İnsan alverinə qarşı mübarizənin qanunvericilik nəzarəti gücləndirilir

 

Milli Məclisin iclasında

 

Aprelin 7-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Əvvəlcə deputatlar bir sıra məsələlər, o cümlədən Rusiya Federasiyası Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) fəaliyyətinin dayandırılması barədə Ali Məhkəməyə müraciəti ilə bağlı fikirlərini bildirdilər.

Deputatlardan Siyavuş Novruzov, Zahid Oruc, Elmira Axundova, Əhliman Əmiraslanov, Çingiz Qənizadə bu məsələnin narahatlıq doğurduğunu qeyd etdilər. Bildirdilər ki, vaxtilə ulu öndər Heydər Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsləri ilə təsis olunan ÜAK azərbaycanlıları birləşdirən mühüm diaspor təşkilatı olmaqla bərabər Azərbaycan-Rusiya münasibətlərinin inkişafına da mühüm töhfələr verib. Bu təşkilat Rusiyanın ictimai həyatında mühüm rol oynayır, daim xeyriyyəçilik və digər vacib sosial proqramlar həyata keçirir. Ona görə də ÜAK-ın fəaliyyətinin dayandırılması ilə bağlı müraciət Azərbaycanla Rusiya arasındakı münasibətlərin ruhuna uyğun deyil. Deputatlar qeyd etdilər ki, iki ölkənin münasibətlərinin inkişaf etdiyi bir vaxtda bu məsələnin ortaya atılması təxribatçılıq məqsədlərinə xidmət edir. Bu təxribatın arxasında isə iki dövlət, rus və Azərbaycan xalqları arasında dostluq münasibətlərini pozmağa çalışan müəyyən dairələr dayanıb.

Deputat Mixail Zabelin bu məsələnin Azərbaycandakı rus icmasını narahat etdiyini diqqətə çatdırdı. ÜAK-ın fəaliyyətinin həmişə qanunauyğun olduğunu deyən Mixail Zabelin ümidvar olduğunu bildirdi ki, məhkəmə ÜAK-ın bağlanmasına dair qərar verməyəcək.

Məsələyə münasibət bildirən Milli Məclisin Sədri Oqtay Əsədov problemin tezliklə müsbət həll olunacağına ümidvar olduğunu bildirib dedi ki, söhbət Rusiyadakı ən böyük icma ilə bağlı narahatlıqdan gedir, ona görə də bu istiqamətdə işləri davam etdirmək lazımdır.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli məsələyə hüquqi baxımdan münasibət bildirdi. Onun fikrincə, Azərbaycanla Rusiya arasında əməkdaşlıq səmimi xarakter daşıyır. Məhz bu baxımdan ÜAK-ın fəaliyyətinin dayandırılması ilə bağlı Rusiyanın Ədliyyə Nazirliyinin Ali Məhkəməyə müraciəti təəccüb doğurmaqla yanaşı, bu məsələdə təxribatların olması ilə bağlı fikir də yaradır. Ötən ilin dekabrında ÜAK-ın qurultayı keçirilib və həmin ay yeni sənədlər Ədliyyə Nazirliyinə təqdim olunub. Buna baxmayaraq, Ədliyyə Nazirliyi birliyin vahid dövlət reyestrindən çıxarılması ilə bağlı cari ilin mart ayında Ali Məhkəməyə müraciət edib. Lakin Rusiya qanunvericiliyi belə vəziyyətdə bir neçə tədbiri özundə ehtiva edir. Belə ki, bu cür məsələlərdə qanunvericiliyə əsasən cərimə, eləcə də sənədlərin qaydaya salınması kimi qərarlar qəbul edilə bilərdi. Amma onlar son addımı - ÜAK-ın ləğvini seçiblər. Əli Hüseynli əlavə etdi ki, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu Rusiya Ədliyyə Nazirliyi və Ali Məhkəməyə bununla bağlı müraciət ünvanlamağı nəzərdə tutur.

Sonra gündəlikdəki məsələlərin müzakirəsi başladı. İlk olaraq insan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik məlumatı dinlənildi. İnsan alverinə qarşı mübarizə üzrə milli koordinator, daxili işlər nazirinin birinci müavini polis general-leytenantı Vilayət Eyvazov illik məlumatı diqqətə çatdırdı. İllik hesabatda qeyd olunur ki, insan alverinin qanunların aliliyinə, demokratik dəyərlərə xələl gətirməsi, iqtisadiyyata dağıdıcı təsiri nəzərə alınaraq respublikamızda da onun qarşısının alınması, şəxsiyyətin və cəmiyyətin qanuni mənafelərinin həmin hüquqazidd əməllərdən müdafiəsi məqsədilə davamlı iş aparılır. Konkret olaraq insan alverinə qarşı mübarizədə normativ hüquqi bazanın və institusional mexanizmlərin inkişaf etdirilməsi, izahat və maarifləndirmə işləri, cinayət təqibi, qurbanların hərtərəfli yardımla əhatə olunması, bütövlükdə müvafiq beynəlxalq öhdəliklərin icrası 2016-cı ildə də məqsədyönlü xarakter daşımışdır.

İnsan alverinin yeni forma və metodlarının ortaya çıxması, risk qrupuna aid təbəqənin mütəmadi yenilənməsi və digər mühüm amillər nəzərə alınaraq maarifləndirmə tədbirləri hesabat dövründə də ardıcıllıqla davam etmişdir.

Daxili İşlər və Təhsil nazirliklərinin birgə fəaliyyət planına uyğun olaraq, orta ümumtəhsil məktəblərinin 9-11-ci siniflərinin 70 mindən çox şagirdi, valideynlər, psixoloqlar, icra hakimiyyətləri yanında yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyaların təmsilçiləri cəlb edilməklə uşaqların insan alverindən müdafiəsi mövzusunda tədbirlər keçirilmişdir.

Analoji iş hüquq mühafizə və yerli icra hakimiyyəti orqanlarının, tibb, təhsil, uşaq və gənclər, sosial müdafiə və məşğulluq qurumlarının əməkdaşları, sahibkarlar və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə respublikamızın 54 şəhər və rayonunda da təşkil edilmişdir.

Hesabat ilində BMT, Avropa Şurası, ATƏT, Avropa İttifaqı, GUAM, İslam Əməkdaşlıq və Beynəlxalq Miqrasiya təşkilatları, BMT-nin və Avropa Şurasının ixtisaslaşmış qurumları, eləcə də 40-a yaxın ölkənin aidiyyəti dövlət strukturları ilə imzalanmış ikitərəfli və çoxtərəfli saziş, memorandum və protokol çərçivəsində insan alveri ilə mübarizə sahəsində qarşılıqlı əlaqələr 2016-cı ildə daha məqsədyönlü olmuşdur.

İnsan alverinin ən geniş yayılmış formalarından olan məcburi əməyin səbəb və şəraitinin aradan qaldırılması üzrə 2016-cı ildə həyata keçirilən preventiv və nəzarət tədbirləri həmin hüquqazidd əməlin dinamikasında müsbət təmayülləri şərtləndirmişdir.

Paytaxtın və respublikanın müxtəlif şəhər və rayonları üzrə tikinti sahələrində və istehsal müəssisələrində keçirilmiş tədbirlərlə 6 məcburi əmək cinayəti müəyyən edilmişdir.

Hesabatda qeyd olunur ki, miqrantların məcburi əməyə cəlb olunmasının qarşısının alınmasında ölkədə yaşama və olma qaydalarını pozan 26 min 435 əcnəbi və vətəndaşlığı olmayan şəxsin aşkarlanaraq barələrində qanunvericiliyə uyğun məsuliyyət tədbirləri görülməsinin, o cümlədən 5 min 523 nəfərin ölkə hüdudlarından kənara çıxarılmasının da böyük əhəmiyyəti olmuşdur.

Ərazi polis orqanları, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən keçirilmiş reydlər zamanı küçə həyatına məruz qalan, dilənçilik edən və qeyri-qanuni qulluğa cəlb olunan 600-ə yaxın azyaşlı müəyyən edilmişdir. Müvafiq yoxlamalarla həmin uşaqların insan alverinin və məcburi əməyin qurbanı olmaları təsdiqlənməmişdir. Bununla belə, övladlarının təlim-tərbiyəsi ilə bağlı vəzifələri yerinə yetirməyən, onları hüquqazidd əməllərə cəlb edən 240 valideyn barəsində inzibati tənbeh tədbirləri tətbiq olunmuş, habelə uşaqlara müvafiq qayğı və yardımların göstərilməsi, sosial problemlərinin həlli ilə əlaqədar yerli icra hakimiyyətləri yanında fəaliyyət göstərən komissiyalara baxılması üçün 300 material göndərilmişdir.

Hesabat dövründə həyata keçirilmiş əməliyyat-profilaktik tədbirlər zamanı 141 insan alveri faktı aşkarlanmış, 15 cinayətkar qrup zərərsizləşdirilmiş və həmin cinayətlərin qurbanı olmuş 70 şəxs müəyyən edilmişdir. Onların hər birinə 400 manat məbləğində birdəfəlik müavinət verilmiş, 25-i işlə təmin edilmiş, 38 nəfər peşə kurslarına göndərilmişdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İnsan alveri qurbanları üçün Yardım Mərkəzi tərəfindən 63 qurbana hüquqi və psixoloji yardım, Səhiyyə Nazirliyinin xüsusi tibb müəssisələrində 7 qurbana və 450 potensial qurbana dövlət hesabına tibbi xidmətlər göstərilmişdir.

31 azyaşlı uşaq müxtəlif təhsil proqramlarına cəlb edilmiş, 3 uşağa aliment ödənilməsində, 2 uşağa doğum haqqında şəhadətnamə alınmasında köməklik göstərilmiş, daha 7-si Azərbaycan Uşaqlar Birliyinin nəzdindəki sığınacağa yerləşdirilmişdir.

Bütün bunların məntiqi nəticəsi olaraq respublikamızda insan alverinin və məcburi əməyin qarşısının alınması sahəsində fəaliyyətin effektivliyi ABŞ Dövlət Departamentinin 2016-cı ilin iyun ayında açıqladığı illik hesabatda, habelə Avropa Şurasının, ATƏT-in və digər nüfuzlu beynəlxalq təşkilatların aidiyyəti sənədlərində xüsusi vurğulanmışdır. Eyni zamanda Azərbaycan son dörd ildə 2-ci qrup nəzarət siyahısından 2-ci qrup ölkələr siyahısına yüksəlmişdir.

Müvafiq istiqamətdə profilaktik, əməliyyat-axtarış və digər zəruri təşkilati-praktiki tədbirlər Azərbaycan Respublikasının qanunlarına, dövlət başçısının fərman və sərəncamlarına, ölkəmizin beynəlxalq öhdəliklərinə uyğun davam etdirilir.

Müzakirələrdən sonra insan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik məlumatı nəzərə alındı.

İclasda xarici ölkələrlə imzalanmış sənədlərə münasibət bildirildi. “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında 21 noyabr 2013-cü il tarixli Sazişin tətbiqinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Belarus Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında” Saziş, “Azərbaycan Respublikası Prezidentinin və Belarus Respublikası Prezidentinin Birgə Bəyanatı”, 1997-ci il 10 iyun tarixində Almatı şəhərində imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında mülki işlər üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında Müqavilə”nin 5-ci maddəsinə dəyişiklik və əlavələrin edilməsi haqqında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi arasında notalar mübadiləsi, “Azərbaycan Respublikası Prezidentinin və Venesuela Bolivar Respublikası Prezidentinin Birgə Bəyanatı”, “Azərbaycan Respublikasının Hökuməti ilə Venesuela Bolivar Respublikasının Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Saziş, “Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiya və onun Protokolu təsdiq edildi.

Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovun məlumatından sonra “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi qəbul olundu.

Daha sonra “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 358-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar “Siyasi partiyalar haqqında”, “Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında”, “Veteranlar haqqında”, “Milli arxiv fondu haqqında”, “Təhsil haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” və “Aviasiya haqqında” Azərbaycan Respublikasının qanunlarında, Azərbaycan Respublikasının 1993-cü il 2 mart tarixli 525 nömrəli qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət himni haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihələri təsdiq olundu.

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 sentyabr tarixli 315-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar Cinayət Məcəlləsinə, Vergi Məcəlləsinə və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanuna təklif olunan dəyişikliklərə müsbət münasibət bildirildi.

Həmçinin dövlət satınalmaları ilə bağlı məsələlərlə əlaqədar Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və “Dövlət satınalmaları haqqında” qanunda nəzərdə tutulan dəyişikliklər təsdiq olundu.

Günün ikinci yarısında Milli Məclis öz işini davam etdirdi.

“Banklar haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verən parlamentin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, dəyişikliyin məqsədi ödəniş qabiliyyətini itirmiş bankların problemlərinin həll edilməsi üçün hüquqi bazanın yaradılmasıdır. Bu çərçivədə kredit təşkilatlarının maliyyə vəziyyətinin yaxşılaşdırılması üçün restrukturizasiya planı əsasında inzibati, hüquqi, maliyyə, təşkilati-texniki və digər tədbir və prosedurların həyata keçirilməsi nəzərdə tutulur. Dəyişiklik nəticəsində banklar kreditorların razılığı ilə kredit borclarının müddətini uzada, onları silə, faizləri azalda və yaxud ləğv edə biləcək. Layihəyə əsasən, bank öhdəliklərinin könüllü restrukturizasiyası ilə əlaqədar ərizə ilə məhkəməyə müraciət edə biləcək. Ərizəyə məhkəməyə təqdim olunandan sonra 10 təqvim günü ərzində baxılacaq və qərar qəbul ediləcək. Bundan başqa, qanun layihəsində “körpü bank”ların yaradılması da nəzərdə tutulur. Başqa sözlə, layihəyə əsasən, maliyyə bazarlarına nəzarət orqanı müvəqqəti müddətə sadələşdirilmiş qaydada bank yaradır. Bankın sağlam aktiv və öhdəlikləri bu “körpü bank”a keçirilir. Bu səlahiyyətlər Maliyyə Bazarlarına Nəzarət Palatasına veriləcək.

Müzakirələr zamanı Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, deputatlardan Əli Məsimli,Vahid Əhmədov, Qüdrət Həsənquliyev, Mahir Abbaszadə, Kamran Nəbizadə, Aydın Hüseynov, Səttar Mehbalıyev və Aydın Mirzəzadə çıxış edərək qeyd etdilər ki, dəyişikliklər bank sektorunun daha da sağlamlaşdırılmasına, təkmilləşdirilməsinə xidmət edir. Sənəd səsə qoyularaq qəbul edildi.

İclasda “Banklar haqqında” qanunda dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsinə uyğunlaşdırmaq məqsədilə İnzibati Prosessual, Mülki Prosessual və Mülki Məcəllədə dəyişikliklər edilməsi haqqında qanun layihələri birgə müzakirəyə çıxarıldı. Sənədlərlə bağlı məlumat verən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, dəyişikliklər bankların rezolyusiyası və bank öhdəliklərinin restrukturizasiyası ilə bağlı hüquqi prosedurların kompleks şəkildə və tam olaraq tənzimlənməsi məqsədilə təklif olunur.

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı çıxış edərək dəyişikliklə bağlı bəzi məsələlərə aydınlıq gətirdi. Bildirdi ki, sistem əhəmiyyətli banklar dövlət hesabına müvafiq icra hakimiyyəti ilə razılaşdırılmaqla sağlamlaşdırılır. Burada söhbət institutlardan deyil, dövlət və biznes arasındakı münasibətlərdən gedir. Rəhbərlik etdiyi quruma geniş səlahiyyətlərin verilməsi məsələsinə toxunan R.Aslanlı qeyd etdi ki, banklarda əhalinin, dövlətin və biznesin vəsaitləri toplanır. Bunun üçün xüsusi tənzimləmə rejimi ilə yanaşı, maliyyə nəzarəti orqanına da səlahiyyətlər verilməlidir.

Azərbaycanda qəbul edilmiş “Nağdsız hesablaşmalar haqqında” qanuna əsasən, ölkədə hesablaşmalar nağdsız qaydada aparılmalıdır: “Dövlət vəsaiti hesabına aparılmış satınlamalar da nağdsız olmalıdır. Ölkədə 5 milyon 400 min kart var. Bu kartların 55 mini debet, qalanı kredit kartıdır. Azərbaycanda kart sahiblərinin sayı 3 milyon 800 min nəfərdir. Bu, həmin şəxslərin banklarda əməliyyat imkanlarını təsdiq edir. Biz bundan sonra nağdsız qaydada hesablaşmalar aparmaq istəmiriksə, burada cavabdan çox, suallar yaranır. Tənzimləyici olaraq, bu proseslərin ağrısız keçirilməsini istəyirik. Texniki səbəblərdən müəyyən çətinliklər yaranır. Amma bizə bank sektorundan və sahibkarlardan ciddi sorğular gəlmir. Bu baxımdan qəbul edilmiş qanunlara yenilik gətirməyə ehtiyac yoxdur”.

Rüfət Aslanlının çıxışından sonra hər üç sənəd ayrı-ayrılıqda səsə qoyularaq qəbul edildi.

Gündəlikdəki Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihələri barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, Cinayət Məcəlləsinin 314-1 (Dövlətin müstəsna mülkiyyətində olan torpaq sahələrinə dair qanunsuz qərar qəbul etmə) maddəsinə əsasən, vəzifəli şəxs tərəfindən dövlətin müstəsna mülkiyyətində olan torpaq sahələrinin bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya onlara icarəyə verilməsi haqqında qanunsuz qərar qəbul etməyə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırma nəzərdə tutulur. Dəyişiklik layihəsində həbs müddətinin aşağı həddinin 3 il olması təklif edilir.

İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər isə vəzifəli şəxs tərəfindən qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələrini tikinti üçün ayırma ilə bağlı mübarizənin gücləndirilməsi məqsədilə bu inzibati xətanın ləğv edilməsini və bu əmələ görə cinayət məsuliyyətinin müəyyən olunmasını nəzərdə tutur.

Dəyişikliklər səsverməyə çıxarılaraq qəbul edildi, eyni zamanda deputatlar “Dövlət borcu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə müsbət rəy bildirdilər.

“Bələdiyyələrin statusu haqqında” qanunda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi barədə Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Rüstəm Xəlilov məlumat verərək qeyd etdi ki, dəyişikliyə görə, bələdiyyələr vətəndaşın vergilər və ödənişlərlə bağlı borcları barədə arayışı 1 gün müddətində verəcəklər. Əvvəlcə bu müddət 5 gün idi. Sənəd səsə qoyularaq qəbul edildi.

“Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı parlamentin Regional məsələlər komitəsinin üzvü Malik Həsənov məlumat verdi. Bildirdi ki, dəyişikliyə əsasən, yerli əhalini tanış etmək məqsədilə auditin nəticələri onların bələdiyyəyə təqdim edildiyi gündən bir ay müddətinə bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdiriləcək. Layihə səsə qoyularaq qəbul edildi.

Gündəliyin sonuncu məsələsi - “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanun layihəsi barədə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə məlumat verdi. Bildirdi ki, 3 fəsil 17 maddədən ibarət olan qanun layihəsi bələdiyyə üzvləri üçün etik davranış qaydalarını, prinsiplərini, və onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmləri müəyyən edir. Layihədə qeyd olunur ki, etik davranış qaydalarının pozulması bələdiyyə üzvünün intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Bələdiyyə iclasının qərarı əsasında etik davranış qaydalarının pozulmasına görə intizam məsuliyyəti tədbirlərindən biri kimi xəbərdarlıq, töhmət verilə bilər. İntizam tənbehi tətbiq edilərkən bələdiyyə üzvünün şəxsiyyəti, kollektivdə nüfuzu, peşəkarlıq səviyyəsi, onun törətdiyi xətanın xarakteri nəzərə alınmalıdır. Etik davranış qaydalarını pozmuş bələdiyyə üzvü barəsində intizam məsuliyyəti tədbiri pozuntunun aşkar edildiyi gündən etibarən 30 gün ərzində tətbiq edilir.

Müzakirələr zamanı deputatlardan Azay Quliyev, Tahir Kərimli, Qənirə Paşayeva, Kamran Bayramov çıxış edərək rəy və təkliflərini səsləndirdilər. Komitə sədri Arif Rəhimzadə təkliflərin ikinci oxunuş üçün nəzərə alınacağını vurğuladı.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edildi. Bununla da Milli Məclisin plenar iclası başa çatdı.

 

Rəşad CƏFƏRLİ,

 

Rəşad BAXŞƏLİYEV,

 

Azərbaycan.- 2017.- 8 aprel.- S.2.