İlham Əliyev dünyanı sülhə, İslam ölkələrini isə həmrəyliyə çağırır

 

İslamiada Bakıda qlobal əməkdaşlıq və sivilizasiyalararası anlaşma platformasına çevriləcək

 

Təxminən bir aydan sonra Azərbaycan yenidən dünyanın diqqət mərkəzinə çevriləcək. Çünki bu dəfə Bakıda I Avropa Oyunlarından sonra ikinci mötəbər idman yarışması - IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. Müsəlman aləminin təmsil olunduğu bu beynəlxalq idman yarışına məhz Azərbaycanın evsahibliyi etməsi ölkəmizə verilən qiymətin, göstərilən böyük etimadın əyani sübutudur.

 

Azərbaycanın birləşdirici və barışdırıcı missiyası

 

Aprelin 5-dən etibarən Azərbaycanda İslam Həmrəyliyi Oyunları ilə bağlı yeni idman bayramı əhvali-ruhiyyəsi baş qaldırıb. Çünki həmin gün paytaxtımızdakı Daş Salnamə Muzeyində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinə start verildi. Azərbaycan Prezidenti

İlham Əliyev Xəzər dənizindən götürülmüş suyu özləri ilə aparmaq üçün Azərbaycanın bütün guşələrindən gəlmiş uşaqlara təqdim etdi. Su hər bir canlı və bəşəriyyət üçün həyat mənbəyidir. Paklıq və birlik rəmzi olan suyun İslam dinində də böyük mənəvi dəyəri var. Bakı isə Xəzər dənizinin sahilində yerləşir. Ona görə İslamiadanın səyahəti su ünsürünə həsr olunub.

İslam Həmrəyliyi Oyunlarında mayın 12-dən 22-dək 57 ölkədən gələcək 3 mindən artıq idmançı 20-dən çox növ üzrə mübarizə aparacaqlar. Təbii ki, ölkəmiz və idmançılarımız üçünbu yarışlar böyük əhəmiyyət kəsb edir. Çünki Azərbaycan idman ölkəsidir. Ona görə də şübhə yoxdur ki, idmançılarımız

I Avropa Oyunlarında və Rio Yay Olimpiya Oyunlarında qazandıqları uğurları burada da təkrarlayacaqlar.

Digər tərəfdən, İslam Həmrəyliyi Oyunları həm də bütün müsəlman dünyasının həmrəyliyinə xidmət edən mühüm bir vasitədir. Məlumdur ki, bəzi müsəlman dövlətləri arasında münasibətlər rəvan deyil. Məzhəb və siyasi çəkişmələr həmin ölkələr arasında problem olaraq qalmaqdadır. Bununla yanaşı, dünyanı son illər bürüyən hərbi-siyasi qarşıdurmalar daha çox müsəlman dövlətlərini əhatə edir. Bundan əziyyət çəkənlər isə sadə müsəlmanlardır. Ona görə bu gün bütün İslam və müsəlman aləminin daha çox birliyə, həmrəyliyə, mövcud problemlərin həlli üçün birləşməsinə ehtiyacı var.

Azərbaycan isə öz nüfuzundan və təcrübəsindən irəli gələrək müsəlman ölkələri arasında birləşdirici və barışdırıcı rol oynamağa qadirdir. Prezident İlham Əliyevin “2017-ci ilin Azərbaycan Respublikasında “İslam həmrəyliyi ilielan edilməsi haqqında” sərəncamı da İslam həmrəyliyinin bərqərar olmasında Azərbaycanın özünəməxsus mövqeyinin möhkəmləndirilməsini təmin etmək məqsədinə xidmət edir. Sərəncamda çox haqlı olaraq qeyd edilir ki, Azərbaycanın İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapmışdır və IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qərar isə ölkəmizin İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaradır.

Prezident İlham Əliyev Daş Salnamə Muzeyində suyun səyahətinin başlanması ilə bağlı tədbirdə qeyd edib ki, İslam Həmrəyliyi Oyunları Bakıdan dünyaya nümayiş etdirəcək ki, müsəlman aləmi həmrəydir: “Bu il Azərbaycanda “İslam həmrəyliyi ilielan edilmişdir. Bu da bütün müsəlman ölkələrini bir-biri ilə daha da sıx birləşdirmək üçün tərəfimizdən irəli sürülən önəmli təşəbbüsdür. Bu gün bütün müsəlman ölkələri birlik, həmrəylik nümayiş etdirməlidirlər. Əminəm ki, gələn ay keçiriləcək Oyunlar həm böyük idman bayramı olacaq, həm də bizim dostluğumuzu əks etdirəcək. Bütün müsəlman ölkələri 10 gün ərzində Bakıda öz təmsilçiləri vasitəsilə bir-biri ilə sıx əlaqələr quracaq, bir-birinin əlini sıxacaqlar. Biz Bakıdan bütün dünyaya nümayiş etdirəcəyik ki, İslam aləmi birdirbizim birliyimiz bizim gücümüzü artırır”.

 

Bu dəfə də ideal təşkilatçılıq nümunəsi ortaya qoyulacaq

 

Yarışların başlanmasına cəmi 33 gün qalıb. Bakı isə məlum olduğu kimi, bu kütləvi idman tədbirinin keçirilməsi üçün bütün infrastruktura və zəruri imkanlara malikdir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi indiyədək bütün təşkilati məsələləri vaxtında və yüksək səviyyədə yerinə yetirib. Təsadüfi deyil ki, bu günlərdə Bakıya gələn Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi, İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti və Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsinin prezidenti Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səud Oyunların hazırlanması və təşkilində göstərdiyi səylərə və yüksək rəhbərliyə görə Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib.

Qeyd edək ki, Mehriban Əliyevanın rəhbərliyi ilə Təşkilat Komitəsinin kifayət qədər böyük təcrübəsi var. Belə ki, bundan əvvəl komitə tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarını təşkil edib. Cəmi iki il ərzində Olimpiya Oyunları səviyyəsində bir yarışmanı təşkil etmək gərgin zəhmət və fədakarlıq tələb edirdi. Amma Mehriban Əliyevanın rəhbərliyi ilə Təşkilat Komitəsi bütün vəzifələrin öhdəsindən gəlməyi bacardı və Azərbaycan ortaya nümunə qoydu. Həmin vaxt Azərbaycana gələn bütün xarici qonaqlar ölkəmizin bu yarışın ideal səviyyədə təşkilindən danışdılar, heyranlıqlarını gizlədə bilmədilər.

Avropa Oyunları imkan verdi ki, biz öz potensialımızı ortaya qoyaq. Azərbaycan Avropayabütün dünyaya bir daha göstərdi ki, inkişaf dövrünü yaşayır və bu diyar dostluq, əməkdaşlıq məkanıdır. Beləliklə, nümunəvi və qüsursuz təşkilatçılığı, olduqca möhtəşəm açılış və bağlanış mərasimləri ilə yadda qalan I Avropa Oyunları 2015-ci ildə dünyanın əsas idman hadisəsinə çevrildi. Respublikamız Avropanın 50 ölkəsindən 6 mindən çox idmançının mübarizə apardığı bu idman yarışını layiqincə təşkil etməklə sübut etdi ki, istənilən kütləvi tədbiri, o cümlədən Yay Olimpiya Oyunlarını təşkil etmək imkanındadır.

Avropa Oyunlarında qazanılan təcrübə Azərbaycana IV İslam Həmrəyliyi Oyunlarını da ideal səviyyədə keçirməyə imkan verir. Mehriban Əliyeva bu barədə deyib: “Təşkilat Komitəsi I Avropa Oyunlarının hazırlanması və keçirilməsi dövründə böyük təcrübə əldə etdi. İslam Həmrəylik Oyunlarının da hazırlığında biz həmin prinsiplərlə çalışacağıq, işləyəcəyik. Biz çalışacağıq ki, ilk növbədə Azərbaycan xalqı üçün növbəti böyük idman bayramı təşkil edək. Eyni zamanda çalışacağıq ki, ölkəmizə gələn, Oyunlarda iştirak edən hər bir idmançı, hər bir qonaq özünü çox rahat, öz evindəki kimi hiss etsin”.

İslam Həmrəyliyi Oyunları rəmzi mənada artıq başlayıb. Bu günlərdə ölkəmizin 15-dən çox tarixi şəhərini, 5 gölü, 1 su anbarını, 3 çayı, 1 bulağı, 3 şəlaləni və Xəzər dənizini əhatə edən su səyahəti 3 min kilometrdən çox məsafəni qət edəcək. Azərbaycanın müxtəlif guşələrində böyük təbii gözəlliyə malik 15 su məkanının hər birində iki atletin müşayiəti ilə yerli uşaq xüsusi mərasimdə mis qabı su ilə dolduracaq. Prezident İlham Əliyevin göndərdiyi Xəzərin suyu ilə yanaşı, götürüləcək digər sular sonradan axşam festivalında təqdim olunacaq. Azərbaycan musiqisi və rəqsləri, möhtəşəm su effektləri və əlvan atəşfəşanlığı ilə zəngin olan bu tədbirdə hər kəs iştirak edə biləcək. Xəzərdən başlayan səyahət mayın 12-də Oyunların açılış mərasimi ilə başa çatacaq. Həmin vaxt uşaqlar ölkənin göl və çaylarından, şəlalə və bulaqlarından topladıqları Azərbaycanın saf suları ilə İslam dünyasının 50-dən çox dövlətindən olan idmançıları Oyunlarda salamlayacaqlar.

İslam Həmrəyliyi Oyunları həm ölkəmiz, həm də İslam aləmi üçün çox önəmli idman yarışı olacaq. Çünki bütün İslam aləmi Azərbaycanın nümunəsində müsəlman dövlətinin inkişafını görəcək. Həm də bu yarış İslam ölkələri arasında birliyə böyük töhfələr verəcək. Beləliklə, IV İslam Həmrəyliyi Oyunları bütün cəhətləri ilə Azərbaycan dövlətinin növbəti təntənəsi kimi tarixə düşəcək.

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan.- 2017.- 9 aprel.- S.1.