Özəl sektorun bel sütunu - kiçikorta sahibkarlıq

 

Ölkəmizdə sahibkarların bu təbəqəsinə xüsusi qayğı var

 

Ölkəmizdə özəl sektorun zəngin tarixi var. Azərbaycan mühüm ticarət yollarının üzərində yerləşdiyi üçün onun bu sahədə imkanları da geniş olur. Biz müxtəlif ölkələrdən mal alıb gətirdiyimiz kimi, öz məhsullarımızı da xarici bazara çıxarırıq. Məhsul ixracında vaxtilə dulusçuluq, dəmirçilik, zərgərlik, ipəkçilik, xalçaçılıq kimi sahələrin məhsulları üstünlük təşkil edirdi.

Ötən əsrin əvvəllərində isə ölkəmizdə neft hasilatına başlanması yeni sahələri - maşınqayırma, gəmiqayırma, metallurgiya, neft-kimya sənayesini formalaşdırdı. Həmin dövr Azərbaycanda Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Murtuza Muxtarov, Şəmsi Əsədullayev, Seyid Mirbabayev və digər sahibkarlar öz işgüzarlıqları və bacarıqları ilə dünyada şöhrət qazanmışdılar.

Sovet işğalından sonra Azərbaycanda sahibkarlığa son qoyuldu və 70 il ərzində bu fəaliyyət növü rəsmən qadağan edildi. Yalnız dövlət müstəqilliyimiz bərpa edildikdən sonra ölkədə yeni siyasi-iqtisadi vəziyyət yarandı. Artıq ölkəni əvvəlki inzibati üsullarla idarə etmək mümkün deyildi, demokratik idarəetmə və bazar iqtisadiyyatı yolu seçilməliydi. Bazar iqtisadiyyatının bərqərar olması üçün isə mütləq sahibkarlıq sinfinin formalaşması vacib idi. Bu səbəbdən siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev bazar iqtisadiyyatına keçidlə bağlı radikal islahatların aparılmasına qərar verdi. Tezliklə bu istiqamətdə bir sıra yeni qanun və qərarlar qəbul edildi, sahibkarlıq və özəl sektorun inkişafına geniş imkan yaradıldı.

Ulu öndərin strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyev də özəl sektorun və sahibkarlığın inkişafına xüsusi diqqət yetirir. Yerli istehsalın və sahibkarlığın stimullaşdırılması üçün bir sıra vergi güzəştlərinin tətbiqi, sahibkarlara güzəştli şərtlərlə kreditlərin verilməsi və s. bu diqqətin nəticəsidir. Azərbaycanın sosial-iqtisadi inkişafı ilə bağlı Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar sahibkarlığın dinamik inkişafı və ölkəyə xarici investisiyaların cəlb edilməsi üçün geniş imkanlar açır.

İqtisadi inkişafın ölkənin bütün regionlarını əhatə etməsi vacib şərtdir. Buna nail olmaq üçün dövlət başçısı 11 fevral 2004-cü ildə “Azərbaycan Respublikası regionlarının 2004-2008-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı təsdiq etdi. Məqsəd yerlərdə əlverişli biznesinvestisiya mühitini formalaşdırmaq, regionlarda sahibkarlıq fəaliyyətini gücləndirməklə bölgələrin istehsal potensialından daha səmərəli istifadə etmək idi. Bunun ardınca daha iki regional inkişaf proqramı qəbul olundu. Həmin proqramların icrası eyni zamanda yerlərdə sahibkarlığın inkişafına xidmət edirdi. Nəticə göz qabağındadır: son 10 il ərzində ölkə üzrə 1 milyon 400 mindən çox yeni yeri yaradılıb. Onun da yarıdan çoxu bölgələrin payına düşür. Bu yerləri isə minlərlə özəl sənaye, emal, kənd təsərrüfatı müəssisələri, xidmət obyektləri deməkdir. 2005-2015-ci illərdə ölkədə ümumi daxili məhsul istehsalı 4,7, o cümlədən sənaye məhsulları istehsalı 1,9, kənd təsərrüfatı məhsulları istehsalı 2,3 dəfə artıb ki, bu da əsasən özəl sektor hesabına mümkün olub.

Dünyada sərbəst iqtisadiyyatın inkişaf etdiyi bütün ölkələrdə aparıcı yeri kiçikorta sahibkarlıq tutur. Bu sahədə çalışan adamları bazarın dəyişkənliyinə daha tez uyğunlaşır, həm özlərini, həm də başqalarını işlə təmin edir, üstəlik, dövlətə vergi ödəyirlər. İdarəetmə mexanizmi asan olduğu üçün kiçikorta biznes çoxlarını özünə cəlb edir.

Ölkəmizdə də bu sahəyə böyük diqqət göstərilir. Məlum olduğu kimi, müstəqilliyimizin bərpasından sonrakı ilk dövrlərdə - 1997-ci il iyulun 24-də “Azərbaycan Respublikasında kiçikorta sahibkarlığa Dövlət Köməyi Proqramı (1997-2000-ci illər üçün)” qəbul edilmişdir. Məqsəd ölkədə kiçikorta sahibkarlığın rolunun müəyyən edilməsi, bu istiqamətdə qanunvericiliyin möhkəmləndirilməsi, sahibkarların bu təbəqəsi üçün münbit maliyyə-kredit sisteminin formalaşdırılması idi.

Bu gün Prezident İlham Əliyev ölkədə özəl sektorun, o cümlədən kiçikorta sahibkarlığın inkişafına xüsusi önəm verir. İlk növbədə onların qarşısına çıxan problemlərin operativ həlli üçün zəruri tədbirlər görür. Dövlət başçısı tərəfindən 2015-ci ilin oktyabrında imzalanmış “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığın təmin edilməsi haqqında” fərmanı buna sübutdur. Eyni zamanda Prezident qanunvericilik təşəbbüsü hüququndan istifadə edərək Milli Məclisə “Sahibkarlıq fəaliyyətində aparılan yoxlamaların dayandırılması haqqında” qanun layihəsi təqdim etmiş və sənəd parlamentdə müzakirə edilərək qəbul olunmuşdur. Qanunun qüvvəyə minməsi 2 il ərzində sahibkarlıq subyektlərində lüzumsuz yoxlamaların qarşısını almağa imkan verir. Bundan əlavə, “Kiçik sahibkarlığa dövlət köməyi haqqında” qanun da bu sahədə böyük dönüşün yaranmasında önəmli rol oynayır. Həmin qanun kiçikorta sahibkarlıq subyektlərinə bir sıra imtiyazlar verməklə onların fəaliyyətlərinin genişlənməsinə imkan yaradır. Onun qəbulundan sonra ölkəmizdə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı sürətlə artır.

Prezident İlham Əliyev sahibkarlığın inkişafını ölkənin ümumi inkişafının bir hissəsi olduğunu vurğulayaraq demişdir: “Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində bu gün çox ciddi addımlar atılıb. Deyə bilərəm ki, sahibkarlar bu işlərə artıq böyük ruh yüksəkliyi ilə qoşulurlar, xüsusilə kənd təsərrüfatı, emal və sənaye sektorunda. Bakıda, böyük şəhərlərdə, bütün şəhər və rayonlarımızda çox böyük fəallıq müşahidə olunur. Bu da əlbəttə ki, həm bizim siyasətimizin təzahürüdür, - çünki özəl sektorda sahibkarlığın inkişafı üçün çox ciddi addımlar atılıb, - eyni zamanda bizim sahibkarlarımızın da məsuliyyətini göstərir. Sahibkar qazandığı vəsaiti ölkə iqtisadiyyatına qoymalıdır. Bu istiqamətdə 2017-ci ildə çox ciddi addımlar atılacaq”.

Ölkəmizdə olan münbit investisiya mühiti əcnəbi investorların diqqətini cəlb etməkdə davam edir. Bunun nəticəsidir ki, onlar uzun illərdir Azərbaycan iqtisadiyyatına sərmayə yatırmağa maraq göstərirlər. Təkcə cari ilin yanvar-fevral aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 1 milyard 405,7 milyon manat vəsait yönəldilib. Bu vəsaitin 84,6 faizi Böyük Britaniya, Türkiyə, Malayziya, İsveçrə, Rusiya, İran və ABŞ sərmayədarlarına məxsus olub. Digər fakt: dövlət reyestrində qeydiyyatdan keçən statistik vahidlər sırasında tam xarici investisiyalı və birgə müəssisələrin sayı da artır. Belə ölkələrə Türkiyəni, Böyük Britaniyanı, Rusiyanı, İranı, ABŞ və Almaniyanı misal göstərmək olar. Onu da qeyd edək ki, ötən ilin yanvar-sentyabr ayları ərzində yeni yaradılan müəssisə və təşkilatların 6,2 faizi tam xarici investisiyalı, 1,4 faizi birgə müəssisələr olmuşdur.

Sahibkarlıq fəaliyyətində Bakı qabaqcıl yerini qoruyub saxlasa da (qeydiyyatda olan müəssisə və təşkilatların 53,9 faizi), regionlarda da yeni müəssisələrin yaradılmasında canlanma hiss edilir. Bu, dövlət tərəfindən regionların sosial-iqtisadi inkişafına göstərilən qayğı ilə bağlıdır. Məhz bunun nəticəsində ötən ilin yanvar-sentyabr aylarında yaradılan müəssisələrin 11,2 faizi Aran, 7,6 faizi Abşeron, 4,8 faizi Lənkəran, 4,6 faizi Gəncə-Qazax və 3,3 faizi Quba-Xaçmaz iqtisadi rayonlarında qeydə alınıb.

 

Rüstəm KAMAL,

 

Azərbaycan.- 2017.-9 aprel.- S.1, 3.