N.Nazarbayev: “Qazaxıstan hər zaman İlham Əliyevin yanında olacaq

 

Tarixi-etnik köklərlə, eyni dil qrupu, ənənə və dəyərlərlə bir-birinə yaxın olan xalqların vahid ideya birliyi və həmrəyliyi son dərəcə vacibdir. Prezident İlham Əliyev türkdilli dövlətlərlə əlaqələrin dərinləşdirilməsinə böyük önəm verir.

Son 14 ildə ölkə başçısı Orta Asiyanın türkdilli dövlətləri ilə münasibətləri gücləndirmək xəttinə üstünlük verib. Azərbaycanın Qazaxıstanla münasibətlərinin ildən-ilə inkişaf etməsi də deyilənlərə əyani misal ola bilər.

Azərbaycan-Qazaxıstan əlaqələri bütün sahələrdə uğurla inkişaf edir, dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri ölkələrimiz arasında əməkdaşlığın ildən-ilə güclənməsinə mühüm təsir göstərir. İki dövlət arasında ən müxtəlif sahələrə dair imzalanmış mühüm sazişlər əməkdaşlığın yüksək dinamizmlə inkişaf etdirilməsinə zəmin yaradır. Ortaq tarixə, mədəniyyətə malik olan türk dövlətləri arasında bütün sahələrdə əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi böyük perspektivlərdən xəbər verir. 25 ilə yaxın müddətdə müstəqil dövlətlər kimi dünya siyasi arenasında yer tutan türk dövlətlərinin bir-birinə daha da yaxınlaşması müsbət nəticələr verir.

Siyasi əlaqələrin möhkəmləndirilməsi bilavasitə iqtisadi münasibətlərin dinamik inkişaf zərurəti ilə şərtlənir. Ölkələrimiz və xalqlarımız arasında siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində əldə edilmiş ciddi nailiyyətlər ümumilikdə dövlətlərarası münasibətlərin inkişafında öz sözünü deyir.

Qazaxıstanda 130 min etnik azərbaycanlı yaşayır ki, onlar da adıçəkilən ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edirlər. Eyni zamanda müştərək müəssisələr açır, biznes qurur və ölkələrmiz arasında münasibətləri yaxşılaşdırmağa kömək edirlər. Azərbaycan dövləti Qazaxıstana fəal sərmayə qoymağa başlayıb və Aktauda logistika mərkəzinin açılışı, həmin şəhərdə energetika-maşınqayırma zavodunun inşası ticari-iqtisadi əməkdaşlığın möhkəmlənməsinə yönəlib. Eyni zamanda ölkəmiz Qazaxıstandan müasir nəqliyyat vasitələri, teplovozlar, elektrovozlar idxal edir. Qazaxıstanın iqtisadi cəhətdən inkişaf etməsi, dünya miqyasında artan nüfuzu, eyni zamanda Azərbaycanın iqtisadi baxımdan bölgədə lider rolunu oynaması, regionda və beynəlxalq aləmdə nüfuzunun daim artması kimi ümumi oxşarlıqlar əlaqələrimizin genişlənməsi üçün yaxşı zəmin yaradır. Ümumiyyətlə, Azərbaycan-Qazaxıstan əlaqələri son illər daha da inkişaf etmişdir.

Qazaxıstan dövləti Azərbaycanın Cənubi Qafqazdakı strateji yerinirolunu düzgün qiymətləndirir, ölkəmizlə çoxşaxəli əməkdaşlığın gücləndirilməsinə mühüm diqqət yetirir. Azərbaycan-Qazaxıstan münasibətlərinin ölkəmizin milli maraqlarına uyğun istiqamətdə təşəkkül tapması ulu öndər Heydər Əliyevin müəllifi olduğu xarici siyasət kursunun mahiyyətindən irəli gəlmişdir. Ulu öndərin xarici siyasət doktrinasını uğurla davam etdirən Prezident İlham Əliyev Qazaxıstanla ikitərəfli əlaqələrin genişləndirilməsini ilk gündən vacib amil kimi nəzərdən keçirmişdir. Dövlət başçılarının qarşılıqlı səfərləri əlaqələrin daha da gücləndirilməsi baxımdan mühüm əhəmiyyət kəsb etmişdir.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin bu günlərdə Azərbaycana rəsmi səfəri əlamətdar hadisələrlə yadda qaldı. Dövlət başçılarının görüşündə ölkələrimiz arasında ikitərəfli, siyasi, iqtisadi, humanitar və digər sahələrdə münasibətlərin uğurla inkişaf etdiyi vurğulandı. Ölkələrimiz arasında münasibətlərin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olundu, yüksək səviyyədə qarşılıqlı səfərlərin əlaqələrimizin genişləndirilməsində önəmli rol oynadığı qeyd edildi.

Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanma mərasimi keçirildi. Prezident İlham Əliyev və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Prezidentlərin Birgə Bəyannaməsini imzaladılar. Daha sonra “Azərbaycan Dəmir Yolları” QSC ilə Qazaxıstan Dəmir Yolları Milli Şirkəti arasında logistika və dəmir yolu nəqliyyat maşınqayırması sahəsində strateji əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında ikiqat vergitutma sahəsində Sazişə əlavə və dəyişikliklərin edilməsi haqqında Protokol”, “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi arasında 2017-2018-ci illər üzrə Əməkdaşlıq Proqramı” imzalandı. Dövlət başçılarının iştirakı ilə ən müxtəlif sahələrə dair imzalanan sənədlər möhkəm təməl üzərində qərarlaşmış münasibətlərin hazırkı və perspektiv inkişaf prioritetlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Səfər zamanı Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevə “Heydər Əliyev” ordeni də təqdim edildi.

Ölkə başçıları mətbuata bəyanatla çıxış ediblər. Prezident İlham Əliyev iki ölkə arasında münasibətləri belə xarakterizə edib: “Bizim ölkələrimiz arasında ikitərəfli münasibətlərin möhkəm təməli var. Bu il biz dövlətlərimiz arasında diplomatik münasibətlər qurulmasının 25 illiyini qeyd edirik, hərçənd xalqlarımızın qarşılıqlı münasibətlərinin tarixi yüzilliklərlə hesablanır. Bu tarix həmişə dostluq, əməkdaşlıq, qarşılıqlı dəstək tarixi olub.

Bu gün Qazaxıstan və Azərbaycan fəal inkişaf edən iki müstəqil dövlət kimi əməkdaşlığın ikitərəfli formatını möhkəmləndirir. Nursultan Abişeviçin bugünkü səfəri, apardığımız danışıqlar, imzalanmış sənədlər ölkələrimiz arasında olduqca möhkəm əlaqələrin mövcudluğunu sübut edir. Biz qarşılıqlı siyasi fəaliyyəti fəal inkişaf etdirir, həm rəsmi səfərlər, həm də beynəlxalq tədbirlər çərçivəsində çox tez-tez görüşürük. Söhbət etmək və münasibətlərimizin inkişaf yollarını müəyyənləşdirmək üçün həmişə vaxt tapırıq. Biz beynəlxalq strukturlarda fəal əməkdaşlıq edir, bir-birimizə həmişə qarşılıqlı dəstək oluruq. Bu da bizim münasibətlərimizin səmimiliyinin yaxşı göstəricisidir. Fürsətdən istifadə edərək, bir daha Nursultan Abişeviçibütün qardaş Qazaxıstanı dünya siyasətinin ali strukturuna - BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə təbrik etmək istəyirəm. Bu, dünya ictimaiyyətinin Qazaxıstana münasibətinin göstəricisi, Qazaxıstanın uğurlarının, eləcə də onun beynəlxalq və qlobal işlərdə rolunun tanınması deməkdir. Əminəm ki, BMT Təhlükəsizlik Şurasının üzvü kimi Qazaxıstanın fəaliyyəti sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə yönələcək. Əminəm ki, bu qurumda onun işi uğurlu olacaq. Həmçinin Azərbaycanın təmsil olunmadığı beynəlxalq strukturlarda Azərbaycanı dəstəklədiyinizə görə təşəkkür etmək istərdim”.

Qazaxıstan dövləti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ilk gündən ədalətli və beynəlxalq hüquq normalarına söykənən mövqe tutmuşdur. Bu gün Azərbaycanla Qazaxıstan arasında mövcud münasibətlərin səviyyəsi onu deməyə əsas verir ki, Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində də rəsmi Astananın hərtərəfli dəstəyinə ümid edə bilər. Qazaxıstan Prezidenti Nursultan Nazarbayev bildirib: “Əlbəttə, prezidentlər görüşərkən regional təhlükəsizlik, ümumi təhlükəsizlik problemlərini müzakirə etməyə bilməzlər və bununla əlaqədar Qazaxıstan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi əsas diqqətini, əlbəttə, bizim regionumuzaSuriyaya, Əfqanıstan da daxil olmaqla Mərkəzi Asiya regionuna yönəldəcək. Bununla əlaqədar bir daha qeyd edə bilərəm ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Qazaxıstan bizim səs verdiyimiz Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi qətnamələrə, yəni beynəlxalq münasibətlərin hamılıqla qəbul olunmuş normalarına əsaslanır. Biz istərdik ki, burada sülh olsun və məsələ sülh yolu ilə həll edilsin. Biz bu yolda əlimizdən gələni edirik, necə deyərlər, hamıya məsələnin sülh yolu ilə həll olunmasını təklif edirik”.

Türkdilli ölkələrin dövlət başçılarının görüşləri həm ikitərəfli, həm də çoxtərəfli formatda əlaqələrin daha da yüksək səviyyədə inkişafından xəbər verir. Bu baxımdan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) yaradılması da müştərək dil, mədəniyyət və dəyərləri qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə çatdırmaq baxımından mühüm əhəmiyyət kəsb edir. TDƏŞ geniş coğrafi arealı əhatə edən türk dünyasının problemlərinin həllinə, ölkələrimiz və xalqlarımızın bir-birinə daha sıx bağlanmasına da geniş imkanlar yaradır.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Azərbaycana rəsmi səfərinin yekunları bir daha təsdiqlədi ki, iki ölkə arasında bütün sahələrdə uğurlu əməkdaşlıq mövcuddur. Beynəlxalq və regional miqyasda nəhəng layihələrin əsas təşəbbüskarlarından və icraçılarından biri olan Azərbaycan dünyanın aparıcı dövlətləri üçün etibarlı və inamlı tərəfdaşdır. Azərbaycan-Qazaxıstan əlaqələrinin bütün sahələrdə uğurlu inkişafı deməyə əsas verir ki, bu əməkdaşlıq qarşıdakı illərdə daha da güclənəcək. N.Nazarbayevin “Qazaxıstan hər zaman İlham Əliyevin yanında olacaq” sözləri isə iki lideriniki xalqın səmimi münasibətlərini mükəmməl əks etdirir.

 

Elnur HACALIYEV,

 

Azərbaycan.- 2017.- 5 aprel.- S. 1, 3.