə yerləşən qəsəbə 1500 ailə üçün nəzərdə tutulmuşdur. Burada inşa edilmiş beşmərtəbəli 25 binanın hər biri 60 mənzillidir. Məcburi köçkünlərin rahat yaşamaları üçün qəsəbədə bütün infrastruktur layihələri həyata keçirilmişdir. 1200 yerlik məktəb, 280 yerlik uşaq bağçası, 526 yerlik mədəniyyət evi, eləcə də poçt, həkim ambulatoriyası, polis məntəqəsi, idman meydançaları və bir neçə market fəaliyyət göstərir. Qəsəbənin elektrik enerjisi, içməli sumavi yanacaqla təchizatı ilə bağlı hərtərəfli aparılıb. 30 kilometr məsafədən içməli su xətti, 25 kilometr uzunluğunda paylayıcı qaz xətti çəkilib. Küçə və binalar arası yollar asfaltlanaraq, işıqlandırma sistemi qurulmuşdur.

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov rayon sakinlərinin arzu və istəyini ifadə edərək dedi ki, onlar üçün yaradılan bütün şəraitə görə ölkə rəhbərinə minnətdardırlar. Lakin kəlbəcərlilərin bir arzusu var: o da doğma yurda qayıtmaqdır. Bütün söhbətlərdə bu arzunun gerçəkləşəcəyini ümidlə dilə gətirən rayon sakinləri o günün çox da uzaqda olmadığına inanırlar.

Qəsəbədə məskunlaşan kəlbəcərli məcburi köçkünlərin bir neçəsinin evində olduq. Hamının üzündə nikbinliklə yanaşı, bir nisgil də vardı. Xüsusilə orta nəslin nümayəndələri Kəlbəcər uğrunda gedən döyüşlərdə ermənilərin törətdikləri vəhşilikləri heç cür unuda bilmirlər. Baş verənləri dilə gətirərkən göz yaşını saxlaya bilməyənlərdən biri Vaqif Məhəmmədovdur. Həmin ağır günləri xatırlayan Vaqif Məhəmmədov Kəlbəcər uğrunda gedən döyüşlər barədə dedi ki, digər işğal olunan rayonlarımız kimi, Kəlbəcər də o vaxt Bakıda hakimiyyət uğrunda mübarizə aparanların qurbanı oldu. Həmin illər baş leytenant rütbəsi ilə bölük komandiri olan Vaqif Ermənistanla həmsərhəd olan Kəlbəcərin müdafiəsinə qalxmışdı. Öhdəsində olan 120 nəfərə yaxın əsgər və könüllülərlə birlikdə gecə-gündüz keşikdə dayanır, düşmən hücumlarına layiqli cavab verirdi. Ancaq çox çəkmir ki, silah-sursat tükənir. Dəfələrlə bu barədə yuxarı orqanlara məlumat versə də, tədbir görən, yardım edən olmur. Nəticədə rayon sakinləri arasında qorxu yaranır və sakinlər tədricən rayonu boşaltmağa başlayırlar. Beləcə, Kəlbəcər düşmən nəzarətinə keçir.

Rayonun işğalı zamanı 16 nəfər yaxın qohumunu itirən Murad Qurbanov da bu qənaətdədir ki, Azərbaycanın dilbər guşələrindən olan Kəlbəcər həmin dovrdə hakimiyyətdə gedən daxili çəkişmələr nəticəsində ermənilərin əlinə keçdi. Muradın həmin illər cəmi 25 yaşı vardı və o da digər həmyerliləri kimi silaha sarılaraq Kəlbəcərin müdafiəsinə qalxmışdı. Lakin keçmiş sovet ordusunun başdan-ayağa silahlanmış batalyonlarının hücumlarının qarşısını almaq mümkün deyildi.

Əlövsət Mehdiyevin 5 ailə üzvü var. Kəlbəcərin müdafiəsi zamanı 10 nəfər şəhid verib. Söhbət zamanı dedi ki, var olsun dövlətimizi. Uzun sürən məşəqqətli günlərdən sonra bu qəsəbədə gözəl və yaraşıqlı üçotaqlı mənzillə təmin edilib. Qızı Ləman Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsini bitirib. Kəlbəcər rayon 9 nömrəli orta məktəbdə dərs deyir. Oğlu Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alır. Yeganə arzusu ata-baba yurduna qayıtmaqdır. Əlövsət də, onun ailə üzvləri də həmin günü tezliklə görəcəklərinə inanırlar.

İradə Salmanovanın 76 yaşı var. O da qəsəbədə mənzillə təmin edilib. Başına gələn müsibətlərdən danışarkən kövrəlir. Deyir ki, həyat yoldaşını ermənilər güllələyiblər. Onun 90 yaşlı qayınanası Şaxanımı isə ermənilər girov götürüblər. Bu günə kimi ondan xəbər yoxdur. Düz 24 ildir ki, itkin düşən yaxınlarının həsrətini çəkir. Hər gün sübh tezdən qalxıb dua edir ki, doğma yurdu tezliklə işğaldan azad edilsin. Deyir ki, onda rahatlıq tapıb, dünyadan köç edə bilər.

Kəlbəcər ziyalılarından olan Musa Əzizova qəsəbədə ikiotaqlı, oğlunun ailəsinə isə üçotaqlı mənzil veriblər. Hərdən qələmini sınayıb, yaradıcılıqla da məşğul olur. Ömrünü pedaqoji fəaliyyətdə keçirən Musa kişi Kəlbəcərin işğalı ilə bağlı ürək göynədən sözlər söylədi. Dedi ki, Allah ulu öndərimiz Heydər Əliyevə qəni-qəni rəhmət eləsin. O, hakimiyyətə qayıtmasaydı, yəqin ki, bundan da ağır faciələrə düçar olardıq. Ancaq hamımız inanırıq ki, Prezident İlham Əliyev bizim arzumuzu gerçəkləşdirəcək, biz doğma yurd-yuvamıza qayıdacağıq.

 

Sabir ƏLİYEV,

 

Azərbaycan.- 2017.- 2 aprel.- S.7.