Aprel döyüşləri qəhrəmanı haqqında kitab

 

Yaqut Bahadurqızının “Hay ver mənə, cənab leytanant...” xatirə kitabı 2016-cı  ildə aprel döyüşləri zamanı Mi-24 hərbi helikopterinin vurulması nəticəsində  şəhid  olmuş Əbu Bəkr Vüqar oğlu İsmayılov və onun silahdaşlarına həsr edilib. “Çaşıoğlu” nəşriyyatında nəfis tərtibatla dərc edilmiş kitaba ehtiyatda olan polkovnik-leytenant Qabil Nəsirov rəy verib, ön söz yazıb.

Əbu Bəkr İsmayılov əslən Kürdəmir rayonundandır. Kitabda onun uşaqlıq, məktəb illərindən tutmuş Cəmşid Naxçıvanski adına hərbi liseydə, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbində təhsil dövrlərini, hərbi xidmət və şəhidlik anınadək həyatını əhatə edən xatirələr cəmlənib. Əbu Bəkrin əzizlərinin, müəllimlərinin, dostlarının, hərbçi silahdaşlarının onun haqqında xatırladıqları, düşündükləri müəllif tərəfindən səmimi şəkildə qələmə alınıb. Kitabda şəhidin həyatının müxtəlif illərini əhatə edən fotoşəkillər də əksini tapıb. Əbu Bəkr peşəkar hərbçi olsa da, həssas, kövrək, şair qəlbli insan idi. O, hərbi vətənpərvərlik hisslərini, ülvi duyğularını həm əməli fəaliyyəti ilə, həm də nəzmlə ifadə etməyi də bacarırdı. Bunu kitabda dərc olunmuş şeir nümunələrindən duymaq mümkündür.  Bütün bunlar Əbu Bəkrin real obrazını - vətənsevər xarakterini, şəxsi keyfiyyətlərini, daxili aləmini, peşə bacarığını oxucunun gözləri önündə canlandırmağa imkan verir. Nəşrdə dövlət və ictimai, həmçinin mədəniyyət xadimlərinin çıxışlarına, şəhid haqqında fikirlərinə yer verilib. O cümlədən Kürdəmirin digər şəhidləri də yad edilib, anılıb, haqlarında söz açılıb.

Şəhid Əbu Bəkr İsmayılovun əziz xatirəsinə ithaf olunmuşHay ver mənə, cənab leytanant...” kitabı igid vətən oğullarının adlarının əbədiləşdirilməsi, yaşadılması ilə yanaşı, gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində təsirli vasitə kimi də qiymətlidir.

 

Elxan QƏNBƏRLİ,

 

Azərbaycan.- 2017.- 6 aprel.- S.8.