Qarabağ harayı

 

Kətana köçürülən sənət inciləri dünyanı dolaşır

 

Rəssamları digər sənət adamlarından fərqləndirən bir çox xüsusiyyətlər var. Ən əsası odur ki, onlar gözlə görünməyən obrazları da cızırlar. Musiqi kimi, rəsm də duyğuların cilalanmış həm portreti, həm də mənzərəsidir. Foto (şəkil) sənəti meydana gəlməmişdən rəssamlıq artıq məişətdən cəmiyyətə keçərək insanların xarakterini, düşüncələrini, eləcə də təbiətin füsunkarlığını əks etdirirdi.

Maraqlıdır ki, rəssamlığın meydana gəlməsinin ilkin dövrlərində bu sənətə göstərilən “münasibət” az qala, onun ömrünü qısaltmağa, yəni, sıradan çıxarmağa yönəlmişdi. Lakin incəsənətin digər növləri kimi o, daha geniş auditoriyanın marağını özünə çəkir və məkanını genişləndirirdi. Klassik sənət cərəyanının intibah dövründən başlayaraq bu günə qədər dəbdən düşməməsi, yeniliklərin əlavə edilməsi də onun uzunömürlülüyünə xidmət edir. Lenardo da Vinçi, Mikelancelo, Botçelli, Rembrandt, Buonorotti, Rubens kimi dünya klassiklərinin yaratdığı sənət nümunələri təkcə təmsil etdikləri xalqın deyil, dünya mədəniyyətinin nadir inciləri hesab edilir.

Azərbaycan rəssamlıq məktəbinin klassiklərinin də bu sənətin zirvəsini kəhkəşana döndərmələri barədə çoxsaylı dəyərli fikirlər var. Dünya incəsənətinə töhfələr vermiş rəssamlarımızın adları da əsərləri kimi, dillər əzbəridir. Bəşər mədəniyyətinə rəssamlıq sənəti ilə misilsiz töhfələr vermiş Bəhruz Kəngərli, Səttar Bəhlulzadə, Maral Rəhmanzadə, Mikayıl Abdullayev, Hüseyn Əliyev, Toğrul Nərimanbəyov, Tahir Salahov kimi klassiklərin yaratdıqları məktəb bu günlayiqli davamçılar hazırlayır.

Dünyanın müxtəlif mədəniyyət mərkəzlərində sənətkarlığı ilə sayılıb-seçilən soydaşlarımız az deyil. Ulu öndər Heydər Əliyev hələ Dünya Azərbaycanlılarının Bakıda keçirilən Birinci qurultayında onlara öz vətənlərini layiqincə təmsil etmələrini tövsiyə etmiş, xalqımızın mənəvi sərvətlərinin təbliğini qarşılarında bir məqsəd kimi qoymuşdur.

Vətənimizi yaxın-uzaq ellərdə layiqincə təmsil edənlərdən biriMoskvada yaşayıb-yaradan həmyerlimiz, Rusiya Federasiyasının əməkdar rəssamı Əsgər Məmmədovdur. 1945-ci ildə Qarabağın Ağdam rayonunun Mərzili kəndində dünyaya göz açan, Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirən Əsgər Məmmədov 1971-1976-cı illərdə Moskva Ümumittifaq Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində oxuyub.

Cizgi filmləri üzrə rejissorluq sənətinə yiyələndikdən sonra C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına dəvət alan rəssam 1976-1990-cı illər ərzində burada çalışıb. 15-ə qədər sənədli, bədii, eləcə də cizgi filminə quruluş verib, SSRİ Kinematoqrafiya Birliyinin üzvü seçilib. Əsgər Məmmədov hələ gənc yaşlarından rəssamlıq fəaliyyəti ilə məşğul olub. O, Ağdam rayonunun Mərzili kəndində şəxsi qalereyasını yaratsa da, sənətkarlıq nümunələri erməni vandalizminin qurbanlarına çevrilib. 1993-cü ildə separatçı erməni silahlı qüvvələri tərəfindən kəndin işğal olunması nəticəsində gənc rəssamın 200-ə qədər rəsm əsəri xalqımızın maddi mədəniyyətini və mənəvi sərvətlərini talan etməyi qarşısına məqsəd qoyan vandallar tərəfindən yandırılaraq məhv edilib.

Sonradan Moskvada yenidən fəaliyyətə başlayan rəssamın dəfələrlə müxtəlif ünvanlarda - Rusiya Dövlət Dumasında, Rusiya Mərkəzi Dövlət Kitabxanasında, həmçinin Türkiyə, Almaniya, İsrail, İspaniya, Kipr, Latviya və digər dövlətlərin mədəniyyət mərkəzlərində də yaradıcılıq sərgisi keçirilib. Həmyerlimizin əsərlərində sülh, dostluqsevgi motivləri əsas yer tutur. Xalqımızın milli sərvətlərinin təbliğində yorulmadan çalışan rəssamın boyakarlıq sənətində portretlər, natürmortlar, mənzərələr və qrafik üslubda işlədiyi əsərlərdə daim milli kolorit və cizgilər, ornament və naxışlar özünü göstərir.

Əsgər Məmmədov dünyanın aparıcı rəssamlıq məktəblərindən biri olan Rusiya akademik rəsm məktəbinin yetirməsidir. Azərbaycan folklorunun, çoxəsrlik miniatür sənətinin, al-əlvan xalçalarının və bənzərsiz təbiətinin təsiri onun yaradıcılıq üslubunda bir anlıqda hiss olunur. Rəssamın bir çox əsərləri poeziyanın fəlsəfəsi ilə fəlsəfənin poeziyasının harmoniyasından yaranıb.

Qarabağda doğulan rəssamın tar, saz, tütək kimi milli musiqi alətlərində ifaçılıq bacarığı da olduqca maraqlı nüanslardandır. O, poeziyanın və musiqinin vurğunudur. Elə buna görə də rəssamlıq sənətinin portret, mənzərə və natürmort janrlarına yeniliklər gətirməyə səy göstərən Əsgər Məmmədovun lirik duyğulardan doğan poetikası əsərlərinin hər birində açıq-aşkar şəkildə görünür.

Rəssamın fərdi yaradıcılıq sərgilərindən biriMilli İncəsənət Muzeyində keçirildi. Üç gün ərzində sərgiyə gələn tamaşaçıları heyran qoyan əsərlərdə Qarabağ mövzusunun daha geniş şəkildə təbliği, əlbəttə, təbii idi. Ayrı-ayrı tabloların poetik təqdimatı da göstərirdi ki, rəssam təxəyyülünün məhsulu eyni zamanda lirik duyğularından qidalanıb. Bunu rəssam da səmimi etiraf etdi: “Bu sahədə nələrə nail olmuşamsa, illərdir həsrətindən qovrulduğumuz Qarabağa, onun kimi sevdiyim anama borcluyam. Çünki məni o yerlər yetişdirdi. Anamın bayatıları, rənglərdən “xınalanmış” barmaqları ilə toxuduğu xalça-kilimlərin milli naxışları məndə bu sənətə maraq oyatdı. Uşaqlıqdan bu sənətə saldığım meyil, sonralar məni peşəkarlığa aparan yolun yolçusuna çevirdi. Nəyə nail olmuşamsa, ona görə Vətənimə, onun klassik sənət nümunələri yaradan ölməz sənətkarlarına, daha sonra, əlbəttə, rəssamlığın sirlərini peşəkarcasına öyrədən müəllimlərimə borcluyam”.

Xudu Məmmədovun, İlyas Əfəndiyevin, xalq rəssamları Mikayıl Abdullayevin, Səttar Bəhlulzadənin, Tahir Salahovun yaratdığı peşəkarlıq məktəbindən mənəvi qida və dərs aldığını unutmayan Əsgər Məmmədovun əsərlərinin əsas mövzusu Qarabağ, bütövlükdə Azərbaycan, ana təbiətin füsunkarlığı olsa da, müxtəlif janrları da özündə əks etdirir. Qarabağdan gələn var” deyən rəssam “Xarı bülbül”lə, “Cıdır düzü”nə həsrət qalan ziyarətçilərinə “Romantik yuxu” danışır, “Məhəbbətin sirrini açır, “Bülbülün eşqi” ilə “Yollaryorur, “Qadın səadəti”ni güllərin obrazında təqdim edir, “Məhəbbətin işığı”nda “Xəyallar”a dalır. O bəxtəvər günlərin sanki ömrü birdən qırılır: rəssam-şair “Xocalı harayı” çəkir, “Ağdamda son gecə”nin ağrılarını tabloya yalnız rənglərlə deyil, duyğularının göz yaşları ilə əks etdirir. “İlk məhəbbəti”nin sorağına düşən “Sarı gəlin” “Ruhun o üzündə”, “Qarabağ atları”na suvar olub “Nəzər çiçəyi”ndən tac qoyaraq, “Payız nəğməsi” oxuyur. “Bir ürəyin iki qanadı” fəlsəfəsini açan rəssam yaxın qonşunu uzaq qohumdan daha vacib sayır: Azərbaycan-Rusiya qonşuluqdostluq münasibətlərinin əsrlərlə davam etməsini kətana məhəbbətlə köçürür.

Rusiyanın əməkdar rəssam fəxri adını daşıyan Əsgər Məmmədovun yaradıcılıq imkanları olduqca geniş və məzmunludur. Bunu sərginin ilk açılış günü tədbirdə iştirak edən tanınmış fırça ustaları və bu sahənin peşəkarları da birmənalı şəkildə bildirdilər. Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Qalib Qasımlı, Milli İncəsənət Muzeyinin direktoru, əməkdar incəsənət xadimlərindən Çingiz Fərzəliyevin, Ziyadxan Əliyevin, xalq rəssamı Ağaəli İbrahimovun sərgi haqqında fikirləri bir daha onu göstərdi ki, həmyerlimizin əsərləri milli koloriti, mövzu rəngarəngliyi, eləcə də klassika ilə müasirliyin harmoniyasını özündə əks etdirir. Məhz bu kimi vacib amillərə görə dünya xalqlarının və peşəkarlarının marağına səbəb olur.

“Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı” poetik, həm də ictimai-siyasi motiv daşıyan fəlsəfi fikrə söykənən Əsgər Məmmədov öz xalqının da bu əsərlərlə yaxından tanış olması üçün yaratdıqları şəraitə görə Heydər Əliyev Fonduna, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğluna, hər iki ölkənin mədəniyyət və turizm nazirliklərinə, Milli İncəsənət Muzeyinin rəhbərliyinə dərin təşəkkürünü bildirdi.

 

Məhəmməd NƏRİMANOĞLU,

 

Azərbaycan.- 2017.- 2 aprel.- S.7.